Beynəlxalq müsabiqələr qalibi

 

Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə  milli musiqimizin inkişafı istiqamətində  həyata keçirilən müxtəlif layihələr uşaq və yeniyetmələrin incəsənətin bu növünə maraqlarını daha da artırır. Məhz bu  diqqət və qayğının nəticəsidir ki, musiqi məktəblərində, dərnəklərdə çalışan yeniyetmə və gənclər beynəlxalq festival və müsabiqələrdə  öz istedad və bacarıqlarını nümayiş etdirməklə fərqlənirlər.

 

 Oxucularımıza təqdim edəcəyimiz istedadlı  gənclərdən  biri 1995-ci ildə Bakıda anadan olmuş Nəcəf Vəliyevdir. Hazırda o, E.Quliyev adına  145 nömrəli  tam orta məktəbin XI sinif şagirdidir. Eyni zamanda o, Bakıdakı  LeopoldMstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində truba ixtisası üzrə  XI sinifdə təhsil alır. 2009-cu ildən musiqi ilə ciddi məşğul olmağa başlayan Nəcəf Vəliyev bir sıra şəhər, respublikaxarici ölkələrdə keçirilən tədbirlərdə çıxış edib. 2011-ci ilin martında  Bakıda keçirilən II Respublika müsabiqəsində o, II yerə layiq görülərək laureat adını qazanıb. Həmin ilin noyabrında  Bolqarıstanın  Stara Zaqora şəhərində keçirilən VI beynəlxalq müsabiqədə uğurla çıxış edərək I yerə layiq görülüb.

N.Vəliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan festivallarda, müxtəlif səfirliklərdə keçirilən tədbirlərdə, M.Maqomayev adına  Azərbaycan  Dövlət Filarmoniyasında  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının  20 illiyinə həsr olunan konsertdə də öz istedadını nümayiş etdirib. 2012-ci ilin oktyabrında  Nəcəf  Rusiya Federasiyasının Sankt-Peterburq, Moskva, Fransanın Koqolin şəhərlərində  keçirilən I beynəlxalq  musiqi festivalında  iştirak edib və fəxri diploma layiq görülüb. Gənc musiqiçinin nailiyyətləri nəzərə alınaraq, 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nəcəf Vəliyevin adı Azərbaycanın  gənc istedadlarının "Qızıl kitab"ına yazılmaqla o, Prezident təqaüdünə layiq görülüb.

Gənc  musiqiçiyə gələcək fəaliyyətində bizuğurlar diləyirik.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2013.- 29 mart.- S.6.