ADU-da "Ağacəkmə günü" adlı Çin milli bayramı keçirildi
Martın
12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin
dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı
ilə Çinin "Ağacəkmə günü" adlı milli bayramına həsr
olunmuş tədbir keçirildi. Tədbir Çində
kütləvi ağacəkmə təşəbbüsünə
qatılmış görkəmli Çin
inqilabçısı Sun Yatsenin ölüm gününə
həsr olunmuşdu.
Tədbirdə regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin tələbələri-
Rəna Ağayeva Azərbaycan dilində, Ülviyyə Afət
ingilis dilində bayramın yaranma tarixi və adət-ənənələri
haqqında məlumat verdilər.
Daha sonra Çin Xalq
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Xun Tsyuinin müşaviri xanım
Li çıxış edərək
universitet tələbələrinin belə təşəbbüslərinin,
Çin mədəniyyəti, tarixi və dili ilə
maraqlanmalarının təqdirəlayiq olduğunu söylədi.
Çin dili və mədəniyyəti
mərkəzinin direktoru Rafiq Abbasov isə
çıxışında Azərbaycanda ətraf mühitin
mühafizəsi sahəsində dövlətin göstərdiyi
qayğıya diqqət çəkdi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
əsasən 2010-cu ilin ölkəmizdə "Ekologiya
ili" elan edildiyi bildirildi. O qeyd etdi ki, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə ətraf mühitin qorunması istiqamətində bir
sıra layihələr həyata keçirilir, ağacəkmə
kampaniyası uğurla aparılır.
R.Abbasov həmçinin Azərbaycanın, Bakının hələ
70-ci illərdə əsaslı yaşıllaşdırılması
proqramını da xatırlatdı. O, xalqımızın
ümummilli lideri Heydər Əliyevin ötən əsrin
90-cı illərində Pakistanda, Qazaxıstanda, Türkmənistanda,
Rusiyanın tərkibində yerləşən Çuvaş
Respublikasında yaradılmış "Əliyev
Xiyabanı"na baxış zamanı simvolik ağacəkmə
mərasimlərində iştirak etdiyini vurğuladı.
Sonra regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinin tələbələri
Nərgiz Niyazova və İlahə Məmmədova ingilis dilində
Çində siyasi xadimlərin ehtiram göstərdiyi,
"millətin atası" adlandırılan Sun Yatsenin həyat
və fəaliyyəti, siyasi yanaşmaları, dünyanın
siyasi fikirləri tarixinə daxil olan "üç xalq
prinsipi" və beş vilayətin konstitusiyası
haqqında gedən proseslərə həsr olunmuş məruzələrlə
çıxış etdilər.
Daha sonra universitetin
çinşünaslıq ixtisasının tələbələri
Çin dilində "Ağacəkmə günü"nə
və Çin inqilabçısı Sun Yatsenə həsr
olunmuş şeirlər söylədilər.
Bayram tədbirinin davamında, həmçinin
Çin kinematoqrafiyasından kadrlar, Sun Yatsenin fəaliyyəti
haqqında bədii-sənədli film nümayiş olundu.
Sonda ADU-nun regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin dekanı,
dosent Məcid Əliyev tələbələrin bu cür tədbirlərə
maraqla yanaşdıqlarından məmnun olduğunu bildirdi. O,
Azərbaycanın Prezidenti
İlham Əliyev tərəfindən yürüdülən
siyasət nəticəsində ölkəmizin
inkişafının daha da yüksək pilləyə
qalxacağına əminliyini ifadə etdi. Dekan tələbələrə
müxtəlif dillərə yiyələnərək
dünyada öz sözünü deyən mütəxəssislər
kimi yetişməyi arzuladı.
ADU-nun
Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.4.