Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində

 

Türkiyə Cümhuriyyəti universitetlərinin  təmsilçilərindən ibarət heyət Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur.

Universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan - Türkiyə əlaqələrinin inkişafından danışmışdır. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, genişlənməkdə olan beynəlxalq əlaqələri haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki, dünyanın 76 universiteti ilə tərəfdaşlıq edən  bu ali məktəbin Türkiyənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan  universitetləri ilə elmi əməkdaşlığı bu günuğurla davam etdirilir. Bu ali məktəbdə  12 ölkədən 300 nəfər vətəndaş təhsil alır ki, bunlardan da 230 nəfəri Türkiyə vətəndaşlarının payına düşür. 

Türkiyəli qonaqlar adından Qaratay Universitetinin rektoru, professor Ömer Torlak, Hacəttəpə Universitetinin əməkdaşı, professor Bahtişen Kavak çıxış edərək səmimi qarşılanma üçün minnətdarlıqlarını bildirmişlər. Çıxışlarda iki qardaş ölkə arasında əlaqələrin inkişafında universitetlərarası tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışılmışdır. Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetinə yeni elmielmi-publisistik nəşrlər  hədiyyə etmiş, qonaqlara Naxçıvanın əsas rəmzi olan Haçadağı əks etdirən rəsm əsərləri təqdim olunmuşdur. Qonaqlar universitet ərazisini gəzmiş, ali məktəbin strukturu, tədrisin səviyyəsi, maddi-texniki bazası ilə tanış olmuşlar.

Türkiyə universitetlərinin təmsilçiləri  naxçıvanlı həmkarları ilə birgə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyində də olmuşlar. 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2013.- 28 iyun.- S.2.