Fəal təlim
metodlarından səmərəli istifadə edirəm
Fəal təlim
metodlarına əsaslanan dərsin xarakterik cəhəti ondadır ki,
müəllim təlim prosesində şagirdlərə təkcə
yeni elmi biliklər vermir, həm də onların təfəkkürünü
inkişaf etdirir,
şəxsi keyfiyyət və
qabiliyyətlərini aşkara
çıxarır.
Coğrafiya fənninin
tədrisində yeni təlimin nəticəsi
ətrafda baş verən hadisə və
proseslərin yaranma səbəblərini,
inkişafı və ərazi
üzrə paylanma
qanunauyğunluqlarının dərk edilməsinə xidmət
edir. Şagirdlər coğrafiyanı dərk
etməklə bütün bəşəriyyəti narahat edən qlobal
problemlərlə "üzləşir" və
onların həllinə dair bilik və
bacarıqlara yiyələnə bilirlər. Şagirdlərin
coğrafiyanı mənimsəməsi
onların dünyada baş
verən təbii, ictimai-siyasi proses və hadisələrin səbəblərini
dərk etmələri ilə
yanaşı, onlarda cəmiyyətin sosial-iqtisadi inkişafını təmin
etmək üçün təbii ehtiyatlardan səmərəli istifadə
yollarını və ətraf mühitin
mühafizəsinin mümkün
variantlarına dair bilikləri
formalaşdırır. Fəal təlimin köməyi ilə şagirdlər
mövzuları dərk etdikcə insanla təbiətin
əlaqələrinin nəticələrini özləri qiymətləndirir
və məntiqi mülahizələr irəli sürürlər.
Məsələn, mən Vlll
"A" sinfində "Xəzər
dənizinin problemləri" mövzusunu
keçərkən uşaqlar tərəfindən söylənən
çox maraqlı fikirlərin şahidi oldum. Şagirdlərin
Xəzərin problemlərinin çözülməsinə dair fikirləri, fikrimcə, çox
təqdirəlayiq idi.
Ümumiyyətlə,
fəal təlimin çoxşaxəli metodlarından istifadə
edərək coğrafiyanın düzgün
tədrisi vasitəsilə şagirdə
yaşadığı coğrafi ərazinin
əhəmiyyətini, mühafizəsinin həyat üçün
vacibliyini dərk etdirmək olar. O, buna, həmçinin,
xəritə və plan üzrə təhlillər
aparmaqla, müşahidələrdən
istifadə etməklə alınmış nəticələrə
dair diaqramlar, cədvəllər
qurmaqla nail ola bilər. Müasir təlim metodlarından istifadə ilk
növbədə müəllimin öz
işinə yaradıcı yanaşmasına, şagird-müəllim
münasibətlərində səmimiliyin yaranmasına imkan verir. İkinci
bir tərəfdən isə bu metodlardan istifadə
zamanı şagirdlər müstəqil fikir
yürütməyə vərdiş edir,
onların tam fəallığı
təmin olunur, onlar yeni bilikləri hazır şəkildə yox, apardıqları tədqiqatın
gedişində əldə edirlər. Dərsin daha keyfiyyətli alınmasında isə İKT-nin imkanları böyükdür.
Belə ki, kompüterin köməyi ilə müxtəlif
slaydların hazırlanması dərsin daha
da canlı keçməsinə kömək
edən amillərdəndir.
Mən
də dərs dediyim siniflərdə fəal
təlimin üsullarından istifadə etməyə
çalışıram. 10"A" sinfində "Vulkanlar" mövzusunda keçirdiyim "açıq dərs"dən
bəzi məqamları oxucularla
bölüşmək istəyirəm.
Müşahidələr
göstərir ki, dərsin motivasiyası
şagirdləri maraqlandırırsa, onlar
dərsdə sonacan fəallıq göstərirlər.
Buna görə də "Vulkan"
mövzusuna "Odlar yurdu Azərbaycan" slaydından
başladım və "əqli hücum"
üsulundan istifadə etdim:
- Nə
üçün bizim
vətənimiz "Odlar yurdu"
adlandırılır? "Od" nədir?
Müxtəlif
fikirlər səsləndi. Fənlərarası inteqrasiya yarandı. Şagirdlər fizikadan öyrəndikləri maddənin dördüncü halının-plazmanın
xüsusiyyətlərini sadaladılar. Azərbaycan ərazisində
yaşayanların islamdan əvvəl zərdüşt
dininə, oda inandıqlarını, Abşeronda yanar
dağların olduğunu diqqətə
çatdırdılar. Daha bir sualın verilməsi yeni
dərsin adının ortaya
çıxmasına yardım etdi:
Bəs
qədimdə daha hansı xalqlar
oda sitayiş ediblər?
Onlar ibadət etdikləri bu Allaha nə ad veriblər?
Şagirdlər VI sinif "Ümumi fiziki coğrafiya" kursundan bu xalqların yunanlar olduğunu və "Od Allahına"
"vulkan" adı
verildiyini xatırlatdılar.
II mərhələdə klaster
üsulundan istifadə
edərək vulkanın
növlərinin "axtarışına"
başladıq. Bu növlər
tapıldıqdan sonra
qruplarla iş təşkil olundu. Tapşırıqlar paylandı
və vaxt elan edildi. Ayrılmış
vaxt ərzində hər qrup öz
adına uyğun tədqiqata başladı:
I komanda fəaliyyətdə
olan vulkanları, II komanda sönmüş vulkanları, III komanda palçıq vulkanlarını,
IV komanda isə qeyzerləri tədqiq etdi. Onlar tədqiqat
suallarına cavab almaq üçün dərslik və atlasdan istifadə etdilər.
Təqdimat, müzakirə və mübadilə mərhələlərində
hər bir qrup öz işini
lövhədə təqdim
etdi. Adıçəkilən
ərazilər müxtəlif
məzmunlu xəritələrdə
şagirdlər tərəfindən
göstərildi. Qeyd etmək istərdim ki, bu mərhələ
dərsin ən vacib mərhələlərindən
biridir. Müəllim öz üzərində çox işləməlidir
ki, bu mərhələdə
şagirdlərin əldə
etdikləri bilikləri
düzgün istiqamətə
yönləndirməyi, fənlərarası
əlaqə yaratmağı
bacarsın. Biz bu mərhələni şagirdlərin
kimya, tarix, ədəbiyyat, biologiya fənlərindən öyrəndiklərindən
istifadə edərək
daha maraqlı və qarşılıqlı
anlaşma şəraitində
keçirə bildik.
I komandanın təqdimatı
zamanı vulkanik qazlar haqqında danışılarkən müxtəlif
kimyəvi elementlərin
formulu lövhəyə
yazıldı və şagirdlər onun hansı qaz olduğunu tapdılar. II komandada sönmüş vulkanların şərhi zamanı Azərbaycan ərazisində olan sönmüş vulkanlara
aid slaydlar göstərildi:
Göyəzən, İlandağ,
Xocavənd ekstruzivləri
nümayiş etdirildi.
Xocavəndin işğal
tarixi xatırlandı.
Palçıq vulkanları
şərh edilərkən
onların bəzi bitki qalıqlarının
çürüməsindən əmələ gələn
qazların da təsirilə yarana biləcəyi diqqətə çatdırıldı.
Fəal dərsdə şagirdlərin
qiymətləndirilməsi hər
hansı mərhələdən
sonra, istənilən üsulla həyata keçirilə bilər. Apardığım dərsdə
də qiymət qruplara verildi. Hər bir qrup
digərini dinlədikdən
sonra öz qiymətini verdi və qiymətləndirmə
səsvermə yolu ilə həyata keçirildi.
Dərs maraqlı suallardan ibarət bir krossvordla ümumiləşdirildi.
Bu növ çalışmaların yerinə
yetirilməsi şagirdlərin həm fəallığını
təmin edir, həm də onların biliklərini genişləndirir.
Heç şübhəsiz ki, fəal təlimin şagirdlərin
marağına səbəb olan
müxtəlif üsulları var. Biz müəllimlər
əvvəlcədən hər bir sinfin bilik və bacarıq səviyyəsinə
uyğun dərsimizi planlaşdırsaq, yüksək nəticə
əldə edə bilər, gənc nəslin savadlı
yetişməsində öz ümumi vəzifəmizi yerinə
yetirmiş olarıq.
Mən sözlərimi ulu öndərimiz
Heydər Əliyevin müdrik bir kəlamı ilə bitirmək
istəyirəm: "Gələcək bilikli, elmli insanların çiyinləri
üzərində qurulacaqdır".
Maisə SƏFƏROVA,
Sumqayıt şəhər
N.Gəncəvi adına
TTEL-in
coğrafiya müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 29 mart.- S.5.