Müasir coğrafiya dərsi
Azərbaycan
Respublikasının təhsil sistemində islahatların
aparıldığı müasir zaman kəsiyində coğrafiyanın tədrisi
metodikasına olan münasibət xeyli dəyişmişdir. Müasir
coğrafiya mürəkkəb quruluşa malik olub "Təbiət-cəmiyyət-insan" qarşılıqlı
sistemini əhatə edir.
Coğrafiyanın tədrisi prosesində müxtəlif
aparıcı ideyalar nəzərə
alınmalıdır.
1. Fiziki-iqtisadi-coğrafi biliklərin
inteqrasiyası, hər hansı ərazinin kompleks
öyrənilməsi.
2.
Şagirdlərdə kartoqrafik təsvir
vasitələrinin köməyilə coğrafi
biliklərin formalaşdırılması.
3.
Şagirdlərin məntiqi düşüncəsində məkan
anlayışının - yerli, regional və qlobal miqyasda öyrənilməsinin təmin edilməsi.
4. Nəzəri
biliklərin praktik olaraq
tətbiq edilməsi coğrafiya fənninin
bütün mövzularında
aparıcı rola malik olmasının əsaslandırılması.
Azərbaycan
Respublikasının orta ümumtəhsil məktəblərinin
coğrafiya proqramında baş
verən əsaslı dəyişikliklər və xüsusilə
hazırda həyata keçirilən kurikulum
islahatı respublikanın dünya ölkələrinə
inteqrasiyası tədris prosesində yeniliklərin tətbiqini
labüdləşdirir.
Müəllim
yaradıcılığı pedaqoqun
şəxsi keyfiyyətlərinə davranış və həssaslığına
əsaslanan pedaqoji fəaliyyətin əsas
elementlərindən biridir. Müəllim
yaradıcılığının əsas mənbəyi
müəllimin şəxsi təcrübəsi şagirdlər
ilə ünsiyyəti, kollektivin təcrübəsi,
ümumi mütəxəssis
hazırlığı, mövqeyi və
müşahidəsidir. Coğrafiya tədrisinin
ümumi məqsədi
aşağıdakı təlim məqsədləridir:
1. Təhsilverici
məqsəd - fənnin məzmununun öyrənilməsi.
2. İnkişafetdirici məqsəd - idraki fəallığın
artırılması.
3. Tərbiyəedici
məqsəd - iqtisadi təfəkkür, ekoloji və coğrafi mədəniyyətin
inkişafı.
Coğrafiya fənninin əsas vəzifəsi
şagirdlərdə yaradıcı və müstəqil
düşünmə qabiliyyəti, müstəqil olaraq biliklərə yiyələnmək
bacarığını formalaşdırmaqdır.
Coğrafiya müəlllimi coğrafiya elminin bütün tədqiqat metodlarından xəbərdar
olmalıdır (müqayisəli, kartoqrafiq,
statistik və s.).
Müəllimin peşəkarlığı onun
davranışında əks olunur. Pedaqoji ünsiyyət müəllimlə
şagirdlər arasındakı birgə fəaliyyətin məqsəd
və məzmunları əsasında qurulmuş
qarşılıqlı təsir prosesini
özündə əks etdirir.
Pedaqoji ünsiyyətin əsasında
pedaqoji tapşırıq durur
ki, onun həlli
zamanı məlumatların ötürülməsi, şagirdlərin
onu qavramaq və dərk
etməyə sövq edilməsi, onların
emosional dəyərlərinin
yaradılması və fəaliyyətinin qurulması baş verir.
Ənənəvi
dərsdən fərqli olaraq müasir dərsin tələbləri
şagirdlərin idrak fəaliyyətinin
formalaşmasına yönəldilir. Müasir
dərsin ən vacib göstəricilərindən
biri dərsin məqsədinin qoyuluşudur. Dərsin məqsədi
coğrafiyanın məzmununa dair bilik və bacarıqlar əsasında şagird şəxsiyyətinin
formalaşdırılmasına istiqamətlənir.
Bütün bunları nəzərə
alaraq bu sahədə
topladığım təcrübəni bir
dərs nümunəsində oxuculara
çatdırmaq istəyirəm.
Mövzu:
Hidrosfer
1. Təlimin
məqsədi - hidrosferin tərkibinə daxil olan suların
izahını vermək, hidrosferə aid
bilikləri ümumiləşdirmək.
2. İnkişafetdirici məqsəd - suyun böyük və kiçik dövranının
yaranmasını təhlil etmək, quruda şirin suların yaranmasını izah etmək, suyun
dövranının sxemini qurmaq.
3. Tərbiyəvi
məqsəd - suyun insan
həyatında dəyərini qiymətləndirməyi başa salmaq.
4. Tədris
əhəmiyyəti - Praktik təlim
a) Ən mühüm
su mənbələrini xəritədə
göstərmək
b) Fiziki
xəritələrdə dərinlik şkalasına əsasən
okeanların dayaz və dərin yerlərini
müəyyən etmək.
Təlim
üsulları: "beyin həmləsi",
açar sxem, təsvirlər,
nəticənin üzə çıxarılması,
çıxış kartları.
Dərsin gedişi:
Dərs
yeni mövzunun elan edilməsi ilə başlayır.
İKT-dən
istifadə etməklə şəkillər nümayiş
olunur və şagirdlərə həmin
şəkillərə baxıb öz
fikirlərini bildirmələri təklif olunur.
Bu üsulla
mövzunun adı şagirdlərdən
alındıqdan sonra onlarda
hidrosferin tərkibi haqqında təsəvvür
yaratmaq üçün
sxem göstərilir.
Şagirdlərə belə bir tədqiqat sualı verilir.
"Sizcə təbiətdə olan sular təzələnirmi və bu təzələnmənin səbəbi nədir".
Tədqiqat sualından sonra yönəldici
fikir yaratmaq üçün suyun
dövranını əks etdirən animasiya
göstərilir.
Təqdimatın
aparılması
Şagirdlər
qrup şəklində əyləşirlər,
qruplara tapşırıqlar verilir.
Tapşırıq
1. Suyun bir
haldan digər hala keçməsinin səbəbi nədir?
2. Okean sularının tərkibi duzlu
olduğu halda nə üçün su
buxarı şirin olur?
3. Okeandan buxarlanan su hara
gedir?
1. Təsəvvür edin ki, təbiətdə
suyun böyük dövranı dayanıb. Sizcə bu zaman nə
baş verərdi?
2. Nəyə görə Hidrosferə Yer kürəsində istiliyin tənzimləyicisi
deyirlər?
3. Suyun insanın
təsərrüfat fəaliyyətində
əhəmiyyəti nədən
ibarətdir?
Belə qrup halında
tapşırıqların yerinə
yetirilməsi şagirdlərin
bir-birləri ilə əməkdaşlıq etmələrinə
və bir-birləri qarşısında öz
məsuliyyətlərini dərk
etmələrinə imkan
yaradır. Şagirdlərin birgə fəaliyyəti
problemləri bir yerdə həll etməyi onlara öyrədir. Qrupda iş biliyi sərbəst əldə etmək bacarıqlarının
inkişaf etməsi üçün şərait
yaradır. Şagirdlərin özlərinə inamının artmasını,
özlərini tam şəxsiyyət
kimi dərk etməsini, eyni zamanda şagirdin müstəqil şəxsiyyət
kimi inkişafını
təmin edir.
Məlumat mübadiləsi və müzakirəsi
Qrupların işləri təqdim olunur.
Bu mərhələdə şagirdlərin tədqiqatın
gedişində əldə
etdikləri yeni informasiyaların mübadiləsi
aparılır. Təqdimat yeni
biliklərin dairəsini
cızır və şagirdləri bir-birlərinin
təqdimatını fəal
dinləməyə sövq
edir.
Ümumiləşdirmə
və nəticə
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər, suyun
dövranının sxemini
qururlar və sonda verilən tədqiqat sualına yenidən qayıtmaqla əldə etdikləri nəticələri təhlil
edirlər. Qiymətləndirmə qrup şəklində
aparılır.
Refleksiya
- Siz bu
gün nə öyrəndiniz?
- Ən çox xoşunuza gələn
- İstərdim ki...
- Xoşuma gəlmədi
Ev tapşırığı
Ev tapşırıqları
şagirdlərin müstəqil
tədqiqat aparmasına,
sərbəst və yaradıcı düşünmə
qabiliyyətinin formalaşmasına
kömək edir.
Evə hidrosferin tərkib hissələrini əhatə
edən krossvord qurmaq tapşırılır.
Şəfiqə HÜMBƏTOVA,
Bakıdakı 258 nömrəli məktəbin
coğrafiya müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin
2011-2012-ci
il üzrə
qalibi
Azərbaycan müəllimi.- 2013.- 29 mart.- S.5.