Distant təhsil məsafələri
qısaldır
Ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində İKT-nin təhsilə tətbiqi istiqamətində
işlər davam etdirilir.
Distant təhsilin inkişaf
etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarının
artırılması məqsədilə həyata keçirilən
işlər xüsusilə diqqət mərkəzindədir.
Belə
ki, Təhsil Sisteminin
İnformasiyalaşdırılması üzrə Dövlət
Proqramına uyğun olaraq
distant təhsilin inkişaf
etdirilməsi və xüsusi
qayğıya ehtiyacı olan şagirdlərin
bu prosesə cəlb olunması ilə əlaqədar
"Elektron təlimləndirən sistemlər"
adlı layihənin icrasına başlanılıb. Layihənin
əsas məqsədi evdə təhsil alan,
sağlamlıq imkanları məhdud olan
uşaqları distant təhsilə cəlb
etməklə onların cəmiyyətə inteqrasiyasının
təmin edilməsindən, kompüter və
elektron resurslardan
istifadə bacarıqlarının artırılması və
İnternetə çıxış imkanlarının
yaradılmasından ibarətdir.
Cari ildən etibarən
sözügedən layihənin əhatə dairəsi bir qədər də genişləndirilib və
artıq bu imkandan
bölgələrdəki xüsusi
qayğıya ehtiyacı olan şagirdlər
də faydalanırlar. Məlumat üçün
bildirim ki, bu yaxınlarda Qazax şəhərində
"Elektron təlimləndirən sistemlər"
layihəsinə bölgələrin qoşulması ilə əlaqədar
tədbir keçirilib. Tədbirdə Qazax rayonunda 15 şagird və
2 müəllimə, Ağstafa rayonunda 5 şagird və 1
müəllimə, Tovuz rayonunda
4 şagirdə ən yeni texnologiya
və proqram təminatları ilə təchiz
olunmuş "Apple, İnc" şirkətinin istehsalı olan "Macbook"
notebukları təqdim edilib. 24 şagirdin evinə İnternet
xətti çəkilib. Yeni layihəyə
cəlb olunanlar kompüter,
tədris üçün zəruri aksesuarlar, o cümlədən
qrafik planşet və
eyni zamanda qüsuru olanlar, əli ilə
kompüterdən istifadə edə bilməyənlər "Traxus Roller Plus
Joystick" avadanlıqları ilə təchiz
olunub.
Həmçinin
müəllim, şagird və valideynlərin
təhsil prosesinə cəlb olunması üçün
"www.mesafedenmekteb.edu.az"
portalından istifadə etmək üçün
təlimlərə start verilib.
Tədbirdə
layihə rəhbəri Salam Əliyev
çıxış edərək
bölgələrdə müvafiq işlərin həyata keçirildiyini
bildirdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant
təhsilini təmin etmək məqsədilə müəllimlərə,
şagird və valideynlərə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsaitlər paylandı.
Bildirildi ki, inkişaf etmiş ölkələrin
təcrübəsi göstərir ki, yeni əsrdə yaradıcı, müstəqil
düşünən və inkişaf edən
şəxsiyyət formalaşmalı, yetişdirilməlidir.
Azərbaycanda da təhsil
islahatının əsas prinsiplərindən biri
təlim prosesində uşaqlarda fəallığı,
məntiqi düşünməyi, özünə tənqidi
yanaşmağı, müstəqil bilik
almağı və fərdi inkişaf etmək
bacarığını tərbiyə etməkdir. Distant təhsil humanizm
prinsiplərinə cavab verir.
Heç kəs yoxsulluq,
cəmiyyətdən müvəqqəti təcrid olunması, fiziki qüsuruna görə
ümumtəhsil məktəbinə gedə bilməməsi
üzündən təhsil almaqdan məhrum
olmamalıdır. Məhz distant
təhsil əhalinin bütün təbəqələrinə
təhsil almaq imkanı verir;
o, ənənəvi təlimdən ucuz başa gəlir, təlimin
səmərəliliyi təmin olunur, məsafə
maneə törətmir - kompüter və
İnternetə çıxışın olması kifayətdir.
Təhsildə məsafə texnologiyasının payı ildən-ilə
artdığı üçün bu təhsil formasının perspektivi
var.
Tədbirdə
vurğulandı ki, yaxın gələcəkdə
bu layihə respublikanın digər şəhər
və rayonlarını da əhatə edəcək.
Bizim qüsurlu uşaqlar kimi
yanaşdığımız bu uşaqlar əksər hallarda
normal, bütün orqanizmi sağlam olan bir çox
insanlardan daha
istedadlı və düşüncəli olurlar.
Məsələn, əlləri qüsurlu
olan, heç nə edə
bilməyən elə uşaqlar var ki, ayaq
barmaqları ilə şəkillər çəkir. Həm
dövlət, həm də cəmiyyət olaraq
onların təhsil ala bilmələri üçün əlimizdən gələni
etməliyik.
Qeyd olundu
ki, layihəyə qoşulmazdan
əvvəl çətinliklər olurdu,
belə ki, hər bir şagirdin evinə nəzarət etmək, dərsin
gedişini izləmək, proqramı mənimsəmə
vəziyyətini bilmək olmurdu. Bu gün dərsin saat
neçədə başlayıb bitməsini, mövzunun
əhatə dairəsini, şagirdin mənimsəmə
səviyyəsini distant proqram
vasitəsilə izləmək olur. Şagird yaşadığı ərazidən uzaq olsa belə layihənin köməyi sayəsində
məsafə qısalır. Məsələn, xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaq
hansısa bir xəstəlik üzündən
rayondan paytaxta müalicəyə gedirsə, müvəqqəti
olaraq təhsildən uzaq
düşür. Ancaq
bu layihə imkan verəcəkdir
ki, bu problem
aradan qaldırılsın. Bizim məktəbdən xüsusi
qayğıya ehtiyacı olan 3 məktəbyaşlı
uşaq bu layihəyə
qoşulub. Hazırda onlardan
biri II sinif şagirdi Elçın Pirquliyev
Bakıda uşaq nevroloji
xəstəxanasında müalicə olunur.
Bununla yanaşı o,
"Elektron təlimləndirən sistemlər"
layihəsi çərçivəsində şagirdə verilən
kompüterlə xəstəxanadan məktəblə, müəllimləri ilə əlaqə
yaradaraq təhsilindən geri
qalmır.
Sözügedən
layihədə evdən bayıra çıxmayan xəstə uşağa əvvəlcə informatikanı,
yəni kompüterdən istifadəni öyrədirlər. Bura ilkin kompüter
bilikləri daxildir, yəni, kompüterin
açılıb-bağlanması, qarşı tərəfi kamera vasitəsi ilə qəbul etmək və
digər məsələlər. Təbii ki,
kompüterin bu
baxımdan çox geniş
imkanları var. Çünki
evində oturan şagird
kompüter vasitəsi ilə qarşı
tərəfə maraqlandığı sualı verib, həmin anda cavabını da
eşidə bilir. Başqa
bir formada isə
müəllimin ona verdiyi
tapşırıqları alır, daha sonra hazırladığı
tapşırıqları evindən müəlliminə
yollayır.
Sağlamlıq
imkanı məhdud olan uşaqlara
qüsurlarını özlərinə dərd etməyə imkan verməmək baxımından da distant təhsil işimizi yüngülləşdirir. Çünki bu cür təhsilin subyektləri bir
portalda bir-biri ilə
tanış olur, vahid
informasiya məkanında ünsiyyət qururlar.
Bu üsul eşitmə
orqanlarını itirən insanlara da təhsil verə bilər. Sadəcə, bunun pedaqoji və sosial aspektləri işlənib
hazırlanmalıdır.
Layihədə
iştirak etmək təhsil prosesinin bütün
iştirakçılarına geniş imkanlar açır. Məktəb
rəhbərliyi üçün təlim
prosesinin idarə olunmasını
optimallaşdırır; məktəbdə pedaqoji
kadr
çatışmazlığını kompensasiya
edir; məktəbin vahid
ümumtəhsil informasiya mühitini
formalaşdırır; şagird
kontingentinə tələbat ödənir; əlavə təhsil
üçün imkanlar
genişlənir; şagird üçün fərdi plan
tərtib edilir.
Müəllimlər
üçün: o,
internet-məktəbin tədris materialları üzrə
keyfiyyətcə yeni dərs təşkil
edib keçir;
şagirdləri imtahana səmərəli
hazırlayır; onlara fərdi və diferensial yanaşmanı təmin edir; şagirdlərin fəallığını
yüksəldir; innovasiya təhsil
texnologiyasını mənimsəməklə özünün
peşəkarlığını yüksəldir.
Valideynlər
üçün övladının
ümumtəhsil problemini həll edir, övladının imtahan
verəcəyi fənləri dərindən öyrəndiyinə
əmin olur, təlim prosesində iştirak edib
övladının uğurlarını izləyir,
uşağın problemini müəllimlə
distant müzakirə edir.
Leyla
İSAYEVA,
Ağstafa
şəhər 1 nömrəli tam
orta məktəbin
direktoru
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.8.