Təhsildə
fəlakət riskinin azaldılmasına həsr
edilmiş beynəlxalq seminar
Təhsil
sahəsində aparılan məqsədyönlü islahatlar
daim innovasiyaların tətbiqinə, müasir təlim
texnologiyalarının reallaşdırılmasına və təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Ölkəmizin dinamik inkişafı təhsil ocaqları
qarşısında da mühüm vəzifələr qoyur. Həmin
vəzifələrdən biri də təhsil müəssisələrində
fəlakət riskinin azaldılmasına yönəldilmiş təlimlərin
təşkilidir. Bu məsələnin həlli yeni təhsil
proqramlarının (kurikulumların) tətbiqində
mühüm əhəmiyyət kəsb edir.
YUNİSEF-in dəstəyi ilə Təhsil
və Fövqəladə Hallar nazirlikləri tərəfindən
birgə həyata keçirilən "Təhsildə fəlakət
riskinin azaldılması" layihəsi istiqamətində
müəyyən işlər görülmüşdür.
"Mərkəzi Asiya və Cənubi
Qafqaz regionu üzrə təhsildə fəlakət riskinin
azaldılması" mövzusunda 25 fevral - 1 mart 2013-cü il
tarixlərində Türkiyə Respublikasının
İstanbul şəhərində keçirilən seminarda 10
ölkənin nümayəndə heyəti iştirak edirdi.
Seminarda ölkəmizi Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin müdiri Fərzəli Qədirov, Azərbaycan Müəllimlər
İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov,
YUNİSEF-in təhsil proqramlarının rəhbəri Kənan
Məmmədli, Fövqəladə Hallar Nazirliyinin idarə rəisi
Məhbubə Mustafayeva, baş məsləhətçisi Aytəkin
Mustafayeva, Şimal-qərb regional mərkəzinin şöbə
müdiri Tural Ağayev təmsil edirdilər.
Seminarı Beynəlxalq Seysmikliyə
Davamlılıq Assosiasiyasının prezidenti, professor Polat
Qulkan, YUNİSEF-in Mərkəzi və Qərbi Avropa, MDB
ölkələri üzrə "Fövqəladə
hallar" proqramının rəhbəri Andrea Ceyms
açdılar. Seminarda 5 gün müddətində 20 təqdimat
dinlənildi.
Təhsildə fəlakət riskinin
azaldılmasına dair ölkəmizdə səfərdə
olmuş Avropa İttifaqının layihə üzrə
koordinatoru Ketevan Lomsadze təqdimat apararkən qeyd etdi ki, bu sahədə
Azərbaycan Respublikası Təhsil Nazirliyində effektiv
iş aparılır. Azərbaycan Müəllimlər
İnstitutunda maarifləndirmə və təlimləri aparmaq
üçün təlimçilər hazırlanır. Eyni
zamanda respublikanın ümumi təhsil məktəblərindən
Azərbaycan Müəllimlər İnstitutuna ixtisasartırma
təhsilinə cəlb olunan rəhbər və digər
pedaqoji işçilərə təlimlər keçirilir. Bu
layihə çərçivəsində Azərbaycan Müəllimlər
İnstitutunda fəlakət riskinin azaldılması istiqamətində
çevik proqramlar hazırlanmış, xüsusi təlimlərin
keçirilməsi üçün müasir tələblərə
cavab verən mərkəz yaradılmışdır.
Seminarda Fərzəli Qədirov "Fəlakət
riskinin azaldılması modulunun müəllimlərin
ixtisasartırma təhsilinə daxil edilməsi" mövzusunda
təqdimat etdi. Təqdimat çox maraqla dinlənildi.
İştirakçı ölkələrin nümayəndələri
Azərbaycanda məktəblərin maddi-texniki bazasının
gücləndirilməsi, yeni təhsil proqramlarının
(kurikulumların), qiymətləndirmə sisteminin tətbiqi,
pedaqoji kadrların ixtisasının artırılması
üzrə yeni modelə keçid sahəsində
qazanılmış nailiyyətləri maraqla dinləyib
müzakirə etdilər. İki saata yaxın davam edən
müzakirələrdə çoxsaylı suallar, şərhlər
və təkliflər F.Qədirov tərəfindən konkret
faktlarla izah edildi. Türkiyə, Gürcüstan, Qazaxıstan,
Tacikistan və Qırğızıstanın nümayəndə
heyətləri, Serbiya, Xorvatiya və Türkiyədən olan
YUNİSEF-in rəsmi nümayəndələri təqdimatın
çox maraqlı olduğunu, yenilikləri əks etdirdiyini
bildirdilər.
Seminar çərçivəsində
İstanbul şəhərində yerləşən Hasdal məktəbində
fəlakət riskinin azaldılması məsələləri
ilə əlaqədar görülən işlər barədə
təqdimat oldu. Sonra proqramların hazırlanması və həyata
keçirilməsi məsələlərinə həsr
olunmuş təcrübə mübadiləsi aparıldı. Təcrübə
mübadiləsinin sonunda fəlakət riskinin
azaldılması ilə bağlı təlim təqdim olundu.
Sonda məktəbin pedaqoji kollektivi ilə görüş
keçirildi.
Seminarın tövsiyələrinə əsasən
ilkin müəllim hazırlığı proqramlarına,
ixtisasartırma təhsili proqramlarına fəlakət riskinin
azaldılması modulunun daxil edilməsi, ümumi təhsil
proqramlarının (kurikulumların) təhlil edilməsi və
fəlakət riskinin azaldılması üzrə məktəblilərdə
kompetensiyaların formalaşdırılması zərurəti
nəzərə alınaraq müvafiq standartların daxil edilməsi
qarşıda duran vəzifələrdəndir.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.5.