Mənim
qayğıkeş müəllimim
Dünyaca
məşhur fransız yazarı Viktor Hüqo deyirdi ki, əməllərimiz bizi
göylərə də ucalda bilər, dərin
uçurumun dibinə də ata bilər. Biz öz əməllərimizin
övladlarıyıq.
Böyük alim, filologiya elmləri doktoru, professor və mənim elmi
rəhbərim Kamran İmran
oğlu Əliyev
məhz öz xeyirxah
əməllərinin övladıdır.
Mən
Kamran müəllim
haqqında əvvəlcədən çox
eşitsəm də, onun elmi
yaradıcılığına müəyyən bələdçiliyim
olsa da, onunla ilk şəxsi
tanışlığım prorektor
işlədiyi zaman olub.
Elmi araşdırmaya meyilim
olduğunu söylədim. Tanrının xoş bir saatında Kamran müəllim
də belə bir xəbəri çoxdan gözləyirmiş kimi Hüseyn Cavid yaradıcılığı əsasında
romantik üslub və
tərcümə problemləri ətrafında araşdırma
aparmağın daha uğurlu
olacağını diqqətimə yetirdi.
Beləcə həmin gün Kamran müəllimin mənimlə olan kiçik söhbəti sonrakı taleyimdə böyük dönüş
nöqtəsi oldu.
Elmi işimin
mövzusunun
təsdiq olunmasına Kamran müəllimin
mötəbər alim sözü
xüsusi təkan verdi.
Onun gətirdiyi ciddi
arqumentlər, göstərdiyi faktlar və
dəlillər elmi işimin
mövzusunun yekdilliklə təsdiq
olunmasını sürətləndirdi.
Bu illər ərzində mən
Kamran müəllimi
daha yaxşı tanıdım. Elmi rəhbərimin nə qədər
qayğıkeş, həssas bir ürək
sahibi olduğunun dəfələrlə
şahidi oldum. Kamran müəllim
hər bir dissertantının,
aspirantının elmi işinin
plan-prospektinin detallarınacan işlənib
hazırlanmasından tutmuş onların nədən
başlayıb nədə qurtaracaqlarına, qoyulacaq
problemlərin aydınlaşdırılmasına, hətta
hansı ədəbiyyatlardan istifadə edəcəklərinə
qədər, demək olar ki, bütün məsələlər
barədə öz
məsləhətlərini əsirgəmir. Hətta yetirmələrinin
əldə edə bilmədikləri elmi ədəbiyyatları
öz şəxsi kitabxanasından gətirmək zəhmətinə də
qatlaşır.
İnsan şəxsiyyətinin tam açılmasında, məncə, birgə
iş prosesinin rolu heç nə ilə
müqayisə oluna bilməz. Burada insanlar bir-birlərini
müxtəlif tərəflərdən daha
yaxşı tanıyır, öz həmkarlarının
sevincinə, ağrısına şərik olur,
zaman keçdikcə isə
qaynayıb-qarışır, doğmalaşırlar. Kamran müəllim işdə nə qədər
tələbkardırsa, əməkdaşlarının üzləşdikləri
hansısa problemlərin həll olunmasında o
qədər yanımcıldır. Hər hansı bir çətinliyi olan əməkdaşların
istənilən probleminin həlli üçün Kamran müəllim dərhal müxtəlif
instansiyalara üz tutur, şəxsi nüfuzundan
istifadə edərək problemin tezliklə
həll olunmasına çalışır. Onun mənim üçün
yaddaqalan ən ümdə keyfiyyətlərindən
biri qeyri-adi dərəcədə
uzaqgörənlik bacarığına sahib
olmasıdır. Kamran müəllimin məsləhətləri,
tövsiyələri həyatımın sonrakı səhifələrinin ən gərgin anlarında da köməyimə
çatmışdı.
Kamran müəllimin 60 ildə
keçdiyi yol heç də hamar
olmayıb. Kamran Əliyev 1953-cü il mart ayının 5-də
Naxçıvan Muxtar Respublikası Şərur
rayonunun Diyadin kəndində
doğulub. Beş
yaşında dərsə gedib. 1969-cu ildə
Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat
fakültəsinə daxil olub
və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Beşillik tələbəlik illəri
Kamranın qəlbində silinməz izlər buraxır. Kamran hələ universitetdə oxuyarkən
müəllimlərin əksəriyyəti onun
haqqında yüksək fikirdə olublar.
Hətta ADU-nun ədəbiyyat
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Abbas Zamanov Kamran Əliyevin diplom işi haqqında
"Ədəbiyyat və incəsənət" qəzetinin
1974-cü il 6 iyul tarixli nömrəsində məqalə çap etdirir. Abbas Zamanov yazır: "Kamran Əliyev diplom işini 20-ci və 30-cu illərdə
qızğın fəaliyyət göstərən Mustafa Quliyevin ədəbi-tənqidi
görüşləri mövzusuna həsr
etmişdir. O, səbr və
inadla axtarışlar aparıb M.Quliyevin bütün əsərlərini
mövzularına görə qruplaşdırmış, tədqiq
etmiş, həmçinin ədibin
müxtəlif zamanlarda Azərbaycan və
rus mətbuatında çıxan məqalələrinin
biblioqrafiyasını düzəldib diplom
işinə əlavə kimi vermişdir.
Diplom işindən alınan xoş təsir göstərir ki,
K.Əliyev universitetdə təhsil aldığı müddətdə
müəyyən mövzuda tədqiqat aparmaq, elmi və bədii əsəri
təhlil edib orijinal nəticələrə
gəlmək, öz elmi
fikirlərinin arasında məntiqi rabitə yaratmaq
vərdişi
əldə edə bilmişdir. Əlbəttə,
bu, fərəhləndirici haldır".
Hər
qanadla da uzağa uçmaq olmur, o baxır uçmaq üçün
qanadı kimdən almısan. Bizə belə gəlir ki, K.Əliyevə bu
qol-qanadı professor Abbas
Zamanov verib və bu dahi insan
öz tələbəsini həyat səmasının
ənginliklərinə uçurdub. K.Əliyev
də ustadının haqq-sayını heç
vaxt itirməyib. Abbas Zamanovun adı gələndə ayağa durub, bu böyük şəxsiyyətin
pak ruhu önündə
ehtiramla baş əyib
və onun həyat və
yaradıcılığı haqqında "Abbas
Zamanov olmasaydı" kitabını
yazıb.
Kamran müəllim universiteti bitirdikdən sonra
iki il təyinatı
üzrə işləyir və elmi
araşdırmalara, tədqiqat işlərinə olan sonsuz marağı onu Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasına gətirib
çıxarır. Gənc alim professor Kamal Talıbzadənin elmi rəhbərliyi
ilə "XX əsr romantiklərinin ədəbi-nəzəri
görüşləri" mövzusunda
namizədlik dissertasiyası müdafiə edir.
Bu tədqiqat əsəri XX
əsr Azərbaycan ədəbiyyatının bir
sıra mühüm məsələlərini
dərindən öyrənməyə imkanlar
açır. Dissertasiyada
az tədqiq olunmuş
mühüm məsələlərə daha çox diqqət yetirilmişdi. Kamran Əliyevin
1985-ci ildə kitab kimi
çap olunan "XX əsr
romantiklərinin ədəbi-nəzəri görüşləri"
əsəri orijinal elmi
fikirlərə görə romantizm barədə
sonrakı araşdırmalara örnək olmuşdur.
Hətta belə demək olar ki, Kamran müəllimin
"XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemi" mövzusunda doktorluq dissertasiyası işləməsinin də
səbəbi məhz elə həmin tədqiqatdır. Lakin onun doktorluq
dissertasiyası müdafiə etməsi də o
qədər asan olmadı.
Azərbaycan
MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Kamran Əliyevin
filologiya elmləri doktoru
alimlik dərəcəsi almaq
üçün
təşkil olunmuş müdafiə
26 yanvar 1990-cı il
tarixində olacaqdı. Lakin həmin gün müdafiə olmadı və ola da bilməzdi. Çünki 19-20 yanvarda
Bakıda qanlı hadisələr baş vermişdi.
Kamran müəllimin "XX əsrin
əvvəlləri Azərbaycan romantizminin
obrazlar sistemi" mövzusunda doktorluq
dissertasiyasının müdafiəsi fevral
ayının 16-da oldu. Müdafiə
müvəffəqiyyətlə keçirildi
və Kamran Əliyevə filologiya
elmləri doktoru adı verildi. Lakin bədxahların
gözü bunu
götürmədi. Ona hər tərəfdən
mane olmağa
çalışdılar. Kamran müəllim
1990-cı il oktyabr
ayının 24-də Moskvada
dissertasiyanı yenidən müdafiə etdi.
Kamran Əliyev inamlı alimdir. O, elmi
axtarışlarının, kəşflərinin inamında
yaşayır. Bu inam onu ən yüksək zirvələrə
qaldırdı. Bu zirvədən baxanda onun mötəbər
və möhtəşəm ziyalılığını görürük. Bu
ziyalılığı səciyyələndirən əsas stimul yazmaqdır, özü
də dərindən yazmaqdır.
"XX
əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri" (1985), "Hüseyn
Cavidin şəxsiyyəti və
poetikası" (1997), "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər" (1998),
"Cavid möcüzəsi" (2002),
"Azərbaycan romantizminin
poetikası" (2002), "Azərbaycan romantizminin
nəzəriyyəsi" (2006), "Romantizm
və folklor" ( 2006),
"Teoriya Azerbaydjanskoqo
romantizma" (2006), "Hüseyn
Cavid: həyatı və
yaradıcılığı" (2008), "Abbas
Zamanov olmasaydı" (2011), "Eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu"
(2011), "Tənqidin poetikası" (2012), "Ədəbiyyat
tarixinə bir baxış" (2013),
"Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar"
(2013) monoqrafiyalarında ifadə olunan
fikirlərin nə qədər faydalı olduğunu
ədəbiyyatşünaslar özləri yaxşı bilirlər.
Ədəbiyyatşünaslığa
xidmət əzmilə yazıb-yaradan professor
K.Əliyev eyni zamanda
Naxçıvan Dövlət Universiteti nəzdində
fəaliyyət göstərən Dissertasiya
Şurasının, Folklor İnstitutunun
Elmi Şurasının, Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Hazırda Azərbaycan MEA Folklor İnstitutunda Folklor və yazılı ədəbiyyat
şöbəsinin müdiridir.
Kamran Əliyevin şəxsiyyətindən
danışarkən onu yalnız bir alim kimi
xarakterizə etmək də düzgün yanaşma olmazdı. O, gözəl ailə
başçısı, yüksək elm təşkilatçısı,
peşəkar nasir, fəal ictimai xadim, hər zaman tələbələrinə, doktorant və dissertantlarına, bir sözlə,
köməyə ehtiyacı olan, elmi fəaliyyətə qədəm qoyan hər bir insana qayğıkeşliklə yanaşan bir azərbaycanlı vətəndaşdır.
Bu günlərdə dəyərli
müəllimim, çox sevdiyim
Kamran müəllimin anadan
olmasının 60 ili tamam
olur.
Kamran Əliyev elmi-ədəbi aləmdə
qazandığı uğurlara, ictimai həyatdakı
fəaliyyətinə, nüfuzuna və
yaşadığı ömür yoluna görə bu gün öz 60 illik yubileyini könül xoşluğu
və böyük məmnunluqla qeyd etməyə layiq olan Azərbaycan
ziyalısıdır.
Dəyərli alimimizi
60 illik yubileyi
münasibəti ilə ürəkdən təbrik edir, ona uzun
ömür, möhkəm
cansağlığı, ailə xoşbəxtliyi, işlərində
və elmi yaradıcılığında
yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Ülviyyə
RƏHİMOVA,
filologiya
üzrə fəlsəfə doktoru,
Azərbaycan Universitetinin Azərbaycan
dili
və ədəbiyyatı kafedrasının müdiri
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.8.