"Azərbaycan
qadını və cəmiyyət" mövzusunda
konfrans
Martın
4-də Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar
Gününə həsr olunmuş "Azərbaycan
qadını və cəmiyyət" mövzusunda respublika
konfransı keçirildi. Öncə Qafqaz Universitetinin fəaliyyətindən
bəhs edən videoçarx nümayiş olundu.
Konfransı Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç açaraq xanım
iştirakçıları, onların timsalında ölkəmizin
bütün qadınlarını Beynəlxalq Qadınlar
Günü münasibəti ilə təbrik etdi, ulu tariximizin
həmişə qadınlarımızla qürur duyduğunu
bildirdi.
Konfransda çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd etdi
ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra
qadınlara, onların cəmiyyətin həyatında fəal
iştirakına diqqət daha da artmışdır. Bu məsələni
həmişə diqqət mərkəzində saxlayan ulu
öndər Heydər Əliyev 90-cı illərin
ortalarında ölkəmizdə qadın siyasəti ilə
bağlı bir sıra fərman və sərəncam
imzalamış, qadın problemləri ilə məşğul
olan xüsusi bir dövlət qurumu - Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin
diqqət və qayğısı sayəsində 2006-cı ildə
komitənin fəaliyyəti və səlahiyyətləri daha
da genişləndirilmişdir. Bu il ölkəmizdə Prezident
seçkilərinin keçiriləcəyini xatırladan komitə
sədri Azərbaycan qadınlarının cənab İlham Əliyevə
səs verəcəklərini diqqətə
çatdırdı.
Təhsil
nazirinin müavini Qulu Novruzov
çıxışında Qafqaz Universitetinin öz ənənələrinə
sadiq qalaraq Azərbaycanın
ictimai həyatında önəmli bir məqam daşıyan məsələyə
həssaslıqla yanaşıb Azərbaycan
qadınlarının növbəti qurultayı ərəfəsində
belə bir tədbiri keçirməsini təqdirəlayiq
saydı. Bildirdi ki, Azərbaycan
qadını sosial həyatda heç bir müsəlman
ölkəsi ilə müqayisə olunmayacaq
dərəcədə aktiv iştirak edir. Ölkəmizdə
qadınların ictimai həyata
qoşulması tarixi yüz
ildən artıq bir dövrü
əhatə edir. Hələ Azərbaycanda
Sovet hakimiyyəti qurulmazdan
əvvəl Azərbaycan qadını ictimai
həyatda fəal rol oynamağa
başlamış və bu ənənə
sonralar da davam etdirilmişdir. Nazir müavininin fikrincə, cəmiyyətin
möhkəm olması, ailənin sosial institut kimi möhkəmliyi,
bugünkü rəqabət
dünyasında Azərbaycanın öz yerini tuta bilməsi üçün qadının təhsilli
olması, ictimai həyatda aktiv
rol oynaması çox
mühüm bir sosial komponentdir. Qulu Novruzov Azərbaycanda gender
bərabərliyində təhsil sisteminin
qadınların üstünlük təşkil
edən bir sahə olduğunu
da diqqətə çatdıraraq orta təhsil sistemində çalışan
165 min müəllimin təxminən 75 faizini qadınlar təşkil etdiyini,
bu tendensiyanın dünyanın bir çox inkişaf etmiş
ölkələrində də özünü
büruzə verdiyini bildirdi.
Nazir müavini
çıxışında ölkəmizdə
qadınların ali təhsil və elm sahəsindəki iştirakı barədə
bəzi statistik göstəricilərə
də diqqət çəkərək bildirdi
ki, son 12 ildə fəlsəfə
doktoru (elmlər namizədi) dərəcəsi
alan qadınların sayı hər il
orta hesabla 1 faiz artmışdır. Belə ki, 12 il bundan
əvvəl fəlsəfə doktoru dərəcəsi
almış qadınların sayının faiz
göstəricisi 28 idisə, 2012-ci ildə bu
göstərici artıq 40 faizə çatmışdır.
Qulu Novruzov
çıxışının sonunda
konfransın təşkilatçılarına minnətdarlığını
bildirib, onun işinə
uğurlar arzuladı.
Sonra konfransda
qadınların cəmiyyətdə rolunun
ayrı-ayrı məqamlarından bəhs edən məruzələr
dinlənildi, xanım qonaqlara xatirə
plaketləri təqdim olundu.
Konfransın
açılış mərasimi Qafqaz Universiteti tələbələrinin təqdimatında
bədii proqramla davam etdi. Mərasim başa
çatdıqdan sonra qonaqlar
Qafqaz Universitetini gəzib
burada tələbələrin təhsili üçün yaradılmış şəraitlə
tanış oldular.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.3.