Ölməzlər
haqqında "ölməzlik" dastanı
Azadlıq uğrunda
ölüm şərəfli və
gözəldir. Şəhidlər öz
ölümsüzlükləri ilə ölümə qalib gəlir, ölümü
də gözəlləşdirir və mənalı edir. Əsərlərin ən gözəli vətən,
xalq və azadlıq uğrunda
vuruşanlara, mücadilə aparanlara və bu
yolda şəhidlik zirvəsi fəth edənlərə
həsr olunmuş əsərlərdir. Təbii
ki, belə əsərlərin müəllifləri
təqdirə, yüksək hörmətə və ehtirama layiqdirlər.
Mənalı,
sistemli, müəyyən bir
məzmun və mənaya söykənmiş və ən
ümdəsi isə mütəxəssis qələmindən
çıxmış qəhrəmanlıq əsərlərinə
böyük ehtiyac olduğu bir zamanda yazıçı-alim, Azərbaycan
Dövlət Aqrar Universitetinin
dosenti Eynəddin Məmmədovun "Ölməzlik" adlı
kitabı ədəbiyyat və əbədiyyət aləmində
dünyaya göz
açdı və ölməzlik dünyasında vətəndaşlıq
hüququ qazandı.
Kitab konkret
olaraq
ölkəmizin bir ali
təhsil ocağının - Azərbaycan Dövlət Aqrar Universitetinin -
torpaqlarımızın bütövlüyü
və müstəqilliyi uğrunda şəhidlik
məqamına yetişmiş və
sağlamlıqlarını qismən itirmiş
35 gənc məzunu, müəllimi və tələbəsinin
ömür yolunun
mənalı məqamlarını əks etdirsə də, bütün Azərbaycan gəncliyinin qəhrəmanlıq
salnaməsi tutumuna, mənasına və məzmununa
malik yetkin əsər
kimi təqdim olunur. Kitab ADAU-nun 80 illik yubileyinə həsr olunmuşdur.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev demişdir: "Vətənin müdafiəsində
iştirak etmiş və
qəhrəmanlıq, şücaət göstərmiş
insanların hamısı cəmiyyətimizin diqqət mərkəzində
olmalıdır... Onlar cəmiyyətdə
həmişə hörmətlə
qarşılanmalıdır".
Eynəddin
Məmmədovun bir müəllif olaraq və Azərbaycan Respublikasının Milli Qəhrəmanı, polkovnik-leytenant
Məhəmməd Həsənovun, general-mayor
Zaur Rzayevin və filologiya elmləri doktoru, əməkdar
elm xadimi Həsən
Mirzəyevin rəyləri və filologiya
elmləri namizədi Sahib İbrahimlinin
redaktorluğu ilə çap
olunmuş "Ölməzlik" əsəri
Azərbaycanın qəhrəmanlıq tarixi
haqqında yazılmış maraqlı əsərlərdəndir.
Müəllif öz əsərində
ardıcıllığı, xronoloji sistemliliyi, elmiliyi, sənədliliyi,
faktlarının zənginliyi və dəqiqliliyi ilə
qarşıya qoyduğu məqsədə
müvəffəqiyyətlə nail olmuşdur.
Uzun illər orta
ümumtəhsil məktəblərində işlədiyim
müddətdə şagirdlərin hərb tariximizə aid yazılmış əsərləri maraqla oxuduqlarını, müharibə və
ayrı-ayrı döyüşləri əks etdirən
epizodları diqqətlə mütaliə etdiklərinin şahidi olmuşam. Bir çox hallarda belə əsərlərin
təsiri ilə şagirdlər özlərini həmin qəhrəmanlara
bənzətməyə çalışır,
böyüdükdə döyüş qəhrəmanları
kimi hərbçi olacaqlarını
bildirirlər. Onlar bəzən tarix, ədəbiyyat və digər dərslərdən
xalqımızın qəhrəmanlıq tarixinə, Qarabağ müharibəsinə,
ayrı-ayrı müharibə qəhrəmanlarına, şəhidlərimizə
və müharibə iştirakçılarına, onların ömür və döyüş
yollarına aid
verilən tapşırıqları yerinə yetirmək üçün sənədli mənbə
axtarışında olurlar. "Ölməzlik" bu baxımdan əvəzsiz
məxəz olmaq tutumuna
malik bir kitabdır.
Kitabı
oxuduqca adam qəribə
hisslər keçirir. Kitab hər bölməsi, hər
vərəqi, hər cümləsi, hər sözü
ilə insan hisslərini məhşərə
çəkir. Şəhid olanla şəhid
edir... ruhumuzu ruhlar dünyasına aparır... adama elə gəlir ki, nə
zamansa onlarla birlikdə
olmuş, onlarla doğma ocaqda böyüyüb, onlardan biridir...
Mən
bu məqamda müəllifin
yaradıcılığına hörmət, "Ölməzlik"
əsərinin qəhrəmanlarının şəhid
nümayəndələrinin ruhuna ehtiram, vətən
üçün yaşayanların şəxsiyyətlərinə
inam nişanəsi olaraq
adlarını anmağı vacib
sayıram. Onlardan biri "Yarımçıq
qalmış imtahanlar" oçerkinin
(əsərin) qəhrəmanı Asəf Şirinovun
atası Nurəddin müəllimin və anası Pəri
müəllimin şagirdi olmağımla,
həyatımın müəyyən mərhələsində
onlarla çiyin-çiyinə
çalışmağımla fəxr edirəm və Asəfin
müəllimi olduğuma görə
qürur hissi duyuram.
Kitab tarixi
məlumatların və faktların zənginliyi
baxımından da çox
əhəmiyyətlidir. Belə faktlar və
reallıqlar "Erməni vəhşiliyi"
başlığı altında təqdim olunur
və oçerkdən - oçerkə keçdikcə bir leytmotiv kimi
ana xətti təşkil edir.
Burada
Dağlıq Qarabağ və onun ətrafında baş
verən hadisələr,
Dağlıq Qarabağ
münaqişəsi fonunda Ermənistan -
Azərbaycan müharibəsinin başlanmasının tarixi səbəblərinin ayrı-ayrı məqamları,
münaqişənin başlanmasında və davam
etməsində xarici qüvvələrin
təsirinin çalarları
dəqiq və təkzibolunmaz faktlarla
məntiqi şəkildə xronoloji
ardıcıllıqla təqdim olunur.
Xocalı faciəsi və bütün bu tipli hadisələrin azərbaycanlıların
soyqırımının eyni zəncirin
ayrı-ayrı həlqələri olduğunu
tarixi faktlarla sübut edir. Bu baxımdan əsər şagirdlərin ensiklopedik biliklərinin zənginləşdirilməsi,
onların intellektual səviyyələrinin
yüksəldilməsi, azərbaycançılıq ruhunda tərbiyəsi üçün
əhəmiyyətli mənbə olmaq hüququ qazanmışdır.
Kitabın
əsas məziyyətlərindən biri də
onun sadə və oxunaqlı dildə
yazılmasıdır. Xatirələr, rəvayətlər,
kövrək poeziya nümunələri,
xatirə şəkilləri bir çox sənədlərin
fotosurətlərinin verilməsi kitabı daha
oxunaqlı və maraqlı edir. Burada
saysız-hesabsız belə nümunələrin verilməsi
müəllifin gərgin əməyinin bəhrəsi və zəngin
tədqiqatçılıq təcrübəsinin nəticəsi
kimi diqqəti cəlb edir.
Müəllif ulu və
müqəddəs "Qurani - Kərim"dən
Allah, vətən və azadlıq uğrunda mücadiləyə aid
ayələrdən istifadə etməklə kitaba
ruhani bir libas biçir: "Allah yolunda
öldürülənlərə (şəhid olanlara) ölü deməyin.
Əksinə onlar (Allah
dərgahında) diridirlər. Lakin siz bunu dərk etmirsiniz".
"Əl-bəqərə" surəsi, ayə 154.
Kitabın
demək olar ki, hər
bir bölməsinin Azərbaycan dili ilə yanaşı rus
və ingilis dillərində təqdim
edilməsi onunla dünya
xalqlarının daha yaxından
tanış olmasına imkan verir. Bu isə
xalqımızın Qarabağ
savaşında ədalətli mövqe nümayiş etdirməsinin bütün
dünyaya çatdırılması
baxımından daha əhəmiyyətlidir.
Eynəddin
müəllim əsərinin hər bir qəhrəmanının
portretini verməklə yanaşı,
onların ömür yolunun
ayrı-ayrı epizodlarını əks etdirən fotolarla əsəri illüstrasiya
baxımından da zəngin toplu halına salmışdır.
Ölkəmizin
digər ali təhsil ocaqlarının Qarabağ müharibəsində şəhid olmuş və ya
sağlamlıqlarını qismən itirərək əlil olmuş məzun, tələbə və
müəllimlərinin döyüş
yollarının da
işıqlandırılması bütövlükdə Azərbaycan
gəncliyinin qəhrəmanlıq tarixinin
təsvir olunması demək olardı.
İsgəndər
SƏKLİKOV,
Azərbaycan
Respublikasının əməkdar müəllimi,
"Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.-
S.11.