Şahmatçılarımız "Moskva Open - 2013" Beynəlxalq şahmat festivalında uğurla çıxış ediblər

 

Bakı  şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər (İOEUG) Şahmat-Dama İdman Məktəbinin yetirmələri həm beynəlxalq, həm də ölkə miqyasında keçirilən yarışlarda iştirak edərək yeni uğurlara imza atmaqda davam edirlər.  Məktəbin direktoru Natiq Ələkbərovun qəzetimizə verdiyi məlumata görə, 31 yanvar-10 fevral 2013-cü il tarixlərində Moskvada şahmat üzrə keçirilən "Moskva Open-2013" Beynəlxalq şahmat festivalında 1 nömrəli Şahmat-Dama İdman Məktəbinin 15 yetirməsi iştirak edib. Ümumilikdə festivalda 1000-ə yaxın şahmatçı  mübarizə aparıb.

Festivalda 10 yaşlı oğlanlar arasında  şahmat məktəbinin yetirməsi Məhəmməd Muradlı 9 oyundan 8,5 xal toplayaraq I yerin sahibi olub və dünya çempionatına vəsiqə qazanıb. Məktəbin  digər yetirməsi Məğrurə İmanlı 15 yaşlılar arasında 9 oyundan 6 xal toplayaraq Avropa çempionatında iştirak hüququ qazanıb. Bundan başqa, Niyazi Nağdıyev 14 yaşlılar arasında 7,5 xalla, Leyla İbrahimli isə 12 yaşlılar arasında 7 xalla III yerin  sahibi olmuşlar. Nərmin Kazımova da qadınlar arasında 9 oyundan 6 xal toplayaraq mükafata layiq görülüb.

1 nömrəli Şahmat-Dama İdman Məktəbinin şahmatçılarından Bəhruz Rzayev A qrupunda 5,5, Günay Məmmədzadə qadınlar arasında 4, Elxan Bayramov S qrupunda 5,5, Eldar Musayev isə 6 xal toplayaraq beynəlxalq reytinqini artırıb.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.11.