BSU-da ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş IV Beynəlxalq elmi
konfrans keçirilir
Mayın 1-dən 4-dək Bakı Slavyan
Universitetində AMEA-nın Humanitar və ictimai elmlər
bölməsi və BSU-nun təşkilatçılığı
ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illiyinə həsr olunmuş "Azərbaycanşünaslığın
aktual problemləri" mövzusunda IV Beynəlxalq elmi konfrans
keçirilir.
Açılış mərasimindən
öncə konfrans iştirakçıları Fəxri
xiyabanı ziyarət etmiş və ümummilli lider Heydər Əliyevin
məzarı önünə çiçəklər
qoymuşlar.
Beynəlxalq konfransı Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə
açaraq konfrans iştirakçılarını
salamlamışdır. Beynəlxalq konfransın əsas
leytmotivini azərbaycançılıq təşkil etdiyini
bildirən A.Əlizadə bu məfkurənin banisinin Heydər
Əliyev olduğunu söyləmiş, Bakı Slavyan
Universitetinin azərbaycanşünaslıq üzrə yüksək
ixtisaslı kadrların hazırlanmasında gördüyü
işləri təqdirəlayiq saydığını
vurğulamışdır. "Heydər Əliyev
ideyalarının konfransda səslənməsi dünyada azərbaycançılıq
məfkurəsinin yayılmasına yardım edəcək",
- deyə A.Əlizadə qeyd etmişdir.
BSU-nun rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayev konfransın işini tələbələr,
eləcə də bütün iştirakçılar
üçün elm bayramı kimi dəyərləndirmiş,
xarici universitetlərdə fəaliyyət göstərən
Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən
söhbət açmışdır. Rektor BSU-nun Kiyev, Poltava,
Moskva və Minskdəki mərkəzlərinin azərbaycanşünaslığın
inkişafında əhəmiyyətini
vurğulamışdır. Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili
şöbəsinin müdiri İlham Mustafayev konfrans
iştirakçılarına təhsil naziri Mikayıl
Cabbarovun salamlarını çatdırmış və
konfransın işinə uğurlar arzulamışdır.
Belarus Respublikasının Azərbaycandakı
səfiri N.Y.Paskeviç bölgədə lider dövlət
olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus
yer tutduğunu bildirmişdir. Eyni zamanda Heydər Əliyevin Azərbaycanın
inkişafında rolundan bəhs edən cənab səfir onu
"müasir Azərbaycanın memarı"
adlandırmışdır. "Bakı Slavyan Universiteti gənclərin
intellektual mübadilə meydanıdır və bu konfransın
mədəniyyətlərin təmasında rolu
danılmazdır".
Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı N.Məhəməliyev, Poltava
İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor
A.A.Nestulya, İstanbul Kültür Universitetinin rektoru, professor
S.S.Demir, "Marşalek" Holdinqin prezidenti A.Marşalek,
Palatski Universitetinin rektoru, professor M.Maşlan, Harvard
Universitetinin professoru M.Kramer, Tbilisi Dövlət Universiteti
Linqvistika İnstitutunun direktor müavini, professor M.Mancqaladze,
Litva Dili İnstitutunun direktoru, professor İ.Zabarskayte, Misirin
Ayn-Şəms Universitetinin əməkdaşı Ə.S.Elaydi,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru, professor İ.Məmmədzadə, Ural Federal
Universitetinin professoru A.G.Nesterov, Qazaxıstan Milli Texniki
Universitetinin professoru K.Beqalinova çıxış edərək
konfransın işinə uğurlar arzulamışlar.
Sonda iştirakçı gənclər
adından "Eurovision" mahnı müsabiqəsinin qalibi,
BSU-nun məzunu və hazırda əməkdaşı olan
Eldar Qasımov qonaqları salamlamış, "Azərbaycan"
mahnısını ifa etmişdir.
Sonra konfrans öz işini "Heydər
Əliyev şəxsiyyəti və fəaliyyəti",
"Heydər Əliyev və azərbaycançılıq",
"Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan",
"Azərbaycan dili və ədəbiyyatının
inkişaf perspektivləri", "Azərbaycan elmi və mədəniyyətinin
inkişaf perspektivləri" bölmələrində davam
etdirmişdir.
Bölmə iclaslarında bir sira aktual məsələlərə
həsr olunmuş məruzələr dinlənilmişdir:
"Heydər Əliyev, Mixail Qorbaçov və Dağlıq
Qarabağ münaqişəsi" (Mark Kramer, Harvard
Universitetinin professoru), "Təhsildə ideologiya gərəkdirmi?"
(Kozlovskaya Q.E., Moskva Şəhər Pedaqoji Universitetinin
direktoru), "XVII əsr İrəvan
Qacar Bəylərbəyliyi Azərbaycanın milli dövlət
qaynaqlarında" (Nesterov A. Ural Federal Universitetinin professoru),
"Dünya dili türkcə və Azərbaycan türkcəsi"
(Turqut Tok, Pamukkale Universiteti türk dili və ədəbiyyatı
bölümü), "Kamal Abdullanın "Sehrbazlar dərəsi"
romanında simvolların anlamı" (Lapinskene L. Litva Katolok
Elmlər Akademiyasının professoru) və s.
Konfrans çərçivəsində
Yasemin Bayerin türkcəyə tərcüməsində
Hüseynbala Mirələmovun və Viktor Andrianovun "Heydər
Əliyev" kitabının təqdimatı, Harvard
Universitetinin professoru Mark Kramer, Ural Federal Universitetinin kafedra
müdiri, professor A.G.Nesterov, Litva Dili İnstitutunun direktoru,
professor İ.Zabarskayte, Tbilisi Dövlət Universiteti Linqvistika
İnstitutunun direktor müavini, professor M.Mancqaladze və
AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor F.Veysəllinin
"ustad dərsləri" keçiriləcək.
Xatırladaq ki, 220-dən çox yerli və
xarici alimin məruzələrinin qəbul olunduğu konfransda
AMEA-nın müxtəlif institutlarından, Gəncə,
Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir
və Şamaxıdan nümayəndələr, eləcə də
14 ölkədən, o cümlədən Rusiya, Belarus, ABŞ,
Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna,
Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqarıstandan
40 qonaq iştirak edir.
Konfrans öz işini
davam etdirir.
Şakir Cəfərov
Azərbaycan müəllimi.- 2013.- 3 may.- S.4.