Türk dərslikləri və kurikulum
əsaslı Azərbaycan dili dərslikləri
Son
zamanlar ölkəmizin media
qurumlarında ümumtəhsil məktəblərimizdə
istifadədə olan dərsliklər ciddi müzakirə olunur. Təhsil sistemimizdə 2008-ci ildən başlayaraq ibtidai siniflərdə
həyata keçirilən fənn kurikulumları əsasında
yazılmış dərsliklərin yeni nəslinin
-ümumi təhsil pilləsinin 5-ci sinifləri
üçün dərsliklərin
müzakirəsi açıq və gizli
müstəvidə get-gedə
qızışmaqdadır.
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının Azərbaycan dili və
ədəbiyyat bölməsində
5-ci sinif üçün
"Azərbaycan dili" və "Ədəbiyyat"
dərsliklərinin monitorinqi
aparılır. Müzakirələr zamanı bəzi müəllimlərin
dərslik haqqındakı mülahizələri birtərəfli
olaraq yalnız dərsliyin və müəllim
üçün metodik
vəsaitin "qüsurlarının" qabardılmasına
yönəldilir. Bir müəllim və monitorinq
iştirakçısı kimi müzakirələrdə mənə bəzi məsələlərə
aydınlıq gətirmək üçün
Türkiyə Respublikasında "Türkcə" dərsliyi
haqqında məruzə hazırlamaq
tapşırılmışdı. Mən məruzəni seminar iştirakçılarına qısa
şəkildə təqdim etmişəm. Lakin seminarların birində türk
dərsliklərindən xəbərsiz olan
iştirakçılardan birinin verdiyi yanlış məlumat məni bu yazını pedaqoji
ictimaiyyətə çatdırmağa sövq
etdi.
"Azərbaycan
dili" dərsliyinin müəllifi onda günahlandırılır ki, 5-ci sinfin "Azərbaycan
dili" dərsliyində dil
qaydaları türkcə dərsliklərindəkinə nisbətən
çox azdır. Qeyd
edək ki, dərsliklərimizin qiymətləndirilməsi
zamanı milli ekspertlərlə
yanaşı, türkiyəli təhsil ekspertləri də
yaxından iştirak edirlər.
Türkiyə
Respublikasında dərsliklər Milli Egitim Bakanlığı Talim
və Tarbiye Kurulunun qərarı
ilə çap olunur.
Dərsliklər fənlər üzrə məzmun
standartları nəzərə alınmaqla "Dərsliklərin
hazırlanması meyarları"na əsasən yazılır. Türk
təhsilində kurikulum
anlayışı bir termin
olaraq işlədilmir, lakin
dərsliklərin quruluşu və
hazırlanmasına verilən tələblər bizim fənn kurikulumları əsasında
yazılmış dərsliklərdən o qədər də
fərqlənmir. Belə ki, həmin dərsliklər
də şagirdlərin bilik, bacarıq və
vərdişlərinin inkişafına xidmət edir, nəticəyönümlüdür. Məqsədimiz
Türkiyədə istifadə olunan dərsliklərin
quruluşu ilə bizim
dərslikləri müqayisə etmək, daha
doğrusu, bunlar
arasında olan ümumi
cəhətləri göstərməkdir. Ona
görə də əvvəlcə yuxarıda adıçəkilən
dərsliklərin quruluşu haqqında ümumi təsəvvür
yaratmağa çalışaq: "Türkce"
adlandırılan 5-ci sinif üçün
"İlkögretim ders
kitabı" 142 səhifədən ibarətdir. 3-cü səhifədə
Türkiyə Respublikasının Dövlət bayrağı
və Dövlət himninin sözləri verilmişdir. 4-cü səhifədə "Atatürkün gəncliyə xitabı",
5-ci səhifədə M.K.Atatürkün portreti verilib. 6-9-cu səhifələr
"İçindekiler"
başlığı altında mündəricatdan ibarətdir.
Kitab 8 fəsildən ibarətdir:
"Birey və toplum",
"Atatürk", "Gözəl
ölkəm Türkiyə", "Xəyal gücü",
"Yeniliklər və gəlişmələr", "Oyun və spor", "Dəyərlərimiz",
"Sağlıq və çevrə". Hər bir fəslə 5 mövzu daxildir. Məsələn, "Birey
və toplum" adlanan
birinci fəsil aşağıdakı
mövzuları əhatə edir: "Sinagirt baba", "Dinlemesini bilirmisinizmi?",
"Çox gözəl şey",
"Qəmsiz", "Anaların türküsü".
5-ci sinfin "Dərs kitabı" (Bu, Türkiyədə belə
adlandırılır-H.Ş.) oxu üçün nəzərdə tutulmuşdur. Burada
şagirdlərin müstəqil işinin
təşkili üçün nə suallar qoyulub, nə də
tapşırıq və ya
çalışmalar verilib. Kitabda olan fəsil və ya
bölmələrin başlıqları nəzərə
alınmazsa, bu, çox
yüksək rəssam işi ilə
işlənmiş hekayə, oçerk və
şeirlərdən ibarət bədii almanaxa
oxşayır. Şagirdlərin müstəqil oxusu
üçün kitabdakı materiallarla müəllimin aparacağı
işlərə dair metodik
tövsiyələr başqa bir kitaba -"Müəllim
üçün metodik
vəsait"ə daxil edilmişdir.
Çalışma və tapşırıqlar isə
"Çalışma kitabı"nda əksini
tapmışdır. Oxu kitabındakı mətnlərin
10-u şeirdir (misraların sayı 14-26). Bütün səhifələr müvafiq rəsmlərlə doludur. Burada 121 şəkil
və illüstrasiya əks olunmuşdur. Sonuncu səhifələrdə
isə iki xəritə: Türkiyə xəritəsi
ilə türk dünyasının xəritəsi
verilmişdir.
Kitabın
2-ci fəsli Atatürk haqqındadır.
Ümumiyyətlə, bütün kitabda bir Türkiyəyə
vətən sevgisinin aşılanması duyulur.
Kitabın
sonunda istifadə olunmuş
mənbələri əks etdirən "Kaynakça"
adlı səhifə işlənmişdir. "Turkce" - 5-in ikinci
kitabı "Türkce ögrenci
çalışma kitabı" adlanır. 152 səhifədən
ibarət olan bu kitab təxminən bizim
"İş dəftəri"ni
xatırladır. Fərq burasındadır ki,
burada şagirdlərin müstəqil
işləmələrinin təşkili üçün
açıq suallar və
çalışmalar verilir. Məsələn,
birinci mövzu olan "Sinagirt baba" mətni üzərində 10
tapşırığın yerinə yetirilməsi istənilir.
"Çalışma
kitabı"ndakı "Spor və oyun" temasına aid
çalışmalara nəzər salaq. Bu fəsildə
9 tapşırıq verilmişdir.Tapşırıqlarda çox sayda rəsm və
ya fotomateriallar təqdim
olunur (məsələn, 1-ci
çalışmada 9 rəsm var). Əsas
məqsəd şagirdlərin müstəqil işini
təşkil etməkdir. Şagirdlər üçün
az sayda nümunə də
verilmişdir. Bacarıqlar "Tema sonu deyerlendirme"
başlığı ilə verilmiş test tapşırıqları əsasında
yoxlanılır.
"Türkce"
-5-in 3-cü kitabı müəllim
üçün metodik
vəsaitdir. Bu kitab "Türkce
ilk ögretmen kılavuz
kitabı" adlanır.
Kitabda hər bir tədris
vahidinə aid ayrıca
planlaşdırma aparılıb.
Daha artıq
əyani olsun deyə, 5-ci sinifdə dərs deyəcək müəllimlər
üçün
nəzərdə tutulmuş
"Türkce ögretmen
kılavuz kitabı"ndan
3-cü temanı-"Güzəl
ölkəm Türkiyə"
bölməsinin tədrisi
üçün tövsiyələri
müəllimlərimizin nəzərinə
çatdırmaq istəyirəm.
Bölmə planlaşdırma ilə başlanır.
Planlaşdırma yuxarıda göstərilmiş
cədvələ uyğun
olaraq aparılır.
"Anadolu çiçekleri
və Dinonun çiçeklemesi" mövzusunun
tədrisi üçün
nəzərdə tutulmuş
birinci mərhələ
"Hazırlıq" adlanır. İkinci mərhələ "Anlama", üçüncü "Zihində yapılandırma", dördüncü
"Kəndini ifadə
etmə", beşinci
isə "Ölçmə
və dəyərləndirmə"
başlıqlarından ibarətdir.
"Hazırlıq"
mərhələsi özü
bir neçə hissəyə bölünür:
1.Ön hazırlıq: Bu, müəllim
və şagird hazırlığını nəzərdə
tutan iki tövsiyə şəklində
əks olunmuşdur. Müəllimə məsləhət görülür ki, mətnlə bağlı şəkillərdən ibarət
materiallar hazırlasın.
Şagirdlərə isə mövzuya
dair Türkiyənin gözəl təbiətini
əks etdirən rəsmlər çəkmək
(və ya hazır rəsmləri tapmaq) tapşırılır.
2. "Zihinsel hazırlıq".
Bu, dörd tövsiyəni
özündə birləşdirir:
a) "Ön bilgiləri
hərəkətə gətirmə"-
Müəllim bu zaman motivasiya qurur, şagirdlərin hazırladığı rəsmlər əsasında
suallar qoyulur: hansı çiçəkləri
tanıyırsınız, yaxud
hansı meşə ağaclarının adlarını
bilirsiniz... b) "Anahtar
kəlimələrlə çalışma" (açar sözlərdən istifadə); c) "Amac bəlirlətmə"; ç) "Tür, Yöntem və Teknik belirleme".
"B"mərhələsinin
"Anlama" bölümündə:
1.Görsel okuma, Dinleme və Okuma. Anlamaya aid olan bu mərhələdə bir neçə kiçik mərhələnin
həyata keçirilməsi
nəzərdə tutulur:
a) Görsel oxuma (rəsm və şəkillərlə iş);
b) Dinləmə (mətnin
oxusu təşkil olunur- şagirdlərin diqqəti oxu prosesinin hazırlığına
yönəldilir, oxu arasında şagirdləri
məzmunla bağlı
düşünməyə sövq edən suallar verilir); c) Oxuma; ç)Anlamları bilinməyən kəlmələrlə
çalışma.
2. Mətni incələmə.
3. "Söz varlığını
geliştirme".
Dərsin C mərhələsi
"Zihində yapılandırma"
adlanır. Bu mərhələ üzrə
iki istiqamətdə iş aparılması nəzərdə tutulur:
1.Günlük həyatla əlaqələndirmə.
2. Digər dərslərlə
əlaqələndirmə.
Mövzunun tədrisində növbəti mərhələ
"Kəndini ifadə
etmə" adlanır.
Bu mərhələdə də
bir neçə kiçik
mərhələ var:
1. Zihinsal hazırlıq:
a) Ön bilgiləri hərəkətə keçirmə.
b) Amac belirleme. c) Yöntem və Teknik belirleme. ç) Tür ve Sunu
Şeklini belirleme.
2. Kuralları gözden keçirme. 3. Konuşma, Yazma və Görsel Sunu. Bu, özü də Konuşma
(nitq mədəniyyəti);
b) Yazma (müstəqil
işlər); c)Görsel
Sunu kimi bölünür.
4. Söz Varlığını
Kullanma (öyrəndikləri
sözlərdən nitqində
istifadə nəzərdə
tutulur.)
D. Ölçmə və dəyərləndirmə
mərhələsi: a)Sual
vasitəsilə; b)"Dinləmə
bacarıqlarının dəyərləndirilməsi"
cədvəli; c) Şagirdlərin
özlərini meyar əsasında qiymətləndirməsi;
ç) "Çalışma kitabı"ndakı nümunələr
əsasında qiymətləndirmə
aparılır.
Göründüyü
kimi, Vətəni, Dili və Ananı sevməkdə bizə örnək olan Türkiyə Respublikasının dərslikləri
ilə hazırda Azərbaycan Respublikasında
kurikulum əsasında
hazırlanıb istifadəyə
verilmiş Azərbaycan
dili dərslikləri arasında tam bir yaxınlıq var.
Məqsəd Türkiyə
Respublikasının dərsliklərini
hərtərəfli araşdırmaq
olmadığından, buradaca
fikirlərimi yekunlaşdırıram:
1. Türk dərslikləri standartlar
əsasında yazılır.
Bunu yuxarıda gördük.
2. Türk dərslikləri olduqca sadə dillə yazılmışdır və
şagirdyönümlüdür.
3. Dil qaydaları
ayrıca tədris olunmur. Mövzuların içərisində və mövzularla paralel olaraq bacarıqlar şəklində
öyrədilir.
4. Türk dərsliklərində mətn-materiallar tamamilə didaktik prinsiplərə uyğunlaşdırılmışdır, milli vətənpərvərlik
olduqca güclüdür.
5. Mövcud Azərbaycan dili (5-ci sinif) kitabı türk dərsliklərinə
uyğun yaradılmışdır.
Ancaq müstəqillik
tarixi baxımından
Türkiyə dövləti
ilə Azərbaycan Respublikası arasında olan fərq özünü bir
çox sahələrdə
olduğu kimi, təbii ki, dərsliklərimizdə də
- istər hazırlanmasında,
istər nəşriyyat-poliqrafiya
məsələlərində, isərsə də müəllif işində
özünü göstərir.
Məncə, buna
təbii proses kimi baxmaq lazımdır,
çünki əvvəla, Türkiyə müstəqil
Azərbaycanın ən
yaxın dostu olan ölkədir. İkincisi, Türkiyə ilə
Azərbaycanın müstəqillik
tarixi arasında 70 illik bir zaman
məsafəsi durur. Ümid etmək olar
ki, zaman təhsilimizin xeyrinə işləyir. Gələcəkdə
ölkəmizin dərsliklərlə
bağlı təcrübəsinin
daha da təkmilləşərək həm
milli, həm də dünya təhsil nailiyyətləri baxımından
bütün prinsiplərə
cavab verəcəyinə
heç bir şübhə yoxdur.
Hüseyn ŞAHBƏNDƏYEV,
Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin və
Avropa Azərbaycan Məktəbinin müəllimi,
ali
kateqoriyalı müəllim
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.6.