Hollandiyanın Yeni Avropa Universitetinin rektoru BSU-da olmuşdur
İyunun 18-də Hollandiyanın Yeni Avropa
Universitetinin rektoru, professor E.Didyen Bakı Slavyan Universitetinin
qonağı olmuşdur. Qonaq
universitetlə
tanışlıq çərçivəsində muzey,
müasir standartlara uyğun yenidən qurulmuş kitabxanada
olmuş, xarici ölkələrin BSU-da fəaliyyət
göstərən tədris-mədəniyyət mərkəzlərini
gəzmiş və "Kölgə Kabineti"nin üzvləri
ilə görüşmüşdür. Professor-müəllim heyəti ilə
görüşdə BSU-nun
rektoru, AMEA- nın müxbir üzvü, professor Kamal Abdullayev
çıxış edərək qonağı rəhbərlik etdiyi ali məktəbdə
qarşılamaqdan şad olduğunu bildirirək qeyd
etmişdir: "Mən artıq dostlaşdığım cənab
E.Didyenə öz təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, tələbələrimiz, müəllimlərimiz,
alimlərimiz arasında əməkdaşlıq ancaq sözdə
deyil, real həyatda da özünü göstərəcəkdir.
Əminəm ki, imzalayacağımız bu əməkdaşlıq
müqaviləsi hər iki tərəf üçün son dərəcə
uğurlu olacaq və bundan bizim tələbələrimiz də,
müəllimlərimiz də yetərincə faydalanacaqdır".
Yeni Avropa Universitetinin rektoru, professor
E.Didyen dəvətə görə K.Abdullayevə təşəkkür
etmişdir. Rəhbərlik etdiyi universitet haqqında ətraflı
məlumat verən rektor arzu edən gəncləri Hollandiyada təhsil
almağa dəvət etmişdir. BSU-nun təhsil səviyyəsini
yüksək qiymətləndirən qonaq burada fəaliyyət
göstərən tədris-mədəniyyət mərkəzlərinin işindən də olduqca razı
qaldığını vurğulamışdır. "Sizin
çox dərin mədəniyyətiniz var" deyən
professor E.Didyen Yeni Avropa
Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin
açılması ilə bağlı danışıqlar
aparmağa hazır olduğunu da bildirmişdir.
Sonra tərəflər arasında əməkdaşlıq
memorandumu imzalanmışdır. Bu müqaviləyə əsasən
iki universitet arasında tələbə-müəllim
mübadiləsi, müştərək elmi konfransların,
seminarların təşkil olunması, elmi-metodik vəsaitlərin
hazırlanması barədə
razılaşma əldə edilmişdir.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2013.- 21 iyun.- S.3.