Təhsil naziri müsabiqə üzrə fənn komissiyalarının
üzvləri ilə görüşüb
Martın 9-da təhsil naziri Misir Mərdanov
"Ən yaxşı müəllim" müsabiqəsi
üzrə fənn komissiyalarının üzvləri ilə
görüşdü. Görüş
iştirakçılarını salamlayan nazir qarşıdan
gələn Novruz bayramı münasibəti ilə onları təbrik
etdi. Nazir bildirdi ki, "Ən yaxşı müəllim"
müsabiqəsi artıq 6-cı ildir keçirilir. Əvvəlki
illərdə keçirilən müsabiqələrin ədalətli
olmasına, ən yaxşıların seçilməsinə
çalışılmış və buna nail olunmuşdur.
M.Mərdanov bu qənaətə gəlməyə indiyədək
keçirilən müsabiqələr haqqında ciddi
iradların olmamasının əsas verdiyini, bundan sonra da bu
işə ciddi diqqət yetiriləcəyini qeyd etdi.
Növbəti müsabiqəyə
artıq start verildiyini deyən təhsil naziri 3 mərhələdə
keçirilən müsabiqənin ilk mərhələsinin
artıq başa çatdığını söyləyib bəzi
statistik göstəriciləri diqqətə
çatdırdı. Bildirdi ki, müsabiqədə iştirak
üçün 481 nəfər sənəd vermiş, onlardan
4-nün sənədi stajları 5 ildən az olduğu
üçün qəbul edilməmiş, 477 nəfərin sənədi
ekspertizadan keçirilmişdir. Sənəd verənlərin
bölgələr üzrə paylanmasını əks etdirən
diaqramı görüş iştirakçılarının
nəzərinə çatdıran nazir 179 nəfərin
Bakının, 30 nəfərin Nazirliyin, 5 nəfərin ali məktəblərin
nəzdindəki təhsil müəssisələrini, 3 nəfərin
özəl məktəbləri,
265 nəfərin isə ölkənin digər şəhər
və rayonlarını təmsil etdiyini bildirdi. Nazir qeyd etdi
ki, ekspertizanın nəticələrinə görə 477 nəfərdən
1,6-5,7 intervalında bal toplayan 208 müəllim II mərhələyə
buraxılmışdır. Sonra ikinci mərhələyə
buraxılan müəllimlərin bölgələr üzrə
təsnifatı diqqətə çatdırıldı və
Bakı şəhəri üzrə müəllimlərin
sayca daha çox olduğu (bütün
iştirakçıların 45 faizi) qeyd edildi.
Daha sonra II mərhələyə
buraxılan müəllimlərin son iki ildə fənlər
üzrə müqayisəli göstəricilərinin əks
olunduğu cədvəli də nümayiş etdirən nazir bəzi
fənlər üzrə (ingilis dili, tarix və texnologiya)
iştirakçıların sayının
artdığına, bəziləri üzrə isə, əksinə,
azaldığına (ibtidai sinif, biologiya, coğrafiya və s.)
diqqəti cəlb etdi. Bütövlükdə II mərhələyə
buraxılanların sayının (208 nəfər) ötən
ildəkindən (231 nəfər) az olmasını isə təhsil
naziri Təşkilat Komitəsinin bu barədə qərar qəbul
edərkən sənədlərin ekspertizasını aparan
işçi qrupunun rəyinə əsaslanması ilə izah
etdi və bildirdi ki, təqdim olunmuş sənədlər
baxımından göstəriciləri daha uğurlu hesab edilən
və müsabiqə tələblərinin əksəriyyətini
ödəyən müəllimlərin növbəti mərhələyə
buraxılması məqsədəuyğun
sayılmışdır. İkinci mərhələyə
buraxılan müəllimlərlə bağlı bəzi əlavə məlumatlardan da söz
açıldı.
Nazir görüş
iştirakçılarının nəzərinə
çatdırdı ki, ötən illə müqayisədə
bu il fənn komissiyalarının tərkibində bir sıra dəyişikliklər
edilmiş, komissiyalara 33 nəfər yeni ekspert
salınmışdır ki, bu da 17 komissiya üzrə 89 nəfərdən
ibarət tərkibin 37 faizini təşkil edir. Təhsil naziri
təqdimatında komissiyaların tərkibi ilə
bağlı bəzi statistik məlumatları, eləcə də
"Ən yaxşı müəllim" müsabiqəsi
iştirakçılarının nümunə dərslərinin
təşkil olunacağı məktəblərin
adlarını açıqladı. Bildirdi ki, müsabiqənin
II mərhələsinə martın 11-dən başlanacaq. Dərslərin
dinlənilməsi ilə əlaqədar qrafik tərtib
olunmuşdur. Qiymətləndirmə meyarlarında dəyişiklik
edilmədiyini deyən təhsil naziri mövcud meyarları bir
daha görüş iştirakçılarının diqqətinə
çatdırıb, hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini
xatırlatdı.
Görüşdə fənn
komissiyalarının üzvlərinə öz
tapşırıq və tövsiyələrini verən təhsil naziri Misir Mərdanov
müsabiqənin dövlət başçısının sərəncamı
əsasında keçirildiyi və qaliblərə yüksək
məbləğdə pul mükafatı verildiyi
üçün böyük statusa malik olduğunu və
ictimaiyyətin diqqət mərkəzində durduğunu
vurğuladı, buna görə də hamının nəcib
bir məqsədə xidmət edən bu müsabiqənin
nüfuzuna, az da olsa, xələl gətirən heç bir
hala yol verilməməyə çalışmalı olduğunu
söylədi. Bu məsələyə çox həssaslıqla,
obyektiv və ədalətlə yanaşılmasının
vacibliyini bir daha vurğulayan nazir fənn komissiyalarının
üzvlərinə öz fəaliyyətlərində həmin
cəhətləri daim nəzərə almağı, dinlədikləri
dərsləri düzgün qiymətləndirməyi tövsiyə
etdi.
Təhsil naziri
çıxışının sonunda müsabiqə
iştirakçılarının dərslərinin dinlənilməsində
əvvəlki illərdə yol verilmiş bəzi
nöqsanların təkrar edilməyəcəyinə, hər
bir iştirakçının öz layiqli qiymətini
alacağına əminliyini bildirdi və sınaq dərslərinin
dinlənilməsinin təşkili ilə bağlı bəzi
məlumatları diqqətə çatdırdı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.2.