Azərbaycan
təhsilinin uğurları
Dünya Kimya
Olimpiadasının bir bürünc, iki qızıl
mükafatçısı
Respublikamız müstəqillik
qazandıqdan sonra bir çox sahələrdə olduğu
kimi, təhsil və elm sahəsində də sürətli
inkişaf getmişdir. Bu inkişafın nəticəsində istedadlı
gənclərimiz ölkəmizi
beynəlxalq arenalarda uğurla təmsil edərək
üçrəngli bayrağımızı dünyanın
dörd bir yanında dalğalandırırlar. Azərbaycanımızı
elm sahəsində beynəlxalq olimpiadalarda uğurla təmsil
edən gənclərdən biri də hazırda İngiltərənin
London İmperial Kollecində (Imperial College London) doktorantura təhsili
alan Sənan Eminovdur.
Sənan 1987-ci ildə Bərdə rayonunda
anadan olub. Orta məktəbə Bərdə şəhər
3 nömrəli orta məktəbdə qədəm qoyub. Sənan sonra təhsilini Mingəçevir Özəl
Türk Liseyində başa vurub. Hələ
məktəbdə oxuyarkən kimya fənninə olan həvəsi
onu bu elmin sirlərinə dərindən yiyələnməyə
sövq edib. Elə bu həvəs də Sənanın
beynəlxalq olimpiadalarda uğur qazanmasına və gələcəkdə
böyük kimyaçı olmasına stimul verib. Qarşısına qoyduğu məqsədə
doğru daim inamla addımlayan Sənan yorulmaq bilmədən
çalışır, öz istəyinə nail olmaq
üçün var gücündən istifadə edir. Bu gərgin əməyin nəticəsidir ki, o,
artıq nəinki respublikamızda, hətta dünyanın bir
çox ölkələrində, əsasən də elmlə
məşğul olan insanlar arasında tanınır. Orta məktəbi fərqlənmə attestatı ilə
bitirən Sənan Eminov təhsil aldığı müddətdə
bir çox kimya olimpiadalarında iştirak etmişdir. 2003-cü ildə IX sinifdə oxuyarkən kimya
üzrə respublika fənn olimpiadasında qızıl medala
və həmin ilin iyul ayında Yunanıstanda keçirilən
35-ci Dünya Kimya Olimpiadasında bürünc medala layiq
görülüb. O, 2004-cü ildə yenidən
respublika fənn olimpiadasının qalibi olmuş və həmin
ilin iyun ayında Almaniyada keçirilən 36-cı Dünya
Kimya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək
qızıl medala layiq görülüb. 2005-ci ildə yenidən
respublika birincisi olan Sənan həmin ilin iyul ayında
Tayvanda keçirilən 37-ci Dünya Kimya Olimpiadasında
qızıl medala sahib çıxıb. Sənan Eminov beynəlxalq
fənn olimpiadaları tariximizdə ilk dəfə olaraq
Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında
imtahanın nəzəriyyə bölməsində ən
yüksək balı topladığı
üçün (229 mütləq baldan 228 bal) mütləq
birinciliyə layiq görülüb və xüsusi
mükafatla təltif olunub.
Bütün bu uğurlardan sonra
dünyanın bir çox tanınmış universitetləri
Sənanı öz təhsil ocaqlarında oxumağa dəvət
edib. Lakin Sənan Türkiyənin Orta Doğu
Texniki Universitetinə qəbul olunmuş, I kursu bitirdikdən
sonra təhsilini Almaniyanın Beynəlxalq Bremen Universitetində
davam etdirib. Universitetdə də öz
çalışqanlığı və mübarizliyi ilə
seçilən Sənan bakalavr pilləsini bitirdikdən sonra
magistraturanı oxumadan birbaşa həmin universitetin doktorantura
şöbəsinə qəbul edilib.
"Bu,
təkcə mənim uğurum deyil, ümumilikdə Azərbaycan
təhsilinin, müəlliminin uğurudur"
Sənanın dediklərindən: Orta məktəbdə oxuyarkən
kimya elminə xüsusi marağım var idi. Düşünürdüm
ki, qloballaşan dünyamızda bu elmə daha çox ehtiyac
var. Ölkə iqtisadiyyatının əsasını neft sənayesi
təşkil etdiyindən bu sahədə respublikamıza daha
yararlı olacağımı hesab edirdim. Bu
məqsədlə kimya fənninə daha çox vaxt
ayırıb bu elmin sirlərinə dərindən yiyələnməyə
çalışırdım. Mingəçevir
Özəl Türk liseyində oxuyarkən müəllimlərimin
köməyi və dəstəyi ilə respublikamızda
keçirilən fənn olimpiadalarına qatıldım.
Olimpiadalarda qalib olduqdan sonra professor Vaqif Abbasovun
başçılıq etdiyi heyətin dəstəyi ilə
biz hər il mütəmadi olaraq Dünya Kimya Olimpidalarına
hazırlaşırdıq. Bu hazırlıq mərhələsində
laboratoriya biliklərimizi artırmaq üçün Türkiyənin
nüfuzlu universitetlərində təcrübələr
aparırdıq. Olimpiadalarda respublikamızı təmsil edərkən
çox həyəcanlı idim.
Çünki Azərbaycanı təmsil
etmək nə qədər qürurverici olsa da, bir o qədər
də məsuliyyətli idi. Şükürlər
olsun ki, iştirak etdiyim olimpiadalarda respublikamızı şərəflə
təmsil etmişəm və sizin də bildiyiniz kimi ölkəmizə
1 bürünc, 2 qızıl medal gətirə bilmişəm.
Olimpiadalarda uğurlu çıxışlarım mənim gələcəkdə
bir kimyaçı kimi yetişməyimə xüsusi bir stimul verdi. Bu uğurlardan sonra artıq
dünyanın bir çox tanınmış universitetlərindən
təhsil almaq üçün təkliflər gəldi. Bu, çox qürurverici idi. Əldə etdiyim
uğurlarıma görə professor Vaqif Abbasov və Mütəllim
Abbasov olmaqla bütün müəllimlərimə borcluyam. Düşünürəm ki, bu, təkcə mənim
uğurum deyil, ümumilikdə Azərbaycan təhsilinin,
müəlliminin uğurudur. İstər
olimpiadalardakı uğurlarımda, istərsə də
sonrakı təhsil aldığım müddətdə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Dövlət Neft Şirkəti
tərəfindən daim maddi və mənəvi dəstək
almışam.
Olimpiadalardakı uğurlarımdan sonra
Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul
oldum və I kursu bitirdikdən sonra təhsilimi Almaniyanın Beynəlxalq Bremen Universitetində
davam etdirdim. Almaniyada təhsil aldığım
müddət ərzində təhsil haqqım,
yaşayış və qidalanma xərclərim universitet tərəfindən
ödənilmişdir. Bakalavr təhsili müddətində
2 il üzvi, qeyri-üzvi və analitik kimya
laboratoriyalarında professor assistenti kimi 1-ci və 2-ci kurs
bakalavr tələbələrinə əlavə dərslər
keçmişəm. Bundan başqa,
laboratoriyalarda kimyəvi eksperimentlərdə həmin tələbələrə
bir çox növ fərqli reaksiyalarda assistent kimi kömək
etmişəm.
Almaniyada təhsil aldığım
müddətdə ilk elmi işim "Qallotanninlərin
yaşıl çayın tərkibindən
ekstraksiyası" mövzusunda idi. Həmin mövzu üzrə məqaləm
dünyanın ən reytinqli jurnallarından birində
çap olunub. Bu elmi tədqiqat işi
çox sürətlə kökəlmə problemi olan
"obesiti" xəstəliyinin müalicəsi
üçün dərman preparatlarının
hazırlanmasında bir başlanğıc kimi
görülürdü. Çünki yaşıl
çayın tərkibində olan və qallotannin adlanan maddələr
bu xəstəliyin qarşısını almaq
üçün istifadə olunan əsas maddələrdən
biri kimi qəbul olunur.
Universitetin bakalavr pilləsini yüksək
nailiyyətlə bitirdikdən sonra təhsilimi davam etdirmək
üçün Böyük Britaniyanın ən məşhur
universitetləri olan Kembric, London İmperial Kollec, London
Universitet Kollec və Mançester universitetlərindən dəvətlər
aldım. Bunlardan London İmperial Kolleci
seçdim. Seçimimdə ən
böyük səbəb isə London İmperial Kollecin
dünyanın ilk 10 universitetindən biri olması və həmçinin
orada aparacağım elmi tədqiqat sahəsinin dünyanın
ən qlobal problemlərindən biri olan alternativ enerji
resurslarının olması idi. Bu sahədə
elmi işlərimi uğurla davam etdirdim. Əldə
etdiyim yüksək göstəricilərə görə
London İmperial Kollecin doktorantura pilləsinə dəvət
aldım. Hazırda London İmperial Kollecdə
doktorantura pilləsi üzrə təhsilimi davam etdirirəm.
Elmi tədqiqat işim, ion mayelərdən
istifadə edərək biokütlənin parçalanması və
alternativ enerji mənbəyi olan platforma kimyəvi maddələrinə
çevrilməsidir. Bu elmi tədqiqat
işi, yeni nəsil bioenerjinin alınması və tətbiqini
əhatə edir. Gələcək
üçün böyük ümid bəxş edən bu
elmi tədqiqat işi bir çox nüfuzlu şirkətlərin
və elmi araşdırma mərkəzlərinin diqqətini cəlb
edir. Düşünürəm ki, daha ucuz
və asan yolla alınan alternativ enerji mənbələri
başqa ölkələr üçün yox, öz ölkəmiz
üçün daha faydalı olacaqdır. Çünki hazırda tükənən neft rezervlərindən
minimum istifadə etmək və daha çox alternativ enerji mənbələrinə
üstünlük verilməsi vacibdir. Tədqiqat
işim haqqında qeyd etmək istədiyim ən əhəmiyyətli
hissə isə bu elmi tədqiqatın hazırda tükənməkdə
olan neft probleminə qarşı bir həlli yolu
olmasıdır. Çünki hesablamalara əsasən
neftin hazırdakı istifadəsinin sürəti təbiətin
eyni miqdar nefti istehsal etmə sürətindən 100.000 dəfə
daha sürətlidir. Bu isə tükənən
mənbə olan neftin yaxın yüzillikdə azalmasına gətirib
çıxaracaqdır. Mənim elmi tədqiqatlarımda,
müxtəlif növ bitkilərdən istifadə edərək
bioyanacaq mənbəyi olan HMF-in (5-hidroksimetilfurfuralin)
alınmasıdır. Bu bioyanacağın
enerji sıxlığı benzininkinə çox yaxın və
oktan ədədi 119-dur. Bu bioyanacaq tükənməyən
resurs olan bitkilərdən əldə edilir. Bu elmi tədqiqatın ən vacib məqsədi
enerjini tükənməyən mənbə olan müxtəlif
növ bitkilərdən almaqdır. Hazırda
bu istiqamətdə çox yüksək nəticələr əldə
edilib. Yaxın gələcəkdə bunun
sənaye miqyasına daşınması gözlənilir.
Onu da qeyd edim ki, bu yaxınlarda professor
Vaqif Abbasov London İmperial Kollecə gələrək elmi
işlərimizlə tanış olub. Hazırda London İmperial Kollec ilə Neft-Kimya
Prosesləri İnstitutu arasında birgə əməkdaşlıq
danışıqları aparılır. Bu,
bir azərbaycanlı kimi məni çox
qürurlandırır. Çünki dünyanın ən
nüfuzlu 10 ali təhsil müəssisələrindən
olan London İmperial Kollec Azərbaycanda bir elmi institut ilə əməkdaşlıq
edir. Mən bu əməkdaşlığın gələcəkdə Azərbaycan elminə
böyük töhfələr verəcəyinə
inanıram.
Düşünürəm ki, ölkəmizin
dünya dövlətləri tərəfindən
tanınması vacib amillərdən biridir.
Biz Azərbaycan vətəndaşları harada
olmağımızdan asılı olmayaraq bunun
üçün var gücümüzlə
çalışmalıyıq. Bu məqsədlə
mən də universitetdə və digər yerlərdə təşkil
olunan tədbirlərdə mütəmadi olaraq iştirak etməyə
çalışıram. Biz ölkəmizi
xaricdə təkcə təhsil, elm sahəsində deyil, həmcinin
lobbiçilik fəaliyyətimizlə də bütün
dünyaya tanıtmalıyıq. Bu sahədə
işlər görən fəal vətəndaşlarımıza
dəstək olmalıyıq. Biz Azərbaycanı
dünyaya tanıtdıqca, ölkəmiz dünyaya
açılan yeni bir pəncərə olacaqdır. Biz Londonda Azərbaycanı təmsil edən səfirlik
və təşkilatların bir çox tədbirlərinə
qatılırıq. Bu tədbirlərdə
azərbaycanlılarla yanaşı, müxtəlif xalqların
nümayəndələri də iştirak edir. Hər il mütəmadi olaraq Londonda Novruz şənliyi
keçirilir. Bu azərbaycanlıların bir yerə
toplaşmasına, milli adət-ənənələrimizin təbliğinə
xidmət edir. Bundan başqa azərbaycanlı
tələbələr olaraq bu yaxınlarda Londonda Xocalı
soyqırımı ilə bağlı olaraq aksiya keçirdik
və çox uğurlu alındı. İnanıram ki,
biz az da olsa xarici vətəndaşlara ermənilərin
Dağlıq Qarabağda törətdikləri vəhşiliklər
barədə məlumatlar çatdıra bildik.
Doktorantura pilləsindəki təhsilimi
başa vurduqdan sonra ən böyük arzum Azərbaycana
qayıdaraq Avropada əldə etdiyim nəzəri və praktik
bilikləri ölkəmizdəki gənc kimyaçılarla
bölüşüm, vətənimizdə kimya sahəsinin
inkişafında rol oynayım. Düşünürəm ki, bir vətəndaş
kimi dövlət qarşısında olan missiyamızı
yerinə yetirməliyik. Biz gənclərin
əldə etdiyi bütün uğurlar məhz dövlətimizin
bizlərə göstərdiyi diqqət və
qayğının nəticəsindədir. Bizim borcumuz isə bizə olan inamı və güvəni
doğrultmaqdır. Bunun üçün
biz bütün bilik və bacarığımızı
ölkəmizin inkisafı üçün yönəltməliyik.
Bizim ölkəmiz təbii sərvətlərlə
zəngin bir ölkədir. İstər yeraltı, istərsə də
yerüstü sərvətlərimiz çoxdur və demək
olar ki, neft və qaz ölkəsiyik. Buna görə
bizim çox savadlı və bacarıqlı
kimyaçılara və mühəndislərə
ehtiyacımız var. Çünki biz öz neftimizdən səmərəli
şəkildə istifadə etməliyik. Ən
böyük arzum elm sahəsində Azərbaycanda daha da
böyük işlər görmək və ölkəmizdə
elmin daha yüksək səviyyədə inkisafını təmin
etməkdir. Çünki
bu sahədə inkişaf ölkəmizi dünyada daha da
çox tanıdacaq. Hazırda ölkəmizin buna
çox ehtiyacı var. Bizim ölkəmizdə çox
savadlı alimlərimiz var, niyə də elm sahəsində
Nobel mükafatı alan ikinci müsəlman
bir azərbaycanlı olmasın?
"Onun
hazırcavablığı, məntiqli olması həmişə
mənim diqqətimi çəkmişdir"
Sənanın Bərdə şəhər
3 nömrəli məktəbdə ibtidai sinif müəllimi
olan Qətibə Məmmədovanın fikirlərini sizinlə
bölüşürük: Sənana 1994-1998-ci illərdə dərs demişəm. O,
ibtidai sinifdə təhsil aldığı müddətdə
özünü çalışqan, istedadlı,
bacarıqlı, əxlaqlı bir şagird kimi göstərmişdir.
Dərslərə xüsusi səylə
hazırlaşmış, "əla" qiymətlərlə
ibtidai təhsilini başa vurmuşdur. Xüsusilə, riyaziyyat, təbiətşünaslıq
fənlərində
çox fərqlənirdi. Ev
tapşırıqlarına çox böyük həvəslə
hazırlaşar və əlavə çalışmaları
da yerinə yetirirdi. Sinif müəllimi olaraq onun
hazırcavablığı, məntiqli, dostcanlı, mehriban və
ədalətli olması həmişə mənim diqqətimi
çəkmişdir. Bütün bu xüsusiyyətləri
onu yoldaşlarından fərqləndirirdi. Sənan sinifdənkənar,
məktəbdənxaric tədbirlərdə də hər zaman
fəal iştirak etmiş, öz qabiliyyəti ilə
seçilmişdir. Öhdəsinə düşən işləri
böyük bacarıq və məsuliyyətlə yerinə
yetirmişdir. İbtidai siniflərdə
qazandığı bu bilik və bacarıqlar onun gələcək illərdə də təhsil həyatının çox uğurlu
olacağını göstərirdi. Adətən,
ibtidai sinif müəllimi öz şagirdlərinin ikinci
anası olur. Mən də öz övladım kimi Sənanın
gələcəkdə gözəl bir insan olaraq
yetişəcəyinə həmişə ümid
etmişəm.
Bu gün də Sənanın
uğurlarını eşitdikcə çox fərəhlənirəm
və bu müvəffəqiyyətin ömür boyu davam etməsini
diləyirəm.
"Sevindirici
haldır ki, Sənan London İmperial Kollecində bakalavr təhsili
alan tələbələrə dərs
deyir"
Neft-Kimya Prosesləri İnstitutunun
direktoru, professor Vaqif Abbasovun Sənan
haqqında dedikləri: Sənan dünya olimpiadalarına
xüsusi hazırlıq mərkəzində hazırlıq
keçib. Həmin mərkəzi mən təşkil
etmişdim. Onun iştirak etdiyi olimpiadalarda
Azərbaycan komandasının rəhbəri də mən
olmuşam. Bu dövrlərdə onun necə
işgüzar, özünə tələbkar, hətta gecələr
belə yatmayaraq çalışdığını söyləyə
bilərəm. O, hətta orta məktəb şagirdi
olmasına baxmayaraq universitet proqramları çərçivəsində belə
hazırlaşırdı. Belə bir zəhmətin
bəhrəsi idi ki, Sənan 2003-cü ildə birinci dəfə
qatıldığı Afina olimpiadasında 3-cü yerə
layiq görüldü. Bundan sonra biliklərini
daha da mükəmməlləşdirən Sənan 2004-cü
ildə Almaniyada, 2005-ci ildə isə Tailandda keçirilən
kimya olimpiadalarının qalibi olaraq vətənə
qızıl medalla qayıtdı. O, Almaniyada ali məktəbdə oxuyarkən yeganə tələbə
idi ki, iki ixtisas üzrə diplom aldı. Hazırda
Sənan dünya üzrə reytinq cədvəlində
6-cı yerdə olan London İmperial Kollecdə təhsilini
davam etdirir. Sevindirici haldır ki, Sənan həmin kollecdə
bakalavr təhsili alan tələbələrə
dərs deyir. Sənan dünyada ən aktual
mövzulardan biri olan alternativ enerji mənbəyinin
yaradılması, yanacaq komponentlərinin aşkara
çıxarılması istiqamətində tədqiqatlar
aparır. Onu da qeyd edim ki, Sənan Eminovun London
İmperial Kollecdəki nüfuzuna görə həmin ali təhsil müəssisəsi bizim institut ilə
birgə əməkdaşlığa
başlamışdır. Biz indi həmin kolleclə
3 istiqamətdə əməkdaşlıq müqaviləsi
hazırlayırıq. Bizim institutun bir
neçə əməkdaşı London İmperial Kollecdə
ixtisas kursu keçərək təhsil alacaqlar. Onu da qeyd edim ki, ötən ilin oktyabr ayında
Bakıda keçirilən Beynəlxalq konfransda Sənan Eminov
ingilis dilində gözəl bir məruzə ilə
çıxış etdi və bu məruzə konfrans
iştirakçıları tərəfindən çox
yüksək qiymətləndirildi. Sənan
Eminovun ən böyük xüsusiyyətlərindən biri də
vətənə olan sevgisi, öz xalqına olan məhəbbətidir.
Dünyanın bir çox şirkət və təşkilatları
Sənanı öz müəssisələrində yüksək
əməkhaqqı ilə işlər təklif etsələr
də o, vətənə qayıtmağı və öz elmi
tədqiqat işini burada davam etdirməyi
düşünür. Xalqı, dövləti
üçün yaradıcı bir şəxsiyyət
olmağı planlaşdıran Sənan kimya elminin və sənayesinin
ölkəmizdə inkişafı naminə var gücü ilə
çalışır. Mən çox istəyərdim
ki, Sənan kimi kadr bizim institutda çalışsın və
rəhbər vəzifələrdən birini tutsun. Bundan başqa, yeni yaradılan Bakı Ali Neft Məktəbinə
də Sənan kimi kadrın böyük ehtiyacı olduğunu
düşünürəm. Həmin məktəbdə
kimya və neft mühəndisliyi fakültələrində
belə bir mütəxəssisə ehtiyac var. Mən Sənan
Eminov kimi şəxsiyyətin yetişdirilməsində əməyim
olmasından qürur duyuram. Fəxr edirəm ki, bizim millətin
Sənan kimi övladı var. Mən deyərdim ki, Sənan son
20 ildə gənclər arasında rast gəldiyim elm fədaisi
adlandırılan insanlardan birincisidir. O, elmi heç nəyə
qurban vermir. Mən hesab edirəm ki, Sənan gələcəkdə
dünya səviyyəsində çox böyük nüfuza
malik bir alim olacaq. Mən onun təhsilində əməyi
olan hər bir şəxsə, o cümlədən Bərdə
şəhər 3 nömrəli orta məktəbin və Mingəçevir
Özəl Türk liseyinin müəllimlərinə, onu olimpiadalara
hazırlayan hər bir şəxsə xüsusi minnətdarlığımı
bildirirəm. Sənan kimi bizim gənclərimiz
çoxdur, amma mən hesab edirəm ki, o hamısından
yüksəkdə durur.
"Sənan
Eminov gələcəkdə Azərbaycan üçün
dünya miqyasında qəbul oluna biləcək bir alim olacaqdır"
Sənan Eminov haqqında London İmperial
Kollecin kimya fakültəsinin dekanı, professor
Tom Velton bunları söyləyib: "Mənim Sənan
Eminovla tanışlığım 3 il bundan əvvəl
baş tutub. O, həm praktik, həm də nəzəri bilikləri
ilə bizim universitetin öndə olan tələbələrindən
biridir. Biz Sənanın yüksək səviyyəli
mütəxəssis olduğunu nəzərə alaraq tədqiqat
üzrə magistratura təhsilini London İmperial Kollecdə
bitirdikdən sonra universitetdə doktoranturada saxlamaq haqqında
qərar qəbul etdik. Hazırda S.Eminov
dünyada ən aktual elmi istiqamətlərdən biri olan
alternativ enerji mənbələrinin yaradılması sahəsində
tədqiqatlar aparır. Bu problemin həlli
gələcəkdə enerji probleminin həllinə yol
açır. Bu tək bizim
üçün deyil, bütün dünya üçün
aktual mövzudur. Bu sahədə o çox
yüksək nəticələr əldə edib və həmin
nəticələr dünyanın ən məşhur elmi
jurnallarında çap edilib. Hazırda o,
tədqiqatlarını bu sahədə davam etdirir və
yüksək çıxımla biokütlədən (müxtəlif
növ bitki qalıqları) bioyanacaq alınmasına nail olub.
Əminliklə deyə bilərəm ki, yüksək
biliklərinə və elmi araşdırmalar aparmaq qabiliyyətinə
malik olan S.Eminov gələcəkdə Azərbaycan
üçün dünya miqyasında qəbul oluna biləcək
bir alim olacaqdır.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.5.