Şərəfli
ömür yolu
Qadınların cəmiyyətin
inkişafında əməyi danılmazdır. Hansı sahəyə
baxırsan, orada qadın əməyini,
qadın zəhmətini görürsən. Mən də sizlərə
belə qadınlardan biri haqqında
danışmaq istəyirəm.
Sədaqət
Səmədova əslən Masallıdan olsa
da, çoxları onu
Astaralı kimi tanıyır. Özü söhbətlərinin birində deyirdi ki, "Masallı
torpağı, o məkanda
sayılıb-seçilən İsmayılovlar ailəsi məni
dünyaya gətirdi, məni yüksək
əxlaqi təməl üzərində tərbiyə etdi.
Astara isə
mənə xoşbəxt ailə, taleyimə
yazılmış dostlar, müəllimlik
peşəsinin sirlərinə yiyələnmək və yaxşı ad qazanmaq imkanı verdi. İki gül balam Astarada doğulub ömrümə ömür
caladı və sonra şirin-şirin
nəvələrim dünyaya gəldi".
Allah-təala
hər kəsə bir ömür
yazısı, bir həyat tarixi
nəsib edir. Sədaqətə də sədaqətli
ömür yolu bəxş
edib. Sədaqət müəllim bu yolu üzüağ,
alnıaçıq yaşaya bilib. Öz əməli ilə
başqalarına nümunə olub, müəllim
kimi seçilməyi bacarıb, ətrafındakılara
lazım olanda köməklik göstərə bilib.
Məhz bütün bunlar
onu hamıya sevdirə bilmiş
və yaşadığı yerdə xüsusi
hörmət sahibi etmişdir.
Sədaqət Səmədova 60 illik
ömrünü bu gün də mənalı və dəyərli
yaşayır, tərbiyə verdiyi
yüzlərlə şagird və tələbələr
müstəqil Azərbaycana ləyaqətlə xidmət edir, dövlətimizin daha
da çiçəklənməsi naminə
ölkədə gedən quruculuq
işlərində fəal iştirak edirlər.
Keçmiş şagirdləri bu gün də onunla əlaqə saxlayır, ona
öz minnətdarlıqlarını
bildirirlər.
Ömürdən
səhifələr: O, 1960-cı ildə Masallı şəhər
1 saylı orta məktəbin 1-ci sinfinə
daxil olub. Oxuduğu illərdə dərslərə
yüksək səviyyədə hazırlığı,
bacarıq və qabiliyyəti ilə yaşıdlarından fərqlənə
bilirdi. 1970-ci ildə məktəbi bitirdi. Valideynləri hələ
uşaqlıqda onda musiqiyə olan sonsuz həvəsi və
istəyi hiss etmişdilər. Bunu nəzərə alaraq
onu Masallıda açılmış yeddiillik musiqi məktəbinə
qoyurlar. Musiqi məktəbini
yüksək qiymətlərlə bitirdiyinə görə
bacarığını nəzərə alaraq
onu burada müəllim
işləməyə dəvət edirlər. O,
kiçikyaşlı uşaqlara musiqi öyrətməklə yanaşı, daim öz təhsilini
artırmaq barədə də düşünürdü.
1972-ci ildə Azərbaycan Dövlət Univerisitetinin
tarix fakültəsinə daxil
olub tələbə adını
qazandı. 1974-1984-cü illərdən Astara
şəhərinin 1, 3 və 4 nömrəli orta
məktəblərində ixtisası üzrə müəllim
işləməklə yanaşı, rayonun
ictimai-mədəni həyatında fəal iştirak
edirdi.
1991-ci
ildə Sədaqət müəllimin həyatında daha bir mühüm
hadisə baş verdi.
Lənkəran Məktəbəqədər Pedaqoji
Texnikumun filialı Astarada
açılanda ilk təcrübəli tarix müəllimi kimi filiala işləməyə dəvət alanda başa düşdü ki, çəkdiyi
əməyi və zəhməti hədər getməyib. Bu etimadı doğrultmaq lazım idi. İndi əminliklə demək olar ki, Sədaqət
müəllim adına layiq olaraq sədaqətlilik nümunəsi göstərərək
Astara Pedaqoji Kollecində
işlədiyi 20 ildən artıq müddətdə özünü təkcə yüksək pedaqoji ustalığa malik
və tarix elminin,
xüsusilə Azərbaycan tarixinin əsaslarını
öyrədən bir müəllim kimi deyil, həm də bir qayğıkeş bacı, bir
fədakar ana kimi təqdim
etdi.
Sədaqət
müəllimin əməyi rəhbərlik tərəfindən
daim qiymətləndirilmişdir. Kollec rəhbərliyi səmərəli fəaliyyətinə
və təlim-tərbiyə prosesində qazandığı
müvəffəqiyyətlərə görə onu Fəxri fərmanlarla təltif etmiş, ona dəfələrlə
təşəkkür elan olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Fəxri fərmanına layiq görülən
Sədaqət müəllim qazandığı uğurları
təkcə öz adına deyil, həm də kollecə verilən qiymət
kimi qəbul edir.
Kollecin direktoru,
fəlsəfə doktoru, əməkdar
müəllim Əlihəsən Həmzəyev Sədaqət
müəllim haqqında belə deyir:
"Sədaqət müəllim haqqında yalnız xoş sözlər demək olar.
Sədaqət müəllim çox sadə,
savadlı və səmimi insandır. O elə insanlardandır ki, onunla ünsiyyət qurmaq adamda xoş
təəssürat oyadır. 20 ildən artıqdır ki, bir təhsil
ocağında işləyirik. Kollecdə mən
qarışıq hamı ona "böyük bacı" deyə müraciət
edir. Bu da təsadüfi deyil. Ətrafında
olanlara qarşı çox
həssas və diqqətlidir. Dostlarına qarşı
qayğılı münasibətin nəticəsidir ki, daim kimsə nə
üçünsə ona müraciət edir. Bütün bu müraciətlər də diqqətdən kənarda
qalmır. Tələbələr ondan
razıdır. Tarix elminin
sirlərini yeni və müasir
tələblər çərçivəsində tələbələrə
öyrədir. Azərbaycan tarixində xalqımızın
başına gəlmiş faciələrin əsas mahiyyətini
onlara başa salmaqla yanaşı həm də böyük uğurlarımız və nailiyyətlərimiz
barədə də geniş və müfəssəl
məlumat verir. Sədaqət müəllim
öz adına layiq olduğunu əməlləri ilə sübut edib. Mən ona gələcəkdə daha
böyük uğurlar
arzu edirəm".
Sədaqət
müəllimin gözəl ailəsi var. Mehriban ana, xanım-xatun nənə,
qayğıkeş qayınana, həm də ləyaqətli ömür-gün yoldaşıdır. O, öz sədaqətli ömür
yolunu davam etdirir.
Son olaraq
Sədaqət müəllimin timsalında bütün
qadınları qarşıdan gələn bayram
münasibətilə ürəkdən təbrik edir, onlara uzun
ömür, səadət, xoşbəxtlik
və firavanlıq arzulayır, işlərində yeni-yeni uğurlar diləyirəm.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.9.