8 mart Beynəlxalq Qadınlar
günüdür
Bu gün yer üzünün əşrəfi olan
qadınların bayramıdır
8 mart - baharın ilk bayramı
Xanım
müəllimlərimizin bayram təəssüratları
Ölkəmizə
bahar gəlir.
Güllü-çiçəkli, yaşıl
örtüklü, həyat eşqi ilə dolu, yeni-yeni arzulara
qol-qanad verən bahar. Baharın gəlişinin
bir özəlliyi də özü ilə xalqımızın
sevimli bayramlarını da gətirməsidir. 8 mart, Novruz sanki onun müjdəçiləridir.
Budur, ölkəmiz hazırda onların birinin -
varlığımızın səbəbkarı
qadınlarımızın, analarımızın bayramı
olan 8 mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Bəs əksəriyyəti qadın olan müəllimlərimiz
üçün bu bayram nə deməkdir? Onlar 8 martı necə qarşılayırlar? İlk
dəfə kim onları təbrik edir? Bəs onlar ilk kimi təbrik edirlər? Suallarımızı paytaxtımızdakı bir
neçə qadın müəllimə ünvanladıq.
Gəlin, onların özlərini dinləyək.
Aqiyə
NAXÇIVANLI,
AMİ-nin
rektoru, professor, Milli Məclisin deputatı
Əziz
qadınlar!
Bu gün Azərbaycan qadınları
ölkəmizin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında
yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi,
dövlətçilik ənənələrinə sədaqəti
və mərdliyi ilə seçilirlər.
Təsadüfi deyildir ki, Azərbaycan
qadınlarının haqq səsi müasir dünyanın ən
mötəbər tribunalarından planetimizin hər guşəsinə
yayılır. Dövlətimiz tərəfindən
qadınlarımıza göstərilən yüksək diqqət
və qayğı, uğurla həyata keçirilən gender
siyasəti onların cəmiyyətdə mövqeyini daha da
möhkəmlətmək, özünütəsdiq
üçün geniş meydan açmışdır. Üzərinə düşən böyük vəzifələri
şərəflə yerinə yetirən Azərbaycan
qadınları həmişə olduğu kimi, indi də cəmiyyətdə
aparıcı rol oynayırlar.
Müasir Azərbaycanın qurucusu,
ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik
etdiyi bütün dövrlərdə qadınlarımıza
yüksək qiymət verərək demişdir:
"Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir.
Qadınsız cəmiyyət ola bilməz,
qadınsız həyat ola bilməz. Azərbaycan
qadınları da öz ağıllarına, zəkalarına
görə, biliklərinə, istedadlarına görə, eyni
zamanda gözəlliklərinə görə dünya
qadınları içərisində özünəməxsus
və çox yüksək yer tuturlar. Ona
görə də biz qadınlarımızla fəxr
edirik".
Fəxrlə deyə bilərik ki, ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın haqq-ədalət,
humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə
söykənən sərhəd tanımayan çoxşaxəli
fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə
də dünya qadınları üçün əsl örnəkdir.
Fürsətdən istifadə edərək
müqəddəs müəllim adını şərəflə
daşıyan qadınlarımızı, bütövlükdə
isə bütün xanımlarımızı 8 mart Beynəlxalq
Qadınlar Günü münasibətilə ürəkdən
təbrik edir, onlara səadət, xoşbəxtlik,
cansağlığı və işlərində uğurlar
arzulayıram.
Nailə
RZAQULİYEVA,
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri, əməkdar müəllim
Əziz
xanımlar!
Bayramlar ayı sayılan martda hər birimizin səbirsizliklə gözlədiyi
əlamətdar günlərdən
biri olan 8 mart - Beynəlxalq Qadınlar
Günündə bütün
qadınlar özlərini hamıdan xoşbəxt, gözəl
və ən əsası arzulanan qadın kimi hiss edir.
Azərbaycan
qadını hər zaman
Şərq
qadınına məxsus iradəsi, mərdliyi, saflığı, sədaqəti
ilə cəmiyyətimizin həyatında,
xalqımızın milli mənəvi
dəyərlərimizin formalaşmasında müstəsna rol
oynamışdır. Əsrlərin yaddaşında qalan izlər qadınlarımızın qəhrəmanlıqla dolu
keçmişindən xəbər verir. Bu gün də həmin qadınlarımızla fəxr
edir, onlarla qürur duyuruq.
Ümummilli liderimiz Heydər Əliyev də
qadınların cəmiyyətdə rolunu və fəaliyyətini yüksək dəyərləndirərək
deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf - şan, şöhrətdir. Qadın ucalıq, ülvilik
məbədidir, ismət, qeyrət,
qüdrət rəmzidir".
Bəşər
tarixində ən zərif,
incə məxluq olan
qadınlarımız müasir
dövrdə də
müstəqil Azərbaycanımızın ictimai-siyasi həyatında
aparıcı qüvvədirlər. İndi Azərbaycan qadını cəmiyyətdə dövlət idarəçiliyində, təhsil, elm, səhiyyə sahələrində fəal
iştirak edir, yüksək vəzifələrdə çalışır, millət
vəkili kimi
taleyüklü məsələlərin həllində xüsusi rol oynayır.
Müasir
dövrümüzdə təhsil sahəsində də öz xidmətləri ilə
dövlətimizin
inkişafına
böyük töhfələr verən
müəllimlərimizin
demək olar ki, 90 faizi elə qadınlardır. Bakı
Şəhəri üzrə Təhsil
İdarəsinin
yaradılmasından
keçən son 7 il ərzində qazanılan uğurların əsas
səbəbkarları
da məhz həmin qadın müəllimlərimizdir.
Müəllim həm də bu gün
övladının
boya-başa
çatmasına, onun təhsil almasına, isti
bir ailə qurmasına dəstək olan
ANAdır.
Dünyanın ən incə,
zərif, sevimli, qayğıkeş, bir
sözlə
bütövlükdə cəm olan
bir varlığıdır.
O, bu gün işçidir, vəzifə sahibidir,
dövlətin
rifahı naminə irəli atılan qüvvədir. O, həm də QADINdır. Öz
əməyi, zəhməti,
gülərüz siması ilə
zərif görünən, lakin
böyük işlərə imza
atan QADIN...
Bu bayram günlərində həmin
qadınları,
uşaqlarımızın
gələcəyi
üçün
ömrünü fəda edən
qadın müəllimlərimizi ürəkdən təbrik
edirəm. Ümidvaram
ki, siz gənc nəslin
milli adət-ənənələrə,
azərbaycançılıq
ruhunda tərbiyəsi işinə bundan
sonra da xüsusi diqqət yetirəcək, dinamik
inkişaf edən ölkəmizin gələcəyi naminə
qüvvənizi, bilik və
bacarığınızı əsirgəməyəcəksiniz.
Əziz
qadınlar, hər birinizi
bu bayram münasibətilə bir daha
səmimi-qəlbdən təbrik edir,
sizə hər zaman
solmayan gözəllik,
ecazkarlıq, ailə səadəti, xoşbəxtlik, lətafətinizin şöləsində qucaq-qucaq
həyat sevincləri arzulayıram.
Bayramınız
mübarək olsun!
Nurlana ƏLİYEVA,
Azərbaycan
Dövlət Pedaqoji Kollecinin direktoru, filologiya elmləri
doktoru, professor, "Şöhrət" ordenli, əməkdar
müəllim
- Əziz
qadınlarımız, analar və bacılarımız, sizi 8
mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən
təbrik edirəm.
Mənim qənaətimə görə, 8
mart Azərbaycan təqviminin ən fərəhli günlərindən
biridir. Çünki bu bayram Azərbaycan
anasının, tarixən ağlı, zəkası, gözəlliyi,
namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə
millətinə, torpağına başucalığı gətirən
Azərbaycan qadınının bayramıdır. Tarixin bütün dönəmlərində
qadınlarımız cəmiyyətimizin mənəvi
dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək
üçün böyük fədakarlıqlar göstərmişlər.
Milli müstəqillik və dövlətçilik
ideyaları ətrafında sıx birləşən Azərbaycan
qadınları bu gün də dövlət quruculuğunda,
ölkə həyatında baş verən ictimai-siyasi hadisələrdə
fəal iştirak edərək vətənimizin sosial-iqtisadi,
elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin
inkişafına layiqli töhfələrini verirlər. Gender bərabərliyində üstünlük təşkil
etdikləri təhsil sahəsində isə qadınlarımızın
fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli xanım müəllimləri
öz dolğun fəaliyyətləri ilə gənc nəslin
yüksək bilikli, fəal mövqeli, xalqına, dövlətinə
sadiq, müasir dünyada gedən proseslərdən baş
çıxarmağı bacaran vətəndaşlar kimi
yetişməsi işinə böyük töhfələr
verirlər.
Azərbaycan qadını öz əzəli
funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə
yerinə yetirir, vətən üçün milli mənəvi
dəyərlərimizin qoruyucuları, milli adət və ənənələrimizin
yaşadıcıları olan, nəsillər arasında varisliyi
ləyaqətlə davam etdirən övladlar tərbiyə
edib yetişdirirlər.
Bu bayram günündə qeyd etmək
xüsusilə xoşdur ki, həmişə olduğu kimi indi
də qadınlar cəmiyyətimizdə hörmət və
izzət sahibidirlər, onlara böyük diqqət və
qayğı vardır. Ölkəmizdə
qadınlar bugünkü mövqelərinə görə əbədiyaşar
ulu öndərimiz Heydər Əliyevə borcludurlar. Mənim fikrimcə, Azərbaycanın dövlətçilik
tarixi Heydər Əliyev qədər Azərbaycan
qadınını fikrən və ruhən pərvazlandıran,
onu böyük cahanşümul işlərə
ruhlandıran, ona cəmiyyətdə layiq olduğu yeri təklif
və təmin edən ikinci bir dövlət rəhbəri
tanımır. Çox fərəhli
haldır ki, həmin siyasət bu gün də uğurla davam
edir.
İnanıram və əminəm ki, Azərbaycan
qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, təhsil
və mədəni həyatında fəal rol oynayacaq, üzərinə
düşən şərəfli analıq və vətəndaşlıq
vəzifələrini uğurla yerinə yetirəcəkdir.
Əziz qadınlarımız, sizi bir daha
ürəkdən təbrik edir, hər birinizə həyatda
cansağlığı və səadət arzulayıram.
Gülşən
ORUCOVA,
6
nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim
Əziz qadınlar, hörmətli həmkarlarım
olan müəllimlər! Sizi 8 mart - Beynəlxalq
Qadınlar Günü münasibətilə səmimi qəlbdən
təbrik edirəm.
8 mart - Beynəlxalq Qadınlar Günü
yurdumuza baharın gəlişini müjdələyən
qaranquşlar kimi Novruzdan öncə ölkəmizdə qeyd olunan ilk yaz
bayramıdır. Bu gün bütün
dünyada qadın və gözəllik bayramı kimi
tanınır. Dahilərdən biri
demişdir ki, dünyanı gözəllik xilas edəcək.
Bəli, 8 martın planetimizin hər bir yerində
Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi
bütün dünya əhalisinin bu gözəllik
qarşısındakı böyük diqqət, qayğı və
sevgisini nümayiş etdirir.
Dünyada olduğu kimi, müstəqil Azərbaycan
Respublikasında da Beynəlxalq Qadınlar Günü
böyük miqyasda qeyd edilir. Gündən-günə çiçəklənən
və inkişaf edən respublikamızda qadınların yeri və
rolu danılmazdır. Onların elm və təhsil,
səhiyyə və mədəniyyət, eləcə də
digər sahələrdə əldə etdiyi nailiyyətlər
buna bariz nümunədir.
Bugünkü Azərbaycan qadını cəmiyyətdə
öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində,
müxtəlif səviyyəli sahələrdə kişilərlə
bərabər fəaliyyət göstərir.
Təhsil sahəsində
çalışan kadrların çoxunun qadın olması
bir daha onu göstərir ki, bəşəriyyətin gələcək
inkişafı məhz qadınlardan asılıdır.
Hər bir müəllim bir valideyn kimi əvvəlcə
evdə, sonra isə onun ikinci evi sayılan məktəbdə
gənc nəslin tərbiyəsi ilə məşğul olan
bir varlıq kimi ülvi və müqəddəsdir. Bu gün qadınlarımız müəllimlik kimi
müqəddəs bir peşənin öhdəsindən
layiqincə gəlir, təhsilimizin inkişafına öz
töhfələrini verirlər. İnanıram
ki, yetişməkdə olan gənc nəslin milli adət-ənənələrə
bağlılıq ruhunda tərbiyəsi işində
qadınlarımız həmişə öndə olacaq.
Bu gün müxtəlif sahələrdə
çalışan xanımlarımız üçün
ölkəmizin birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın
fəaliyyəti bir örnək olmalıdır.
Əziz xanımlar! Sizə hər
zaman gözəllik, məhəbbət, xoş təbəssüm,
xoşbəxtlik arzulayır, ömrünüzün bahar
çiçəkləri kimi təravətli olmasını
uca Tanrıdan diləyirəm.
Məhəbbət
VƏLİYEVA,
akademik Zərifə Əliyeva adına liseyin direktoru, əməkdar müəllim
Gəlişi
ilə sonsuz fərəh duyduğumuz, təbiətin
oyanmasından sevindiyimiz yazın ilk günləri həm də
qadınlarımızın əziz bayramını qeyd etdiyimiz
üçün çox əlamətdardır.
Danılmaz həqiqətdir ki,
qadınlıq, analıq, fədakarlıq kimi mənəvi dəyərləri
özündə birləşdirməyi bacaran məhz bizim
xanımlar- Azərbaycan
qadınlarıdır.
Ümummilli liderimiz Heydər Əliyev
qadınların cəmiyyətdə özlərini təsdiq
etməsi, onların harmonik inkişafı üçün həmişə münbit şərait yaradırdı.
Bu gün isə ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
respublikamızda
sosial, iqtisadi və mədəni həyatda
qadınların rolunun artmasına böyük önəm
verilir. Çünki Azərbaycan qadını ictimai həyatda əmək fəaliyyəti
ilə məşğul olur, alim kimi
elmimizə yeni töhfələr verir, ən
başlıcası isə ana
olaraq gələcək nəsli tərbiyə edir.
Bildiyimiz kimi, təhsil sahəsi
respublikamızda ən aparıcı sahələrdəndir.
Bu gün ölkəmizdə gənclərin biliklərə
hərtərəfli yiyələnməsi, peşəkar
mütəxəssis kimi yetişməsi üçün təhsilin
keyfiyyətinin yüksəldilməsi sahəsində
mühüm işlər görülür. Azərbaycan
qadınlarının böyük əksəriyyəti təhsil
sahəsində çalışır. Onlar analıq və qadınlıq
məsuliyyəti ilə bərabər, bu çətin və
şərəfli peşənin də yükünü çiyinlərində
layiqincə daşıya bilirlər.
Azərbaycan qadını həm evdə, həm
də çalışdığı müəssisədə
üzərinə düşən vəzifələri həmişə
layiqli şəkildə, qürur hissi duyaraq yüksək səviyyədə
həyata keçirməyə can atır. Buna görə
də cəmiyyətimiz gənc nəslin təlim-tərbiyəsində
əldə edilən
uğurlara görə qadınlara minnətdar
olmalıdır.
Azərbaycan
təhsilinin qarşısında duran əsas vəzifə
gəncləri dövlətə sədaqətli vətəndaş
kimi tərbiyə etməkdən,
milli və ümumbəşəri dəyərlərə
hörmət ruhunda yetişdirməkdən ibarətdir ki, bu
işdə qadınların müstəsna rolu vardır.
İnanırıq ki,
Azərbaycan qadını
daim müstəqilliyimizin gələcəyi və qarantı olacaq gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə
edəcək, dövlət quruculuğu prosesinin müxtəlif
sahələrində yaxından
iştirak edəcək, bu işdə öz dəyərli
töhfəsini verəcəkdir.
Mən 8 mart Beynəlxalq Qadınlar
Günü münasibətilə təhsil sahəsində
çalışan bütün qadınları təbrik edirəm.
Onlara möhkəm
cansağlığı, ailə səadəti, könül
xoşluğu, Azərbaycan dövlətinin və
xalqımızın rifahı naminə yeni-yeni uğurlar
arzulayıram. Qoy onların xoş çöhrəsindən
sevinc və təbəssüm heç vaxt əskik
olmasın.
İradə
RƏHİMLİ,
T.Həsənov
adına 23 nömrəli tam orta məktəbin direktoru, "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi"
Hörmətli xanımlar, əziz təhsil
işçiləri!
Sizi, bütün Azərbaycan
qadınlarını qarşıdan gələn 8 mart Beynəlxalq
Qadınlar bayramı münasibətilə təbrik edir, sizə
cansağlığı, işlərinizdə müvəffəqiyyətlər
arzu edirəm.
Müasir dövrümüzdə Azərbaycan
qadınları öz dərin zəkaları və tükənməz
potensialları ilə ölkəmizin ictimai-siyasi həyatında
yaxından iştirak edir, maariflənir və maarifləndirir,
ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın
ən etibarlı dayağı kimi ölkəmizin
çiçəklənməsi üçün öz
töhfələrini verir.
Ölkəmizdəki sabitlik və demokratik
inkişaf qadınlarımızın öz
istedadlarını, yaradıcılıq imkanlarını
gerçəkləşdirə bilməsi üçün
münbit şərait yaradır. Təhsil sahəsində çalışan
qadınlarımız gənc nəslin milli adət-ənənələrlə,
azərbaycançılıq ruhunda tərbiyə edilməsi
kimi məsuliyyətli işi öz öhdəsinə
götürüb.
Mən bütün Azərbaycan
qadınlarını təbrik edir, bu çətin və
şərəfli işlərdə onlara uğurlar arzu edirəm.
Bayramınız mübarək!
Minayə
NƏBBAQİ,
Bərdə
şəhər 5 nömrəli orta məktəbin tarix müəllimi,
əməkdar müəllim, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi
Yurdumuza qədəm qoyan Baharın ilk
bayramı da qadınların adı ilə bağlıdır. Mən 8 mart Beynəlxalq Qadınlar Günü
münasibətilə bütün Azərbaycan
qadınlarını səmimi-qəlbdən təbrik edir,
onlara uzun ömür, cansağlığı arzulayıram.
Tarix səhifələrini vərəqlədikcə
müxtəlif dövrlərdə qadınların rolu
aydın görünür. Azərbaycan qadınlarının qəhrəmanlıq
salnamələri hələ eramızdan əvvəlki
dövrlərə gedib çıxır. Belə ki, Azərbaycanın ən
qədim sakinlərindən sayılan massagetlərin at minən,
qisas alan qadınları arasında Tomris
ananın xüsusi yeri olmuşdur. Tarix sübut
etmişdir ki, İran Əhəməni dövlətinin
başçısı Kirin (e.ə. 550-530)
işğalçılıq siyasətinə qarşı
şir ürəkli anamız Tomris qorxu bilmədən
döyüşərək düşmənləri doğma
torpaqlardan qovmuşdur. Bundan başqa, b.e.ə.
66-cı ildə Roma sərkərdəsi Pompeyin
başçılığı ilə böyük bir ordu
Alban dövlətinə hücum edərkən Alban
döyüşçüləri arasında aypara şəkilli
qalxan və uzunboğaz çəkmə geyinmiş cəsur
qadınlar da döyüşmüşlər. Vətən
uğrunda, ədalət yolunda kişi qeyrətilə,
ana ismətilə vuruşmuş bu qadınlar kişilərdən
geri qalmamışlar.
Azərbaycan tarixinin bütün dövrlərində
qadınlarımız qəhrəmanlıq rəmzi olmuş,
eyni zamanda cəmiyyətin bütün sahələrində əzmlə
kişilərlə bərabər
çalışmışlar. Onlar siyasət, elm və maarif sahəsində də
layiqli yer tutmuşlar. İstər II
Dünya müharibəsində, istərsə də Qarabağ
müharibəsi illərində qadınlarımız qəhrəmancasına
döyüşmüşlər.
Xalqımızın müstəqillik
ideyasının həyata keçirilməsində və ölkəmizdə
aparılan quruculuq işlərində yaxından iştirak edən
Azərbaycan qadını bu gün də milli dövlət
quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal
iştirakçısı olaraq respublikamızın
sosial-iqtisadi, elmi-intellektual potensialının
artırılmasına əvəzsiz töhfələr verir. Xüsusən də təhsil sistemində dolğun fəaliyyəti
ilə maarifpərvər qadın ziyalılarımız
ideyalarını müvəffəqiyyətlə həyata
keçirir. Azərbaycan qadını tarix boyu öz
ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı,
çalışqanlığı, mərdliyi, vətənpərvərliyi
ilə millətinə, torpağına olan hədsiz məhəbbəti
və gözəlliyi ilə tanınmışdır.
Sevda
AXUNDOVA,
Bakıdakı
49 nömrəli "İntellekt" liseyinin müəllimi,
2011-2012-ci dərs ili üzrə "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
- Yazın ilk həftəsini bayramla qeyd
edirik: 8 mart Beynəlxalq Qadınlar
Günü. Bu gün ürəkdən gələn
ən səmimi sözlər, arzular anaya ünvanlanır.
Bu gün ən gözəl musiqilər analar
üçün bəstələnir. Bu
gün ən zərif çiçəklər analara təqdim
edilir. Bu gün bəşəriyyət
ananın qarşısında baş əyir.
Bu bayram mənim üçün məhz belə
qadınların, anaların günüdür. Bayram günü məni ilk təbrik edən
şagirdlərim olur. Zəng edirlər,
mesaj yazırlar. Müəllim
üçün bundan böyük sevinc yoxdur. Mən özüm isə müəllim
yoldaşlarımı ilk növbədə təbrik edirəm.
Sonra qohumlarımla bayramlaşıram. Hədiyyə olaraq çiçəkləri
çox sevirəm. Bahar ətirli, bayram
ovqatlı çiçəkləri. Hər
bayram isə biz müəllimlərə gənc nəslin milli
adət-ənənələrə, azərbaycançılıq
məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi
işində yeni bir stimul verir, bizi ölkəmizin gələcəyi
naminə qüvvəmizi, bilik və
bacarığımızı əsirgəməməyə
sövq edir.
Sevda
ABDULLAYEVA,
Bakıdakı
32 nömrəli tam orta məktəbin direktoru, əməkdar
müəllim
8 mart - Beynəlxalq
Qadınlar Günü münasibəti ilə məni ilk
növbədə övladlarım təbrik edir. Xoş sözlər və gül dəstəsi ilə.
İşdə isə məktəbimizin kollektiv
üzvləri və şagirdlərim təbrik edir.
Mən özüm isə birinci anamı təbrik
edirəm. Sonra digər qadın
qohumlarıma, rəfiqələrimə zəng edirəm. Martın 8-i qeyri-iş günü
olduğundan kollektivimizin qadın üzvlərini bir gün əvvəl
- martın 7-də təbrik edirəm. Bu məqsədlə
çox vaxt məktəbdə bayram tədbiri təşkil
edirik. Təbriklərimi tədbirdə
müəllim və şagirdlərə
çatdırıram.
Aynur HEYBƏTOVA,
Bakıdakı İlqar Əbilhəsənov
adına
42 nömrəli tam orta məktəbin müəllimi, "Ən
yaxşı müəllim" müsabiqəsinin (2012) qalibi
Mən qadınlar bayramını çox
sevirəm. Həmin gün məni ilk öncə 6 yaşlı
qızım, həyat yoldaşım, oğlum təbrik edir.
Mən özüm də anamı, bacımı,
yaxınlarımı təbrik etməyi çox
xoşlayıram. Sevdiklərindən
gül dəstələri almaq çox gözəl bir hissdir.
Məktəbdə də şagirdlərin müəllimlərini
bir dəstə çiçəklə təbrik etməsi təqdirəlayiq
haldır. Bəzən xoşagəlməz
hallarla qarşılaşırıq. Bundan istifadə etmək
istəyənlərin nəzərinə
çatdırardım ki, sizə dəyər verən
kiçik ürəklərin böyük məhəbbətini
maddiyyatla ölçməyəsəniz. Elə mənəvi dəyərlər
var ki, onu heç bir maddiyyat əvəz edə bilməz. Şagirdlərin bizi güllərə layiq görməsi
də bu müqəddəs dəyərlərə daxildir. Axı başqa cür olarsa, biz onların gözündə
çox kiçilmiş olarıq.
Onların bizə çiçəklərlə
verdiyi dəyər ən böyük dəyərdir. Elə isə dəyərimizin qiymətini bilək və
hər zaman onu qorumaq arzusuyla hər bir xanıma sevdiklərinin
əhatəsində olmağı, daim onların sevgilərinə
layiq olmağı arzu edirəm. Hər
zaman təravətli olun, əziz xanımlar.
Qəmər
TAĞIYEVA,
Bakıdakı
291 nömrəli Ekologiya liseyinin ali
kateqoriyalı müəllimi, 2008-2009-cu il üzrə "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar
müəllim
Qadınlar gül-çiçək, bəzək
və zinət əşyaları, müxtəlif hədiyyələr,
həmçinin gözəl sözlər, şeirlərlə
mükafatlandırılır. Hər
bir kəsin zövqü müxtəlifdir.
Mən hər il bu
bayramda atamın (Azərbaycanda ilk "Əməkdar müəllim"
adını almış Abdullayev Zaman) mənə verdiyi hədiyyəni
xatırlayıram. 7-ci sinifdə oxuyurdum. Riyaziyyat dərsini çox sevirdim, kimya fənninə
də marağım artmışdı. Həmin gün atam mənə
iki kitab bağışladı.
Mən maddi dəyərlərdən mənəvi dəyərləri
daha yüksək qiymətləndirirəm. Müəllim işlədiyim ilk
gündən çalışmışam ki, şagirdlərimin
məhəbbətini qazanım, atam və anam kimi həmişə
seçilən müəllimlərdən olum.
Son illəri isə bayram günü məni
ilk təbrik edən oğlum olur. Evlənsə də yenə yanımdan əl çəkmir.
Şagirdlərim də məni ilk təbrik edənlər
sırasındadır, onların öz zəhmətləri ilə
düzəltdiyi
açıqcalar,
içərisinə yazdıqları ürək sözləri, mənə həsr etdikləri
şeirlər məni sevindirir,
mənə işləmək
üçün ruh verir.
Mən özüm isə bayram günü
olk olaraq qayınanamı təbrik edirəm.
İndi isə mənə verilən fürsətdən istifadə
edib bütün şagirdlərimi, onların analarını,
bütün Azərbaycan daxilində və ondan çox
uzaqlarda yaşayan xanımlarımızı,
qızlarımızı 8 mart - Beynəlxalq Qadınlar
Günü münasibətilə səmimi-qəlbdən təbrik
edirəm, hər birinə cansağlığı, ailə səadəti
və işlərində müvəffəqiyyətlər
arzulayıram.
"Qoy məhəbbət qəlbinizdən,
təbəssüm üzünüzdən, sevinc gözlərinizdən
əksik olmasın!" - deyirəm.
Arzu edirəm ki, su qədər təmiz, həyat
qədər canlı, çiçək qədər təravətli
və gözəl qalsınlar. Tək bu günü
deyil, hər günləri bayram olsun! Tanrı heç bir evi
qadınsız etməsin!
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.7.