Azərbaycan
təhsilinin uğurları
Ümummilli
lider Heydər Əliyevin anadan
olmasının 90 illiyinə həsr olunmuş
"Ətraf mühitin mühafizəsi"
VII Beynəlxalq Layihə Olimpiadasının qızıl
medalçıları
Xəbər verdiyimiz kimi, aprelin 5-də Bakıdakı Heydər Əliyev
adına İdman-Konsert Kompleksində məktəblilərin ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90
illiyinə həsr edilmiş "Ətraf
mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının ("İNEPO-Euroasia) açılış, aprelin 6-da isə qaliblərin mükafatlandırılması mərasimləri
keçirilmişdir. Rubrikamızın bugünkü qonaqları BDU-nun nəzdində
fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin IX sinif
şagirdləri - "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının qızıl
medalçıları Abbasov İbrahim Ədalət
oğlu və Əliyeva Gülər Rəşad
qızıdır.
İbrahim Abbasov:
- Mən dünyaya Masallıda gəlsəm
də, Bakıda böyümüşəm. Birinci
sinifdən dördüncü sinfi bitirənə kimi
paytaxtımızdakı 173 nömrəli orta
məktəbdə oxumuşam, beşinci sinfin əvvəlindən
indiyə kimi isə "Gənc istedadlar" liseyində təhsil alıram.
İkinci dəfə idi ki, nüfuzlu
bir müsabiqəyə
qatılırdım. Birinci dəfə
Bakıdakı "Kempinski" otelində
keçirilən "Sabahın alimləri" müsabiqəsində
iştirak etmişdim.
Müsabiqəyə təqdim etdiyimiz layihədə
biyan köklərindən, adaçayı
otundan və yaşıl çay
yarpaqlarından istifadə etməklə yarasağaldıcı məlhəmlərin
hazırlanmasından bəhs olunurdu. Bu layihəni hazırlayarkən elmi rəhbərimiz, ATU-nun professoru Ramiz Abbasov bizə
müstəsna kömək
göstərmişdi. Müsabiqənin nəticələri
elan olunanda bizim layihəmizin qızıl medala,
sertifikata və pul
mükafatına layiq görülməsi məndə
özümə inam hissini
birə-beş artırdı. Mənim
ikinci dəfə müsabiqəyə
qatılmağım üçün stimul elə həmin inamım olmuşdur.
"Ətraf
mühitin mühafizəsi" mövzusunda keçirilən VII Beynəlxalq Layihə Olimpiadasına (İNEPO-Euroasia)
təqdim etdiyimiz layihədə ultrasəslərin
köməyi ilə kənd təsərrüfatının ziyanvericilərdən qorunması probleminin
həlli yolları göstərilir. Biz
münsiflər heyətinin üzvlərini inandırmağa
nail olduq ki, insan
qulağının eşidə bilmədiyi ultrasəslərin
köməyi ilə nəinki kənd təsərrüfatı
məhsullarını, hətta heyvanları da
ziyanvericilərdən qorumaq mümkündür.
Çox fərəhlənirəm
ki, birincidə olduğu
kimi, ikinci dəfə
də müsabiqədən qalib kimi qayıtdım. Yenə də qızıl medal, sertifikat və pul mükafatına layiq görüldüm. Müsabiqədən
evə qayıdanda valideynlərimin sevinci
yerə-göyə sığmırdı. İlk
dəfə idi ki,
onları bu qədər sevinən görürdüm. İlk
dəfə qalib kimi
evə qayıtdığımdan bəri hiss
edirəm ki, ailəmiz və
qohumlarımız mənim uğurlarımla fəxr edirlər.
Biz evdə iki
uşağıq. Evin kiçiyi
mənəm. Doğmalarım nə qədər mənimlə
qürur duyurlarsa, mən
də bir o qədər
qardaşım Fəridlə fəxr edirəm. Çünki
o, çox şərəfli
bir yolda-
Naxçıvanda hərbi xidmətdə,
vətənimizin keşiyindədir.
- İbrahim, məktəb dövrü
ömrün elə illəridir ki, dərslərə cüzi
bir etinasızlıq, diqqətsizlik gələcəkdə
xoşagəlməz nəticələrə gətirib
çıxarar. Yəni, vurğulamaq istədiyim
odur ki, şagirdin ən ümdə vəzifəsi dərslərini
səylə oxumaq, bilik
qazanmaqdır.
- Əlbəttə,
mən bunu tam ciddiyyəti
ilə başa düşür
və çalışıram ki, bir dəqiqəmi də hədər yerə sərf
etməyim. Bir məktəbli olaraq mənim əsas vəzifəm müəllimlərimin
verdiyi bütün
tapşırıqlara məsuliyyətlə yanaşmaq,
onları vaxtında və dəqiq
yerinə yetirməkdir.
Azərbaycan
neft-qaz yataqlarının zənginliyi ilə
bütün dünyada tanınır. Mən də gələcəkdə,
yəni, ali təhsil aldıqdan sonra neft-qaz sahəsi
üzrə ixtisaslı mütəxəssis kimi
yetişmək, respublikamızın daha da çiçəklənməsində öz töhfəmi vermək arzusundayam.
Mən
hazırda "Gənc istedadlar" liseyinin IX sinif şagirdiyəm
və I ixtisas qrupu
üzrə imtahanlara
hazırlaşıram. Heft-qaz mühəndisliyi
üzrə ali təhsil almaq,
seçdiyim ixtisasa
yiyələnəndən sonra isə öz potensialımı ölkə
iqtisadiyyatımızın və neft sənayemizin
inkişafına yönəltmək, bu sahələrdə
ən aparıcı simalardan biri olmaq arzusundayam. Mənim
ən qlobal istəyim budur
ki, əməyimiz, elmimiz,
bacarığımız sayəsində Azərbaycanın
adı inkişaf etmiş
ölkələrin sırasında çəkilsin.
- Səndə
elmə marağı əsas kim oyadıb,
müəllimlərin, yoxsa valideynlərin?
- Təbii
ki, bütün övladlar kimi mən də
valideynlərimi özüm üçün müqəddəs varlıq hesab edirəm. Mənim anam
evdar qadındır. Atam
isə dini təhsil görüb.
Demək istəyirəm ki, elmə olan sonsuz
marağımı məndə məhz müəllimlərim
yaradıblar. Onlar təhsil yollarında mənim
üçün bir yol göstərən mayakdırlar.
- Təbii
ki, asudə vaxt
sarıdan çətinliyin olur. Elə bir təsadüf olubmu ki, stadionda futbol
oynayan uşaqları görüb
həvəsə düşəsən?
- Belə
təsadüflər çox olub. Əslində futbolun ən
sevdiyim idman növü olmasına baxmayaraq,
futbol oynamaq həvəsimi
həmişə içimdə boğmuşam.
Düşünmüşəm ki, mənim
üçün əsas şərt elm, savad qazanmaq,
müəllimlərimin və valideynlərimin
etimadlarını doğrultmaqdır.
- Özünə ən yaxın dost kimi
hesab edirsən?
- Mənim məktəbdə də, qohum
və tanışlar arasında da
çoxlu dostlarım var.
Ancaq özümə ən yaxın dost, sirdaş
qardaşım Fəridi hesab edirəm.
- Hobbin nədir?
- Mütaliə. Ən son oxuduğum
kitab alleqorik şəkildə qələmə alınsa da, əslində
tarixi əsərdir.
- Ən böyük arzun nədir?
- Torpaqlarımızın işğal
altında qalan hissəsinin azad olunması elliklə
hamımızın arzusudur.
Gülər Əliyeva: - 1997-ci il dekabrın 28-də Bakıda anadan
olmuşam. Əslən Ordubaddanıq. Anam da BDU-nun məzunudur.
İxtisasca riyaziyyatçıdır. Atam isə ticarətçidir.
Biz ailədə üç uşağıq. Mən, bacım
və qardaşım. Evimizin ilki mənəm. Bacım da bizim
liseyin şagirdidir. Qardaşım isə başqa məktəbdə
oxuyur. Hər üçümüz dərs əlaçısıyıq.
Bizim təhsil aldığımız "Gənc
istedadlar" liseyi şagirdlərin müsabiqələrdə
iştirak etməsinə, yeni layihələr
hazırlamasına daha çox üstünlük verir.
Mən Bakıdakı 43 nömrəli
tam orta məktəbdə I sinfə getmişəm. IV sinfi
başa vuranda "Gənc istedadlar" liseyində təhsilimi
davam etdirmək üçün imtahan vermiş və qəbul
olunmuşam. Bu lisey haqqında çox eşitmişdim. Mənə
isə bu fikrimdə anam dəstək oldu.
İlk oxuduğum məktəbdən
ayrılmaq mənə çox çətin oldu. Nərgiz
adlı məktəb yoldaşımla indi də səmimi əlaqələrimiz
var.
İlk sinif müəllimim Rahibə
xanımın məni necə mehribanlıqla
"qızım" çağırmasını hər
zaman xatırlayıram.
Mən gələcəkdə ali təhsil
almaq üçün I ixtisas qrupu üzrə imtahanlara
hazırlaşıram. Buna baxmayaraq bütün fənləri
sevərək oxuyuram.
Əsrimiz texnologiya əsridir, mən də
zamanın tələbinə müvafiq texnologiya üzrə ixtisaslaşmaq istəyirəm. Bizim
gələcək həyatımız qarşıdakı iki
ildən asılıdır. Məqsədimizə çatmaq
üçün hər dəqiqəmizin dəyərini bilməliyik.
Ali təhsilimi xarici ölkələrdən birində almaq
arzusundayam.
Ən sevdiyim fənlər riyaziyyat və
fizikadır. Dəqiq fənləri sevdiyim üçün
riyaziyyat və fizikanı oxuyarkən sanki dincəlirəm.
İlk dəfə IV sinifdə oxuyarkən
müsabiqə iştirakçısı olmuşam.
"İNEPO"
beynəlxalq layihə olimpiadasında lisey
yoldaşım İbrahimlə mən
iştirak etdik. Ətraf
mühitin mühafizəsinə həsr olunmuş müsabiqədə İbrahimlə
birgə təqdim etdiyimiz layihə
yüksək qiymətləndirildi və nəticədə biz qızıl medala layiq görüldük. Kənd təsərrüfatı
məhsullarının və mallarının ultrasəs vasitəsilə
qorunmasından bəhs edən layihəmiz böyük
maraq doğurdu. Bizim təklif etdiyimiz ultrasəs
nə insanlara, nə heyvanlara,
nə də bitkilərə heç bir mənfi təsir göstərmir. O, sadəcə
ziyanvericiləri məhv edir. Layihəmizi
hazırlamaqda müəllimimiz Fazil Orucov bizə çox
yaxından kömək etdi, bilmədiklərimizi
başa saldı.
Qasım
Hüseynov, BDU-nun professoru, "Gənc istedadlar"
liseyinin direktoru: İbrahim Abbasov və
Gülər Əliyeva liseyimizin ən fəal
şagirdlərindəndir. Hər ikisi həm
"əla" qiymətlərlə oxuyur,
həm də ictimai işlərdə fəal
iştirak edirlər.
Bu yaxınlarda Sumqayıt və
Bakı məktəbləri arasında "Sabahın alimləri"
müsabiqəsi keçirilmişdir. Həmin
müsabiqədə tibb nominasiyası
üzrə İbrahimlə
Gülər birlikdə bir layihə
hazırlamışdılar. Həmin nominasiyada
İbrahimlə Gülər birinci yeri tutdular.
Hesab edirəm ki, bu, çox böyük uğur idi, çünki həmin
nominasiya üzrə təqdim edilən
layihələrin sayı həddindən artıq çox idi.
Bilirsiniz ki, bu yaxınlarda, konkret olaraq aprelin 5-də və
6-da "Ətraf mühitin mühafizəsi"
mövzusunda keçirilən müsabiqədə İbrahimlə
Gülər də iştirak etmişdilər.
Məktəbimizin fizika müəllimi Firuz Kərimovun elmi rəhbərliyi
altında şagirdlərimizin
hazırladıqları layihə müsabiqədə
qızıl medala layiq
görülmüşdür. Yəni,
İbrahimlə Gülər birinci yeri qazandılar, qızıl medalla
bərabər sertifikat və pul mükafatı da
aldılar.
Bilirsiniz, indi
təbiətdə kənd təsərrüfatı ziyanvericiləri
həddindən artıq çoxdur.
Onları zərərsizləşdirmək tədbirləri səmərəsiz
qalır. Adətən onları zərərsizləşdirmək
məqsədi ilə DTT, xlorofos, metafos və s. kimi kimyəvi maddələrdən istifadə olunur. Amma bu maddələr zərərvericilərlə
bərabər insan orqanizmi
üçün də çox
təhlükəlidir və onun məhvinə
gətirib çıxardır.
Şagirdlərin
təklif etdikləri qurğu isə
müəyyən elektrotezlikli səslər
çıxardır, həmin səsin təsirindən zərərvericilər
olduqları yerdən uzaqlaşırlar. Müsabiqədə olan münsiflər heyətinin üzvləri bu işi yüksək qiymətləndirdilər.
Mən inanıram ki, İbrahim
də, Gülər də gələcəkdə
daha böyük uğurlara imza atacaqlar.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 3 may.- S.7.