Görkəmli
müəllim, əziz insan xatirələr
işığında
Həyatda elə insanlar var ki,
onları bizdən vaxt
uzaqlaşdırandan sonra məhz onlarla bir yerdə olduğumuza görə "nə xoşbəxt
imişik o zaman, Allah" deyə etiraf edirik, həmin əlçatmaz
günlərin həsrətini çəkirik. Bir
də yanımıza qayıtmayacağını bilsək də,
məşhur mahnıda deyildiyi kimi, ürəyimizdən xəfif bir duyğu keçir - möcüzə varsa
əgər, qapıdan sən girəsən...
Özünün
gəlmədiyini görüncə ruhunun
yanında olduğunu hiss
edirsən. Onun üçün
çox qəribsədiyindən, yerə-göyə
sığmadığından, hər yerdə gözlərin onu axtarıb tapmadığından etdiyi xoş əməllərindən
kiməsə danışmaqla təskinlik tapmaq,
ürəyini boşaltmaq istəyirsən.
Bəzən sənə elə gəlir ki,
dərin hisslərini ifadə etməkdə söz
də aciz qalır, səs də...
Fevralın
20-də görkəmli pedaqoq, professor, Mədəniyyət və İncəsənət
Universitetinin musiqi fənləri
və dirijorluq kafedrasının müdiri, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının müəllimi,
böyük ziyalı, təvazökar, həssas,
qayğıkeş, sadə insan Aytəkin Tofiq
qızı Həsənovanın
dünyasını dəyişməsindən bir
il keçdi... Bu müddət ərzində onu
tanıyanlar - iş yoldaşları,
dostları, tələbələri Aytəkin xanımı
bircə gün də olsa
unutmayıblar. Onlar görkəmli müəllim,
əziz insan haqqında olan
xoş, həzin xatirələrini bizimlə
bölüşürlər.
Elnara Dadaşova, Bakı Musiqi
Akademiyasının nəzəriyyə kafedrasının professoru, bəstəkar, əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru: - Aytəkin
xanım çox işıqlı insan idi. Nazik, kövrək, həssas
qəlbi vardı. Yüksək zövqlü
bu insan tələbələrə
peşəkar münasibət bəsləyir, onlarla
işləməkdən zövq
alırdı. Gənclərə
elə gözəl əsərlər tapıb həvalə
edirdi ki, yetirmələrinin
ifasını dinləməkdən doymaq
olmurdu. Həmişə öz
üzərinə çətin, ağır işləri götürürdü. İnsanları
sevindirməyi xoşlayırdı. Məndən xəbərsiz
prelüdlərimi toplayıb nəşr etdirmişdi.
Optimist, diqqətcil, haqqı nahaqqın
ayağına verməyən alicənab bir
xanım idi. Sadə, çox
səmimi olan Aytəkin yaşlı nəsildən
də nəzərini yayındırmırdı. Hələ də
Aytəkini cismən itirdiyimizə inana
bilmirəm... Ona
iki royal və soprana üçün ariya ithaf etmişəm. Burda ana dilimizdə Quran ayələri, ümumbəşəri dua və layla oxunur. İndi həmin əsəri
simli qrup üçün də hazırlamışam. Vallah, düşünürəm ki, nə etsəm
də azdır, ürəyim soyumur, onun həyatda yoxluğuyla
barışmaq çox çətindir...
O, əməllərilə ailəyə, tanınmış
yazıçı Mir Cəlalın nəslinə
şərəf gətirən bir xanım
idi. Həmişə anası - əməkdar
müəllim Elmira xanım
Paşayevanı görəndə deyirdim
- sağ olun ki, belə övlad tərbiyə
etmisiniz.
Hərdən
düşünürəm, bəlkə də Aytəkin xanım daim
ətrafdakıların qayğısını, problemlərini
üzərinə götürdüyü üçün sıramızdan tez çıxdı, zərif çiyinləri
bu ağırlığa tab
gətirmədi?.. Amma o,
başqa cür yaşaya, insanlara
qarşı biganə qala bilməzdi.
Ürəklərə köçüb qəlbimizdə
yaşayan Aytəkin xanımı nə tələbələri,
nə də dostları, kolleqaları heç
vaxt unutmayacaq... Kaş həyatı belə tez
qırılmayaydı.
Sevda Axundova,
Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi:
- Aytəkinlə Bülbül adına musiqi məktəbində (1965) bir
sinifdə, eyni müəllimdən təhsil
almışıq, bir partada
oturmuşuq - o, mən
və Səadət Kərimova. Sonra beş il
konservatoriyadakı təhsilimiz birgə keçib,
eyni institutda işləmişik.
Bir-birimizə çox bağlı idik. Dostluğumuz möhkəmlənib
ailə üzvlərimizə də keçmişdi.
Aytəkin həmişə lider,
örnək idi başqalarına. Əla
qiymətlərlə oxusa da
təvazökar, utancaq qız idi. Çox istedadlı
olmasına baxmayaraq heç
vaxt gözə girməyə
çalışmaz, sadə davranardı. Ünsiyyətcil,
hamıya qarşı mülayim olan bu xanım özünə
çox tələbkar idi.
Gərgin zəhməti nəticəsində müşayiətçi,
konsertmeysterlikdən kafedra müdiri,
professor zirvəsinə kimi
ucaldı. O, gözəl ifaçı, əla müəllim idi. Tələbələrlə işləməkdən
yorulmurdu. Onlar üçün dərsliklər, notlar yazır, maraqlı proqramlar
tərtib edir, konsertlər keçirirdi.
Bütün bunların arxasında isə
gərgin əmək, zəhmət dururdu.
Hamıya həssaslıqla yanaşıb qayğı göstərən
bu xanım sözün
əsl mənasında böyük vətənpərvər,
əsl vətəndaş, fədakar insan idi. Aytəkin bunu sözdə
deyil, öz işi, əməlilə göstərirdi.
İnsanları, həyatı, ailəsini, dostlarını, bir də musiqini çox sevirdi. Deyərdim
ki, musiqi onun həyatı idi, dinləməkdən,
ifa etməkdən doymurdu.
Sonuncu dəfə onunla
Ravelin "Pavana" əsərini
hazırlamışdıq. Çox
gözəl, həm də çox qəmli
əsərdi, amma ifa
etmək nəsib olmadı...
Onunla həmişə yeni ilqabağı, bir də
ad günlərimizdə mütləq bir yerdə olardıq. Son
dəfə ayrılarkən əlimizi bərk-bərk
sıxıb dedi ki, bizim dostluğumuz
uşaqlıq illərindən başlayıb və heç vaxt
qırılmayacaq, hər şeyin təzəsi,
dostun köhnəsi. Mənim ürəyimdə
sizin yeriniz başqadır.
Elə gün olmur ki, Aytəkin könlümüzdən
keçməsin, onu xatırlamayaq,
sözlərini sitat gətirməyək.
Belə insanlar heç
vaxt unudulmur, həmişə
yeri görünür.
Kamilə
Dadaşzadə, Mədəniyyət və İncəsənət
Universitetinin musiqişünaslıq
kafedrasının müdiri, dosent: - Aytəkin xanım xeyirxah,
nəcib, duyğusal insan
idi, tükənməz ideyaları,
planları vardı. Əsl müəllim, sənətinə vurğun pedaqoq idi. Tələbələrinə fərdi
yanaşır, onların inkişaf
dinamikasını izləyirdi. Maraqlı proqramlarla
çıxış edir, ildə bir neçə yeni işləmələr
ərsəyə gətirirdi. Hamıyla asanlıqla ünsiyyət
yaradırdı. Nə qədər incə yumor
hissinə malik idisə, işində bir o qədər ciddi idi. Hamının
problemini öz dərdi
kimi qəbul edib
kömək göstərməyə
çalışırdı. Çox
müsbət aurası vardı. Ətrafındakılar sanki ondan enerji
alırdı. Təəssüf ki, uzun ömür
yaşayıb ahıl vaxta çatmaq
qisməti olmadı. Aytəkin xanımı tanıyanlar onu heç vaxt yaddan
çıxara bilməzlər. Bu
ehtiramı o, öz nəcib
xüsusiyyətləri, xoş xasiyyəti,
insanlara hədsiz məhəbbətilə
qazanıb, ruhu şad
olsun...
Minarə
Dilbazi, Bakı Musiqi
Akademiyasının professoru, fortepiano kafedrasının müdiri,
sənətşünaslıq namizədi: - 1994-cü ildə
mən respublika səviyyəli geniş bir konfrans keçirdim. Aytəkin
xanım da onun
işində iştirak etdi.
Maraqlı məruzəsi oldu. Sonra mənimlə olan
söhbətində bildirdi ki, Üzeyir bəyin
yaratdığı bu musiqi
ocağında həvəslə dərs deyərdim. Onun kimi istedadlı,
yüksək musiqi duyumu
olan müəllimlərə bizdə həmişə
yer olduğunu söylədim.
Aytəkin xanım 1997-ci ildən rəhbərlik etdiyim kafedrada
çalışmağa başladı. Heç
vaxt ona verdiyim xeyir-duanı yaddan
çıxarmır, bunu həmişə
qeyd edirdi. A.Həsənova
ilə birlikdə ümumi fortepiano
kursu üçün
3 dərs vəsaiti, xeyli proqramlar
yazmışıq. Həmişə bu təhsil
ocağında işlədiyilə fəxr edirdi,
tələbələrinə görə qürur
hissi keçirirdi. Onun hər iki təhsil
ocağından olan yetirmələri bütün konsertlərdə
çıxış edib nəyə qadir olduqlarını göstərirdilər. Bütün
bunların arxasında isə böyük
iş vardı. O, dünyasını dəyişəndən
sonra anası Elmira
xanım mənimlə söhbət əsnasında bildirdi ki, ona
nə qədər desəm də yorulursan,
institutların birindən imtina et, heç cür razılaşmırdı. Bildirirdi ki, bu təhsil ocaqlarının hər
ikisində yaxşı tələbələrim var, mən onlara nə deyib imtina edim?..
O, xəstə olanda da
canı tələbələrinin yanında idi,
tez-tez zəng edib
onları soruşurdu. Çox
təəssüf ki, belə tez - 53 yaşında həyatla
vidalaşdı. Bu, hamımız üçün çox
ağır oldu...
Gülnar Qurbanova,
Konservatoriyanın məzunu: -Tale
elə gətirmişdi ki, mənə Musiqi Kollecində Aytəkin xanımın
anası - Elmira xanım Paşayeva
dərs demişdi, Konservatoriyada
isə özü. Hərdən zarafatla deyirdi ki, sən mənə anamın əmanətisən,
gərək elə işləyək ki, onun bizə iradı olmasın. Aytəkin
xanım tələbələrinin hamısına doğma övladları kimi
baxırdı, bizimlə işləməkdən yorulmur, metodikanı bütün
incəliklərinə kimi öyrədirdi.
Deyirdi ki, Konservatoriyada özümü
doğma evimdəki kimi
hiss edirəm. Əvvəlcə burada təhsil almışam, indi
də müəllimlərimlə çiyin-çiyinə
işləyirəm. Siz də bura doğma
ocağınız kimi baxın. Vaxt gələcək ki, Üzeyir bəyin yaratdığı bu məbəddə siz də
çalışacaqsınız. Kiçik
bir uğurumuza sevinir, tərifləyib bizi
göylərə qaldırır, qol-qanad verirdi. Onda olan
bütün yüksək keyfiyyətləri
Elmira xanımda da görmüşdüm. Hərdən
özümə deyirdim ki,
mən çox xoşbəxt adamam - kollecdə Elmira
xanım, burada isə Aytəkin
xanımdan dərs alıram. Amma hayıf ki, bu xoşbəxtlik sonadək
davam etmədi...
Cəmalə
Nəsirova, bəstəkar, Mədəniyyət və İncəsənət
Universitetinin dosenti: - Bu gün Aytəkin
xanım haqqında keçmiş zamanda danışmaq çox
çətindir. Sonuncu dəfə ona zəng vuranda səsi çox zəif gəlirdi, dedi
ki, əməliyyat olunmuşam.
Amma ailə üzvlərimin
hamısını, işdəki müəllimləri bir-bir soruşdu. Dəstəyi
yerinə qoyandan sonra
hönkürtüylə ağladım, bu,
Aytəkin xanımın həmişə eşitdiyimiz
şux səsinə oxşamırdı...
Acı xəbəri eşidəndə isə günlərlə
özümə gələ bilmirdim, sanki ürəyim yaralanmışdı. Nəhayət,
özümü ələ alıb pianonun arxasına keçdim.
Ona bəslədiyim incə, səmimi, dərin
hisslərimi "İthaf" əsərimdə
verməyə çalışdım. Sonralar
həmin əsər
universitetimizdə keçirilən onun
anım günündə (yeri gəlmişkən,
belə bir tədbiri Bakı Musiqi Akademiyası da keçirib) ifa etdim. Amma bununla
dərdi azaltmaq mümkündümü?..
Aytəkin xanıma hələ neçə-neçə əsərlər
həsr ediləcək, anım günləri keçiriləcək.
Amma onun özünü tamamilə vəsf etmək qeyri-mümkündür. Təəssüf ki, bunlar ancaq
bizi ovutmaq üçündür, ruhu
şad olsun, biz onu heç
vaxt unutmayacağıq...
İradə ƏSƏDOVA
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.9.