"Məqsədim
ikiqat olimpiya çempionu adını qazanmaqdır"
Müsahibimiz London Yay
Olimpiya Oyunlarının 20 yaşlı qızıl
medalçısı, "Şöhrət" ordenli güləşçimiz
Toğrul Əsgərovdur
Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyevin XXX London Yay Olimpiya Oyunlarında
iştirak etmiş idmançılarla və onların məşqçiləri
ilə görüşündəki
çıxışından
Mən
çox şadam ki, gənclərimiz idmana meyillidirlər. Azərbaycan
dövlətində idmana və xüsusilə,
idmançılara hörmət, qayğı, dəstək gəncləri
də, uşaqları da idmanla məşğul olmağa
sövq edir. Mən hesab edirəm ki, hər bir bölgədə,
- bu, artıq reallıqdır, - idmançılara daha da
böyük diqqət və dəstək göstərilməlidir.
Bizim olimpiyaçıların tərkibində bölgələrdən
olan idmançılar da vardır. Olimpiya çempionumuz
Toğrul Əsgərov bölgədən olan
idmançıdır və fürsətdən istifadə edərək,
bütün gəncəliləri Toğrulun qələbəsi
münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
İstedadlı gənclərimiz hər
bir rayonda, hər bir kənddə vardır. Seleksiya işləri
düzgün aparılmalıdır, təlim-məşq
toplanışları əlbəttə ki, müasir səviyyəyə
çatmalıdır. Hesab edirəm ki, bu gün idman növlərinin
əksəriyyətində bu, belədir. Əlbəttə ki,
peşəkar məşqçilərin fəaliyyəti
uğurlarımızı daha da artıracaqdır.
Gənc nəsil vətənpərvərlik
ruhunda tərbiyə alır. Vətənpərvərliyi
gücləndirən amillərdən biri, bəlkə də
birincisi idman qələbələridir.
İdman qələbələri
insanları coşdurur, insanların ürəyi qürur hissi
ilə dolur. İnsanlar bəzi hallarda sevincdən göz
yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli bayrağımız
qaldırılanda, Dövlət himnimiz səslənəndə
hər bir vətənpərvər Azərbaycan vətəndaşı
fəxr edir.
Olimpiya oyunlarında
idmançılarımız sevinclə dolu bu günləri
bizə bəxş etdilər. Bizim bayrağımız 10 dəfə
qaldırıldı, iki dəfə Dövlət himnimiz səsləndirildi.
Bu, böyük və tarixi nailiyyətdir. Bu, böyük və
tarixi qələbədir. Mən əminəm ki, bu qələbələrin
sayı daha da çox olacaqdır.
Toğrul
Şəhriyar oğlu Əsgərov
17 sentyabr 1992-ci ildə Gəncə şəhərində
anadan olmuşdur. Gəncə şəhərindəki
7 nömrəli orta məktəbi bitirmişdir. Uşaq
yaşlarından Toğrulda idmana güclü meyil
yaranmışdır. "Təhsil" Respublika İdman Mərkəzinin
Gəncə filialının yetirməsidir.
Toğrul Əsgərov
2008-2009-cu illərdə yeniyetmələr arasında, 2010-cu ildə gənclər
arasında Avropa
çempionatlarının qalibi və dünya ikincisi,
Moskvada böyüklərin
dünya çempionatının gümüş
mükafatçısı, XXX London Yay Olimpiya Oyunlarında həmyerlilərimiz
arasında Azərbaycana ilk qızıl medalı gətirən
idmançımızdır. Sərbəst güləşçimiz
Toğrul Əsgərov olimpiya yarışlarına 60 kq
çəki dərəcəsində
qatılmışdı.
Olimpiya
yarışmalarından qələbə ilə dönən gənc
çempionumuzun ilk uğurları 2008-ci ilə təsadüf
edir.
Toğrul həmin ildə
gənclər arasında dünya birinciliyinin finalına kimi
yüksəlmiş, Avropa çempionu adını
qazanmışdır. Bir ildən sonra, 2009-cu ildə gənclərin
dünya birinciliyinə qatılan
güləşçimiz fəxri kürsünün ən
yüksək pilləsində yer almışdır.
2010-cu ildə
böyüklərin dünya
çempionatında 60 kq çəki dərəcəsi ilə
gücünü sınayan Toğrul Əsgərov bu
yarışda gümüş medal qazanmış, 2011-ci ildə
Bakıda Heydər Əliyevin xatirəsinə həsr
olunmuş güləş üzrə "Qızıl
qran-pri" beynəlxalq turnirinin bürünc
mükafatçısı olmuşdur.
Toğrul Əsgərov
Bolqarıstanın paytaxtı
Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində
çempion olmaqla olimpiadaya vəsiqə qazanmışdır.
O, London Yay Olimpiya Oyunlarında Almaniya, Yaponiya, ABŞ və
Rusiya güləşçilərinə gücünü
göstərərək, 19 yaşında ikən Olimpiya
çempionu olmaq şərəfinə nail olmuşdur.
Toğrul Əsgərov
özü haqqında
- Mən
müəllim ailəsində böyümüşəm. Evin
tək oğul övladı mənəm. İki bacım var.
İdmana maraq mənə babamdan keçib. Bəlkə elə
qolumdakı qüvvət də babamdan keçib, deyə bilmərəm.
Onu bilirəm ki, babamın güclü pəhləvan
olduğunu çoxlarından eşitmişəm. Kiçik
yaşlarımdan idmanla məşğul olmuşam. Ancaq
professional idmana 10 yaşından, daha dəqiqi, 2002-ci ildən 32 kq çəki dərəcəsində başladım. İki il sərasər
Gəncədə cüdo məşqlərinə getdim.
İki
ildən sonra məşqçim
Elçin Zeynalovun məsləhətini qəbul edib,
idmanın sərbəst güləş növü ilə məşğul
olmağa başladım. Məşq müəllimimlə mənim
birgə gəldiyimiz qərar gələcəkdə
qazanacağım bütün uğurlar üçün bir zəmin
oldu.
Təbii
ki, milliyyətindən asılı olmayaraq, bütün
idmançıların ən böyük arzusu o olur ki,
qatıldığı yarışmalarda qalib olsun.
Bilirsiniz,
mən qalib gəldiyim yarışlarda çox sevincli dəqiqələr
yaşayıram. Zəfər qazanandan sonra
çempionatların keçirildiyi dövlətlərdə qalibiyyətimin nəticəsi
olaraq, təmsil etdiyim ölkəmin himni mənim qələbəmə
görə səsləndirilir...
bayrağımız qaldırılır...
dalğalandırılır. İnanın ki, o anlarda
keçirdiyim hisslərimi sözlə ifadə etməkdə
acizəm.
11
avqust 2012-ci ildə London Yay Olimpiya Oyunlarının final
yarışmasında sərbəst güləş üzrə
60 kq çəki dərəcəsində respublikamızı
təmsil edəndə, cəmi 19 yaşım vardı. Rəqiblərim
də bir-birindən peşəkar, güclü
idmançılar idi. Final yarışmalarında məğlub
etdiyim rusiyalı güləşçi Besik Kuduxov onunla
güləşdiyim anlar barədə sonradan jurnalistlərə
verdiyi müsahibələrindən birində belə
demişdi:
"...bütün
rəqiblərimlə yüngül keçdi, amma, baxın,
finalda heç düşünməzdim
ki, azərbaycanlı belə döyüşə bilər.
Final yarışmalarına qədər mən onunla heç
yerdə qarşılaşmamışdım... Amma mən
taktiki səhv etdim. Əvvəlcədən lazım idi ki, rəqibimin
imkanlarını özüm üçün kəşf edim,
mənsə bunu etmədim və
ilk andan döyüşməyə başladım. Nəticədə
qızıl medalı azərbaycanlı apardı".
Final
yarışmaları barədə Toğrulun öz etirafı da maraqlıdır:
-
İlk hissədəki təmiz hesablı qələbədən
sonra bir qədər arxayınlaşdım, ikinci hissədəki
2:0 hesabı ilə üstün durumda olduğum vaxt ani bir səhv
etdim, ardınca da təbii ki, bu hissəni uduzdum.
Üçüncü hissədə özümü ələ
almağı bacardım, bütün gücümü səfərbər
etdim və qələbəni - Azərbaycana ilk qızıl
medalı mən qazandım.
- Yarışların
davam etdiyi günlərdə əhval-ruhiyyən necə idi?
- Təbii
ki, olimpiadanın axırıncı günlərində
çiynimizə düşən məsuliyyət çox
böyük idi. Üstəlik də, mən finala
çıxanda ölkəmizin hələ qızıl
medalı yox idi. Qızıl medalın uğrunda mübarizə
etməyi özümə borc bilirdim. Bunları
düşünəndə istər-istəməz psixoloji gərginlik məni
bürüyürdü.
Qismət
elə gətirmişdi ki, finaldakı rəqibim də
çox güclü idi, o, 4 dəfə dünya çempionu
olmuşdu. Amma mən də öz gücümə çox inanırdım, finala da
yalnız qələbə üçün
çıxmışdım. Sonda məqsədimə
çatdım. Yarış mənim qələbəmlə
bitdi.
19
yaşında Avropa çempionu adını daşımaq hər
kəsə qismət olmur, o günlərdə məndən
tez-tez xarici və yerli jurnalistlər müsahibələr
götürürdülər, fərəhimi, sevincimi sözlərlə
ifadə etməyə çətinlik çəkirdim.
İnsan
qarşısına
qoyduğu məqsəd
uğrunda gecə-gündüz yorulmadan mübarizə aparanda
nəticələr təbii ki, uğurlu olur. Hər bir
idmançı kimi Avropa və
Olimpiya çempionu olmaq mənim də hər zamankı
arzum idi.
Allaha
çox şükür ki, hər iki arzuma nail oldum.
Hazırda
Avropa və Olimpiya çempionuyam və bu, məni daha möhtəşəm
qələbələrə ruhlandırır. Arzum budur ki,
böyüklər arasında dünya çempionu titulunu da
qazana bilim. Növbəti
olimpiadada indi qazandığım
uğurlarımı bir daha təkrarlamaq
istəyirəm. Bilirəm ki, bundan ötrü daha da
yaxşı çalışmalı, öz üzərimdə
daha ciddi işləməliyəm. Azərbaycanda hələ
ki, ikiqat olimpiya çempionu yoxdur. Məqsədim budur ki,
yaxın illərdə bu tarixi uğura sərbəst güləşçi
kimi imzanı mən atım, ikiqat olimpiya çempionu
adını ilk olaraq mən qazanım.
Mən
"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə
filialının yetirməsiyəm. Hər dəfə vətənə
qələbə ilə qayıdanda Gəncə şəhərinin
idman ictimaiyyətinin nümayəndələri, təmsil
etdiyim idman ocağının rəhbərliyi, məşqçilərimiz
və idmançı dostlarım, həmkarlarım məni
böyük təntənəylə, qürur hissi ilə
qarşılayırlar.
Respublikamızın
Prezidenti cənab İlham Əliyev biz idmançılar
üçün heç nəyi əsirgəmir.
31
avqust 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən "Şöhrət"
ordeni ilə
mükafatlandırılanda hələ heç iyirmi
yaşım tamam olmamışdı.
Hazırda
beynəlxalq idman ustasıyam. Bədən Tərbiyəsi və
İdman Akademiyasının IV kurs tələbəsiyəm.
Ali təhsilimi
başa vurduqdan sonra hər bir azərbaycanlı kimi mən də
hərbi xidmətə, vətənimin keşiyində
dayanmağa yollanacağam. Çünki vətənə xidmət
etmək, onu qorumaq elə bir müqəddəs borcdur ki, bu işi heç bir səbəblə
təxirə salmaq olmaz. Fikrimcə, qazandığımız
qələbələr, daşıdığımız fəxri
adlar, titullar məni və o cümlədən digər
idmançı həmkarlarımı vətən borcundan kənarlaşdırmamalıdır.
Hərbi xidmətini yerinə yetirib qayıtdıqdan sonra da
beynəlxalq yarışmalarda mühüm qələbələrə
imza atan idmançılarımız çoxdur.
Yəni,
ömür hələ irəlidədir. Qarşıda hələ
nə qədər görüləsi
işlərim var.
-
Qızıl medalı qazananda
sevincini ilk dəfə kimlə paylaşdın?
-
İdmançı dostumla, 74 kq çəki ilə güləşən
Aqil Quliyevlə. Düzü, qələbədən sonra ilk dəfə
telefonu əlimə götürən anda mənə zəng gəldi.
Aqil məni qabaqladı, sevincimə şərik olduğunu
dedi, beləliklə ilk sevincimi bölüşdüyüm
insan da elə mənə ilk telefon açan dostum oldu.
Beynəlxalq
yarışların keçirildiyi günlərə bir nəzər
Serbiyanın
paytaxtı Belqradda keçirilən
güləş üzrə Avropa çempionatında 60
kq çəki dərəcəsində çıxış
edən Toğrul Əsgərovun
ilk rəqibi Türkiyə idmançısı Münir
Akdaş olmuşdur.
Münir
Akdaşı məğlub etdikdən sonra Toğrul Əsgərov Markaz Zalkuanı məğlub edərək
yarımfinala çıxmışdır.
Həmyerlimiz
həlledici görüşə vəsiqəni George
Buçurdan almışdır. Final yarışmalarında
Toğrulun rəqibi bolqarıstanlı Anatoli Quydea olmuşdur.
İlk
hissədə gənc idmançımız azarkeşlərinə
gərgin və həyəcanlı anlar yaşatsa da, sonuncu
hissədə vəziyyəti öz xeyrinə dəyişməyi
bacarmışdır. Avropa çempionatının ikinci
günü mübarizələrə yekun vurulmuşdur.
***
London
Olimpiadasında Almaniya təmsilçisi
Tim Şleyçer və Yaponiya təmsilçisi Keniçi
Yumota üzərində inamlı qələbə qazanan
Toğrul Əsgərov
yarımfinalda ABŞ idmançısı Koleman Skottu məğlub
edərək həlledici mərhələyə qədəm
basmışdır.
Finalda
Toğrulun rəqibi Rusiya təmsilçisi Besik Kuduxov
olmuşdur. Gərgin mübarizə şəraitində
keçən final
yarışmasında Toğrul Əsgərov rəqibini məğlub
edərək qızıl medal qazanmış, fəxri
kürsünün ən yüksək pilləsinə
qalxmışdır.
London
Olimpiadasındakı möhtəşəm qələbənin
şərəfinə Azərbaycanın Dövlət himni səsləndirilmiş,
üçrəngli bayrağımız
qaldırılmışdır.
Hazırladı: Ellada
UMUDLU
Azərbaycan müəllimi.- 2013.- 28 iyun.- S.5.