Mən
körpələrlə nəfəs alıram
Uşaqlarla,
özü də bağça
uşaqları ilə işləmək müəllimdən ikiqat səbr, hövsələ tələb edir. Amma mən uşaqlarla işləməkdən yorulmuram, bezmirəm. Uşaqlara
o qədər bağlıyam, onları o qədər sevirəm ki,
gündə neçə dəfə qrupları yoxlayıram. Bağçamızdakı bütün uşaqların adını əzbər bilirəm, hamısını
ayrı-ayrı üzdən
tanıyıram, görəndə hər birinin
başına sığal çəkirəm. 1970-ci ildən,
yəni, 169 nömrəli bağça
açılandan burada əmək fəaliyyətimə
başlamış, altı il həm
müəllimə, həm də metodist
işləmişəm. 1986-cı ildən bu günədək
bağçaya rəhbərlik edirəm.
Bura
əvvəlcə gecə- gündüz
bağçası idi. Elə olurdu ki, gecə saat 12-də, 1-də
evdən bağçaya gəlib uşaqlara baş çəkirdim.
Çünki onda uşaqlar gecələr də burada
qalırdılar. Bir də görürdüm,
uşaqlardan hansınınsa başı
ağrıyır, hansınınsa
hərarəti yuxarıdır... onda
evdə qərar tuta bilmirdim.
Məlumdur ki, gecə-gündüz
bağçasına əsasən bir və
ya hər iki valideynindən
məhrum olan uşaqları qoyurdular, o uşaqların
isə xüsusi
qayğıya ehtiyacları vardı. Hər vasitə ilə o körpələrə hiss
etdirməyə çalışırdım ki,
onlar tək deyillər.
Sonralar gecə-gündüz
bağçaları ləğv olundu, adi qruplar
açıldı. Bir müddət sonra isə mənim
təşəbbüsümlə bağçamızda
görmə qüsuru olan
körpələr üçün xüsusi qruplar təşkil olundu.
Onda bağçada bir kabinet
yaratmışdım. Uşaqların gözünü
inkişaf etdirici aparatlar, o cümlədən
lokalizator da alıb gətirmişdim.
Orada gözü qüsurlu uşaqlara fizioterapevtik proseduralar tətbiq
edilirdi. Respublikanın baş
oftalmoloquna müraciətim əsasında
yaxınlıqdakı 12 nömrəli poliklinikanın göz
kabinetindən bağçadakı uşaqlarımız üçün göz həkimi
təyin olunmuşdu. O həkim bağçada işləyən tibb bacısının iştirakı ilə həftədə
bir dəfə uşaqları tibbi nəzarətdən
keçirirdi.
Uşaqların
məktəbə
hazırlanmasında bağçanın rolu
böyükdür. 2012-2013-cü tədris ilində 54
uşağımızı məktəbə
yola salmışıq. Uşaqların məktəbə
hazırlanmasını necə təşkil edirik?
Mütəmadi surətdə məktəbəqədər qruplar yaradırıq və bu
qrupda proqram üzrə
məşğələlər keçiririk.
Uşaqlara çap üsulu ilə
yazmağı, riyaziyyatdan toplama,
çıxma əməliyyatlarını, həndəsi
fiqurları bir-birindən seçib
ayırmağı öyrədirik. Bağçamızda uşaqlar çox yüksək
səviyyədə məktəbə
hazırlanır. Körpəyaşlılar qrupundan başlamış düz
məktəbəqədər qruplara qədər hər qrupun özünün konkret məşğələ
proqramı var. Müəllimlər bir gün əvvəldən
sabah keçiriləcək məşğələ
üçün
proqramlarını hazırlayırlar. Mən özüm də
buna çox ciddi nəzarət edirəm. Səhər yeməyindən
sonra, yəni saat
10-dan 12-nin yarısına kimi məşğələ
saatımızdır.
Bağçada
uşaqları yaşına görə qruplara
ayırırıq: iki-üç
yaşı olanlar körpələr (yasli)
qrupuna, üç-dörd
yaşı olanlar orta
qrupa, dörd- beş yaşı olanlar böyük qrupa, beş- altı
yaşlı uşaqlar isə məktəbə
hazırlıq qrupuna göndərilir.
Hər ilin sentyabr
ayında uşaqlar arasında komplektləşdirmə
aparır, uşaqları yaşına görə pillələrə
ayırırıq. Onda mərhələli olaraq,
körpə qrupdakılar orta qrupa, opta qrupdakılar böyük qrupa, böyük qrupdakılar məktəbəqədər
hazırlıq qrupuna, məktəbəqədər
qrupdakılar isə, təbii ki məktəbə
yola salınır.
Uşağın
bağçaya getməsinin ən böyük əhəmiyyəti odur ki, uşaq
hər şeydən əvvəl kollektivə
alışır, müəllimlərlə ünsiyyətdə
olmağı bacarır, hazırcavab olur.
Biz bütün
qruplarımızda həyata keçirdiyimiz
tədbirləri disklərə köçürürük.
Bayramlarda musiqili şənliklər
təşkil edirik. Uşaqların çox xoşuna gələn
bu şənliklər, elə bil səhnələşdirilmiş teatrdı.
Bütün iştirakçılar
nağılları, mahnıları, şeirləri karnaval geyimində
ifa edirlər. Bu
eksperiment də
göstərir ki, məktəblərdə keçirilən əlifba
bayramlarında bağçadan
gedən uşaqlar daha
çox fərqlənirlər. Hazırda
bağçamız 247 nömrəli məktəblə çox sıx əlaqəlidir.
Uşaqlarımızın əksəriyyəti
də yaşı çatanda həmin məktəbə
gedir. Məktəbdə keçirilən əlifba
teatrına həmişə gedirəm, bağçamızın yetirmələrinin
çıxışlarını maraqla
izləyirəm. Onların hər bir uğuru məni elə sevindirir,
mənə elə zövq verir
ki, fərəhim yerə-göyə
sığmır. Uşaqlarım mənə mənəvi qida verirlər. Bağçadan
məktəbə yola
saldığımız uşaqların səsi-sorağı sonralar haralardan gəlmir?!
Mən
qırx ildən artıqdır ki, işimi sevə-sevə
bu bağçada
çalışıram. İlk
buraxılışımız olan
uşaqlarımızın indi az qala yaşı
qırxı ötüb. Onlar həm valideynlərinin,
həm də bizim yetirmələrimizdir.Vaxtilə
özü bağçamızın məzunu
olan uşaqlardan hərdən bura
- bağçamıza baş çəkməyə
gələnlər, yaxud da
öz uşağını, hətta nəvəsini buraya gətirənlər
olur.
Beləcə, illər bir-birini əvəzləyir.
İşimi sevə-sevə, uşaqlarımı
sevə-sevə öz
ömrümü yaşayıram.
Gecə-gündüz ən birinci
planda işimi, bağçadakı uşaqlarımı
düşünürəm. Əslində bura da artıq bizim
ailəmizin bir parçası sayılır.
Bağçamızın həyətində gözəl bağ salmışıq. Bu bağda altı yüz yetmişdən çox ağac - həm meyvə, həm də dekorativ ağaclar əkdirmişəm.
Ən gözəl çiçəklərə,
ən dadlı meyvə tinglərinə bu bağda rast
gəlmək mümkündür.
Bütün bü gözəllik
də, bu bağdan əldə edilən məhsul da bağçamızın
uşaqları üçündür.
Uşaqlarımız
saat 10-da bağçaya
gətirilir, axşam saat 7-də evlərinə
aparılır, yəni, onlar
günün doqquz saatını bizimlə keçirirlər. Buna görə də bağçaların işçi
kollektivlərinin məsuliyyəti
çox böyükdür.
Əgər ailələr öz
ciyərparalarını bizə
etibar edirlərsə,
biz də öz növbəmizdə uşaqları
gözümüz kimi
qorumalı, onlara ən vacib insani
keyfiyyətləri öyrətməyə
nail olmalıyıq.
Rəfiqə ƏLİYEVA,
162 nömrəli bağçanın
müdiri
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.9.