İki cəbhənin
veteranı
O, şagirdlərini vətənpərvərlik
ruhunda tərbiyə edirdi
Böyük
Vətən müharibəsində qazandığımız
tarixi qələbədən bizi 68 il ayırır.
Dünyanın faşizm taunundan xilas olunmasında, müxtəlif
cəbhələrdə düşmənə
sarsıdıcı zərbələr endirilməsində Azərbaycanın
şərəfli döyüş yolu keçmiş oğul və
qızlarının da misilsiz xidmətləri olmuşdur. Buna
görə də onlar həmişə xatırlanmalı, yad
edilməlidirlər. Ulu öndərimiz Heydər Əliyevin
qeyd etdiyi kimi: "...Döyüşən, həlak olan, cəbhələrdə
yaralananları, həm də rəşadət göstərib
bu gün yaşayanları həmişə xatırlamalı,
onlara böyük hörmət və ehtiramımızı
bildirməliyik". Cəbhədə qələbə
uğrunda igidliklə döyüşənlərdən biri də
Şamil Cavadovdur.
Şamil
Teymur oğlu Cavadov 1924-cü ildə Şamaxı rayonunda
anadan olmuşdur. 1941-ci ildə orta təhsilini "əla"
qiymətlərlə başa vurmuşdur. İkinci Dünya
müharibəsi başlanandan az sonra əkiz qardaşı
Nadirlə birgə hərbi xidmətə
çağrılmışdır. Onun döyüş yolu
Sevastopol, Novopossiysk, Krım və digər şəhərlərdən
keçərək Berlinədək davam etmişdir. Müharibə
dövründə 6 ay Sevastopolda tankçı məktəbində
oxuduqdan sonra Xarkovun müdafiəsində olan tank
diviziyasına göndərilmişdir. 1942-ci ildən ən
ağır döyüşlərin iştirakçısı
olan Şamil Cavadov 3 dəfə yaralansa da müalicə
aldıqdan sonra yenidən cəbhəyə
qayıtmış, 339 saylı tankla Odessadan Brestə, oradan da
Berlinə qədər döyüşmüş, Berlin
uğrunda gedən döyüşlərdə ağır
yaralanmışdır. Ağır yaralı kimi
Gürcüstanın Sxaltuba hospitalına göndərilmiş,
orada uzun müddət müalicə olunduqdan sonra ll dərəcəli
müharibə əlili kimi ordudan tərxis edilmişdir. Əkiz
qardaşı Nadir isə Xarkov uğrunda gedən
döyüşlərdə həlak olmuşdur.
Şamil
Cavadovun müharibədə göstərdiyi igidliklər
dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş,
o, çox sayda orden və medallarla, o cümlədən
"İgidliyə görə" medalı ilə təltif
edilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin
müharibə veteranlarına göstərdiyi qayğı
çərçivəsində 2008-ci ildə ona "Oka" markalı avtomobil hədiyyə
edilmişdir.
Ş.Cavadov
doğma vətəninə qayıtdıqdan sonra 1947-ci ildə
Şamaxı Pedaqoji Texnikumuna daxil olaraq ibtidai sinif müəllimi
ixtisasına yiyələnmişdir. 1951-ci ildən 1961-ci ilə
kimi təyinatla İsmayıllı rayonunun bir sıra kəndlərində,
o cümlədən Sulut, Əhən, Qurbanəfəndi,
Talıstan, Kəlbənd kimi kəndlərdə müəllim
işləmişdir.
Öz
ailəsi ilə birlikdə doğulduğu rayona qayıdan
Şamil müəllim 1961-ci ildən Mədrəsə kənd
orta məktəbində, sonra isə bünövrəsi qoyulan
gündən rayondakı internat orta məktəbində
(2007-ci ildən Şamaxı Rayon Texniki-humanitar və təbiət
fənləri təmayüllü internat tipli lisey) uzun
müddət müəllim işləmişdir.
İşlədiyi müddətdə pedaqoji kollektivin və
ictimaiyyətin dərin rəğbətini qazanmış
Şamil müəllimin gənc nəslin təlim-tərbiyəsində
xidmətləri danılmazdır. Çünki o,
bütün ömrü boyu gənclərin vətəninə,
xalqına layiqli bir vətəndaş kimi formalaşmasına
xüsusi diqqət yetirirdi. Torpaqlarımızın 20 faizdən
çoxunun işğal altında olduğu bir vaxtda həmişə
keçdiyi döyüş yollarından bəhs edən,
onları vətənpərvərlik ruhunda tərbiyə edən
Ş.Cavadovu dərs dediyi bütün şagirdləri sevimli
müəllim kimi daim xatırlayırlar.
Şamil
müəllim ümummilli liderimiz Heydər Əliyevin, sonralar
isə ölkə Prezidenti cənab İlham Əliyevin
Şamaxıya səfərləri zamanı rayon sakinləri,
eləcə də müharibə veteranları ilə
görüşlərindən aldığı təəssüratları
şagirdləri ilə bölüşməyi çox
xoşlayır, onlardan nümunə götürməyi
tövsiyə edirdi.
Şamil
Cavadovun işlədiyi təhsil müəssisəsi bir
neçə il öncə Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir olunmuşdu. Təmirdən sonrakı təntənəli
açılış mərasimində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak
etmişdi. Şamil müəllim həmin görüşdə
Mehriban xanımın kollektivlə səmimi söhbətini həyatının
ən xoş məqamlarından biri kimi tez-tez
xatırlayırdı.
O,
pedaqoji fəaliyyətində qazandığı uğurlara
görə dəfələrlə Təhsil Nazirliyinin fəxri
fərmanları ilə təltif edilmiş, müxtəlif
mükafatlara layiq görülmüşdür.
Nümunəvi
ailə başçısı olan Şamil müəllim layiqli,
tərbiyəli üç övlad
böyütmüşdür. Oğulları Allahverdi və
Mehman rayonun hörmətli şəxslərindəndir.
Qızı, tarix elmləri üzrə fəlsəfə
doktoru Zərifə Cavadova AMİ-nin Şamaxı filialında
baş müəllim vəzifəsində
çalışaraq atasının yolunu layiqincə davam etdirir.
Ömrünü
gənc nəslin təlim-tərbiyəsinə həsr
etmiş Şamil müəllim 2009-cu ildə
dünyasını dəyişsə də Böyük Vətən
müharibəsində qəhrəmanlıq göstərən
igid döyüşçü, təcrübəli pedaqoq,
müdrik el ağsaqqalı kimi onu tanıyanların
yaddaşında əbədi yaşayacaqdır.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2013.- 21 iyun.- S.7.