Müəllimdən
hansı keyfiyyətlər tələb olunur
Son
illər ölkəmizdə böyük
vüsətlə həyata keçirilən təhsil
islahatları təhsilin keyfiyyətinin yüksəldilməsinə,
dünyanın mütərəqqi və qabaqcıl təhsil
sistemlərinə inteqrasiyaya yönəlmişdir.
Bu istiqamətlərdə artıq xeyli uğurlar əldə
edilmişdir ki, bunlardan da ən mühümü, mənim fikrimcə, ümumi təhsildə aparılan məzmun
islahatları, yeni kurikulumların tətbiqidir.
Müasir təhsil modelinin əsasını
təşkil edən yeni kurukulumlarda əksini tapmış məzmun
standartlarının reallaşdırılması
üçün təlim strategiyalarının, qiymətləndirmə
meyarlarının düzgün seçilməsi mühüm
amillərdən biridir. Uzunillik təcrübəmə və
yeni kurikulumlarla tədris sahəsindəki son 4-5 illik fəaliyyətimə,
eləcə də yeni kurikulumlarla bağlı keçdiyim təlimlərdə
əldə etdiyim nəzəri və əməli bilik və
bacarıqlarıma əsasən deyə bilərəm ki,
müasir dərsin səmərəlilik səviyyəsi məhz
müəllimin bu seçimi necə etməsindən əhəmiyyətli
dərəcədə asılıdır. Müəllim dərslərdə
məzmun standartlarını seçərək təlimin məqsədini,
dərsin forma və üsullarını, təlim
tapşırıqlarını, qiymətləndirmə
meyarları və vasitələrini
düzgün müəyyənləşdirməyə,
cari planını reallaşdırmağa nail olmalıdır.
Məlum olduğu kimi, ümumi təhsil
təhsilalanların fiziki və intellektual inkişafına, zəruri
biliklərə yiyələnməsinə, onlarda sağlam həyat
tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş
təfəkkürünün formalaşmasına, milli və bəşəri
dəyərlərə hörmət hissinin
aşılanmasına, ailə, cəmiyyət və dövlət
qarşısında hüquq və vəzifələrinin
müəyyən edilməsinə imkan yaradır. Sadalanan
keyfiyyətlər ümumtəhsilin ibtidai təhsil səviyyəsindən
formalaşdırılmağa başlanır. Sevindirici
haldır ki, son illər ibtidai təhsilin nəticəyönümlü
məzmununun tətbiqi həmin keyfiyyətlərin uğurla
aşılanmasına münbit şərait
yaratmışdır. Fəal təlimin nəticəsi kimi
özünü göstərən dərsdə şagirdlərin
fəallığının artması, idrak qabiliyyətlərinin
inkişafı, dərsin tədqiqat xarakteri alması,
subyekt-subyekt münasibətləri üzərində
qurulması və s. kimi məsələlər bu prosesin daha səmərəli
getməsinə imkan verir.
Müasir dərs bu gün müəllimdən
fəal təlim mühiti yaratmağı, şagirdlərə
bilikləri müstəqil şəkildə əldə etməyi
öyrətməyi, ünsiyyət qurmaq, əməkdaşlıq
etmək, problemli situasiyalarda çıxış yolu tapmaq
kimi bacarıqlar formalaşdırmağı tələb edir.
Lakin bunlar azdır. Əgər müəllim hər bir dərsini
müasir tələblər səviyyəsində qurmaq, təlimin
qarşısında duran məqsəd və vəzifələrə
tam nail olmaq istəyirsə, onda daha geniş keyfiyyət,
bacarıq və vərdişlər spektrinə də yiyələnməlidir.
Mənim fikrimcə, müasir müəllim
yadda saxlamalıdır ki, dərs uşağın həyatının
bir parçasıdır. Şagird dərsdə
sıxılmış vəziyyətdə olmamalıdır.
Onda açıq, hər şeylə maraqlanan, yaradıcı,
hərtərəfli inkişaf etmiş şəxsiyyət
formalaşdırmalıdır. Müəllim uşağa
inanmalı, ona qol-qanad verməli, onda ümid
yaratmalıdır. Müəllim təşəbbüskar
olmalı, yenilikdən, qeyri-standart fikirləşməkdən
qorxmamalı, çox çalışmalıdır.
Müəllim öz şagirdləri ilə
birlikdə öyrənmək, onların müstəqil fəaliyyətini
planlaşdırmaq və təşkil etmək, şagirdlərin
fərdi xüsusiyyətlərini və maraqlarını nəzərə
almaqla onların müxtəlif iş növləri üzrə
fəaliyyətini təşkil etmək, müxtəlif fəaliyyətlərdə
şagirdlərin nümayiş etdirdikləri kompetensiyalara
münasibətdə ekspert mövqeyi tutmaq və onları
müvafiq kriteriyalarla qiymətləndirmək,
uşağın meylini bilmək və buna uyğun olaraq onun
üçün daha münasib tədris materialı və fəaliyyət
müəyyənləşdirmək, layihə təfəkkürünə
malik olmaq və şagirdlərin qrup şəklində layihə
fəaliyyətini təşkil etmək bacarıqlarına
malik olmalıdır.
Fəal təlim, müasir dərs müəllimdən
eyni zamanda tədqiqatçı təfəkkürünə
malik olmağı, dərsdə şagirdlərin tədqiqatçılıq
fəaliyyətini təşkil etməyi, ona rəhbərlik
etməyi, şagirdlərlə birlikdə işlənib
hazırlanmış kriteriyalara müvafiq olaraq öz nailiyyətlərini
qiymətləndirməyə imkan verən qiymətləndirmə
sistemindən istifadə etməyi, öz fəaliyyətinin və
davranışının refleksiyasını həyata
keçirməyi və digər bir çox bacarıqları
da tələb edir.
Müasir müəllimin ən
mühüm bacarıqlarından biri isə dərs məşğələlərini
dialoq və diskussiya şəraitində təşkil etməsidir,
Bütün bu keyfiyyət və
bacarıqlarsız müasir dərsi tələb olunan səviyyədə
təşkil edib aparmaq və yüksək nəticə əldə
etmək mümkün deyildir. Ona görə də mən
işlədiyim ibtidai siniflərdə
bütün bunları nəzərə alır və
özümdə bu keyfiyyətləri tərbiyə etməyə
səy göstərirəm. Çalışıram ki, hər
bir dərsim şagirdlərin marağına səbəb olsun,
onlar dərsdən zövq alsınlar. Bu məqsədlə dərslərimdə
şagirdlərin yaş xüsusiyyətlərini nəzərə
alaraq müxtəlif oyunlardan istifadə edirəm. Oyunların
tətbiqi ilə təşkil olunan qeyri-standart formalı belə
dərslər şagirdləri daha da maraqlandırır,
onların hamısının dərsdə
iştirakını təmin edir.
Səbirə
MUXTAROVA,
Masallı
şəhər 1 nömrəli tam orta
məktəbin
ibtidai sinif müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 29 mart.- S.5.