Təhsil naziri Türkiyənin Qazi Universitetinin nümayəndələri ilə görüşmüşdür
Aprelin
26-da təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Qazi
Universitetinin rektoru Süleyman Böyükbərbərin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Qonaqları Təhsil Nazirliyində
görməkdən məmnunluğunu ifadə edən
Mikayıl Cabbarov Azərbaycanla Türkiyənin
qarşılıqlı əlaqələrində təhsil sahəsinin
xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Türkiyə ilə ali təhsil sahəsindəki münasibətlərin
inkişafının əhəmiyyətinə toxunan nazir
bütün bunların Azərbaycan ali təhsil sisteminin
inkişafına müsbət təsir göstərəcəyini
qeyd etmişdir.
Türkiyənin Qazi Universitetinin rektoru
Süleyman Böyükbərbər ilk öncə Mikayıl
Cabbarovu təhsil naziri vəzifəsinə təyin olunması
münasibəti ilə təbrik etmiş, nazirə yeni
işində uğurlar arzulamışdır. Azərbaycana səfərindən
məmnunluğunu ifadə edən qonaq səmimi qəbula
görə təhsil nazirinə minnətdarlığını
bildirmişdir.
Qazi Universitetinin rektoru ölkəmizə
səfər proqramı çərçivəsində bir
sıra ali təhsil müəssisələrində
görüşlərin keçirildiyini, mövcud əməkdaşlığın
genişləndirilməsi istiqamətində müvafiq sənədlərin
imzalandığını söyləmişdir. Rəhbərlik
etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat
verən S.Böyükbərbər Türkiyənin ən
nüfuzlu ali məktəblərindən biri olan Qazi
Universitetinin Azərbaycan universitetləri ilə əlaqələrə
xüsusi önəm verdiyini nəzərə
çatdırmışdır.
Hazırda 80 min tələbənin təhsil
aldığı ali məktəbdə 1500 əcnəbinin
oxuduğunu bildirən rektor Qazi Universitetində daha çox
azərbaycanlı gəncin müxtəlif ixtisaslar üzrə
təhsil almasında maraqlı olduqlarını
vurğulamışdır. S.Böyükbərbər Qazi
Universitetində ikili diplomların verilməsi ilə
bağlı birgə proqramın həyata keçirilməsi
istiqamətində görülmüş işlərdən
söhbət açmış, bu baxımdan əldə
olunmuş təcrübənin Azərbaycanla bölüşməyin
mümkünlüyünü qeyd etmişdir.
Təhsil naziri Mikayıl Cabbarov ətraflı
məlumata və Azərbaycanla əlaqələrin
inkişafına verdiyi dəyərə görə
S.Böyükbərbərə minnətdarlığını
bildirmişdir. Qazi Universitetində idarəçilik, maliyyələşmə
və digər məsələlərin tənzimlənməsi
qaydalarının maraq doğurduğunu vurğulayan nazir Azərbaycan ali məktəblərinin belə
bir nüfuzlu təhsil müəssisəsi ilə əməkdaşlığının
səmərəli nəticələr verəcəyinə
ümidvar olduğunu söyləmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən imzalanmış "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
gənclərin bir sıra prioritet ixtisaslar üzrə
dünyanın nüfuzlu ali məktəblərinə göndərildiyinə
diqqət çəkən təhsil naziri proqramın əsas
məqsədləri barədə fikirlərini bildirmişdir.
Mikayıl Cabbarov Azərbaycanın müasir tələblərə
cavab verən kadrlara olan ehtiyacının ödənilməsinə
xidmət edən müvafiq siyasətin əsasının
ötən əsrin 70-80-ci illərində ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulduğunu
vurğulamışdır. Azərbaycanda neft kapitalının
insan kapitalına çevrilməsinin dövlət siyasətinin
prioritetlərindən biri olduğunu söyləyən təhsil
naziri bu baxımdan azərbaycanlı tələbələrin
Türkiyənin nüfuzlu universitetlərində ölkəmiz
üçün prioritet olan ixtisaslar üzrə
oxumasının səmərəli nəticələr verəcəyinə
əminliyini ifadə etmişdir.
Daha sonra görüşdə
qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər
ətrafında fikir mübadiləsi aparılmış, əlaqələrin
inkişafı ilə bağlı bir sıra təkliflər
irəli sürülmüşdür.
Azərbaycan
müəllimi.- 2013.- 3 may.- S.3.