AMİ-də
"Heydər Əliyev ideya-nəzəri irsində insan amili" mövzusunda elmi-praktik konfrans
Aprelin 27-də Azərbaycan Müəllimlər
İnstitutunda (AMİ) ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş "Heydər Əliyev
ideya-nəzəri irsində insan amili" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir. İlk öncə
konfrans iştirakçıları ilə birgə institutun
Heydər Əliyev Mərkəzi ziyarət olunmuş,
ümummilli liderimizin büstü önünə əklil
qoyulmuşdur.
İnstitutun akt zalında keçirilən
plenar iclasda AMİ-nin rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlı giriş sözü ilə
çıxış edərək müasir Azərbaycan
dövlətinin memarı və qurucusu, dünya şöhrətli
siyasi xadim, unudulmaz rəhbər Heydər Əliyevin zəngin
irsindən, siyasət və dövlət xadiminə xas olan
böyük istedadından geniş söhbət
açmışdır. A.Naxçıvanlı bildirmişdir
ki, bu günlər nəinki paytaxt Bakımızda, Azərbaycanın
bütün guşələrində, eləcə də
ölkəmizdən kənarda xalqımız böyük
hörmət və ehtiram hissləri ilə Azərbaycanın
böyük oğlu, dünya şöhrətli siyasətçi,
ulu öndər Heydər Əliyevin 90 illiyini qeyd edir.
Bildirilmişdir ki, AMİ və onun 11 filialında ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı
silsilə tədbirlər keçirilir.
Rektor vurğulamışdır ki, Heydər
Əliyev ideyaları Azərbaycan cəmiyyəti və Azərbaycan
xalqı üçün dünən də, bu gün də
tarixin sınağından çıxmış bir kompas kimi
istiqamətverici rol oynayır. Ulu öndərimizin
ideyalarının istiqamətverici funksiyalarını biz cəmiyyətin
sosial, iqtisadi, mənəvi, mədəni və siyasi
inkişafının prioritetlərinin müəyyənləşdirilməsi
və həyata keçirilməsi prosesində görür və
hiss edirik.
Konfransın məqsəd və əhəmiyyətindən
danışan rektor konfransın çox mühüm elmi,
siyasi və praktik əhəmiyyət kəsb edən "Heydər
Əliyev ideya-nəzəri irsində insan amili" probleminə
həsr olunduğunu qeyd etmişdir. Əsas məqsəd ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə nitqlərində,
çıxış və məruzələrində,
söhbətlərində diqqət mərkəzində dayanan
insan və şəxsiyyət, insanın arzu və istəklərinin,
tələblərinin reallaşması problemlərini dərindən
öyrənmək, bu problemlərə elmi yanaşmaları
müzakirə etməkdir. Ümummilli liderimizin
ideyalarının insan problemi ilə məşğul olan
mütəxəssislər və strukturlar üçün
istiqamətverici amil kimi qəbul olunaraq həyata keçirilməsi
çox vacibdir.
Sonra fəlsəfə üzrə fəlsəfə
doktoru Əmrəli İsmayılov "İnsan, şəxsiyyət,
zaman: düşüncələr" mövzusunda
çıxış edərək bildirmişdir ki, ulu öndər
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi
bütün dövrlərdə Azərbaycan xalqının
ictimai-sosial fikrinin öyrənilməsinə, insan problemlərinə
xüsusi diqqət və qayğı göstərmişdir.
Natiq demişdir ki, Heydər Əliyev ideya-nəzəri irsinə
müraciət edərkən açıq-aydın
görürük ki, ulu öndər cəmiyyətdə insani
münasibətlərin yüksəkliyi və onun humanizm
prinsipləri üzərində qurulması, insan ləyaqətinin
qorunması və bu qəbildən olan bir sıra başqa
problemlərin Azərbaycanın zəngin ədəbiyyat və
incəsənətində dolğun şəkildə öz əksini
tapmasını xüsusi vurğulayırdı. Heydər Əliyev
ideya-nəzəri irsinin insan probleminin həllində, şəxsiyyətin
ucalması məsələlərində rolunun və
funksiyalarının öyrənilməsi, müzakirə edilməsi
çox əhəmiyyətlidir.
"Heydər Əliyev ideya-nəzəri
irsində yeni insan amili" mövzusunda çıxış
edən filologiya elmləri doktoru, professor Şamil Vəliyev
qeyd etmişdir ki, ulu öndər Azərbaycan xalqına,
bugünkü və gələcək nəsillərə
böyük və zəngin ideya-nəzəri irs qoyub
getmişdir. Ümummilli lider Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gələrək və müstəqil Azərbaycanın
qurucusu və rəhbəri olaraq zamanla, ictimai-siyasi situasiya ilə
bağlı olan və insanlara mənfi təsir göstərən
hallara, faktlara qarşı ziyalıları, alimləri, müəllimləri,
dövlət qulluqçularını barışmaz
mübarizəyə çağırırdı. Məruzədə
Heydər Əliyevin insan probleminə müxtəlif aspektlərdən
yanaşması vurğulandı, ümummilli liderin zəngin
irsinin öyrənilməsinin əhəmiyyətindən
danışıldı.
Konfransın işi "İnsan amili,
şəxsiyyət problemi, insan kapitalı: axtarışlar,
tarixi yanaşmalar, nəticələr" və "İnsan
amilinə Heydər Əliyev yanaşmaları" bölmələri
üzrə davam etmişdir. Bölmə iclaslarında Heydər
Əliyev ideya-nəzəri irsi, müasir dövrdə insan
amilinin tərəqqisinin aktual məsələləri, ulu
öndərin şəxsiyyət probleminə
yanaşmalarının əsas istiqamətləri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin insan
kapitalı problemini dəyərləndirməsi və s. kimi məsələlərdən
bəhs edən məruzələr dinlənilərək
müzakirə edilmişdir.
Qeyd edək ki, konfransın materialları kitab şəklində çap
olunacaq.
Azərbaycan
müəllimi.- 2013.- 3 may.- S.4.