Kvant saatları ətraf mühitə təsiri
idarə etməyə imkan verəcək
Amerikalı Devid Uaylendin bu kəşfi 2012-ci ildə Nobel
mükafatına layiq görülmüşdür
Ötən əsrin əvvəllərində
təbiət qanunlarını kəşf edən Albert Eynşteyn, Nils Bor, Maks Plank,
Ernest Rezervord kimi dahilər müasir
fizikanın bir sıra fundamental
əsaslarını təşkil edən elmi
kəşflərə imza
atmışlar. Bu
alimlərin elmi uğurları fizika elminin gələcək
inkişafını müəyyən edərək bir sıra yeni elm sahələrinin yaranmasına yol açmışdır. Dahilərin üzərində
işlədikləri və uzunsürən mübahisələr
apardıqları bir sıra problemli məsələlər
isə tam bir əsrdən
sonra həllini tapmışdır. Amerikalı fizik
Devid Uaylend və onun fransalı həmkarı Serj
Aroş öz sələflərinin
təbiət və materiya barədə
baxışlarını xeyli dərəcədə zənginləşdirməklə
parlaq elmi kəşfə
imza atmışlar. Hazırda ABŞ-ın Kolorado
ştatında yerləşən Boulder
Fiziki Tədqiqatlar Mərkəzinin professoru olan müasirimiz Devid Uaylendin elmi kəşfi və onun
elmi karyerası titanik
əməyin və istedadın bariz
nümunəsidir. O, 1990-cı ildə Devisson-Cermer, Meggers,
1996-cı ildə lazer fizikası üzrə
Eynşteyn, 1998-ci ildə Rabi,
2001-ci ildə Artur Şavlou,
2008-ci ildə Gerbert Valter
mükafatlarına layiq görülmüşdür. 2007-ci ildə Amerikanın elmi medalı, 2010-cu ildə Bencamin
Franklin medalı, 2012-ci ildə isə Nobel medalı almışdır.
Uşaqlıq və tələbəlik
illəri
Devid Uaylend
1944-cü il fevralın 24-də
Amerikanın Viskonsin ştatının
paytaxtı Miluoki şəhərində anadan olmuşdur. 3
yaşı tamam olanda
ailə Sakramento
şəhərinə köçmüşdür. Devid Sakramento
ştatında yerləşən Ensin
şəhərindəki 61 nömrəli orta
məktəbi 1961-ci ildə başa vurmuşdur. O, müsahibələrinin birində
təhsil aldığı orta məktəbin
heç də ən yaxşı
şagirdlərindən olmadığını demişdi. Lakin bu məktəbdə o, ilk dəfə fizikanın əsaslarını
öyrənmişdir. Devid yuxarı siniflərdə artıq fiziki biliklərinə görə
yaşıdlarından seçilə bilmişdir.
Orta məktəbi başa vurduqdan sonra Devid Kaliforniya
Berkli Universitetinin
kollecində elmi karyerasını davam etdirmişdir. Kollecdə
əsasən riyaziyyata diqqət yetirilirdi. Lakin Devid tezliklə fizika
sahəsinə bağlanmışdı. "Mən onu demək istəyirəm ki,
orta məktəb illəri məni elmə
daha çox
maraqlandırmışdı",- deyən Devid
ilk elmi biliklərin əldə
olunmasında orta məktəb müəllimlərinin
əməyini yüksək qiymətləndirmişdi. O,
1965-ci ildə Kaliforniya
Berkli Universitetinin bakalavr elmi dərəcəsini,
1970-ci ildə isə Harvard Universitetində
PhD dərəcəsi almışdı. Onun
dissertasiya işi
mazerlərə həsr olunmuşdur. Bundan sonra Devid
Vaşinqton Universitetində
professor Hans Georq Demeltin
qrupunda çalışmışdır. 1975-ci ildə Uaylend Milli Standartlar
Bürosunda (NİST adlanır) işə düzəlmişdir.
Onun tədqiqatlar
sahəsi optika və ionların lazerlə
soyudulması və sonrakı mərhələdə
ionlardan kvant hesablamalarının aparılmasında istifadəsi
olmuşdur. Devid Uaylend Amerika Fizika Cəmiyyətinin və
Amerika Optika Cəmiyyətinin üzvüdür. 1992-ci ildə
Amerika Milli Elmlər Akademiyasının üzvü
seçilmişdir.
100 il hökm
sürmüş stereotipləri dağıdan kəşf
1978-ci ildə Uaylend dünyada ilk dəfə
ionların lazerlə soyudulması texnologiyasını
nümayiş etdirmişdir. Alimin bu sahədə işləri
Uilyam Filips, Stiven Çu, Klod Koen-Tannuci, eləcə də
Erik Kornell, Volfqanq Ketterle və Karl Vimannın elmi tədqiqatlarına
yol açmışdır. Adıçəkilən alim-tədqiqatçılar
müvafiq olaraq 1997 və 2001-ci illərdə Nobel
mükafatına layiq
görülmüşlər.
Devid Uaylend
Kolorado Standartlar və
Texnologiyalar İnstitutunda 37 il
çalışmışdır. O, lazerlərin
iştirakı ilə bir
sıra elmi təcrübələr aparmışdır. O və
fransız fiziki Serj Aroş müstəqil şəkildə
ayrı-ayrı hissəciklərin ölçülməsi və
idarə olunması metodlarını kəşf etmişlər. Onlar bununla belə əvvəllər
bir çox alimlərin nail ola bilmədikləri hissəciklərin
mexaniki kvant xarakterini saxlamağa nail ola bilmişlər.
Aroş və Uaylendin kəşfinin mahiyyəti nədir? Onlar
ayrı-ayrı kvant hissəciklərini onların xassələrini dağıtmadan müşahidə
edə bilmişlər. Kvant
qanunlarının hökm sürdüyü mikroaləmdə
isə hissəciklərin xassələrini onları dəyişmədən
öyrənmək qeyri-mümkün hesab olunurdu. Müəyyən mənada demək
olar ki, Devid Uaylend və Serj Aroş
az qala 100 il hökm sürmüş stereotipləri
dağıda bilmişlər. Bu
kəşf sayəsində kvant teleportasiyasının
izahını, yəni hissəciyin
bütün xassələri ilə birlikdə
işıq sürətini keçməsini vermək tam
mümkündür. Eksperimental
olaraq kvant mexanikası banilərinin fərziyyələri
öz təsdiqini tapır: hissəciklərdən
biri məsafəcə ondan aralıda olan digər hissəciyin
kvant vəziyyətini "hiss edir", bu isə prinsipcə
yeni nəsil kompüterlərin yaradılmasına əsas ola
bilər. Bu kompüterdə məntiqi elementlər
mikrotranzistorlar deyil, ayrı-ayrı atomlardır. Misal üçün, müasir
kompüterdə informasiya vahidi bitdir (0 və ya 1), kvant
kompüterində isə hər bir hissəcik eyni zamanda iki vəziyyətdə
- həm sıfır, həm də vahiddir və prosessorun
işgörmə qabiliyyəti milyonlar dəfə
artır.
"Kvant
fizikasının ən başlıca arzusu həqiqətə
çevrilmişdir"
2012-ci il oktyabrın 9-da Nobel
Mükafatları Komitəsi fizika sahəsində ali
mükafatın fransız alimi Serj Aroş və amerikalı
fizik Devid Uaylendə təqdim
olunduğunu elan etmişdir. Nobel komitəsi alimlərin
bir-birindən xəbərsiz apardıqları işləri
elmdə inqilab kimi qiymətləndirmişdir. Onlar kvant sistemlərinin
ölçülməsinə və manipulyasiyasına imkan verən
qabaqcıl eksperimental metodların kəşfinə və
kvant hissəciklərinin işıq şüası və
cismlə qarşılıqlı təsirinin öyrənilməsi,
ölçülməsi və hesablanması, kvant optikası
sahəsinə aid olan elmi işləri və məqalələrinə
görə layiq görülmüşdülər. Alimlər ayrı-ayrı hissəciklərin
kvant-mexaniki xassələrini saxlamaqla onların
ölçülməsi və manipulyasiyası üzrə
metodlarını
hazırlamışlar.
Bu metodların kəşfi əvvəllər
mümkünsüz hesab edilirdi. Alimlər kvant fizikası
üzrə aparılan eksperimentlərin yeni dövrünün
başlanğıcını qoymuşlar. İsveç Kral Akademiyası bildirmişdir ki,
alimlərin elmi işləri kvant sistemlərinin
ölçülərini aparmağa
və tətbiq etməyə imkan vermişdir. Bu kəşf
kvant fizikasına əsaslanan yeni növ super sürətli
kompüterlərin və dünyada ən dəqiq kvant
saatlarının
yaradılmasına yol açmışdır.
Stokholmda keçirilən mükafatın
təqdimolunma mərasimində iştirak
edən Nobel komitəsinin
üzvü, professor Bern Conson öz
çıxışını görkəmli ingilis
riyaziyyatçısı, şair və filosof kimi tanınan
Esias Teqnerin 1820-ci ildə söyləmiş olduğu bu
sözlərlə başlamışdır: "Hadisələrin
daxili mahiyyətini tutmağa müvəffəq olmaq, bu, insanın gözəl qabiliyyətidir".
Serj Aroş və Devid Uaylend bu mənada kvant
dünyasının qapısını
açmışlar. Onlar kvant
sistemlərini hesablamağı və idarə etməyin mümkünlüyünü
göstərə bilmişlər.
Professor Bern Conson əlavə etmişdir:
"Bizim gözlərimiz nə
görür? Bizim ətrafımızda
gördüyümüz hər şey - rənglər, forma, obyektlər bizim gözlərimizdə
canlanır, onlardan aldığımız informasiyalar bizim
beynimiz tərəfindən təhlil olunur. Gördüklərimiz
hər şey bu gün klassik
fizika adlandırdığımız elmlə izah oluna və
başa düşülə bilər. Lakin biz məsələnin
daxili mahiyyətini şərh etməyə girişsək,
onda klassik fizika köməyimizə çatmayacaq. Buna görə
də fiziklər 1920-ci illərdə
məsələnin ən dərin hissələrinin izahı
üçün nəzəriyyəni inkişaf etdirmişlər. Olduqca gözəl olan bu nəzəriyyə
kvant mexanikası adlandırılmışdır. Kvant aləmində
atomlar, nüvə və elementar zərrəciklər
dalğalar və hissəciklər kimi şərh
olunmuşdur. Kvant fizikası
müasir fizikada çox uğurludur. Lakin məsələni
kvant səviyyəsində izah etmək bir sıra problemlərlə,
hər hansı bir hesablama kvant
xassələrinin sadəcə itməsi ilə müşayiət
olunur. Ayrı-ayrı kvant sistemlərinin öyrənilməsinə
nail olmaq kvant fizikasının ən başlıca arzusu
olmuşdur. Bu gün isə bu
arzu artıq həqiqətə çevrilmişdir.
Ayrı-ayrı hissəciklər onları əhatə edən
mühitdən asanlıqla təcrid olunmamışlar, onlar
xarici aləmlə qarşılıqlı əlaqəyə
daxil olan zaman özlərinə məxsus sirli kvant xassələrini
itirməyə başlayırlar".
Son 10-20 il ərzində bu tədqiqatların nəticələri
hamıya fantastika təsiri
bağışlamışdı. Lakin Uaylend və Aroş
göstərmişlər ki, kvant dünyası necə də
sirlidir. Bu kəşf əvvəllər
təsəvvürə gətirilməsi belə mümkün
olmayan yeni texnologiyalar üçün imkanlar
açmışdır. Yeni
texnologiyalar hissəciklərin öyrənilməsi,
hesablanması və onlara nəzarət olunmasına kömək
edir.
Ən
böyük arzusu Nobel mükafatı almaq olmuşdur
2012-ci il oktyabrın 10-da Amerika vaxtı ilə
saat 03:30-da ona Nobel komitəsindən zəng edərək ali
elmi mükafata layiq görüldüyünü xəbər
vermişdilər. Alim telefonda adının çəkilməsi
ilə çox xoşbəxt, həm də təəccüb
dolu anlar yaşamışdır.
O, yüksək elmi mükafata layiq
görülməsindən sonra bütün diqqətin ona
yönəlməsindən özünü sanki narahat hiss
etmişdir. Alim ona dünya
şöhrəti qazandırmış elmi problem üzərində
bir çox insanların məşğul
olduğunu bildirir. "Hər
şeydən əvvəl deməliyəm ki, müasir
kompüterlər və atom saatları üzərində uzun
illərdir ki, bir çox insanlar məşğuldur.
Bütün diqqətin tək iki insana yönəldilməsi
bir qədər
çaşdırıcıdır. Biz, sadəcə ola bilsin ki, onların
arasında ön cərgələrdəyik".
Devid Uaylend
etiraf etmişdir ki, həyatda
ən böyük arzusu Nobel mükafatı almaq
olmuşdur. Artıq bir neçə
illərdir ki, elmi ictimaiyyət,
tanışları olan görkəmli fiziklər, eləcə
də onunla çiyin-çiyinə işləmiş əməkdaşları
Devidin ali elmi mükafata layiq görülməsini
mümkün hesab edirdilər. Hətta onun adı Nobel
mükafatına namizədlərin arasında çəkilirdi.
"Mən bu il heç kimdən bu mövzuda heç nə
eşitmədim. Buna görə də
düşünürdüm ki, ola bilsin, mənim vaxtım
keçmişdir". Devid Uaylend
digər elmi kəşflərə və tədqiqatçılara
üstünlük vermişdir.
O bildirmişdir ki, Nobel mükafatına ondan başqa daha
layiqli namizədlər vardır. "Real mükafat elmin
özüdür. Elm yolu ilə gedin və bu yolda siz bəzən
qalib olursunuz". Nobel komitəsindən ona deyəndə ki,
ali mükafata həm də onun fransalı həmkarı və
dostu Serj Aroş layiq görülüb, onun sevincinin hədd-hüdudu
yox idi. O, dərhal dostuna zəng edərək onu təbrik
etmişdir.
"Biz bu saatla ətraf mühitə
təsiri idarə edə bilirik"
Bu kəşf artıq öz praktiki tətbiqini
tapmışdır. Bu kəşfə əsaslanan optik
saat atom saatlarından yüz dəfə
güclüdür. Bu saatlar hələlik laboratoriya şəraitində
saxlanılır.
Dəqiq saatlara tələbat hardandır? Alim hesab edir ki, tarixən dəqiq saatlara həmişə
tələbat olmuşdur. İlkin
vaxtlarda düzəldilmiş ən yaxşı saatlar
tezliklə öz tətbiq sahəsini tapmışdır. Bütün tarixi ərzində ən
dəqiq saatlar ən çox
naviqasiya sahəsində tətbiq olunmuşdur. Yəni, dəqiq
saatların düzəldilməsi ideyası bir çox
yüzilliklər ərzində gündəmdə
olmuşdur. Dəqiq saatlar dəqiq
vaxtın seçilməsi üçün vacibdir. Yaxşı saatlardan kommunikasiyada
istifadə olunur. Lakin tarixən saatlar daha çox naviqasiya sahəsində
tətbiqini tapmışdır.
"Hazırda dünyada ən dəqiq saat bizim laboratoriyadadır. Saat
alüminium əsasında hazırlanmışdır. Və yüksək dəqiqliyə əsaslanır. Biz bu saatla ətraf mühitə təsiri
idarə edə bilirik".
"Mən insanlara kvant kompüterləri almağı hələ məsləhət
görmürəm, düşünürəm ki, biz məsələyə
nikbin yanaşmalıyıq, çünki texnologiyalar ildən-ilə
yaxşılaşır. Kvant kompüteri doğrudan da
hesablamaları aparmaqda unikal qabiliyyətə malikdir. Yaxın
onillikdə biz elə hesablamalar apara biləcəyik ki, onları
klassik kompüterlərlə aparmaq mümkün deyil. Kvant kompüterinin
yaradılmasına çox uzun yol var, lakin mən düşünürəm
ki, sonda bu baş verəcək".
Alimin fizika sahəsində
novator tədqiqatları:
- İlk dəfə
olaraq ionların kvant xassələrindən istifadə etməklə informasiyaların emalının
mümkünlüyünü nümayiş etdirib (1995-ci il).
- İlk dəfə olaraq sübut edib ki,
informasiyalar eyni zamanda iki ion arasında paylanıb ki, bu da kvant
hesablamaları üçün əsas verir (1998).
- Yüklənmiş hissəciklər
arasında informasiyaların
ilk kvant teleportasiyasını nümayiş etdirmişdir
(2004-cü il), bununla da
iriölçülü kvant kompüteri sərhədlərində
informasiyaların daha potensial həlledici metodlarının tətbiqini
təmin etmişdir.
- Dünyada ilk dəfə kvant məntiqli atom saatlarını
nümayiş etdirmişdir (2005-ci il). Bu
saatlar dünyada ən dəqiq saatlardır və onlar 4 milyard
il keçdikdən sonra belə bir saniyə itirməyəcək.
Gözəl
və təvazökar insan
Həmkarları Devid Uaylendi olduqca gözəl
və təvazökar insan kimi xarakterizə etmişlər.
"Biz, əlbəttə
ki, Devid kimi məzunumuzun olması ilə fəxr
edirik. Mən
ümid edirəm ki, o, bizim uşaqları elmə həvəsləndirir,
onların elmi biliklərə yiyələnməsinə
sövq edir", -deyə D.Uaylendin bir vaxtlar oxuduğu
Ensin məktəbinin rəhbəri
Uill Carrel bildirmişdir.
Alimlə 10 il əməkdaşlıq
etmiş Con Costi qeyd etmişdir ki,
Devid Uaylend kimi ikinci parlaq və təvazökar alim tapmaq
çətindir. "Onun laboratoriyasında işləmək
imkanına görə özümü xoşbəxt hiss edirəm.
O, hər zaman tələbələrin və əməkdaşlarının
əhatəsindədir. Ona istənilən vaxt sualla müraciət
etmək olar. O, hər hansı məsələnin həllində
bizə hər zaman müstəqillik və elmi tədqiqatlar
aparmaqda azadlıq vermişdir".
Rusiya Elmlər
Akademiyasının Spektroskopiya
İnstitutunun lazer spektroskopiyası laboratoriyasının
müdiri, professor Viktor Balıkin Devid Uaylendi çoxdan şəxsən
tanıdığını bildirmişdir. O, alimin olduqca səmimi
insan olduğunu demişdir. Balıkin Devid Uaylend, eləcə
də onun fransalı həmkarı Serj Aroş barədə böyük məmnunluq
hissi ilə danışmağa hazır olduğunu söyləmişdir. "Mən onların hər ikisini tanıyıram. Onlar hədsiz
dərəcədə heyranedici və təvazökar fizikdirlər,
çox yumşaq təbiətli, mülayim, mənəviyyatlı
və intellektual, xüsusən də Devid Uaylend olduqca sakit təbiətli, ağırtərpənən
insanlardır. Onunla fizikadan əlavə hər şey barədə
danışmaq olar".
İstedadlı
müəllim
69 yaşlı nobelçi alim, bir çox
alimlər yetişdirmiş müəllim məktəblilərə
nə məsləhət verir? Devid
Uaylend müsahibə verməyi sevmir.
Lakin o etiraf etmişdir ki, məktəbdə
könülsüz oxumuşdur. Lakin yuxarı siniflərdə
oxuyanda fizikaya maraq göstərib və bu gün də ondan ayrıla bilmir. Harvardda ona iki
Nobel mükafatı laureatı ilə birlikdə işləmək xoşbəxtliyi nəsib
olmuşdur. "Onlardan nə öyrəndiniz" sualına
cavab olaraq Uaylend "ilk növbədə,
inadkarlığı" bildirmişdir.
"Daha çox sevdiyiniz sahəni tapın və bu sahədə işləməkdə
davam edin. Mən öz təcrübəmdən deyə
bilərəm ki, fizika elminə çox erkən
yaşlarımdan maraq göstərməyə başladım və
hələ də bu sahədəyəm. Siz də öz diqqətinizi
bu sahəyə yönəldə və uğurlu işlərə
imza ata bilərsiniz. Mən düşünürəm ki, ən
əsası odur ki, səni
maraqlandıran, səni özünə bağlayan
başlıca məsələni tapasan və bu istiqamətdə
davam edəsən. Düzdür, böyük, ağır zəhmət tələb
olunacaq, lakin bu yol uğura aparır".
Devid Uaylend
dünyanın ən mötəbər elmi
nəşrlərində -
"Nature", "Science" və Fsical Review Letters
jurnallarında haqqında
resenziya yazılmış
250-dən artıq elmi
məqalə dərc etdirmişdir. O bu gün lazer soyudulması,
kvantlara və kvant tədqiqatlarına həsr olunmuş milli və beynəlxalq konfranslarda çıxışlar edir.
Doktor Uaylend bütün ölkələrdən
olan gənc və istedadlı alimlərə onların elmi karyeralarının bütün
mərhələlərində yaxından dəstək göstərməkdədir. Son 30 il ərzində alim yaratdığı elmi tədqiqat qrupunda dünyanın
müxtəlif ölkələrindən
olan yüzlərlə
tələbə, perspektivli
alim yetişdirmişdir.
Onlar öz müəllimlərinin elmi
işlərini davam etdirərək kvant fizikası və optika sahəsində diqqətəlayiq elmi
uğurlara imza atmışlar.
Devid Uaylend
elmi karyerasını davam
etdirməkdədir. Son müsahibələrinin
birində alim istefaya çıxmaq barədə düşünmədiyini bildirmişdir.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbyacan
müəllimi.- 2013.- 3 may.- S.9.