Kvant
saatları zəlzələnin qarşısını ala bilər
69 yaşlı fransalı nobelçi alimin kəşfi
bundan xəbər verir
2012-ci
ilin oktyabrında Nobel mükafatı komitəsi dünyanın
ali elm mükafatına layiq görülmüş tədqiqatçı
alimlərin adlarını açıqlayanda Fransanın fizika
sahəsində ən görkəmli
alimlərindən olan Serj Aroşun sevincinin hədd-hüdudu
yox idi. Stohkolmda
başlamış Nobel həftəliyi çərçivəsində
namizədlərin adları son ana qədər gizlin
saxlanılır. 2012-ci il üzrə fizika sahəsində
Nobel mükafatına layiq görülə biləcək
laureatlar arasında daha çox kainatda Böyük
partlayış nəzəriyyəsinin müəlliflərindən
biri professor Brayan Koks, kvant teleportasiyası protokolunu
hazırlamış amerikalılar Çarlz Bennet, Uilyam Uotters
və kanadalı Cidd Brassardın adları göstərilirdi. Lakin son anda Nobel komitəsi kvant
sistemləri ilə manipulyasiya sistemlərinin intensivləşdirilməsi
sahəsində apardıqları
işlərə görə Serj Aroş və onun
amerikalı həmkarı Devid
Uaylendin adlarını çəkib. Serj Aroş Fransanın ən
görkəmli fiziklərindən biridir. 69 yaşlı alim həyatının
50 ilini kvant fizikasına həsr edib. O, hazırda Fransa
Kollecinin professoru və rəhbəridir.
Uşaqlıq
illəri
Serj Aroş 1944-cü il sentyabrın 11-də Mərakeşin Kasablanka şəhərində yəhudi ailəsində anadan olub.
Atası Alber Aroş vəkil işləyib. O, İkinci
Dünya müharibəsi illərində Çexoslovakiyada və
Fransada Müqavimət hərəkatında iştirak edib və
Fəxri legion ordeni ilə təltif olunub. Anası odessalı Valentina
Aroş (Valentina Rublyova) müəllim olub. Onun babası və nənəsi
İssak və Ester Aroş Ümumdünya Yəhudi Məktəbinə
(Ecole de lTAlliance Israelite) rəhbərlik ediblər. Ana tərəfdən
babası və nənəsi Aleksandr Rublyov və Sofya
Fromşteyn 1920-ci illərin əvvəllərində Sovet
İttifaqını tərk edərək Fransada məskunlaşıblar.
Aleksandr Rublyov 1921-ci ildə indiki Odessa Milli Tibb Universitetini və
1928-ci ildə Paris Tropik Tibb Məktəbini bitirib.
ABŞ-ın Massaçusets və Nyu-York şəhərlərində
həkim işləyib. 1958-ci ildə Kolumbiya Universitetinin səhiyyə
məktəbini bitirib. Daha sonra isə Mərakeşə
köçüblər. Serj
Aroş Mərakeşdə anadan olub və 12 yaşa qədər
burada yaşayıb. Serj Aroş hələ uşaqlıqdan
fizika və riyaziyyata meyil edib. Xüsusən də tətbiqi
riyaziyyat, fizika və təbiət hadisələrini öyrənməyə
can atıb.
Mərakeşin müstəqillik əldə
etməsindən sonra ailə Parisə köçüb.
"Kasablankada anadan olmağımın mənim şəxsiyyət
və alim kimi formalaşmağıma
hər hansı təsir göstərdiyini
düşünmürəm. Mən fransız mədəniyyətinə
mənsub insan kimi formalaşmışam, təhsilimi Fransada
almışam. Məhz bu amillər mənə başlıca təsir
göstərib",- deyə alim bildirir.
"Müəllim sarıdan mənim
bəxtim gətirdi"
Serj Aroş 1963-cü ildə Politexnik Məktəbə
qəbul imtahanlarında birinci,
Paris Ali Normal Məktəbinə qəbulda isə
üçüncü yeri tutub. Gənc Aroş elə həmin
il həyatını elmə həsr etmək istədiyini bildirib və Ali Normal Məktəbini (ENS)
seçib. Qeyd edək ki, əsası 1794-cü ildə
qoyulmuş bu məktəb ölkənin ən iri elmi-tədqiqat
mərkəzidir. Burada 35
laboratoriya fəaliyyət göstərir. Məktəbin məzunları
arasında 8 Nobel mükafatı laureatı və 10 Filds
mükafatı laureatı (riyaziyyat üzrə "Nobel
mükafatı") var.
S.Aroş 1971-ci ildə Pyer və Mariya
Küri Universitetində sonralar (1997-ci il) Nobel mükafatına
layiq görülmüş Klod Koen-Tannucinin elmi rəhbərliyi
altında dissertasiya müdafiə edib. "Müəllim
sarıdan mənim bəxtim gətirdi. Tannucinin fizika, xüsusən də optikaya
olan ehtiraslı münasibəti mənə də sirayət
etmişdi. O, mənim ilk elmi rəhbərim
idi və kvant fizikası və kvant optikası sahəsində
elmi karyerama görə ona borcluyam", -deyə Aroş
bildirir. S.Aroş 1967-1975-ci illərdə
Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) işləyib.
Daha sonra isə bir il ərzində Stenford Universitetində
(ABŞ) professor Artur Şavlovun qrupunda təcrübə
keçib. 1975-ci ildə S.Aroş Pyer və Mari Küri Universitetinin
professoru təyin olunub. 1974-1984-cü illərdə Paris
Politexnik Məktəbində dərs deyib. 1994-2000-ci illərdə
Ali Normal Məktəbində fizika şöbəsinə rəhbərlik
edib. 2001-ci ildən Fransa Kollecində
(College de France) kvant mexanikası kafedrasına rəhbərlik
edən professor S.Aroş 2012-ci ilin sentyabrından kollecin rəhbəridir.
Serj Aroş Fransa, Avropa və Amerika Fizika cəmiyyətlərinin
üzvüdür. Dostları və
əməkdaşları Aroşu görkəmli tədqiqatçı,
öz yaradıcılıq potensialı ilə tanınan alim
kimi tanıyırlar. Serj Aroş hazırda Fransa Kollecinin və Paris Ali Normal Məktəbinin professorudur. Stenford, Harvard universitetlərində,
Massaçusets Texnologiya İnstitutunda çalışıb.
Alim 2009-cu ildə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin
qızıl medalını alıb. 1996-cı ildə Aroş
və onun həmkarları kvant dekogenerasiyası üzrə
unikal eksperimental müşahidə aparmışlar.
Albert
Eynşteynin arzularını yerinə yetirən alim
Serj Aroşun tədqiq etdiyi sahə hələ
ötən əsrin əvvəllərində dahi fiziklər
Albert Eynşteyn və Nils Bor arasında uzunmüddətli müzakirələr mövzusu olub.
Kvant sistemlərinin manipulyasiyasını hələ
Eynşteyn çox arzulayırdı. "Bizi materiyanın ən
kiçik, təcrid edə biləcəyimiz hissəcikləri arasında
qarşılıqlı təsir
və işığın ən kiçik hissəciyi -
fotonlar maraqlandırır. Atom işıqlananda özündən
foton buraxır və o, işıq sürəti ilə hərəkət
edir. Bu fotonu təcrid etmək üçün isə onu
ayrıca, Albert Eynşteynin dediyi kimi, "foton qutusu"nda
bağlamaq lazımdır. Bu təcrid olunmuş məkanda isə
özündən foton buraxmış atomlarla kvant fizikası
qanunlarına tabe olan
"oyun" başlayır. Beləliklə də
laboratoriya tədqiqatlarında biz Albert Eynşteyn və Nils
Borun ötən əsrin 20-30-cu illərində diskussiya
apardıqları məşhur nəzəri eksperimeti həyata
keçirmişik". Texniki nöqteyi-nəzərdən
Albert Eynşteyn dönəmində mümkün olmayan bu məsələ
Serj Aroşun tədqiqatlarında öz həllini tapa bilib.
Serj Aroş ona dünya şöhrəti
qazandırmış elmi işləri üzərində 20 il
işləyib. Ali Normal Məktəbdə və ölkənin ən
qabaqcıl elmi-tədqiqat mərkəzlərində
çalışan gənc mütəxəssislərin səyləri
nəticəsində fotonlar üzərində aparılan
eksperimentlər müsbət nəticə verib. "Fundamental tədqiqatlar qısa
zaman ərzində başa çatdırıla bilməz, bu
sahə sürətin daha çox əhəmiyyət kəsb
etdiyi sahə deyil. Burada əhəmiyyətli faktor
zamandır",- deyə Aroş bildirir.
Elmdə
inqilabi tərəqqi
2012-ci il oktyabrın 9-da Nobel
mükafatları komitəsi fizika sahəsində ali
mükafatın fransız alimi Serj Aroş və amerikalı
fizik Devid Uaylendə təqdim
olunduğunu xəbər verib. Nobel komitəsi alimlərin
bir-birindən xəbərsiz apardıqları işləri
elmdə inqilabi tərəqqi kimi qiymətləndirib. Onlar
kvant sistemlərinin ölçülməsinə və
manipulyasiyasına imkan verən qabaqcıl eksperimental
metodların kəşfinə və kvant hissəciklərinin
işıq şüası və cismlə
qarşılıqlı təsirinin öyrənilməsi,
ölçülməsi və hesablanması, kvant optikası
sahəsinə aid olan elmi işləri və məqalələrinə
görə layiq görülüblər. Alimlər ayrı-ayrı hissəciklərin
kvant-mexaniki xassələrini saxlamaqla onların
ölçülməsi və manipulyasiyası üzrə
metodları işləyib hazırlayıblar. Bu metodların kəşfi əvvəllər
mümkünsüz hesab edilirdi. Alimlər kvant fizikası
üzrə aparılan eksperimentlərin yeni dövrünün
başlanğıcını qoyublar.
İsveç Kral
Akademiyası bildirib ki, alimlərin elmi işləri kvant sistemlərinin
ölçülərini aparmağa
və tətbiq etməyə imkan verib. Alimlərin tədqiqatları kvant fizikasına əsaslanan yeni
növ super sürətli kompüterlərin
yaradılmasına yol açır. Bu sahədə
aparılmış elmi araşdırmalar atom saatından daha dəqiq
işləyə biləcək kvant saatının
yaradılması və yeni, daha dəqiq vaxt standartlarına
keçidin təmin edilməsinə şərait yaradacaq.
"Onların tədqiqatları fizikanın koqerentlik kimi bir
sıra baza məsələlərinə cavab verməyə
imkan verib. Dünyada ən dəqiq saatlar bu laureatların
işləri nəticəsində
yaradılıb, gələcəkdə isə bu prinsiplər əsasında kvant
kompüterlərinin yaradılması mümkün olacaq,
onların sürəti hazırkı bütün hesablama
maşınlarının sürətindən
ölçüyəgəlməz dərəcədə
böyük olacaq. Serj Aroş və Devid Uaylend bir-birlərindən
fərqli olaraq ayrı-ayrı hissəciklərin öyrənilməsi
metodunu işləmiş və inkişaf etdirmişlər.
Onlar hissəciklərin mexaniki-kvant təbiətini qoruyub
saxlamışlar. Bu isə əvvəllər bir qayda olaraq
qeyri-mümkün hesab olunub. Onlar kvant fizikasında yeni
eksperimentlər erasını açmışlar. Alimlər fərdi
kvant hissəçiklərini
dağıtmadan onların müşahidə
olunmasının birbaşa metodunu təklif etmişlər. Məktəbdə bizə öyrədirlər
ki, kvant hissəcikləri ikili korpuskulyar-dalğa təbiətinə
malikdir və kvant dünyasında klassik mexanikanın
qanunları işləmir, koqerent metodlar tətbiq
olunmalıdır. Lakin ayrı-ayrı hissəcikləri ətraf
mühitdən asanlıqla ayırmaq mümkün deyil, onlar
xarici aləmlə təmasda olduqda özlərinin
"sirli" kvant xassələrini itirirlər. Buna görə
də kvant fizikasının əvvəlcədən xəbər
verdiyi bir sıra anomal hadisələri birbaşa
müşahidə etmək mümkün olmayıb və tədqiqatçılar dolayı eksperimentlər seçməli
olublar ki, bunlar da qabaqcadan söylənmiş nəzəri fərziyyələri
təsdiq edib. Alimlər hədsiz dərəcədə
qeyri-davamlı kvant vəziyyətlərinə nəzarət
edə və ölçməyə imkan verən orijinal
metodlar düşünüb tapmağa nail ola biliblər ki, onları
tapmaq son vaxtlara qədər tamamilə qeyri-mümkün hesab
olunub. Bir-birindən ayrılıqda aparılmış tədqiqat işlərini birləşdirən
ümumi cəhətlər çoxdur. Devid Uaylend yüklənmiş
atomları (ionları) "tələyə" salıb,
onları işıq, başqa sözlə, foton vasitəsi ilə
idarə etməklə ölçmələr aparıb. Serj
Aroş əks yolu seçib. O, tədqiqat obyekti kimi
fotonları seçib. Hər
iki alim kvant optikası sahəsində işləyir,
işıq və materiya
arasında fundamental qarşılıqlı təsirləri
öyrənməklə məşğuldurlar. Bu sahə
1980-ci illərin ortalarından gur inkişaf edir. Onların
novator metodları kvant optikası sahəsində işləyən
bütün alimlərə fövqəlsürətli
kompüterlərin - kvant kompüterlərinin
yeni tipininin yaradılması istiqamətində ilk addımlar
atmağa imkan verir. Kvant
kompüterləri artıq bu yüzillikdə bizim gündəlik
həyatımızı ötən yüz ildə istifadəyə
verilmiş adi kompüterlər kimi kökündən dəyişəcək.
Onların işlərinin daha bir nəticəsi fövqəldəqiq
saatların yaradılmasıdır ki, bu saatlar gələcəkdə
yeni zaman standartının əsası ola bilər. Onlar
bugünkü müasir sezium saatlarından yüz dəfədən
artıq dəqiqdir".
"Xoş
xəbərdən az qala yıxılacaqdım..."
O,
bütün həyatını elmə həsr edib. Hələ
Ali Normal Məktəbin məzunu olanda 19 yaşlı Serj ilk müsahibələrində
laboratoriyada işləmək və elmi prosesə birbaşa təsir
göstərmək arzusunda olduğunu bildirmişdi. 49
il aradan sonra Nobel mükafatı
alan Aroş baş verənlərə inana bilmirdi.
Serj Aroşa Nobel mükafatına layiq
görülməsi barədə xəbəri birbaşa Nobel mətbuat
konfransından telefonla bildirmişdilər. Alimə xəbər veriblər
ki, cəmi 20 dəqiqə qabaq
o, ali mükafata layiq
görülüb. "Mən
xoşbəxtəm. 20 dəqiqə əvvəl mənə
dedilər ki, Nobel mükafatı almışam. Mən arvadımla küçədə
gəzişirdim və birdən telefonuma zəng gəldiyini
gördüm. Mən koda görə (*46*) zəngin
İsveçdən gəldiyini gördüm və hər
şeyi anladım. Xəbəri
alanda mən o qədər təəccüb etdim ki.. Bu demək olar ki,
inanılmazdır. Mən dərhal
uşaqlarıma və həmkarlarıma (onların köməyi
olmadan bu mükafatı ala bilməzdim) zəng etdim. Həmkarlarımdan
biri universitetdə mühazirə oxuyurdu və mənə bu məzmunda
SMS göndərmişdi: "Danışa bilmirəm,
mühazirəni qurtaran kimi zəng edəcəm". Mən
isə ona "Nə danışırsan, burax hər şeyi, dərhal zəng
elə" dedim. Mənim bəxtim gətirib, xoş xəbərdən
özümü itirmişdim, az qala yıxılacaqdım.
Yaxınlıqdakı oturacağın yanından keçirdim,
buna görə də oturmağa imkan tapdım", - deyə
Aroş Nobel mükafatları komitəsinin rəsmi saytına
verdiyi ilk müsahibədə xatırlayır.
"Nobel
mükafatı alacağınızı
düşünürdünüzmü" sualına
cavabında alim "Bir çox insanlar mükafata layiqdirlər
və buna görə də mükafatı almaq imkanı
çox azdır. Mən mümkün qədər bunu gözləməməyə,
xüsusi olaraq bu barədə düşünməməyə
çalışırdım. Bundan əlavə,
mükafatı bu il almağı gözləmirdim. Mən
çox şadam ki, mükafat eyni zamanda Devid Uaylendə təsis
olunub, o, çox gözəl alimdir".
"Kiçik dünyada yeni
dünya"
Serj
Aroşun Nobel mükafatına layiq görülməsi 3
ölkədə - Fransa, Mərakeş və İsraildə
böyük sevinclə qarşılanıb. Hər 3 ölkə
Serj Aroşla fəxr edir. Fransa
prezidenti Fransua Ollandın təbrik məktubunda bildirilirdi:
"Serj Aroş işlədiyi bütün xarici və
fransız təşkilatlarında - CNRC, Pyer və Mari
Kürü Universitetində, Paris Ali Normal Məktəbində,
Politexnik Məktəb və Fransa Kollecində apardığı gözəl elmi
təcrübələrlə güclü nəzəri fərziyyələri
birləşdirə bilib. Bu,
bizim ölkə üçün fəxrdir və bütün
fransız elmini məmnun edir".
Fransanın ali təhsil və elm naziri Jenevyev
Fıorazonun sözlərinə görə, "bizim artıq
son illərdə fizika üzrə 3 Nobel mükafatımız
var. Təbiidir ki, bizim elmlə fəxr etmək
lazımdır". Geteborq Ali
Texniki İnstitutunun eksperimental fizika professoru Eva Uolsonbu qənaətdədir
ki, Serj Aroş və Devid Uaylendin işləri "kiçik
dünyada yeni dünya" açır. Onların
hazırladıqları yeni metodlar ayrı-ayrı kvant sistemlərini
ölçməyə və idarə etməyə imkan verir.
Alimlər Aroşun işini fantastik hesab edirlər. Bir çoxları Aroşun yüksək
elmi mükafata layiq görüldüyü elmi kəşfi
ötən əsrin əvvəllərində fizika sahəsində
qeydə alınmış möhtəşəm kəşflərlə
müqayisə edirlər. Serj Aroşun bu tədqiqat işinin
ciddi nəticələri barədə alimlər hələ
1990-cı illərdə danışırdılar. Bu kəşfin
tətbiqinin olduqca böyük gələcəyi var. Bu kəşf kvant kompüterlərinin
yaranmasına gətirib çıxara bilər, onlar öz
gücünə görə bu gün istifadə etdiyimiz
kompüterləri milyon dəfə üstələyir.
"Gələcəyin
kvant kompüterləri"
Serj
Aroş bütün həyatı boyu sadə kvant sistemləri
ilə məşğul olub. Gələcəyin kvant
kömpüterləri bu kəşflə
bağlıdır. Bu kəşf sayəsində dünyada ən
dəqiq, ifrat dəqiq saatlar yaradıla bilər. Bu saatlar, ilk
növbədə, kosmik aparatların, intellekt enerji şəbəkələrin,
avtomatik idarəetmə sisteminin işini və onların təhlükəsizliyini təmin edə
bilər. Bütün naviqasiya sistemləri prinsip etibarı ilə
bu dəqiq saatlar olmadan işləyə bilməz. 69
yaşlı alim kvant optikası və atom fizikası sahəsində
mütəxəssis hesab olunur. Onun pioner işləri
hazırda mikroskopik aləmdə tətbiq olunan kvant
mexanikasının bəzi postulatlarının eksperimental
öyrənilməsinə və izahına yol açıb.
"Kvant
kompüterləri nə vaxt yaradılacaq" sualına cavab
verən Serj Aroş qeyd edir ki, bunu dəqiq söyləmək
hələlik mümkün deyil. "Hələlik bizi hissəciklər
səviyyəsində bu işin necə olması
maraqlandırır. Biz bu imkanları araşdırırq.
İlk növbədə kvant kompüterlərinin
yaradılması istiqamətində bir sıra problemləri həll etməliyik. Mənim
bütün diqqətim əsasən nəzəri tədqiqatlara
cəlb olunub, məsələnin praktiki tətbiqi mənim
üçün ən vacib faktor olmayıb".
Alim
qeyd edir ki, kvant sistemlərindən istifadə olunması
mürəkkəb məsələdir. Fiziklər onlar
haqqında çox şeylər öyrənməlidirlər.
Ola bilsin ki, onlar kompüter yox, kvant stimulyatorları,
hansısa kvant kommunikasiyaları olacaq. "Fövqəldəqiq
saatlar nə vaxt hazırlanacaq və harada tətbiq
olunacaq" sualına cavab olaraq alim bildirib ki, hazırda əməkdaşları
ilə bu məsələ üzərində
çalışırlar.
"Bu fövqəldəqiq saatların tətbiqinin bir
çox variantları mövcuddur. Onların köməyi ilə
qravitasiya, qravitasiya sahəsini ölçmək, zəlzələlərin
qarşısını almaq olar. Onlardan istifadə etməklə fundamental fizikanın bir sıra
problemli məsələlərini öyrənmək, nisbilik nəzəriyyəsinin
yoxlanılması, digər
izaholunmamış bir çox vəziyyətləri
izah etmək olar. Bundan başqa
onları kosmosda, məsələn, beynəlxalq kosmik
stansiyalarda aparılan eksperimetlərdə tətbiq etmək
olar".
Superkompüterlərə
doğru
Serj
Aroşun tədqiqatları və novator metodları kvant
optikası sahəsində işləyən alimlərə
kvant zərrəciklərinin xüsusiyyətləri əsasında
işləyən yeni
supersürətli kompüterlər yaratmağa imkan verir.
Gələcəyin kompüteri hesab olunan kvant kompüteri adi
alqoritmlərlə işləyən indiki kompüterlərdən
fərqli olaraq kvant təbiətinin xüsusiyyətləri əsasında
inanılmaz sürətlə işləyəcək. Alimlər
kvant kompüterləri dedikdə, klassik mexanika deyil, kvant əsasında işləyən
qurğunu nəzərdə tuturlar. Kvant kompüterləri XXI əsrdə
bizim bütün gündəlik həyatımızı dəyişəcək.
Bu cür kompüterlər "kubit"lərlə
("kubit" - kvant informasiya vahidi) əməliyyatlar
aparmalıdır. Nəzəri olaraq bu cür kompüter bir
anda təxminən milyon hesablama həyata keçirməlidir,
klassik qurğu isə yalnız bir əməliyyat apara bilər.
Bu o deməkdir ki, kvant
kompüterinin potensial hesablama gücü klassik kompüterdən
təxminən milyonlarla dəfə
böyükdür. Bu astronomik ədədi
yaxşı dərk etmək üçün bu cür
müqayisə aparırlar: hesablama üçün
yaradılan kvant kompüterinə bərabər olan adi
kompüter kainatın ölçüsündə
olmalıdır. Nəzəriyyəyə görə, kvant
kompüteri diskret optimallaşdırma sahəsində vəzifələri
effektiv surətdə həll edə bilər. Binar məntiqə
əsaslanan adi kompüterlər isə buna qabil deyil. Bu nəqliyyatın
marşrutlaşdırılması, maliyyə risklərinin təhlili,
şəkillərin tanınması, təsvirlərin
çeşidlənməsi və s. ola bilər. Bu vaxta qədər
tədqiqatçı qrupların bir çoxu sırf elmi qiyməti
olan laboratoriya sistemləri əldə edə biliblər və
mütəxəssislər təqdim olunmuş bu cür bir
neçə sistemin koqerent kvant effektləri nümayiş
etdirməsinə baxmayaraq onları
əsil kvant kompüteri adlandırmağa əmin deyillər. Bu cür
kompüterlər elə hesablamalar və ölçmələr
apara bilər ki, bunlar müasir elementar baza şəraitində
mümkün deyil. Buna görə də hazırda
bütün dünyada onlarca elmi tədqiqat mərkəzləri
arasında kvant kompüterlərinin yaradılmasının texnologiyalarını
daha tez əldə etmək uğrunda əsil mübarizə
başlayıb. Bu sahədə ən mühüm, prinsipial kəşf
isə Serj Aroş və onun amerikalı həmkarı Devid
Uaylendə məxsusdur. Onların
kəşfinin praktik tətbiqinə gəlincə, alimlər
artıq dünyaya optik saatlar - bu vaxta qədər nə vaxtsa
mövcud olmuş ən dəqiq saatlar hədiyyə ediblər.
İki ion müasir sezium
saatlarından 100 dəfə dəqiq vaxt hesablaya bilir.
Avropa
Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Elmlər
Akademiyasının müxbir üzvü olan Serj Aroş
fundamental tədqiqatların tərəfdarıdır. O, gənc
tədqiqatçılara hərtərəfli dəstək
göstərilməsi uğrunda çıxış edir.
"Müasir elm sistemi yenidən gözdən keçirilməlidir,
köhnəlmiş strukturlar gənc tədqiqatçıların
fəaliyyətini çətinləşdirir və onları
elmlə məşğul olmağa motivləşdirə
bilmir. Fransa sistemi dünya tendensiyalarından geridə
qalır. Nobel mükafatı alana qədər bizim gənc
istedadlı alimlərimiz üçün yeni elmi mərkəzin
açılması barədə ideyamız var idi, ümid
edirəm ki, bu işlər bundan sonra daha sürətlə gedəcək",-deyə Serj
Aroş bildirir.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.9.