Naxçıvan
Dövlət Universitetinin Elmi Şurasının növbəti
iclası
Naxçıvan
Dövlət Universitetinin Elmi Şurasının növbəti
iclası keçirilmişdir. Elmi Şura sədrinin
müavini, universitetin tədris işləri üzrə
prorektoru, dosent Seyid Surə iclası açaraq
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti seçilməsi barədə
məlumat vermişdir.
Qeyd edilmişdir ki, 16 oktyabr 1996-cı il
tarixdən Naxçıvan Dövlət Universitetində
rektorluq fəaliyyətinə başlayan akademik İsa Həbibbəylinin
milli elmin, təhsilin inkişafında, dünya standartları
səviyyəsində modern universitet yaratmaqda əvəzsiz
xidmətləri var. Millət vəkili, akademik İsa Həbibbəyli
dövlət qayğısı və dəstəyi ilə
müasir tələblərə cavab verən tədris prosesi,
səviyyəli elmi mühit və genişlənmiş beynəlxalq
əlaqələr kimi vacib amillər əsasında dünya
miqyaslı universitet formalaşdırmağa müvəffəq
olmuşdur. Bu illər ərzində muxtar respublika rəhbərliyinin
təhsilin inkişafına göstərdiyi qayğıdan bəhrələnən
rektor güclü maddi-texniki bazaya, yüksək intellektli kadr potensialına malik, ixtisaslı mütəxəssislər
yetişdirən müasir tipli universitet qurulmasına nail
olmuşdur. Tədris işləri üzrə prorektor, dosent
Seyid Surə millət vəkili, akademik İsa Həbibbəylini
yeni vəzifəyə seçilməsi münasibətilə
universitet kollektivi adından təbrik edərək
vurğulamışdır ki, o, dövlətimizin, respublika
elmi mühitinin göstərdiyi
bu böyük etimadı layiqincə doğruldacaq, öz
intellekti, fitri istedadı, yüksək təşkilatçılıq
qabiliyyəti ilə milli elmin tərəqqisinə daha
böyük töhfələr verəcək.
Sonra Elmi Şuranın sədri, 17 il
universitetin rektoru işləmiş akademik İsa Həbibbəylinin
hesabatı dinlənilmişdir. Hesabatda qeyd olunmuşdur ki, nəinki
regionda, bütün Azərbaycanda cəmiyyət həyatının
inkişafında, milli təhsil tarixində Naxçıvan
Dövlət Universitetinin özünəməxsus yeri və
rolu vardır. 1967-ci ildə 3 ixtisas üzrə 102 nəfər
tələbə ilə fəaliyyətə başlayan bu ali təhsil
ocağında indi 11 fakültədə 52 ixtisas üzrə
5000 nəfərdən çox tələbə təhsil
alır. Universitetdə ali təhsilin bakalavr, magistratura və
doktorantura səviyyələri üzrə yüksək
ixtisaslı mütəxəssislər hazırlanır. Bu ali məktəbdə
12 ölkədən 300 nəfərdən çox xarici tələbə
təhsilini davam etdirir. Burada elmi-pedaqoji fəaliyyətlə məşğul
olan 376 müəllimdən 2 nəfəri akademik, 4 nəfəri
AMEA-nın müxbir üzvü, 31 nəfəri elmlər
doktoru, 202 nəfəri fəlsəfə doktorudur. Müstəqil
Azərbaycan dövlətinin böyük qayğısı sayəsində
Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası
böyük sürətlə inkişaf etdirilərək son
illərdə əsaslı şəkildə yenidən
qurulmuş, Naxçıvanda 108 hektar ərazini əhatə
edən Avropa standartlarına malik müasir tipli Universitet şəhərciyi - kampus
formalaşmışdır. Ümummilli lider Heydər Əliyevin
1974, 1992 və 1999-cu illərdə Naxçıvan Dövlət
Universitetində olması, burada etdiyi tarixi nitqlər, verdiyi
tövsiyələr və tapşırıqlar, göstərdiyi
qayğı ölkədə və regionda ali təhsilin və
elmin, o cümlədən Naxçıvan Dövlət
Universitetinin inkişafına böyük təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə 2004-cü ildə universitetdə
keçirilən görüş, onun 31 mart 2007-ci il tarixli sərəncamı
ilə universitetin 40 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi, ölkə başçısının
yubiley mərasimində şəxsən iştirak etməsi, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbovun universitetlə
yaxından bağlılığı ali məktəbin
inkişafına dövlət qayğısının parlaq təzahürüdür.
Hesabatda tədrisin təşkilində beynəlxalq təcrübənin
öyrənilməsi, müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, dünya elm və təhsilinə
inteqrasiya məqsədilə 70-dən çox
tanınmış universitetlə beynəlxalq əməkdaşlıq,
tədrisin və təhsilin səviyyəsinin yüksəldilməsi
məqsədilə Boloniya sisteminin tətbiqi barədə məlumat
verilmişdir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
Azərbaycan elminin və təhsilinin prioritet inkişaf istiqamətlərindən,
qarşıda duran vəzifələrdən də bəhs
etmişdir. O, Naxçıvan Dövlət Universitetinin onun
taleyinin ayrılmaz hissəsi olduğunu, doğma kollektivini
unutmayacağını, dövlətin və xalqın
böyük etimadını doğrultmağa
çalışacağını bildirmişdir.
Universitetin yaradıcılarından olan
professor, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü
Yavuz Axundlu akademik İsa Həbibbəylini tanınmış
elm və maarif xadimi, eyni zamanda yüksək təşkilatçılıq,
idarəetmə qabiliyyətinə malik ictimai xadim kimi dəyərləndirmişdir.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri
doktoru, dosent Zəhmət Şahverdiyev akademik İsa Həbibbəylinin
müasir ali təhsil quruculuğunda, Naxçıvan elmi-ədəbi
mühitinin formalaşmasında, yerli mütəxəssis
hazırlığındakı mühüm xidmətlərindən
danışmışdır.
Universitetin "Qeyrət" nəşriyyatının
direktoru, tarix üzrə fəlsəfə doktoru,
şair-publisist Vaqif Məmmədov, universitetin YAP Gənclər
Birliyinin sədri Aytən
İsmayılova və digərləri
çıxış edərək akademik, millət vəkili
İsa Həbibbəyli haqqında xoş ürək sözlərini
bildirmişlər, ona bundan sonrakı elmi-ictimai fəaliyyətində
uğurlar arzulamışlar. Çıxışlarda qeyd
olunmuşdur ki, o, universitet rəhbəri kimi kollektivdə dərin
ehtiram və nüfuz qazanmış, istedadlı gənclərin
irəli çəkilməsində, Naxçıvan Dövlət
Universitetinin möhkəm milli əsaslara malik olan, dövlətçilik
təmayüllü, dünya
birliyində və ölkənin ali təhsil sistemində
özünəməxsus yeri olan bir ali məktəb kimi
formalaşmasında əvəzsiz
rol oynamışdır.
Mehriban SULTAN
Azərbyacan
müəllimi.- 2013.- 3 may.- S.5.