"Müasir Azərbaycan ulu
öndər Heydər Əliyev ideyaları
işığında"
BSU-da
X şagird-tələbə elmi konfransı
Bakı
Slavyan Universitetində ulu öndər Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümünə həsr
olunmuş "Müasir Azərbaycan ulu öndər Heydər Əliyev
ideyaları işığında" mövzusunda X
şagird-tələbə elmi konfransı
keçirilmişdir.
BSU Məktəb-Lisey Kompleksi Şagird
Elmi Cəmiyyətinin və Universitet Tələbə Elmi Cəmiyyətinin
yaxından iştirakı ilə təşkil olunmuş
konfransın Təşkilat komitəsinə 218 şagird və
tələbənin məruzəsinin tezisləri təqdim
olunmuşdur.
Konfransın əsas əhəmiyyəti
ondan ibarətdir ki, tədbirə Bakı, Sumqayıt və
Abşeron məktəbliləri
və BSU-nun müxtəlif fakültələrinin tələbələri
ilə yanaşı, Şuşa, Laçın, Ağdam, Xocavənd,
Cəbrayıl rayonlarında yerləşən qaçqın
və köçkün məktəblərinin istedadlı
şagirdləri də fəal şəkildə
qoşulmuşlar. 2004-cü ildən mütəmadi olaraq
keçirilən şagird-tələbə elmi konfransına
qaçqın məktəblərinin şagirdlərinin cəlb
olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
istedadlı və qabiliyyətli uşaqlara qayğının
artırılması ilə bağlı fərmanına
uyğun Bakı Slavyan Universitetinin həyata keçirdiyi ən
mühüm layihələrdən biridir.
Konfransın işi "Heydər Əliyev
və Azərbaycan iqtisadiyyatı", "Ulu öndər və
müasir Azərbaycan təhsili", "Heydər Əliyev və
Azərbaycan mədəniyyəti və ədəbiyyatı",
"Ulu öndərin irsini necə öyrənir və təbliğ
edirik?", "Müasir Azərbaycanda gənclər və
idman hərəkatı" bölmələri üzrə təşkil
olunmuşdu. Məktəblilər, tələbələr,
qaçqın və köçkün məktəblərinin
gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə
də məruzələrlə çıxış etmişlər.
Bölmə iclaslarına universitetin alimləri və məktəb
müəllimləri ilə birgə şagird və tələbələr
də rəhbərlik edirlər.
Plenar iclasda AMEA-nın Humanitar və
ictimai elmlər bölməsinin akademik katibi, BSU-nun rektoru, AMEA-nın müxbir
üzvü, professor K.Abdullayev çıxış edərək
universitetin professor-müəllim heyətinin qaçqın məktəblərin
istedadlı şagirdlərinin elmi işlərinə rəhbərliyini,
BSU-nun bu məktəblərlə sıx əməkdaşlığını
vurğulamış və bu işdə zəhməti
keçən əməkdaşlara təşəkkürünü
bildirmişdir. Son tədris ili ərzində Bakı Slavyan
Universiteti Tədris hissəsinin Şuşa rayon Təhsil
İdarəsi və BSU Məktəb-lisey kompleksinin Malıbəyli
kənd 1 nömrəli tam orta məktəbi ilə əməkdaşlığının
faydasını qeyd etmişdir.
Açılış
mərasimində çıxış edən Bakı şəhər
190 nömrəli orta məktəbin direktoru Afət Bakıxanova, 132-134 nömrəli
təhsil kompleksinin direktoru
Sara Xanlarova, Ağdam rayon 24 nömrəli
tam orta məktəbin
direktoru Nəriman Məmmədov, Azərbaycan
Tibb Universitetinin professoru Məhbubə
Vəliyeva,
BSU Məktəb-lisey kompleksi Şagird parlamentinin sədri
Oksana Sokolova, BSU Məktəb-lisey
kompleksinin direktoru, professor Telman Cəfərov
şagird-tələbə konfransının əhəmiyyətini
vurğulamışlar və çıxışçılara
uğurlar diləmişlər.
Açılışın
sonunda Şuşa rayon məktəbliləri və BSU Məktəb-Lisey
Kompleksinin şagirdləri konfrans
iştirakçılarını konsert
proqramı ilə salamlamışlar.
Elmi konfransda
BSU Məktəb-Lisey Kompleksinin, Şuşa rayon Malıbəyli
kənd tam orta məktəbinin,
Heydər Əliyev adına Müasir Təhsil
Kompleksinin, Bakı Türk
Anadolu Liseyinin, akademik Zərifə Əliyeva adına liseyin, Heydər Əliyev adına liseyin, BDU "Gənc istedadlar"
liseyinin, Bakı şəhəri 132-134
nömrəli
təhsil kompleksinin, İncəsənət
Gimnaziyasının, 1, 190, 18, 42, 46, 133, 164 nömrəli, Ağdam rayonu 24 nömrəli,
Xocavənd rayonu Tuğ
kənd, Laçın rayonu Kaha kənd və s. orta məktəblərin VII-XI sinif
şagirdləri, BSU tələbələri maraqlı məruzələrlə
çıxış etmişlər.
Bağlanışdan
öncə şagirdlərin universitetlə
tanışlığına şərait
yaradılmışdır. Şagird-tələbə elmi konfransının bağlanışı onunla paralel keçirilən
və ulu öndərin yubileyinə həsr
edilən Magistrantların Beynəlxalq Elmi
konfransı ilə birgə təşkil olunmuşdur
ki, bu da
universitet auditoriyasında şagird,
tələbə,
magistr tanışlığı və əməkdaşlığının
gözəl nümunəsinə çevrildi.
Bölmələrdə
fərqlənən şagirdlərə diplom
və hədiyyələr verilmişdir.
Azərbaycan
müəllimi.- 2013.- 3 may.- S.5.