Kurikulum
uğurlarımızın açarıdır
Yeni təlim
üsulları zamanın tələbidir. Bu ifadə artıq
sinif otağına daxil olan hər
müəllimi düşündürür. Bu
günün müəllimi sinifdə canlanma yaratmaq, şagirdlərdə
təlim marağını gücləndirmək
üçün daim axtarışdadır. Çünki hər
dərs bir tarixdir. Və bu dərslər yaxşı mənada
şagirdlərin həyatında öz izini qoymaqla, onların
təlim-tərbiyəsinə, dünyagörüşünə töhfəsini verir.
Elə
iştirakçısı olduğumuz kurikulum kurslarına
toplaşan müəllimləri də bu amal birləşdirir.
İncəsənət gimnaziyasında təşkil olunmuş
təlim kurslarının məqsədi müəllimləri
yeni təlim üsulları və onların tətbiqi,
müasir dərsin təşkilinə verilən tələblərlə
yaxından tanış etmək idi. Kurslara 40-a yaxın müəllim
cəlb olunmuşdu. Təlimlər Kurikulum Mərkəzinin təcrübəli
təlimçiləri tərəfindən
aparılırdı. Kursun 4-cü günü müəllimlərin
təlimlərə marağını, eyni zamanda
kurikulumların tətbiqinə münasibətlərini öyrənmək məqsədilə
İncəsənət Gimnaziyasına yollandıq.
İşgüzar səs-küyü ilə diqqətimizi
çəkən sinif otaqlarından birinə
yaxınlaşıb təlimdə iştirak etmək istəyimizi
Təhsil Nazirliyi LƏQ (layihə əlaqələndirmə
qrupu) məsləhətçisi, əməkdar müəllim,
təlimçi Almaz Həsrətə bildirdik. Beləliklə,
təlim keçən müəllimlərə qoşulub, diqqətlə
dərsin gedişini izlədik.
Sinif qruplara
bölünmüşdü, müəllimlər onlara
verilmiş tapşırığı yerinə yetirirdilər.
Qrupların təqdimatından sonra müzakirələr oldu.
Bir-birindən maraqlı təkliflər əsasında qurulan dərslər,
həmçinin rəngarəng motivasiyalar sözün həqiqi
mənasında geniş diskussiya yaradırdı. Hiss
olunurdu ki, bu kurs "zəiflər"in deyil,
"güclü"lərin bir araya gəlməsidir. Onlar sadəcə
öyrəndiklərini sistemləşdirmək və nəyi
"səhv", nəyi "düz" etdiklərini öyrənmək
üçün buraya toplaşmışlar.
Fürsətdən istifadə edib dinləyicilərdən
bir neçəsi ilə həmsöhbət olduq. Həmsöhbətimiz
gimnaziyanın biologiya müəllimi Sevinc Tahirova əvvəlcə
kursların hansı zərurətdən təşkil
olunması və təhsil ocağı haqqında məlumat
verdi. O bildirdi ki, İncəsənət Gimnaziyası 1992-ci
ildə yaradılıb, burada 1010 şagird təhsil alır və
onların tərbiyəsi ilə 500-ə yaxın müəllim
məşğul olur. Gimnaziyanı digər məktəblərdən
fərqləndirən xüsusiyyətlərdən biri də
burada təhsil alan şagirdlərə müəllimlərin fərdi
yanaşmasıdır. Belə
ki, gimnaziyada təhsil alan şagirdlər həm ümumtəhsil,
həm də ixtisas fənlərini öyrənirlər. Elə
buna görə də burada hər şagirdə iki, bəzən
də bir müəllim düşür. Başqa sözlə
desək, burada bir şagirdə musiqini, nəzəriyyəni,
harmoniyanı və başqa fənləri ayrı-ayrı
müəllimlər tədris edir. Təhsil ocağında kursların
təşkilinə gəlincə, Sevinc xanım nəzərimizə
çatdırdı ki, bu, məktəb rəhbərliyinin təşəbbüsü
ilə həyata keçirilir. Kurslara ilk dəfə məktəb
"İlin ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinə qatılarkən start verildi. Bütün
müəllimlər qarşısına məqsəd qoydu, beləliklə
də onlar ilk olaraq "İntel" kurslarından keçdilər.
Söhbətimizə qoşulan 240 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi Pəri
Qasımova pedaqoji fəaliyyətindən söhbət
açdı. O qeyd etdi ki, artıq 2004-cü ildən etibarən
dərslərini fəal təlimlə qurmağa səy
göstərir.
- Fəal təlimi sinifdə tətbiq
etdiyim zaman dərsim həmkarlarımda maraq doğururdu. Lakin
zaman keçdikcə tədris prosesində fərdi, qrup,
cütlərlə işləməklə müasir dərs
hazırlamaq, yeni təlim üsullarından istifadə
günün tələbinə çevrildi. Mənim kimi digər
müəllim yoldaşlarım da ənənəvi təlimlə
fəal dərsin fərqini yaxşı dərk etməyə
başladılar. İndi şagirdlərimiz daha aktivdir, onlar
yaradıcı axtarışa cəlb olunmuşlar. Müasir dərslər
şagirdlərin tədqiqatçılıq qabiliyyətini
artırır. Dərs dediyim şagirdlər yuxarı siniflərə
qalxdıqca, onların dünyagörüşü genişlənir.
Artıq uşaqlar aşağı siniflərdə müstəqil
işləmə vərdişini öyrəndikləri
üçün çətinlik çəkmirlər. Müəllimlər
də onların yaradıcı işlərinin
qarşısında təəccüblərini gizlətmirlər.
Şagirdlərin mövzu ilə bağlı tədqiqata cəlb
olunması maraqla qarşılanır. Dərsin məlumat
mübadiləsi hissəsində toplanmış informasiyalar
müzakirə olunur. Bir
şagirdin tədqiqatının nəticəsini bütün
sinif dinləyir. Nəticədə digər şagirdlər də
geniş, ətraflı məlumat əldə etmiş
olurlar. Beləliklə, hamı
bir-birindən öyrənir. Dərslərə əvvəlcədən
hazırlaşırıq. Tapşırıqlarımız isə
şagirdlərin məntiqi təfəkkürünün
inkişafına yönəlir.
Məktəbin tarix müəllimi Nailə
Məmmədova isə kursun təşkilindən razı
qaldığını gizlətmədi.
- Kurslara ilk dəfə gələndə
çətinlik çəkirdim. Rus bölməsində
işləməyim məndə bir qədər qorxu hissi
yaradırdı. Artıq 4-cü gündür ki, kurslara gəlirəm.
Təlimçi Almaz müəllimin köməyi ilə fənn
kurikulumları haqqında kifayət qədər məlumat
toplamışam. Bütün bunlar təlimçinin bizi sadə
dillə başa salmasından irəli gəlir. Mən
müasir təlim üsullarının köməyi ilə
qurulan dərsləri dəstəkləyirəm. Fəal təlim
dərsi daha maraqlı edir, şagirdlərin aktivliyi və problemin həllinə
çalışması sinifdə canlanma yaradır. Artıq mən inanıram ki, təlimi
başa vurduqdan sonra hər dərsimi yaddaqalan etməkdə
çətinliklə qarşılaşmayacam.
İngilis dili müəllimi Natəvan Əsədovanın
da müasir təlimlə bağlı fikirləri maraqlı
oldu. O bildirdi ki, ingilis dili dərslərində
interaktiv təlim üsullarından istifadə şagirdlər
tərəfindən dərsin mənimsənilməsində
müsbət təsirini göstərir. Biz dərsin maraqlı
təşkili üçün rollu oyunlardan istifadə edir,
qruplarla işə üstünlük veririk.
Gimnaziyanın ibtidai sinif müəllimi Kəmalə
Mədətova da kurikulumun üstünlüklərindən
danışdı.
- Əvvəllər
dərsi izah edirdik, lakin şagirddən qaneedici cavab ala
bilmirdik. Əzbərlənmiş mövzu uzun müddət
yaddaşda qalmırdı. Şagirdlərin fəallığı
yox idi. Ancaq indi şagirdlər öndə, müəllim isə
onların ardınca bələdçi olaraq hərəkət
edir. Müəllim istiqamət verir, bəzən də
özü şagirdlərdən öyrənir. Fəal təlim
zamanı şagird öz sinif yoldaşının vasitəsilə
məlumatlanır.
Təlimçi Təranə Əliyeva
özü də məktəbin ibtidai sinif müəllimidir.
O, ilk öncə məktəbdəki müəllimlərin
yeniliyə can atmasından danışdı. Təranə
müəllim nəzərimizə çatdırdı ki, müəllimlər öz təşəbbüsləri,
arzuları ilə kursa qatılmışlar:
- Məktəb
incəsənətyönümlü olduğundan burada dərslər
fərdi qaydada aparılır. Lakin buna baxmayaraq, müəllimlər
dövlətin təhsil siyasətini, o cümlədən
islahat proqramını dəstəkləyirlər.
Söhbətimizə qoşulan
gimnaziyanın rəssamlıq şöbəsinin müəllimi
Kəmalə Kərimova da kurikulum, yeni təlim üsulları
ilə bağlı fikirlərini söylədi.
- Mən çox təlimlərdə
olmuşam. Bu kursun özəlliyi ondadır ki, o, fənn
kurikulumlarının tətbiqi ilə bağlıdır. Fənn
kurikulumları bütün sinif, qrup üçün nəzərdə
tutulmuşdur. Biz isə dərslərimizi fərdi qaydada
keçirik. Məhz buna görə də biz öyrəndiklərimizi
fərdiləşdirməyi bacarmalıyıq. Mən əvvəllər individual
insan kimi təlimlərə qatılırdım. İndi isə
əməkdaşlıq edirəm, fikirlərimi
bölüşürəm. Bu mənim üçün
yenilikdir. Bir müəllim kimi qrupdakı yoldaşlarım tərəfindən
dəstəkləndiyimi hiss edirəm. Həmçinin
özüm də kimi isə dəstəkləyirəm. Kursda
yeni terminlərlə tanış olmuşam. Hər dərsdən
sonra evdə məşğul olarkən ilk öncə
çalışıram ki, o terminlərin mənasını
özümə açıqlayım. Kursda, həmçinin
xırda bir prosesi mərhələlərə bölməyi
öyrənmişəm.
"Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi", məktəbin fizika müəllimi
Rəna Ağazadə Kəmalə xanımın fikirlərinə
öz əlavələrini etdi. - Mən bu kursları artıq
dinləmişəm. Buna baxmayaraq, yenidən
qatılmağı məqsədəuyğun saydım.
Fizikanın tədrisinə 7-ci sinifdən
başladığımızdan mən hələ fənn
kurikulumları əsasında dərsimi qurmuram. Kurikulumlarda
verilmiş standartların reallaşdırılması
zamanı əyaniliyə daha çox yer verildiyindən yeni təlim
üsulları şagirdlərdə elm öyrənməyə
maraq yaradır. Şagirdlərin tədqiqata yönəldilməsi
və öyrənmək üçün vasitələr
axtarması müsbət haldır. Onların müstəqil
işləməsi, əməkdaşlığı, təqdimatlar
hazırlaması bəzən biz müəllimləri fərəhləndirir.
Məktəbin musiqi müəllimi Validə
Cəlilova da kurikulumlar haqqında müsbət fikirdə olan
müəllimlərdəndir.
- Mən "xor"dan əlavə, nəğmə
dərsini deyirəm. Qruplarla da işləyirəm, fərdi də
məşğul oluram. Ənənəvi təlimdə
şagird qorxa-qorxa bəzən - "olar, mən deyim"
deyirdi, bildiyini çəkinə-çəkinə söyləyirdi.
Təhsil müəllimyönümlü idi. Müasir təhsil
sistemində isə şagirdə subyekt kimi baxılır və
o, liderdir. Kurikulumda heç bir çətinlik yoxdur. Nəğmə
dərsinin motivasiyasını düşünək. Məsəl üçün, Soltan
Hacıbəyovun "Karvan" simfonik lövhəsini tədris
etməliyəm. Bunun motivasiyası necə olacaqdır? Melodiya kompüterdə səsləndirilir.
Təsvir göstərilir. Şagirdlərə müraciətlə
soruşuram. Uşaqlar, burada dəvələr var. Dəvələr sizə nəyi xatırladır?
Şagirdlər səhraları gördüyünü söyləyir.
Daha sonra müxtəlif yönəldici suallar verirəm. Beləliklə
də şagirdlər söhbətin "Karvan" simfonik
lövhəsindən getdiyini anlayırlar. Axtarış edirlər,
evdə Soltan Hacıbəyovun başqa əsərlərini də
tapıb oxuyurlar. Bir qədər əlavə məlumat
toplayırlar.
Müəllimlərlə söhbətləşdikdən
sonra gimnaziyanın direktoru Maya Şabanbəyova ilə
görüşdük. O, gimnaziyada təşkil olunmuş
kurslar və bütövlükdə gimnaziyanın
uğurlarından qısaca söhbət açdı.
Maya xanım bildirdi ki, gimnaziya xüsusiləşdirilmiş
təhsil müəssisəsidir. Lakin buna baxmayaraq, burada
kurikulumun tətbiqinə ciddi nəzarət olunur. Müəllimlərin
hamısı bu kurslara cəlb olunmuşdur. Direktor hesab edir ki,
heç bir müəllim islahatdan kənarda
qalmamalıdır.
- Mən özüm də bu kursları
dinləmişəm. Hazırda məktəbin bütün
müəllimləri kursa cəlb olunmuşdur. Müəllim
özünütəhsillə məşğul
olmalıdır. İndi bütün fənlərin tədrisində
yeni texnologiyalardan istifadə etmək lazımdır.
Şagirdlər müstəqil işləməyi öyrənməlidirlər.
Direktorla söhbətimiz zamanı
gimnaziyanın beynəlxalq əlaqələrinin geniş
olduğunu, şagirdlərinin ölkəmizi möhtəşəm
festivallarda təmsil etdiklərini də öyrəndik. Növbəti nömrələrimizdə
gimnaziyanın beynəlxalq əlaqələri haqqında daha ətraflı
söhbət açılacaqdır. Hələliksə, biz təhsilimizin
sabahı, gələcəyi naminə yorulmadan
çalışan müəllimlərə uğurlar
arzulayırıq.
Dilşad XAQANİQIZI,
Elmir BƏYƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.8.