ADU-da "Milli-mədəni irsimizi qoruyaq" adlı altıncı əl işləri sərgisi

 

Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Folklor mərkəzinin müdiri Rəna Salehovanın təşkilatçılığı ilə "Milli-mədəni irsimizi qoruyaq" adlı ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə Zəngilan orta məktəbinin şagirdlərinin, bacarıqlı xanımların özlərinin düzəltdikləri, Azərbaycanın milli, qədim atributlarını əks etdirən əl işləri nümayiş olundu.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov bu sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Rektor qeyd etdi ki, Azərbaycanda bu işlə maraqlanan insanların cəlb olunmasında, istedadlı insanların əl işlərini təqdim etməsində İRK-nın müdiri Şəhla Xudiyeva və mərkəzin müdiri Rəna Salehovanın böyük rolu vardır.

Daha sonra Rəna Salehova çıxışında ənənəvi əl işləri sərgisinin artıq altıncı dəfə keçirildiyini dedi. O, sərginin 2009-cu ildən etibarən hər il 8 martNovruz bayramı ərəfələrində baş tutduğunu və milli-mədəni irsi qorumaq, istedadlı insanları üzə çıxarmaq və onlar üçün imkanlar yaratmaq məqsədi daşıdığını xatırlatdı. R.Salehova təşkil olunmuş sərginin təhsilə də böyük töhfəsi olduğunu qeyd etdi.

Daha sonra universitetin məzunu, Milli Məclisin deputatı Cavanşir Feyziyevə söz verildi. O, ADU-nun həmişə bir çox təşəbbüslərin novatoru olduğunu söylədi.

Daha sonra "Zirvə" Ziyalılar Təşkilatının sədri, rəssam Minayə Dəyanət Azərbaycan xalqının milli mənəvi, mədəniyyət, incəsənətinin qorunması, təbliğatı inkişafı yolunda hər il Azərbaycan Dillər Universitetinin kollektivi tərəfindən yüksək səviyyədə təşkil olunmuş qadın sənətkarlarının əl işlərindən ibarət sərgilərdə göstərdikləri müstəsna xidmətlərinə görə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova, ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyevaya, İRK-nın Folklor mərkəzinin direktoru Rəna Salehovaya diplom təqdim etdi.

Daha sonra qonaqlar sərgidə nümayiş olunan əl işləri ilə tanış oldular.

Qeyd edək ki, sərgidə müxtəlif materiallardan hazırlanmış əl işləri olan bəzək əşyaları, rəsmlər, milli geyimlər, çantalar, suvenir xalçalar s. nümayiş olundu. 

 

ADU-nun Mətbuat xidməti 

 

 

Azərbaycan müəllimi.- 2013.- 8 mart.- S.3.