Tələbə rəssamın fərdi sərgisi

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" müvafiq sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü ili "Heydər Əliyev ili" elan etməsi ilə bağlı olaraq Naxçıvan Müəllimlər İnstitutunda silsilə tədbirlər həyata keçirilir.

Martın 13-də institutun foyesində təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Lətafət Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi şərəfinə təşkil edilmiş dekorativ-tətbiqi sənət və kvilink janrı üzrə fərdi sərgisinin açılış mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli qeyd etdi ki, bu il institutumuzun müstəqil fəaliyyətinin 10 ili tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan institutumuz ötən illərdə bir sıra uğurlar əldə etmişdir ki, bu gün təqdimatına yığışdığımız bu fərdi sərgi də həmin uğurlardan biridir.

Bildirildi ki, institutda beş ixtisas üzrə min nəfərə yaxın tələbə təhsil alır. Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr özünəməxsusluğu ilə seçilirlər.

Lətafət Əliyeva muxtar respublikanın ucqar dağ kəndlərindən sayılan Şərur rayonu Tənənəm kənd tam orta məktəbini bitirərək 2009-cu ildə institutumuzun təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil almağa başlamışdır. Zəhmətkeş ailədə böyüyən, tərbiyə alan Lətafət də ötən illər ərzində özünü intizamlı tələbə kimi tanıtmaqla yanaşı, necə zəhmətkeş və qabiliyyətli olduğunu bu gün təqdim etdiyi işi ilə göstərir.

Tədbirdə çıxış edən muxtar respublika Ali Məclisinin deputatı, Azərbaycan və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, Naxçıvan MR Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva bildirdi ki, Naxçıvan Müəllimlər İnstitutunda yüksək səviyyəli belə bir sərginin təşkili təqdirəlayiq haldır. Lətafət Əliyevanın orjinal üslubda təqdim etdiyi əl işləri dekorativ - tətbiqi sənət və kvilink janrının inkişafı sahəsində müasir ruhlu bir rəssamın yetişdiyindən xəbər verir. O, həmçinin bildirdi ki, Müəllimlər İnstitutunun emalatxanasında və heykəltəraşlıq otağında gördüklərim məndə sevinc hissləri oyatdı. Bu təhsil ocağı, sözün həqiqi mənasında, təkcə rəsm müəllimi deyil, eyni zamanda gələcəyin müxtəlif janrlar üzrə rəssamlarını da yetirir.

Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi adından sərginin müəllifi Lətafət Əliyevaya hədiyyələr təqdim etdi.

Sərgiyə baxış zamanı Azərbaycanın xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycanın əməkdar rəssamı Telman Abdinov, filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli Eyvazlı, pedaqogika üzrə fəlsəfə doktoru, rəssam Mahir Xəlilov, tələbə Nazlı Məmmədova çıxış edərək fərdi sərgidə nümayiş etdirilən əsərlər haqqında ürək sözlərini söylədilər.

Sərgiyə gələnlər tədris emalatxanalarında rəssam tələbələrin şəraiti ilə də tanış oldularxoş təəssüratla ayrıldılar. 

 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 

 

Azərbaycan müəllimi.- 2013.- 15 mart.- S.7.