Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam
Festivalı başa çatdı
Məlum
olduğu kimi, bu il martın 9-dan 19-dək Heydər Əliyev
Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan
Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı
ilə ölkəmizdə "Muğam aləmi"
Üçüncü Beynəlxalq Muğam Festivalı
keçirilmişdir.
Festivalın
açılış mərasimi martın 9-da Bakıdakı
Heydər Əliyev Mərkəzində olmuşdur. Təntənəli
açılış mərasimində Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, festivalın prezidenti, Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva iştirak etmişdir. Mehriban Əliyeva
mərasimi açaraq festivalın
iştirakçılarını,
ölkəmizə gələn bütün qonaqları səmimi
salamlamış və Üçüncü Beynəlxalq
Muğam Festivalını ölkəmizin mədəni həyatında
çox mühüm hadisə adlandırmışdır.
Festivalın əhəmiyyətindən danışan Mehriban Əliyeva
demişdir:
"Mən
ümidvaram ki, festival proqramı özündə Azərbaycanda
qonaq olan ölkələrin rəngarəng muğam ənənələrini,
uğurlarını, nailiyyətlərini də bizə
göstərəcəkdir. Ən əsası odur ki, beynəlxalq
muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək
və muğamın
həm ölkəmizdə, həm dünyada daha yaxşı
tanınmasına töhfəsini verəcəkdir".
Qeyd edək ki, builki festival bir sıra
yeniliklərlə seçilmişdir. Belə
ki, bu il ilk dəfə olaraq muğam
müsabiqəsi təkcə xanəndələr arasında
deyil, həm də instrumental muğam
ifaçılığı üzrə keçirilmişdir. Ölkəmizin bütün regionlarında fəaliyyət
göstərən musiqi məktəblərinin şagirdləri
festivalda iştirak etmək imkanı qazanmışlar. 10 gün davam etmiş festival çərçivəsində
elmi simpozium, gənc ifaçıların beynəlxalq
muğam müsabiqəsi, paytaxt və bölgələrdə
silsilə konsertlər təşkil edilmişdir.
Martın 12-dən 15-dək Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi
Muzeyində "Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalı çərçivəsində
keçirilmiş
Üçüncü Beynəlxalq "Muğam aləmi"
elmi simpoziumunda onun YUNESKO səviyyəsində təşkil
olunduğu və böyük tarixi əhəmiyyət
daşıdığı qeyd olunmuşdur. Simpoziumda təhsil
naziri Misir Mərdanov çıxış edərək bildirmişdir
ki, bu beynəlxalq festival təkcə muğam mədəniyyətini
deyil, eyni zamanda musiqi təhsili, musiqi elmi, muğamların tədris
olunması, qorunması və varisliyi, ifaçılıq sənəti,
gənc muğamşünas və ifaçı kadrların
hazırlanması, xalqlar arasında beynəlxalq mədəni
inteqrasiya və əlaqələrin genişlənməsi kimi
müasir, vacib və aktual olan məsələləri də
özündə ehtiva edir.
Nazir diqqətə
çatdırmışdır ki, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın ideyası və müəllifi
olduğu muğam layihələri Azərbaycan muğam mədəniyyətinin
müxtəlif istiqamətlərdə inkişaf etməsinə,
dünya miqyasında təbliğinə, onun elmi problemlərinin
tədqiqinə, muğamların müasir ali
musiqi məktəblərində tədrisinə, muğam mədəniyyətinə
mütəxəssis marağının artmasına səbəb
olmuşdur. Nəticə etibarı ilə muğamın tədrisində,
elmi cəhətdən öyrənilməsində, muğam
ifaçılığında, onun bəşəri mədəni
dəyər kimi təbliğ olunmasında yeni və
mühüm nailiyyətlər qazanılmışdır.
Misir Mərdanov vurğulamışdır
ki, son illər Təhsil Nazirliyi
Azərbaycan Milli Konservatoriyası və onun nəzdində fəaliyyət
göstərən Musiqi Kolleci ilə birgə respublika
muğam müsabiqələri keçirir, bu muğam
müsabiqələri milli musiqi
təhsilini daha da inkişaf etdirmək, muğam
ifaçılığı sahəsində yeni istedadlı gəncləri
aşkar etmək, gənclərin professional ifaçı kimi
formalaşmasına nail olmaq məqsədi daşıyır.
Üç gün davam etmiş elmi
simpoziumun bölmə iclaslarında ölkə alimləri və
xarici araşdırıcıların muğam və onun tədqiqi
ilə bağlı maraqlı məruzələri dinlənilmişdir.
Festival günlərində Gəncə
şəhər 5 nömrəli musiqi məktəbinin konsert
salonunda "Ustaddan şagirdə" muğam məclisi, Beynəlxalq
Muğam Mərkəzində Azərbaycan və Mərakeş
musiqiçilərinin birgə konserti, Şəki şəhərindəki
"Büllur saray"da respublikanın tanınmış xanəndələri
və yerli ifaçıların iştirakı ilə
muğam gecəsi, Beynəlxalq Muğam Mərkəzində
Misir və Azərbaycan musiqiçilərinin iştirakı ilə
geniş konsert və başqa tədbirlər təşkil
olunmuşdur.
Festival çərçivəsində
keçirilən ən mühüm tədbir isə
Üçüncü Beynəlxalq muğam müsabiqəsi
olmuşdur. Solo muğam ifaçılığı
və instrumental muğam ifaçılığı üzrə
keçirilən müsabiqənin ilk turu martın 15-də start götürmüşdür. Martın
16-da isə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının kamera və
orqan musiqisi zalında hər iki nominasiya üzrə müsabiqənin
ilk turuna yekun vurulmuşdur. Solo muğam
ifaçılığı üzrə martın 15-də
başlanmış birinci turun seçimlərində Azərbaycan,
İran, Çin, Mərakeş, Hindistan, Tacikistan, Türkiyə
və Türkmənistandan olan qrup və ifaçılar
iştirak etmişlər. Bu nominasiya üzrə müsabiqənin
birinci turunda fərqlənən Mirələm Mirələmov,
Ariz Hüseynli, "Buta" qrupu, Abdulla Qurbani (Türkiyə),
"Əndəlus gəncləri" qrupu (Mərakeş),
"Naghsh" ansamblı (İran) ikinci turda
çıxış etmək hüququ qazanmışlar.
İnstrumental muğam
ifaçılığı üzrə müsabiqənin
birinci turunda isə Azərbaycandan Pərviz Quliyev, Təbriz
Yusubov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Şəhriyar
Musayev və Aysu Sadıqova, Türkmənistandan Orazmurat
Annanepesov, Mərakeşdən "Əndəlus gəncləri"
qrupu, İordaniyadan Yaqub Smairat, Tarik Əlcundi, Belçikadan
Vincent Vilkin, Hindistandan Surindeh Singh və Türkiyədən
"Səda" qrupu iştirak etmişlər.
Bu turda fərqlənən Şəhriyar
İmanov, Bəhruz Zeynalov, Pərviz Quliyev, Şəhriyar
Musayev, Surindeh Singh ("Raqa" qrupu, Hindistan), Tarik Əlcundi
(İordaniya) instrumental muğam ifaçılığı
üzrə ikinci turda çıxış etmək hüququ
qazanmışlar.
Hər iki nominasiya üzrə ikinci tur
martın 17-18-də Azərbaycan Dövlət
Filarmoniyasının kamera və orqan musiqisi zalında təşkil
olunmuşdur. İki gün davam edən
ikinci tur başa çatdıqdan sonra martın 18-də qaliblərin
adları açıqlanmışdır.
İnstrumental muğam
ifaçılığı üzrə Azərbaycandan Şəhriyar
Musayev, Pərviz Quliyev, Şəhriyar İmanov, Bəhruz
Zeynalov, Hindistandan "Raqa" qrupu, solo muğam
ifaçılığı üzrə isə Azərbaycandan
Mirələm Mirələmov, Ariz Hüseynli, Türkiyədən
"Səda" qrupu, Mərakeşdən "Əndəlus
gəncləri" qrupu və İrandan "Nasim e Tarab"
qrupu qalib adını almışlar. Hər iki
nominasiya üzrə xüsusi mükafatların sahibləri də
müəyyən olunmuşdur.
İnstrumental muğam
ifaçılığı üzrə müsabiqənin
iştirakçılarını xalq artisti, professor Siyavuş
Kəriminin sədrliyi ilə Azərbaycandan əməkdar incəsənət
xadimi Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev,
Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine,
ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti
seçmişdir.
Solo muğam ifaçılığı
müsabiqəsinin iştirakçılarını isə
xalq artisti, professor Siyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan
xalq artistləri
Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən
Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidovun daxil olduqları
münsiflər heyəti qiymətləndirmişdir.
Qaliblərin hansı yerləri tutmaları
isə martın 19-da Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında keçirilən
"Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalının bağlanış mərasimində
məlum olmuşdur.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri,
xalq artisti Firəngiz Əlizadə çıxış edərək
bildirmişlər ki, Azərbaycanda 10 gün davam edən
"Muğam aləmi" Üçüncü Beynəlxalq
Muğam Festivalı təkcə ölkəmizdə deyil, sərhədlərimizin
hüdudlarından kənarda da böyük əks-səda
doğurmuşdur. Festivalda 24 ölkədən
nümayəndələrin iştirak etməsi faktı
muğam sənətinə və festivalına ildən-ilə
artan marağın göstəricisidir.
Sonra muğam müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar.
Qeyd edək ki, "Qran pri"
mükafatına layiqli namizəd olmadığından birinci
yer iki ifaçıya təqdim edilmişdir.
Solo muğam ifaçılığı
üzrə müsabiqədə azərbaycanlı xanəndə
Mirələm Mirələmov və İranın "Nasim e
Tarab" qrupu birinci yerlərə, Ariz Hüseynli ikinci,
Türkiyənin "Səda" və Mərakeşin "Əndəlus
gəncləri" qrupları üçüncü yerlərə
layiq görülmüşlər.
İnstrumental muğam
ifaçılığı üzrə isə birinci yerə
Azərbaycandan Bəhruz Zeynalov və Şəhriyar İmanov,
ikinci yerə Pərviz Quliyev, üçüncü yerlərə
isə Hindistanın "Raqa" qrupu və təmsilçimiz
Şəhriyar Musayev layiq görülmüşlər. Birinci
yerin sahiblərinə 15 min, ikinci yeri tutanlara 10 min,
üçüncü yeri qazananlara isə 5 min avro pul
mükafatı və bütün qaliblərə fəxri fərman
və festivalın emblemi təqdim edilmişdir.
Müsabiqədə müxtəlif
nominasiyalar üzrə fərqlənmiş musiqiçilər
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən
mükafatlandırılmışlar.
Sonda qaliblərin iştirakı ilə qala
konserti təqdim edilmişdir.
Qeyd etmək xoşdur ki,
Üçüncü Beynəlxalq muğam müsabiqəsində
instrumental muğam ifaçılığı üzrə
birinci yer tutmuş Bəhruz Zeynalov kollecimizin müəllimidir.
Onun tarda ifası tələbkar münsiflər
heyətinin bütün üzvləri tərəfindən
yüksək qiymətləndirilmişdir.
Müsabiqənin solo muğam
ifaçılığı üzrə birinci
mükafatçısı Mirələm Mirələmov da
kollecimizin məzunudur. Biz
onların hər ikisi ilə fəxr edirik. Qaliblərin hər birinə daha böyük
uğurlar arzulayırıq.
Sonda onu da xüsusi vurğulayaq ki, festival
çərçivəsində keçirilən
Üçüncü Beynəlxalq muğam müsabiqəsi Azərbaycanın
muğam ifaçılığında, xüsusən də
instrumental muğam ifaçılığında şəksiz
üstünlüyünü bir daha nümayiş etdirdi.
Təsadüfi deyil ki, müsabiqənin 10
qalib yerindən 6-nı, o cümlədən instrumental muğam
ifaçılığı üzrə 5 yerdən 4-nü məhz
həmyerlilərimiz qazandılar. İnstrumental muğam ifaçılığı
üzrə Azərbaycan təmsilçilərinin çox
böyük üstünlüyünü müsabiqənin
münsiflər heyətinin bütün üzvləri, o
cümlədən xarici mütəxəssislər də
xüsusi qeyd etdilər. Bu da, şübhəsiz,
Azərbaycanın muğamın vətəni olması, bu
möhtəşəm musiqi sənətinin ölkəmizdə
daha çox inkişaf etməsi ilə bağlıdır.
Nazim
KAZIMOV,
əməkdar incəsənət xadimi,
professor,
Üçüncü
Beynəlxalq muğam
müsabiqəsinin münsiflər heyətinin üzvü
Azərbaycan
müəllimi.- 2013.- 29 mart.- S.4.