A.S.Makarenko və Azərbaycan
Böyük
pedaqoq, unudulmaz
yazıçı, özünün novatorluğu ilə bəşəri nüfuz qazanmış A.S.Makarenkonun
(1888-1939) anadan olmasının 125 ili tamam olur.
Müstəqil Dövlətlər Birliyinə daxil
olan ölkələrin bir
sıra idarə və elmi-pedaqoji müəssisələrində,
elmi-tədqiqat institutları və universitetlərində bu unudulmaz pedaqoqun
anadan olmasının 125 illik
yubileyi qeyd edilir. Moskva şəhərində
xüsusi elmi-pedaqoji konfranslar və digər tədbirlər həyata
keçirilir. Respublikamızda da bununla bağlı bir sıra tədbirlər keçirilir.
Tarixə yeni insan tərbiyəsi
nəzəriyyəçisi kimi əbədi
daxil olan Anton Semyonoviç 1888-ci il mart ayının 13-də
Ukraynanın indiki Sumı vilayətinin Belopolye şəhərində fəhlə ailəsində
anadan olmuşdur.
1917-ci ildə Poltava Müəllimlər İnstitutunu bitirmişdir.
A.S.Makarenkonun pedaqoji fəaliyyəti keçən əsrin
20-30-cu illərində o dövrün
məlum hadisələri - inqilab, vətəndaş
müharibəsi nəticəsində valideynlərini itirmiş, sahibsiz, evsiz-eşiksiz qaldıqlarından qanun pozan uşaqların tərbiyəsi,
onların yenidən həyata qaytarılması sahəsindəki gərgin əməyi ilə
bağlı olmuşdur. A.S.Makarenkonun
ən böyük xidməti sərgərdan
həyat tərzi keçirən yeniyetmələrin kütləvi
surətdə yenidən tərbiyələndirilməsini praktik olaraq həyata
keçirməsi olmuşdur. Onun fəaliyyəti başlıca olaraq iki uşaq
tərbiyə müəssisəsi ilə bağlı olmuşdur. Bunlardan biri Poltava
yaxınlığındakı uşaq əmək
koloniyası, digəri isə Xarkov
yaxınlığındakı əmək kommunası idi. Bu müəssisələrə
rəhbərlik etdiyi zamanlar
o, həmin dövr üçün xarakterik olan "Kollektivdə kollektiv
vasitəsilə tərbiyə nəzəriyyəsi"ni
işləyib hazırlamış və bununla
da tarixə novator pedaqoq kimi daxil
olmuşdur. Bununla belə o, kommunarların təlim
və tərbiyəsini istehsalat əməyi
ilə birləşdirmək haqqında ideyasını praktiki olaraq həyata keçirmiş, ailə tərbiyəsinə aid elmi-pedaqoji cəhətdən
əsaslandırılmış yeni nəzəriyyənin
prinsip, üsul və
vasitələrinin fəal təbliğatçısı olmuşdur.
A.S.Makarenko tarixə həm də
tanınmış yazıçı kimi daxil olmuşdur. Onun bədii yaradıcılığı ədəbi
və elmi-pedaqoji istedadın vəhdətinin
gözəl timsalıdır. Onun bədii əsərləri, ilk
növbədə, "Pedaqoji poema", "30-cu ilin
marşı", "Qüllələr üzərində bayraqlar", həmçinin "Valideynlər
üçün kitab"
adlı publisistik məqalələri yeni insan tərbiyəsi nəzəriyyəsinin
yaranmasına və inkişafına xidmət etmişdir.
Bu əsərlər uzun
illər müəllim və tərbiyəçilərin,
ümumiyyətlə xalq maarifi
işçilərinin stolüstü
kitablarından olmuşdur. Zəmanəmizdə
də bu əsərlər öz
aktuallığını və dəyərini qoruyub
saxlayır.
***
A.S.Makarenkonun pedaqoji
irsi zəngindir. Onun əsərlərində
pedaqoji görüşlərinin müəyyən
bir sistemi öz əksini tapmış, elmi
pedaqogikanın, xüsusilə də tərbiyə nəzəriyyəsinin
bir sıra vacib
problemlərinin metodologiyası şərh olunmuşdur.
Onun
görüşlərində pedaqogikanın
aşagıdakı problemləri, ilk
növbədə, tərbiyənin məqsəd və vəzifələri,
əxlaq tərbiyəsi, uşaq və gənclərin
tərbiyəsində kollektivin rolu, ictimai və şəxsi
mənafe, əmək və intizam tərbiyəsi,
təlimin istehsalatla əlaqəsi və
s. məsələlər dövrün
tələbi baxımından hərtərəfli işlənməklə
yanaşı "sabahkı günün
pedaqogikasının" yaradılmasına xidmət etmişdir.
A.S.Makarenkonun böyük
xidmətlərindən biri tərbiyə
məsələlərini işləməsi və bununla da pedaqoji
ictimaiyyətin diqqətini tərbiyə problemlərinə
yönəltməsi olmuşdur. O, tərbiyənin bir çox məsələlərini istər nəzəri
və istərsə də əməli olaraq
daha dərindən işləməklə
elmi pedaqogikanın tərbiyə nəzəriyyəsinin
inkişafında, onun metodoloji
məsələlərinin zənginləşməsində böyük xidmət göstərmişdir.
Tərbiyənin
məqsədini pedaqoji işin
ana xətti hesab edən
Makarenko mühazirələrindən birində
deyirdi: "Bizim vətəndaş
necə olmalıdır? Bunu biz bilirik. Biz
yeni adamın nə demək olduğunu, onun hansı
sifətlərlə fərqlənməli olduğunu
yaxşı bilməliyik. Biz yaxşı
bilməliyik ki, onun səciyyəsi,
əqidə sistemi, təhsili, iş qabiliyyəti, əmək qabiliyyəti
necə olmalıdır, bizim yeni ... adamımız nə ilə fərqlənməli,
nə ilə fəxr etməlidir". Biz,
ümumiyyətlə, insan deyil,
"vətəndaşı tərbiyə etməliyik" -
deyən Makarenko tərbiyənin üsul və vasitələrini bu böyük məqsədə
tabe edirdi.
Keçən
əsrin ortalarından başlayaraq A.S.Makarenkonun əsərləri dünyanın
bir çox
xalqlarının dilinə tərcümə edilmişdir.
SSRİ-də və xarici ölkələrdə
Makarenkonun pedaqoji irsinə
aid külli miqdarda kitab və məqalələr
çap olunmuşdur.
Onun nəzəri
müddəaları, elmi-pedaqoji və metodiki göstərişləri orta ümumtəhsil və texniki
peşə məktəblərində, ailə tərbiyəsində
və məktəbdənkənar tərbiyə müəssisələrində
yaradıcı surətdə tətbiq olunmuş
uşaq və gənclərin ictimai həyata hazırlanmasına
yaxından kömək etmişdir.
A.S.Makarenkonun zəngin pedaqoji
irsi Azərbaycan müəllimləri və
elmi-pedaqoji ictimaiyyəti üçün
də yaxın və əzizdir. Anton Semyonoviç və onun pedaqoji
görüşləri, hər şeydən əvvəl, bizim üçün həm
də ona görə yaxın və
doğmadır ki, o, öz həyatının bir
neçə gününü Azərbaycanda,
respublikamızın paytaxtı Bakı şəhərində
keçirmişdir.
A.S.Makarenkonun Bakıya gəlməsi nə
ilə əlaqədar olmuşdur? Qeyd etmək yerinə düşər ki, A.S.Makarenko Bakıya gəlməzdən
əvvəl Bakı fəhlələri ilə tanış idi. Bu tanışlıq hələ 1930-cu ilin
yanvar ayında kommunada
başlanmışdı. Belə ki,
1929-cu ildə Bakı Şəhər Soveti
ilə Xarkov Şəhər Soveti yarışırdı. Bu
münasibətlə də Bakı fəhlələrinin
nümayəndələri Xarkov şəhərinə
getmişdilər. Bakı fəhlələrinin nümayəndələri Xarkov şəhərində olarkən A.S.Makarenkonun işlədiyi F.E.Dzerjinski
adına kommunada olmuşdular.
Bu vaxt F.E.Dzerjinski
adına kommuna, nəinki təkcə
Sovetlər İttifaqında, habelə xarici
ölkələrdə də şöhrət
qazanmışdı.
Kommunada aparılan işlər
Bakı fəhlələri nümayəndə heyətinin xoşuna gəlmiş və onlara
yaxşı təsir bağışlamışdı.
Bakılılar kommunanın "Təsərrüfat
kitabı"na aşağıdakı sözləri
yazmışdılar: "Burada kommunarlardan əslində, nəinki təkcə
istehsalatçılar, həm də öz
həyatlarının gözəl təşkilatçıları
hazırlanır. Bizə bu təcrübəni
öyrənmək və Bakı uşaq
evlərində bundan istifadə etmək
lazımdır. Binanın, sinfin və yataq otaqlarının təmizliyi ən
yaxşı təəssürat oyadır".
A.S.Makarenko və onun
kommunarları Bakıda olarkən neftçilərlə, fəhlələrlə
və şəhər əhalisi ilə bir
sıra görüşlər keçirmişlər. Bu görüşlərdən biri
də Bakının ən qədim neft mədənlərindən
olan Bibiheybətdə olmuşdur.
Bakının
neft mədənləri kommunarlarda
xüsusi maraq
oyatmışdı. Kommunarlar dəstə-dəstə
mədənə dağılmış və Makarenkonun
sözlərilə desək, yarım saat
müddətində bütün xəndəklərə,
künc-bucaqlara baxmış,
neftçıxarmanın bütün təfsilatını
soruşub öyrənmişlər.
Görüşün sonunda
kommunarlardan biri - A.N.Şved çıxış edərək demişdir: "Bibiheybət fəhlələri!
Biz özümüzü
xoşbəxt hesab edirik
ki, sizin
bayrağı, sizin çox
böyük qələbənizi
alqışlamaq bizə nəsib oldu. Biz sizə heyran olmuşuq, biz sizdən
nümunə götürəcəyik, biz
qalib gəlməyi sizdən öyrənəcəyik!".
Bakılılarla
kommunarların növbəti görüşü
şəhər mədəniyyət və istirahət
parkında olmuşdur. Makarenkonun
yazdığına görə, həmin görüşə
2000-dən artıq adam
toplaşmışdı. Bu görüş də çox
təntənəli keçmiş və
yaxşı təəssürat buraxmışdır.
A.S.Makarenko bakılılarla olmuş bu görüşü
"yaxın adamların özlərinin ümumi
proletar
mahiyyəti ilə yaxın adamların həqiqi
yığıncağı" adlandırmışdır.
Bakılılarla
olan bu görüşü
Makarenko "ən yaxşı saatlar" hesab etmiş və kommunarların bu
yürüşünü özünün
"30-cu illərin marşı" adlı əsərində
təsvir etmişdir.
Makarenko
öz kommunarları ilə üç gün (23-25 iyul) Bakıda qaldıqdan sonra
Tbilisiyə yola düşmüşdür.
A.S.Makarenko özündən sonra böyük bir irs qoyub
getmişdir. Onun
ölümündən sonra, xüsusilə
1939-1941-ci illərdə Makarenkonun həyatı
və fəaliyyəti sistematik olaraq böyük diqqətlə
öyrənilməyə başlanılmışdır.
Makarenkonun pedaqoji
irsinin öyrənilməsi RSFSR-in əməkdar müəllimi
M.Kropaçayevanın "Pravda" qəzetində
dərc edilmiş "İstifadəsiz irs" ("Pravda", 17
mart 1940-cı il)
adlı məqaləsi ilə başlanmış, bundan sonra "Uçitelskaya qazeta"nın səhifələrində
açılmış mübahisənin gedişi
zamanı da genişlənib dərinləşmişdir.
M.Kropaçayevanın məqaləsində Makarenkonun
təcrübəsinin məktəblərə şamil
edilməsindən bəhs edilir. "Pravda" qəzeti az sonra "Ailə və məktəb"
adlı baş məqaləsində A.S.Makarenkonun pedaqoji irsinin böyük əhəmiyyətini
xatırladaraq, uşaqları kiçik yaşlardan etibarən kollektivçilik
ruhunda tərbiyə etməyin zəruriliyini
qeyd etmişdir. Orada deyilirdi: "Mütəşəkkil
və möhkəm kollektiv - sovet tərbiyə sisteminin
əsasının əsasıdır.
Yazıçı-pedaqoq Makarenkonun
maraqlı pedaqoji təcrübəsini
xatırlamağa dəyər" ("Pravda",
29 mart 1940-cı il).
M.Kropaçayevanın "İstifadəsiz irs"
adlı məqaləsinə cavab olaraq A.S.Makarenkonun
yetişdirmələrindən biri olan S.Kalabalinin "Öz müəlliminin ardınca" adlı
məqaləsi ("Pravda", 16 aprel 1940-cı il) dərc edildi. Bu məqalələr
ictimaiyyətin diqqətini A.S.Makarenkonun pedaqoji irsindən istifadə olunmasına cəlb
etmişdi.
1940-cı
ildə "Uçitelskaya qazeta"da müzakirə
təriqi ilə Leninqrad Dövlət Universitetinin dosenti N.A.Lyalinin "A.S.Makarenkonun
pedaqoji irsi
haqqında" adlı böyük məqaləsi
dərc edilmişdir ("Uçitelskaya
qazeta", 7-9 iyun
1940-cı il). Bununla əlaqədar
olaraq redaksiya
mübahisə açmışdır.
O vaxtlar "Pravda" və
"Uçitelskaya qazeta"nın səhifələrində
dərc edilən məqalələr Azərbaycanda da əks-səda doğurdu.
"Müəllim qəzeti" Azərbaycan
oxucularını A.S.Makarenkonun irsi ilə tanış etmək məqsədilə
N.A.Liyalinin yuxarıda adını çəkdiyimiz
məqaləsini də tərcümə edərək özünün 21 avqust və
6 sentyabr 1940-cı il
sayında çap etmişdir.
Bütün bunlar onunla nəticələndi
ki, o vaxtkı Azərbaycan
ETMİ-nin (bu institut indi Azərbaycan Təhsil
Problemləri İnstitutu adlanır) professoru B.B.Komarovskinin
"A.S.Makarenkonun pedaqoji
fəaliyyəti" adlı məqaləsi ("Müəllim"
qəzeti, 3 avqust 1940-cı il) nəşr edildi. Azərbaycan
oxucularını böyük sovet pedaqoqu və
yazıçısının həyat və fəaliyyəti
ilə tanış edən bu məqalənin
ardınca "Müəllim" qəzeti professor
M.Muradxanovun "Makarenkonun
pedaqoji sistemində uşağa
inam" adlı böyük
məqaləsini çap etmişdir
(7 dekabr, 1940-cı il).
Beləliklə,
1940-cı ildə Azərbaycan oxucuları ilk
dəfə olaraq böyük
sovet pedaqoqunun pedaqoji irsi ilə
tanış olmuşlar.
Azərbaycan
müəllimlərini və ümumiyyətlə maarif işçilərini Makarenkonun
irsi ilə daha dərindən
tanış etmək işində Azərbaycan SSR Maarif Nazirliyinin orqanı olan "Müəllimə kömək"
adlı elmi-pedaqoji və metodik
jurnalının böyük rolu olmuşdur. "Müəllimə kömək" jurnalı A.S.Makarenkonun pedaqoji irsinə
həsr edilmiş bir
sıra məqalələr, o cümlədən
professor B.B.Komarovskinin
"A.S.Makarenkonun pedaqoji
sistemində əmək tərbiyəsi", M.Muradxanovun
"A.S.Makarenkonun pedaqoji
sistemində uşaq kollektivi",
dosent Əmir Tağıyevin "A.S.Makarenko və fiziki tərbiyə"
(1946-cı il, ¹11-12) adlı məqalələrini
dərc etməklə Makarenkonun pedaqoji irsini yaymaq işində mühüm
rol oynamışdır.
Göstərilən
məqalələrin müəllifləri Makarenkonun
koloniyada və kommunadakı fəaliyyəti
ilə oxucuları tanış etmiş, uşaq kollektivi,
uşaqların əmək və fiziki tərbiyəsinə
aid onun fikirlərini nəzərdən
keçirmiş və ondan
istifadə etməyin bəzi yollarını göstərməyə
çalışmışlar.
Respublikamızın
oxucularını Makarenkonun əsər və
məqalələri ilə tanış etmək təşəbbüsü
də "Müəllimə kömək" jurnalına aiddir. 1940-cı ildə "Valideynlər üçün mühazirələr"
seriyasından Makarenkonun "İntizam", "Oyun",
"Pedaqoji təcrübənin bəzi nəticələri"
adlı mühazirələri tərcümə edilərək jurnalda nəşr olunmuşdur.
Azərbaycanda
A.S.Makarenkonun pedaqoji irsinin öyrənilməsi və ondan istifadə edilməsi işində dövri pedaqoji mətbuatla
bərabər, müəllim və maarif
işçiləri üçün təşkil
olunmuş mühazirələrin də böyük əhəmiyyəti olduğunu qeyd etmək
lazımdır.
1940-cı
ildə Azərbaycan SSR Xalq Maarifi Komissarlığı
kollegiyasının xüsusi iclası
çağırılaraq məktəblərdə və uşaq müəssisələrində Makarenkonun pedaqoji irsindən
istifadə etmək məsələsi geniş
müzakirə edilmişdir.
Azərbaycan
SSR XMK-nın kollegiyası Makarenkonun pedaqoji irsini öyrənərək
respublika müəllimlərinə izah etməyi, bundan
yaradıcı şəkildə istifadə olunması
yollarını göstərmişdir. Azərbaycan SSR XMK
kollegiyasının qərarı əsasında Makarenkonun irsini təbliğ
etmək işində respublikamızın pedaqoji
institutlarının pedaqogika kafedraları
da fəallıq göstərmişlər.
A.S.Makarenkonun pedaqoji irsini respublika müəllimləri arasında təbliğ
edənlərdən biri o
vaxt N.K.Krupskaya
adına Kirovabad Dövlət Müəllimlər
İnstitutunun pedaqogika
müəllimi Qasım Qafarzadə olmuşdur.
1941-ci ilə aid bir sənəddə
göstərilir ki, Qasım Qafarzadə həmin
ildə Azərbaycanın
31 rayonunda müəllimlər və
valideynlər qarşısında çıxış edərək
"A.S.Makarenkonun pedaqoji
irsi", "Şüurlu
intizam tərbiyəsi",
"Ata-ananın nüfuzu" və s. kimi pedaqoji
mövzularda 116 mühazirə oxumuşdur.
Yeri gəlmişkən onu da qeyd
edim ki, hələ
sovetlər birliyi dövründə 1951-ci
ildən, respublika siyasi
və elmi bilikləri yayan
cəmiyyətin üzvü, 70-80-ci illərdə
bu "Cəmiyyət"in pedaqogika bölməsinin sədr müavini və sədri olan
bu sətirlərin müəllifi də bu
böyük insanın pedaqoji
ideyalarının carçısı olmuş,
respublikanın Qazax rayonundan
tutmuş Lerik rayonuna qədər, Gədəbəydən tutmuş Qusar rayonuna qədər kənd və şəhərlərin
müəllim və valideynləri qarşısında, həmçinin
ADPU-nun dosenti Miri Həsənov ilə bərabər Qərbi
Azərbaycanın Vedibasar, Zəngibasar, Krasnoselo və Basarkeçər bölgələrində
silsilə mühazirələr oxumuş,
mətbuatda məqalələrlə çıxış etmişdir.
Onu da qeyd etmək lazımdır ki,
həmin dövrdə respublikamızın pedaqoji
mətbuatı ilə yanaşı, "Kommunist"
və "Gənc işçi" qəzetlərinin
səhifələrində də Makarenkonun
pedaqoji irsinə dair materiallar dərc edilmişdir.
Lakin Böyük
Vətən müharibəsinin başlanması görkəmli
pedaqoq və yazıçının irsinin öyrənilməsi sahəsindəki təqdirəlayiq
işləri müvəqqəti olaraq
dayandırdı. Bu dövrdə
respublikamızda A.S.Makarenkonun irsinə aid yalnız bir məqalə
dərc edilmişdir ("Müəllimə
kömək" jurnalı, 1944, ¹2-3). Böyük
Vətən müharibəsi qurtardıqdan sonra
Azərbaycan pedaqoqları və yazıçıları Makarenkonun ədəbi və pedaqoji
irsini öyrənmək, yaymaq
və ondan istifadə etmək sahəsində
başlanmış işi davam
etdirmişlər.
Azərbaycanda
A.S.Makarenkonun irsi iki yol ilə - onun özünün ədəbi
və pedaqoji əsərlərinin tərcümə
olunaraq çap edilməsi
və A.S.Makarenko haqqında məqalə
və əsərlər yazılması yolu
ilə oxuculara
çatdırılmışdır.
1946-cı
ildən başlayaraq A.S.Makarenkonun
ədəbi və pedaqoji irsi
üzərində aparılan elmi-tədqiqat işləri ilə
yanaşı, respublika
ziyalılarını, o cümlədən
xalq maarifi
işçilərini onun irsi
ilə silahlandırmaq və özlərinin pedaqoji
işlərində ondan istifadə etməyə
çağırmaq işində "Azərbaycan müəllimi" qəzetində
və "Azərbaycan məktəbi" jurnalında bu haqda bir
sıra məqalələr dərc edilmişdir.
"Azərbaycan müəllimi" qəzetində "A.S.Makarenkonun pedaqoji irsindən"
başlığı altında verilmiş
"İntizam, rejim (qayda), cəza və həvəsləndirmə"
adlı məqalə ilə əlaqədar olaraq
redaksiyanın qeydində deyilirdi: "Qəzetimizin
bu nömrəsindən etibarən böyük sovet pedaqoqu Anton Semyonoviç Makarenkonun öz qiymətli pedaqoji təcrübələri
əsasında yazdığı nəzəri məqalələrini
dərc etməyə başlayırıq. A.S.Makarenko
həqiqi vətəndaşlar yetişdirməklə öz nəzəriyyəsini təcrübədə
sınaqdan keçirmişdir...".
Makarenkonun işlədiyi
koloniyanın (kommunanın) şəraitini, tərbiyənin internatda aparıldığını və tərbiyə
edilən uşaqların müəyyən xüsusiyyətlərə
malik olduqlarını nəzərə alaraq redaksiya onun bütün təcrübələrini
bir ehkam kimi mexaniki surətdə
kütləvi şəraitdə həyata keçirməkdən
müəllimləri saqındırırdı. Makarenko özü
"işləmiş olduğum 7 il ərzində koloniyada
bir-birinə tamamilə oxşayan iki təsadüf olmamışdır", -
deməklə göstərirdi ki,
aparılmış təcrübəni eynən tətbiq etmək
olmaz. Makarenkonun
təcrübələrini eynən kütləvi məktəblərdə
həyata keçirməyə təşəbbüs edən
pedaqoqların işi müvəffəqiyyətsiz
olmuşdur. Odur ki, Makarenkonun təcrübə
və nəzəriyyəsini ətraflı surətdə
öyrənmək, onun ruhunu
qavramaq və ən başlıcası Makarenkonun qiymətli təcrübələrinə
yaradıcılıqla yanaşmaq
lazımdır. Xüsusilə onun
məktəbdə bolşevik qaydası yaratmaq və tərbiyə işində ona əsaslanmaq, şagird ictimai əfkarını ayrı-ayrı
intizamsız hərəkətlər əleyhinə yönəltmək,
ənənələr yaratmaq və s. haqqında fikir və təkliflərini
müəllimlərimiz yaxşı öyrənməlidirlər
("Azərbaycan müəllimi" 1946-cı
il, 16 may).
"Azərbaycan
müəllimi" qəzeti başladığı bu təşəbbüsü qəzetin
sonrakı nömrələrində də davam
etdirmişdir. Əgər 40-cı illərdə
Azərbaycan oxucuları A.S.Makarenkonun əsərləri
ilə yalnız qəzet və jurnal səhifələrində
dərc olunmuş kiçik
parçalarla tanış olurdularsa,
sonralar onun irihəcmli
əsərlərini ana dilində oxumuşlar. A.S.Makarenkonun ədəbi və pedaqoji irsinə
artan tələbatın və verilən
yüksək qiymətin nəticəsi olaraq
bir-birinin ardınca onun
bir sıra mühüm
əsərləri, o cümlədən
"Tərbiyə işləri haqqında" (məqalələr
məcmuəsi) kitabçası (Bakı, Azərnəşr,
1948) və 1950-ci ildə "Müəllim kitabxanası"
adı altında "Seçilmiş pedaqoji əsərləri", M.Arifin
tərcümə etdiyi "Pedaqoji poema" (Bakı, Uşaqgəncnəşr,
1952) və 1954-cü ildə "Kommunist
tərbiyəsi haqqında" irihəcmli kitabları ana dilində nəşr edilərək oxuculara çatdırılmışdır.
Məlum
olduğu kimi, A.S.Makarenko pedaqogika tarixinə
novator pedaqoq kimi daxil olmuşdur.
O, özünün novatorluğu
ilə sovet pedaqogika elmini zənginləşdirmiş və onu daha da
inkişaf etdirmişdir.
Professor Ə.Y.Seyidovun
"A.S.Makarenko novator
pedaqoqdur" ("Azərbaycan məktəbi"
jurnalı, 1949, ¹2) adlı məqaləsi məhz bu məsələyə
həsr edilmişdir. Professor
Ə.Y.Seyidov bir
sıra başqa məqalələrində,
məruzə və çıxışlarında da A.S.Makarenkonun novatorluğunu böyük
ehtirasla təbliğ edən ilk Azərbaycan pedaqoqlarındandır.
A.S.Makarenkonun yubileyi münasibəti ilə
yazılmış bir sıra qəzet və
jurnal məqalələri nəzərə
alınmazsa bu sahədə geniş tədqiqat işi
aparmaq və A.S.Makarenkonun
pedaqoji irsini
respublikamızda təbliğ etmək işi
birinci növbədə professor
M.Muradxanova aiddir.
A.S.Makarenkonun pedaqoji
irsinə həsr edilmiş onlarca əsər və məqalələr
müəllifi olan professor
M.Muradxanov bu böyük pedaqoqun irsinə
məhəbbətlə yanaşmış, onu
böyük həvəslə tədqiq etmişdir.
M.Muradxanovun bu sahədəki
mühüm xidmətlərindən biri budur ki,
o hər şeydən əvvəl, Azərbaycan
pedaqoji mətbuatı
vasitəsilə Makarenkonun pedaqoji
irsini yaymışdır. "Azərbaycan
məktəbi" jurnalında M.Muradxanovun
"A.S.Makarenkonun pedaqoji
irsində perspektiv xətlər sistemi və ondan istifadə
etmək yolları" (1953, ¹2), "A.S.Makarenko
intizam tərbiyəsi rejiminin
rolu haqqında" (1954, ¹4), "A.S.Makarenkonun tərbiyə müəssisələrində
əmək tərbiyəsi" (1958, ¹3), "A.S.Makarenko
uşaq
oyunları haqqında" (1962, ¹6) və s.
kimi irihəcmli məqalələri dərc
edilmişdir ki, burada müəllif unudulmaz
pedaqoqun pedaqoji irsini dərundən təhlil və şərh
etmişdir.
Professor M.Muradxanov
A.S.Makarenkonun pedaqoji
irsinə aid bir
sıra irihəcmli kitablar da
həsr etmişdir. "A.S.Makarenkonun pedaqoji irsi və məktəbdə ondan
istifadə etmək yolları" (Bakı, 1954), "A.S.Makarenko uşaqların ailə tərbiyəsi
haqqında" (Bakı, 1955), "A.S.Makarenko
əmək tərbiyəsi haqqında" (əlyazması
şəklindədir), "A.S.Makarenkonun pedaqoji irsi" (Bakı,
1965) və s. adlı əsərləri M.Muradxanovun uzun illərdən
bəri apardığı tədqiqat işinin
nəticəsidir ki, oxucular
bu əsərlərdən Makarenkonun
çoxsahəli pedaqoji irsini
hərtərəfli öyrənə bilirlər. Məhz bütün bunların nəticəsidir ki, Mərdan müəllimin müasirləri olan bizlər hələ onun
sağlığında ikən onu "Azərbaycanın
Makarenkosu" adlandırmışdıq.
Respublikamızda
A.S.Makarenkonun yubiley
tarixləri də unudulmamışdır. Bu
sətirlərin müəllifi də A.S.Makarenkonun
80, 100 illiyi ilə bağlı "Azərbaycan
məktəbi" jurnalının səhifələrində yubiley xarakterli məqalələr
çap etdirmişdir
(1968, ¹3 və 1988, ¹3).
Azərbaycanda
Makarenkonun psixoloji irsi də öyrənilmişdir.
Respublikanın görkəmli psixoloqlarından dosent
M.Məhərrəmov Makarenkonun psixoloji baxışları üzərində xeyli tədqiqat aparmış, xüsusilə onun iradə tərbiyəsi haqqındakı
fikirlərini geniş öyrənmişdir...
Beləliklə, Azərbaycanda Makarenkoşünasların bütöv bir nəsli yetişmişdir.
A.S.Makarenkonun öz
təravətini saxlayan
zəngin və qiymətli pedaqoji irsi Azərbaycan məktəb və pedaqogikasının
tükənməz mənbələrindən biri
olmuş və olaraq
qalır.
Bakının
Xəzər rayonundakı internat məktəbinə
A.S.Makarenkonun adının verilməsi respublika pedaqoji ictimaiyyətinin
unudulmaz pedaqoq və
yazıçıya dərin hörmət və məhəbbətinin
bariz ifadəsidir. Dost və qardaş
Ukrayna xalqının unudulmaz
oğlu A.S.Makarenkonun pedaqoji irsinin dərin mənası,
böyük məziyyəti və həyatiliyi
orasındadır ki, o,
artıq təcrübədə sınaqdan
çıxmış və milyonların hörmətini
qazanmışdır. Pedaqoqların bir
neçə nəslinin əməyi, sovet
məktəbi və pedaqogika elmi sahəsində qazanılmış qiymətli
nə varsa, zamanın sınağından
çıxmış nə varsa
hamısı qayğı ilə qorunmalı və ondan istifadə edilməlidir.
Hüseyn
ƏHMƏDOV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
ümumi
pedaqogika kafedrasının müdiri,
akademik
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.7.