Elmə və təhsilə həsr olunmuş ömür

  

Həzrəti Məhəmməd əleyhissəlam (s.ə.s) alimləri yer üzünün çırağı, nuru adlandırır, biliyi bilməyənlər arasında yaymağı  son dərəcə böyük sədəqə sayırdı. Peyğəmbərimiz deyirdi: "Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir. Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: "elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək".   Bu sözləri oxuyanda yada Abdulla Oruc oğlu Mehrabov düşür.  Söhbət Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru, texnika üzrə elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü Abdulla Mehrabovdan gedir.

 

Abdulla müəllimlə yaxından ünsiyyətdə olmaq, onun əsərlərini oxumaq, elmi söhbətlərini, məruzə və çıxışlarını dinləmək, gözəl əxlaqının, mənəviyyatının, davranış və rəftarının şahidi olmaq belə qənaətə gəlməyə əsas verir ki, o,  peyğəmbərimizin nəsihət və vəsiyyətlərini nəzərə alaraq, "elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək"lə məşğuldur.

Məhəmməd peyğəmbər (s.ə.s)  buyururdu: "İnsanlar arasında əxlaqı gözəl olanları fərqləndirin". Abdulla müəllim də əxlaqı gözəl insanlardandır. Yaxşı ailə başçısıdır, gözəl dost və həmkardır, böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edir. Rəhbərlik etdiyi kollektivin qayğıları ilə yaşayır, əməkdaşların sevincinə və dərdinə şərik olur. Həssasdır, obyektivdir. Alim, müəllim və  ləyaqətli insan adlarını şərəflə daşıyır. Tələbkar olduğu qədər də səmimidir, mehriban və qayğıkeşdir.

Abdulla müəllim alimliyin və insanlığın zirvəsinə  gərgin, yorulmaz zəhməti, təmkini, çətinliklərə mətanətlə sinə gərməsi sayəsində çatmışdır. Bu yolda gecəsini gündüzünə qatmış və əziyyəti hədər getməmişdir. Pillə-pillə ucalmış, hörməti, nüfuzu, şöhrəti artıb, çoxalmışdır.

Abdulla Mehrabov 1938-ci il mayın 1-də Gürcüstan Respublikasında - Saraçlı kəndində dünyaya göz açmışdır. Həmin kənddə natamam orta təhsil, Arxılı kəndində  tam orta təhsil almışdır.

1957-ci ildə orta təhsilini qızıl medalla başa vurmuş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinə qəbul olunmuşdur. İnstitutu fizika və istehsalatın əsasları ixtisası üzrə fərqlənmə diplomu ilə 1962-ci ildə bitirmişdir. Doğma ali məktəbdə tədris ustası kimi əmək fəaliyyətinə başlamışdır. Sonradan 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında müəllim işləyib və həmin ildən etibarən də  elmi staj keçmək  üçün Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunun istilik fizikası kafedrasına göndərilmişdir. Burada bərk cismlərin istilik xassələrinin tədqiqi ilə bağlı yeni üsullarla tanış olaraq elmi tədqiqat işlərinə qoşulmuşdur. Elmi işə marağını və səriştəsini nəzərə alaraq ona sənədlərini institutun əyani aspiranturasına  təqdim etmək təklif olunmuşdur. Beləliklə, A.Mehrabov 1964-1967-ci illərdə bərk cismlər fizikası ixtisası üzrə aspiranturada təhsil almış, "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir.

Bakıya qayıdan Abdulla Mehrabov Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında assistent, baş müəllim, dosent və kafedra müdiri (1968-1975), Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda isə bu institutda fizika kafedrasının müdiri vəzifələrində işləmişdir.

Ali məktəbdə mühazirələr oxumaqla, institutun ictimai həyatında, professor-müəllim və tələbə kollektivində tədris, elmi və tərbiyə işlərinin təşkilində yaxından iştirak etməklə yanaşı, elmi araşdırmalarını davam etdirmişdir. Az müddət ərzində  "Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin müasir problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 1983-cü ildə texnika elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 

Professor Abdulla Mehrabovun elmi-pedaqoji fəaliyyətini iki dövrə bölmək olar. 2001-ci ilədək o, Azərbaycan Politexnik İnstitutunda (1968-1975) və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (1975-1991) fizika  kafedrasının müdiri, Azərbaycan Respublikası xalq təhsili nazirinin müavini (1990-1992),  İnşaat Mühəndisləri İnstitutunun birinci prorektoru - tədris-tərbiyə işləri üzrə prorektor (1992-2000), rektor əvəzi vəzifələrində çalışmışdır.

Abdulla müəllim 1965-2000-ci illərdə əsasən fizikanın müxtəlif problemlərinə aid tədqiqatlar aparıb, dərsliklər yazmışdır. O, nəinki respublikamızda, həmçinin onun hüdudlarından kənarda "Bərk cismlər fizikası", "Bərk cismlərin radiasiya fizikası",  "İstilik fizikası və  molekulyar fizika" ixtisasları üzrə görkəmli alim kimi tanınır, ilk dəfə bərk cismlərin, mayelərin istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını, eləcə də mürəkkəb həndəsi formalı konstruksiyalarda istiliyin paylanmasının tədqiqi üçün yeni metodların nəzəri və təcrübi əsaslarını işləyib hazırlamış və bu sahədə fundamental tədqiqatlar aparmışdır.

Bərk cismlər fizikası sahəsindəki uğurları, yüksək enerjili hissəciklərin və radiasiyanın dəmir və nikel əsaslı ərintilərin kristallik quruluşuna, faza keçidlərinə, fiziki, mexaniki və istilik xassələrinə təsirini araşdıraraq gəldiyi nəticələr ona böyük şöhrət qazandırmışdır.

Onun "Mürəkkəb  həndəsi formalı sistemlərdə  istiliyin paylanması" monoqrafiyası (rus dilində)  aparıcı ölkə alimləri tərəfindən yüksək  qiymətləndirilmiş və müxtəlif dillərə tərcümə edilmişdir. Abdulla müəllim hazırlıq şöbələri və abituriyentlər üçün "Fizika kursu",  "Ümumi fizika kursu üzrə laborator praktikum",  "Ümumi fizika kursu", "Fizika praktikumu: mexanika, molekulyar fizika, elektrik, maqnetizm", "Termodinamika və istilik texnikasının əsasları", ali məktəblərin hazırlıq şöbələri üçün "Fizika"  dərs vəsaitlərinin müəllifi; ümumtəhsil məktəblərinin doqquzuncu sinifləri üçün "Fizika" dərsliyinin həmmüəlliflərindən biridir.

Professor A.Mehrabovun elmi fəaliyyətinin ikinci dövrü Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu ilə bağlıdır və burada çalışdığı gündən (2001) etibarən onun tədqiqatları yeni istiqamət almışdır. Bu zərurəti, təbii ki, yeni iş yerinin xarakteri doğurmuşdur. Abdulla müəllim təhsilin aktual problemlərinə, tədris-təhsil-tərbiyə prosesinin monitorinqi və qiymətləndirilməsi, təhsil sisteminin idarə olunması, innovasiyaların, pedaqoji texnologiyaların tətbiqi və s. məsələlərə dair onlarca məqalə, kitab və monoqrafiya yazaraq nəşr etdirmişdir. Bu dəyərli tədqiqat əsərləri göstərdi ki, professor A.Mehrabov nəinki fizika elmi, habelə təhsilin əsasları, pedaqogika və psixologiya elmləri sahəsində öz sözünü deməyi, həmin elmlərin problemlərinə münasibət bildirməyi bacaran istedadlı alim və yaxşı mütəxəssisdir.

Professor Abdulla Mehrabov tərəfindən hazırlanmış "Təhsil sistemində monitorinq və qiymətləndirmə" (şərikli), "Testologiya və müasir təhsil" (şərikli), "Təhsil marketinqinin əsasları" (şərikli), "Şagird intellektinin inkişafı" (şərikli), "Pedaqoji texnologiyalar" (şərikli), "Azərbaycan təhsilinin müasir problemləri", "Müasir təhsilin konseptual problemləri", "Müasir təhsilin  metodoloji problemləri" və başqa kitablar və monoqrafiyalar təhsil işçilərinin, pedaqoqların, alimlərin  stolüstü kitablarıdır.

Təkcə bu əsərlərin  mündəricatına nəzər saldıqda  A.Mehrabovun necə mühüm problemləri əhatə etdiyini görmək mümkündür. Belə ki, professorun  monoqrafiyalarında müasir təhsil, onun mahiyyəti və əsas prinsipləri; qloballaşma  və Azərbaycan təhsil sisteminin modernləşdirilməsi: konseptual yanaşmalar;  təhsilin fundamentallığı: şəxsiyyətyönümlü  və nəticəyönümlü təhsilin qurulmasına doğru; təhsil sistemində konseptual modellər və pedaqoji konstruktivizm; təhsildə səriştəli yanaşmanın mahiyyəti və məzmunu; layihələr metodu, onun məzmunu və tətbiqi xüsusiyyətləri; təhsil sistemində marketinq xidməti; hafizə və təlim prosesinin səmərəliliyinin yüksəldilməsində onun rolu; profilli təlim və elektiv kurslar; çoxprofilli ümumtəhsil məktəb layihəsinin modeli; XX əsrdə təhsilin inkişafının əsas prioritetləri; Azərbaycan təhsil sisteminin inkişafının əsas istiqamətləri; millilik və təhsil siyasəti; ümumu təhsildə məzmun islahatları; təhsil sisteminin idarə olunmasının müasir problemləri və s. kimi məsələlər diqqət mərkəzinə gətirilmiş və Azərbaycan təhsil sistemində onların tətbiqinin reallaşdırılmasına başlanılmışdır.

A.Mehrabovun son dövrdə nəşr etdirdiyi monoqrafiyalarla tanış olan pedaqoqların bir qismi həmin əsərləri yeni məzmunlu "Pedaqogika" dərsliyi adlandırırlar.

Abdulla müəllim dünyanın aparıcı elmi jurnallarında, respublika mətbuatında çap olunmuş 500-dən  artıq elmi məqalənin, 51 elmi-metodik vəsaitin, 13 dərslik və dərs vəsaitinin, 14 monoqrafiya və kitabın, 15 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında elmlər doktoru proqramı üzrə 12,  fəlsəfə doktoru proqramı üzrə 29  alim yetişmişdir.

Professor Abdulla Mehrabov 1992-ci ildə Nyu-York Elmlər Akademiyasının (ABŞ) və Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. 2004-cü il aprel ayının 23-dən Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 1034 nömrəli sərəncamı ilə 2005-ci ildə  o, "Tərəqqi" medalı ilə təltif olunmuş, 2006-cı ildə isə "Azərbaycan Respublikasının  əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Professor Abdulla Mehrabovun 75 yaşı tamam olur. Bu illər şərəflə yaşanıb, həyatda və elmdə uğurlarla qeyd olunub.

Belə xoş günlərdə  Abdulla müəllimi təbrik edir, ona cansağlığı, uzun ömür, yaradıcılıq nailiyyətləri arzu edirik!

 

 

Akif ABBASOV,

pedaqogika üzrə elmlər doktoru,

professor, əməkdar müəllim

 

 Azərbaycan müəllimi.- 2013.- 3 may.- S.10.