"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası

  

 Fevralın 27-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.

İclasda təhsil naziri, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri üzrə Təşkilat Komitəsinin sədri Misir Mərdanov təhsil müəssisələri və pedaqoji işçilər arasında sağlam rəqabətə, yaradıcı təşəbbüskarlığın daha geniş inkişafına yol açan bu müsabiqələrin əhəmiyyətindən bəhs edib və Təşkilat Komitəsinin işinə uğurlar arzulayıb. Nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq altıncı ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir.

Təhsil naziri "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin I mərhələsinin yekunları ilə bağlı təqdimat-məruzəsində müsabiqələrdə iştirak üçün təqdim edilmiş sənədlərin ekspertizasının nəticələri barədə ətraflı məlumat verib.

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə 2012-ci ildə 151 məktəb tərəfindən sənəd təqdim olunduğunu nəzərə çatdıran nazir 2013-cü ildə müsabiqədə iştirak üçün respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəbin müraciət etdiyini bildirib. Misir Mərdanov müsabiqədə iştirak üçün sənəd verən 132 məktəbdən 21-nin 2007-2008-ci dərs ilində, 2-nin isə 2008-2009-cu dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olduğunu vurğulayıb.

Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən 103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə buraxıldığını bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. Nazir, həmçinin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə məktəb direktorlarının təqdimat mərhələsinin martın 1-dən başlanmasının nəzərdə tutulduğunu söyləyib.

Təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. Misir Mərdanov bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş müəllimlərdir.

İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran təhsil naziri müsabiqədə iştirak edəcək digər müəllimlərin də fənlər üzrə təsnifatına diqqət çəkib. Nazir ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 201 nəfərin II mərhələyə buraxıldığını qeyd edərək müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsündən söhbət açıb.

Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayıb və II mərhələyə martın 11-dən başlanmasının nəzərdə tutulduğunu qeyd edib. Nümunə dərslərini qiymətləndirən ekspert komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verən nazir müvafiq ekspertlərlə və həmin dərslərin təşkil olunacağı məktəblərin direktorları ilə təlimat xarakterli ayrıca görüşlərin keçiriləcəyini bildirib.

Sonra "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib.

 

 

Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.2.