"Danışan rənglərim" adlı fərdi rəsm sərgisi

 

Nizami  rayon Uşaq-Gənclər Yaradıcılıq  Mərkəzində yeniyetmə rəssam Nərmin Hümmətzadənin "Danışan rənglərim"  adlı rəsm sərgisinin açılışı olmuşdur. Tədbiri mərkəzin direktor müavini  Kəmalə Əncümənur açaraq  qeyd etmişdir ki,  mərkəzin başlıca və ümdə vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa və  yüksək mədəniyyətə, dünyagörüşünə malik  və onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətləri özündə birləşdirən  şəxsiyyət yetişdirməkdir.

Sonra mərkəzin direktoru Lalə Qəti çıxış edərək  vurğulamışdır ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi mərkəzdə həmişə diqqət mərkəzində olmuş və bu sahədə  çoxlu uğurlar qazanılmışdır.  Əlamətdar tədbirlərdən biri də "Rəsm" studiyasının 15 yaşlı üzvü Nərmin Hümmətzadənin "Danışan  rənglərim" adlı fərdi sərgisinin açılış mərasimidir. Nərmin çox istedadlı qızdır. Nitq qüsurludur. Sağlamlıq imkanları məhdud  uşaqlar üçün 3 nömrəli respublika internat məktəbinin 8-ci sinif şagirdidir. Dərslərini də yaxşı qiymətlərlə oxuyan Nərmin üçüncü ildir ki, mərkəzdə  rəsm sənətinin sirlərinə yiyələnir. Yeri gəlmişkən qeyd edim ki, mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara çox böyük diqqət göstərilir. Nərmin artıq demək olar ki, yaradıcılıq mərkəzinin fəxridir. O, vaxtaşırı olaraq rayon, şəhər, respublika, hətta beynəlxalq miqyaslı müsabiqə və sərgilərdə fəal iştirak edir. Hələ 11 yaşında olarkən qeyri-hökumət təşkilatları tərəfindən keçirilmiş "Mən də rəssam olmaq istəyirəm" adlı layihədə nümunəvi yaradıcılıq işinə görə o, "Qran pri" mükafatına layiq görülmüşdür. Ombudsman Aparatının təşkilatçılığı ilə   "Mən və hüquqlarım"  mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II, əlillərin VIII ümumrespublika yaradıcılıq sərgi müsabiqəsində  III yerləri, Bayraq Meydanı İdarəsinin təşkil etdiyi "Bayrağımız qürur mənbəyimizdir" adlı rəsm müsabiqəsində  isə sertifikat və diploma  layiq görülmüşdür. 2011-ci ildə  İctimai Televiziyanın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə elan etdiyi rəsm müsabiqəsində də Nərmin qalib olmuşdur. Bundan başqa, Amerika, Çexiya, Polşa, Ukrayna, Belarus, Yaponiya,  Yunanıstan və s. ölkələrdə keçirilən rəsm müsabiqələrində Azərbaycanı layiqincə təmsil etmişdir. Nərminin ən böyük uğuru 2011-ci ildə  olmuşdur. Həmin il o, Polşada keçirilmiş Beynəlxalq Uşaq Rəsm müsabiqəsində II yeri qazanmışdır.

Nərminlə məşğul olan rəsm müəllimi Nərmin Abdullayeva çıxışında bildirmişdir ki, qüsurlu olmasına baxmayaraq Tanrı ona elə bir fitri  istedad verib ki, buna sevinməyə bilmirsən. O, rənglərin seçimini  çox gözəl bilir, danışa bilməsə də öz fikirlərini rəsmlərin, rənglərin  dili ilə məharətlə ifadə edir. Sərgidə onun 100-ə yaxın rəsm və əl işləri nümayiş olunur. Biçmə, toxuma işlərində də o,  muncuqlardan çox gözəl, maraqlı kompozisiyalar hazırlayır. Mənzərə mövzusunu çox sevir.  Hazırda onun rəsmlərinin kataloqu hazırlanır.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Dövlət Neft Şirkətinin nümayəndəsi Sabit Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Turan Əbdürəhmanova çıxış edərək  Nərminin sərgisindən məmnun qaldıqlarını bildirmişlər. Yeniyetmə gənclərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə etmişlər.

Sonda mərkəzin dərnək üzvləri  rəngarəng proqramlarla öz istedad və bacarıqlarını nümayiş  etdirdilər. Sevincli anlar yaşanan tədbirdə mərkəzin rəhbəri Lalə Qəti nərminsevərlərə öz minnətdarlığını bildirdi və istedadlı rəssama fəxri fərman, hədiyyələr təqdim etmişdir.  Həmin gün Nərminin həm  də 15 yaşı tamam olurdu. Arzu və istəklərini ifadə edəndən sonra  Lalə  Qəti  hamıya müraciətlə  belə bir təklif də səsləndirdi: - Gəlin belə uşaqlara hamılıqla dəstək olaq, qayğı göstərək, istedadlarını üzə çıxarmaqda  onlara şərait yaradaq. Bu bizim hamımızın vətəndaşlıq borcumuzdur.

Tədbirin sonunda sərgiyə baxış keçirilmişdir.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2013.- 3 may.- S.11.