"Biz Heydər Əliyev irsindən öyrənirik" mövzusunda
elmi konfrans
Naxçıvan Dövlət
Universitetində "Biz Heydər Əliyev irsindən öyrənirik"
mövzusunda elmi konfrans keçirildi. Universitetin gənclər
təşkilatının və magistratura üzrə
dekanlığının birgə təşkil etdiyi
konfransı giriş sözü ilə açan rektor, akademik
İsa Həbibbəyli Heydər Əliyevin bəşər
tarixindəki nadir şəxsiyyətlərdən, siyasət nəhəngi
olmasından, Azərbaycanın milli müstəqilliyinin
qorunmasında, müasir dinamik inkişafında,
taleyüklü məsələlərin həllindəki
misilsiz xidmətlərindən bəhs etdi.
Rektor ulu
öndərin həyat və fəaliyyətinin, siyasi irsinin,
böyük ideyalarının öyrənilməsinin zəruriliyini
vurğuladı, ümummilli liderin anadan olmasının 90
illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında
"Heydər Əliyev ili" elan olunması ilə
bağlı keçiriləcək çoxsaylı tədbirlər
barədə məlumat verdi.
Magistratura üzrə Tələbə Gənclər
Təşkilatının sədri, Beynəlxalq əlaqələrin
tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə
I kurs magistrantı Lamiyyə Əliyeva "Heydər Əliyevin
gənclər siyasəti" mövzusunda məruzə edərək
Heydər Əliyevin gənclərə göstərdiyi
qayğıdan, gənclərlə işi dövlət siyasətinin
prioritet istiqamətlərindən biri kimi qəbul etməsindən
danışdı. Qeyd olundu ki, ölkəmizdə Heydər Əliyev
tərəfindən müəyyənləşdirilən gənclər
siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir.
Azərbaycan ədəbiyyatı
ixtisaslaşması üzrə I kurs magistrantı Püstə
Əhmədova "Heydər Əliyev
və Naxçıvan"
mövzusunda məruzəsində bildirdi ki, dünya
şöhrətli siyasətçi, görkəmli dövlət
xadimi Heydər Əliyev 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
işləyərkən blokada şəraitində olan
Naxçıvanı erməni hücumlarından,
işğalından qorumuş, Azərbaycanın gələcək
müqəddəratı ilə bağlı mühüm tarixi
siyasi qərarlar qəbul etmiş,
muxtar respublikanın hərtərəfli inkişafı
istiqamətində çoxşaxəli tədbirlər həyata
keçirmişdir. Ümummilli lider Azərbaycan rəhbərliyinə
qayıtdıqdan sonra da
Naxçıvanın sosial-iqtisadi, elmi, mədəni tərəqqisini daim diqqət mərkəzində
saxlamışdır. Bu gün ölkə
başçısı və muxtar respublika rəhbərliyi tərəfindən
Heydər Əliyev məktəbinin və siyasi kursunun layiqincə davam etdirilməsinin nəticəsidir
ki, Naxçıvan özünün əsl intibah
dövrünü yaşayır.
Mətbuat ixtisaslaşması üzrə
I kurs magistrantı Səadət Əliyeva "Heydər Əliyev
və Azərbaycan mətbuatı" mövzusunda məruzəsində
ümummilli liderin milli jurnalistikanın demokratik prinsiplər əsasında
inkişafı, söz, mətbuat azadlığının,
plüralizmin təmin olunması istiqamətində qəbul
etdiyi qərarlar, kütləvi informasiya vasitələrinə,
jurnalistlərə hərtərəfli qayğısı barədə
ətraflı məlumat verdi. Qeyd olundu ki, Azərbaycan milli mətbuatının
daha da inkişaf etdirilməsi sahəsindəki bütün bu
xidmətlərinə görə Heydər Əliyev 2002-ci il
martın 22-də "Ruh" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin
dostu" mükafatına layiq görülmüşdür.
Konfransda ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətini əks etdirən slaydlar,
"Tarixin Heydər Əliyev zirvəsi" adlı sənədli
film də nümayiş etdirildi.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Azərbaycan müəllimi.- 2013.- 15 mart.- S.4.