"Musiqi bizim üçün həyat deməkdir"

 

Hər dəfə  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olanda ayrı-ayrı auditoriyalardan eşidilən musiqi əsərlərinin sehrinə düşürsən. Bu sehrli aləmi bütün əzəməti ilə öz yetirmələrinə çatdıran, gənc, istedadlı ifaçılarımızı peşəkər musiqi həyatına, nüfuzlu beynəlxalq müsabiqələrə hazırlayanlar isə bizim müəllimlərimizdir. 

 

Onların arasında qadın müəllimlərimiz çoxdur, məhz onların gərgin əməyi, ağır zəhmətinin nəticəsidir ki,  bu gün istedadlı gənclərimizin sorağı bir sıra beynəlxalq musiqi müsabiqələrindən gəlir. 8 mart - Beynəlxalq  Qadınlar Günü ərəfəsində onlardan biri ilə, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin vokal fakültəsinin dosenti, fəlsəfə doktoru, eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi İradə Xəlilova ilə görüşərək yaradıcılıq planları yetirmələri barədə söhbətləşdik. İlk öncə qeyd edək ki, son günlər İradə xanım şagirdləri ilə birlikdə zəngin qrafiki üzrə çalışır: "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünün keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına Təhsil Nazirliyinin Fəaliyyət proqramına əsasən respublika mahnı müsabiqəsi elan olunub. Biz şagirdlərimizlə aprelin sonları mayın əvvəllərində keçiriləcək bu müsabiqəyə çox ciddi hazırlaşırıq".

Bundan əlavə, İradə Xəlilova hazırda tələbələri ilə çox məsuliyyətli beynəlxalq  müsabiqəyə hazırlaşır. Bir həftə sonra Estoniyada Koxtla-Yardda beynəlxalq müsabiqə keçiriləcək. İradə Xəlilova yetirmələrinin bu müsabiqəyə ciddi hazırlaşdıqlarını onların qələbə  əzminin çox yüksək olduğunu bildirdi. İradə xanım Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu işlərdə onlara hərtərəfli dəstək göstərdiyini bildirdi: "Mən onu da deyim ki, biz Təhsil Nazirliyi tərəfindən böyük qayğı diqqətlə əhatə olunmuşuq. Bir faktı da qeyd edim ki, bizim Estoniyada keçiriləcək beynəlxalq müsabiqədə iştirakımız tamamilə Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Fürsətdən istifadə edərək Təhsil Nazirliyinin rəhbərliyinə öz dərin  minnətdarlığımızı çatdırmaq istəyirəm".

İradə Xəlilova qeyd etdi ki, tələbələri bir sıra beynəlxalq müsabiqələrdə ölkəmizi layiqli təmsil edirlər. Hər dəfə çalışıram ki, onların repertuarında Azərbaycan xalq musiqiləri yer alsın.  Öz ölkəmizin vətənpərvər vətəndaşları kimi biz milli mədəniyyət nümunələrimizi  təbliğ etməyə çalışırıq. Biz  Azərbaycan mədəniyyətini bütün dünyada yaymağa  borcluyuq. Azərbaycan musiqi sənətinin, incəsənətinin bütün dünyada tanıdılmasında  Heydər Əliyev Fondunun xüsusi rolu var. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva incəsənətimizə çox böyük dəstək göstərir. Onun dəstəyi sayəsində bizim incəsənətimiz inkişaf edir, bütün dünyada təbliğ olunur.  İradə Xəlilova bütün varlığı ilə musiqiyə bağlı insandır. "Musiqi sizin üçün nədir" sualına o, belə cavab verdi: Bir misal çəkim. Biz bir qədər əvvəl elə bu barədə söhbət açmışdıq. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda simfonik gənclər orkestri yaradılıb. Bu orkestrin rəhbəri isə bizim məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevdir.   Biz bir qədər əvvəl orkestrin məşqində olmuşuq. Məşqdən sonra Teymur Göyçayev qeyd etdi ki, musiqi bizim həyatımızdır.  Biz özümüzü musiqisiz təsəvvür edə bilmirik. Mən uşaqlara baxaraq dedim ki, onlar ən xoşbəxt insanlardır, çünki  musiqiçidirlər. Onlar fərqlidirlər. Bu uşaqlar fərqli düşüncəyə, davranışlara malikdir. Onların tamamilə başqa dünyaları var. Onlar musiqi uşaqlarıdır. Bir sözlə, musiqi bizim üçün həyat deməkdir.

Söhbətimizin sonunda İradə Xəlilova bir müəllim, bir qadın, bir ana kimi nikbin arzularla yaşadığını belə ifadə etdi: Bir qadın, pedaqoq müəllim kimi mən özümə daha çox  istedadlı şagirdlər, tələbələr arzu edirəm. Mən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycanın bütün  qadınlarını təbrik etmək  istəyirəm. Onlara cansağlığı xoşbəxtlik arzulayıram.

Biz , öz növbəmizdə, İradə xanımı onun timsalında təhsil sahəsində çalışan bütün qadın müəllimlərimizi ürəkdən təbrik edir onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.  

 

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2013.- 8 mart.- S.11.