Pedaqoji mətbuatımızın
fədailərindən biri
Onu bizdən
on illik zaman məsafəsi ayırır... Evdə
xəstə yatırdı. Ancaq redaksiya ilə əlaqəni,
bir gün də olsa, kəsmirdi. Özünü bir qədər
yaxşı hiss edən kimi zəng edir, jurnalın işi ilə
maraqlanır, hansı materialın gedəcəyi, hansı məqalənin
hansı hissədə veriləcəyi və s. barədə
tapşırıqlar verir, hətta hər birimizi
ayrı-ayrı soruşurdu.
2003-cü il may ayının 2-si idi. Bu gün də belə olmuşdu: səhər
saatlarında növbəti zəngini edib hal-əhval
tutmuşdu. Biz də sevinirdik ki, hər şey
yaxşıdır, tezliklə sağalıb işə
qayıdacaq. Ancaq iki-üç saat sonra eşitdiyimiz dəhşətli
xəbər hamımızı sarsıtdı:
doğmalarından biri zəng edib ağlaya-ağlaya: "Bahəddin
müəllim keçindi..." - demişdi. Beləliklə,
ömrünü, bütün yaradıcı fəaliyyətini
məktəb, maarif, doğma dilimizin öyrədilməsi, təbliği
kimi müqəddəs bir işə həsr etmiş bir şəxsiyyətin
ömrü sona çatdı.
Bahəddin Nəzir oğlu Yunusovun adı
pedaqoji ictimaiyyətə, məktəb, maarif təəssübü
çəkən hər kəsə tanış və
doğmadır. 1990-cı ildə dilimizin və ədəbiyyatımızın
tədqiqi, təbliği, saflığı və ən əsası
orta və ali məktəblərdə tədrisi problemləri
ilə məşğul olası "Ana sözü"
jurnalının nəşri məsələsi ortaya
çıxanda ilk növbədə Bahəddin Yunusov yada
düşdü. Bu jurnal bir müddət "Azərbaycan məktəbi"nə
əlavə kimi "Azərbaycan dili və ədəbiyyat tədrisi"
adı ilə çıxmışdı (indi də həmin
adla çıxır). O vaxtlar məcmuə yalnız Azərbaycan
dili və ədəbiyyatın orta məktəblərdə tədrisi
məsələlərini işıqlandırmaqla məşğul
idi. "Ana sözü" jurnalının əhatə dairəsi,
problemləri daha geniş olmalı idi. Və Bahəddin Yunusov
jurnala başçılıq etdiyi 13 il ərzində bu
işin öhdəsindən uğurla gəldi. Bunu həmin illərdə
jurnalda dərc olunan materiallar da sübut edir. Mən redaksiyaya
bir il sonra gəldim. Jurnal hər ay dərc olunurdu. Gərgin və
yaradıcı mühit mövcud idi. İşə qəbul edəcəyi
hər kəsi ciddi sorğu-suala tutur, hətta şəxsi
keyfiyyətləri ilə maraqlanır, indiyə qədər dərc
olunmuş məqalələrini oxuyur, sonra qərar verirdi. Ona
kimisə bəyəndirmək çox çətin idi,
"Bilirsiniz? - deyirdi, - bura illərlə uğrunda mübarizə
apardığımız müqəddəs dövlətimizin
atributlarından biri - dilimizin keşiyində dayanan, məktəblə,
maariflə, tərbiyə ilə sıx bağlı olan
redaksiyadır, burda hər adam işləyə blməz".
Redaksiya formalaşandan sonra sanballı, müqtədir müəlliflərin
jurnalın işinə cəlb olunmasına
çalışdı və buna nail oldu. Ağamusa Axundov, Bəşir
Əhmədov, Xeyrulla Məmmədov, Əziz Əfəndiyev,
Məhəmməd Həsənov, Camal Əhmədov, Tofiq
Hacıyev, Qəzənfər Kazımov, Şamxəlil Məmmədov,
Vaqif Qurbanov, Soltan Hüseynoğlu, Ənvər Abbasov kimi
tanınmış alimlər jurnalın daimi müəllifləri
idilər.
Hamı bilir ki, 1990-cı illərin əvvəlləri
nə qədər çətin dövr idi. Bu dövrdə
başqa sahələrlə yanaşı, jurnal
çıxarmaq da müşkül məsələ idi.
Jurnalın çapına dövlətdən vəsait
ayrılmırdı, maliyyə sarıdan problemlər çox
idi. Təhsil Nazirliyində jurnalı bağlamağı məsləhət
bilirdilər, biz isə fəaliyyətimizdə israrlı idik.
Getdiyi yolun doğru olduğunu biləndən sonra ona mane olmaq,
yolundan saxlamaq çox çətin idi. Şəxsi
nüfuzundan, dostlarının köməyindən və bir də
illərlə formalaşmış təşkilatçılıq
bacarığından istifadə etdi və jurnalı
bağlanmağa qoymadı.
Bahəddin müəllimi jurnala baş
redaktor təyin edəndə onun keçmiş fəaliyyətini
və bacarığını nəzərə
almışdılar. İxtisasca
jurnalist olsa da (1960-cı ildə Azərbaycan Dövlət
Universitetinin - indiki Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini fərqlənmə diplomu ilə
bitirmişdi), məktəblə, maariflə sıx
bağlı idi. On üç il (1960-1973-cü illər)
"Azərbaycan müəllimi" qəzetində xüsusi
müxbir, məsul katib, sonra da redaktor müavini vəzifələrində
çalışmışdı (Qəribə təsadüfdür:
"Ana sözü" jurnalındakı fəaliyyəti də
13 il çəkdi). Elə buradakı uğurlu işi nəzərə
alınaraq Moskvaya - Sov. İKP yanında Ali Partiya Məktəbinə
göndərilmişdi (1973-1975-ci illər). Bu, o vaxt
üçün böyük karyeraya aparan yolun uğurlu
başlanğıcı idi. Vətənə qayıtdıqdan
sonra bir müddət təhsildən, məktəbdən kənar
işlərdə çalışmalı oldu. 1975-1976-cı
illərdə Əli Bayramlıda (indiki Şirvan şəhərində)
çıxan "İşıq" qəzetində redaktor,
1976-1977-ci illərdə Qaradağ Rayon Partiya Komitəsində
təlimatçı, 1977-1984-cü illərdə "Kənd
həyatı" jurnalında məsul katib, 1984-1985-ci illərdə
Kənd Təsərrüfatı Nazirliyinin "Elmi xəbərlər"ində
baş redaktor vəzifələrində işlədi. Ancaq məktəbə,
təhsil işinə doğmalıq onu yenidən bu sahəyə
çəkib gətirdi. 1985-1990-cı illərdə Təhsil
Nazirliyinin orqanı olan "Azərbaycan məktəbi"
jurnalında baş redaktorun müavini oldu. 1990-cı ildən
isə ömrünün sonuna qədər "Ana
sözü" jurnalında baş redaktor kimi fəaliyyət
göstərdi. Əmək fəaliyyətinin düz 31 ilini təhsil
problemlərinə həsr edən Bahəddin Yunusov bu sahənin
mahir bilicisi və təşkilatçısı idi.
Onun fəaliyyətində
tələbkarlıqla qayğıkeşlik üzvi şəkildə
birləşmişdi. Bahəddin müəllim işə və
işçilərə qarşı çox ciddi idi.
Özünə qarşı da çox tələbkar olan bu
şəxs səhlənkarlığı
bağışlamırdı, jurnalda gedən ən kiçik
qüsur da müzakirə edilir, səhvin səbəbləri
aşkarlanır və ölçü
götürülürdü. Buna baxmayaraq, hər birimizə
qarşı son dərəcə diqqətli və
qayğıkeş idi. Dolanışığımızla
maraqlanar, lazım gəldikdə imkanı daxilində kömək
edərdi.
Bahəddin
Yunusov kimi insanları xatırlamaq, yada salmaq bizim mənəvi
borcumuzdur. Çünki öz işi, əməli, savad və
bacarığı, təşkilatçılıq məharəti,
şəxsi keyfiyyətləri ilə nəsillərə
nümunə ola bilən belə şəxsiyyətlər məktəb
və mənəviyyat tariximizin parlaq səhifələridir.
Akif MƏMMƏDOV,
BSU MLK-nın Azərbaycan
dili və
ədəbiyyat
kafedrasının müdiri, dosent
Azərbaycan
müəllimi.- 2013.- 3 may.- S.11.