Dünya
kubokunun sahibi
Löymanov Şahin Malik
oğlu 1999-cu il avqustun 17-də Mingəçevir şəhərində
anadan olmuşdur. O, birinci sinfə Mingəçevir şəhər
7 nömrəli tam orta məktəbdə getmişdir. 2008-ci ildə ailəsi Bakı şəhərinə
köçdüyü üçün təhsilini Bakı şəhəri
19 nömrəli tam orta məktəbdə
davam etdirmişdir. Şahin özü haqqında bunları
dedi:
- Orta məktəbdə
dərslərimi "əla" qiymətlərlə oxuyuram. Əvvəl
riyaziyyat məni cəlb edirdi. Sonra isə sevimli fənnim həyat bilgisi oldu.
Təbiət elmləri məni daha çox maraqlandırır.
Anamın dediyinə görə,
mən çox zəif, amma çox cəld və
çevik uşaq olmuşam. Lap kiçik yaşlarımdan isə
allergik bronxit ilə xəstələnmişəm. Amma bununla
yanaşı idmana böyük həvəsim olmuşdur. Bir
gün atam məni əlbəyaxa döyüş klubuna
apardı. Məşqçi məni yoxlayandan sonra
cılız olmağıma baxmayaraq, ayaq və əl zərbələrimin
güclü olduğunu söylədi və mənimlə ciddi
məşğul olmağa başladı.
Kompüter
oyunları ilə maraqlanır, velosiped sürürəm. Demək
olar ki, daha çox vaxtım atamla keçir. Məncə, mənim
ən yaxın dostum atamdır. Atam hər bir işimdə mənə
arxa və dayaqdır. Çünki qazandığım hər
bir uğurun arxasında atamın mənə olan inamı
dayanır. Atam mənimlə fəxr edir və bu da məni
yeni qələbələrə ruhlandırır. Məncə, idman sahəsində
zirvələri fəth edə biləcəyəm inşallah.
Yaxşı
idmançı olmaq istəyirəm. Amma sənət seçməyə
gəldikdə isə atamın yolunu davam etdirəcəm,
stomatoloq olmaq istəyirəm. İstəyirəm ki, vətənim
və xalqım mənimlə fəxr etsin. Olimpiadada Azərbaycanın
bayrağını zirvələrə qaldırmaq arzusundayam.
Çünki vətənim hər şeyin ən
yaxşısına layiqdir. Onun adı daim yüksəklərdən
gəlməlidir. Mənim də bir vətəndaş kimi bunda
kiçik bir rolum olsa çox sevinərəm
Qalib
olduğum turnirlərsə bunlardır. 2009-cu il yanvarın
18-də 20 Yanvar şəhidlərinin əziz xatirəsinə
həsr olunmuş əlbəyaxa döyüş növü
üzrə klublararası yarışda I, pankration idman növü üzrə
narkomaniya ilə mübarizəyə həsr edilmiş turnirdə
I, 2009-cu il mayın 25-də
Respublika gününə həsr olunmuş Fri-Faytinq idman
növü üzrə turnirdə I, 2009-cu il dekabrın 20-də
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş Fri-Faytinq idman növü
üzrə beynəlxalq turnirdə I yeri tutmuşam. Heç
yadımdan çıxmayan yarışlardan biri 2010-cu il
fevralın 17-də oldu. Belə ki, kunq-funun Çou-Li-Fut
döyüş növü üzrə İran İslam
Respublikasının paytaxtı Tehran şəhərində
40-a yaxın ölkənin iştirakı ilə keçirilən
dünya kuboku uğrunda yarışlarda rəqib
idmançıları məğlub edərək I yeri
tutdum. Bundan başqa, fəxrlə
adını çəkəcəyim yarış Sankt-Peterburq
şəhərində keçirilən Şərq-Qərb
döyüş növləri olimpiadası oldu. Bu yarışda 50 ölkənin
idmançıları
iştirak edirdi. Final yarışında məndən iki
yaş böyük, 5 kq artıq çəkidə olan erməni
idmançısı Arsen Şahnazaryanla
görüşdüm. Bu
görüşdə doğrudan da çox həyəcanlı
və əsəbi idim. Həmin anda erməni qəsbkarlarının
xalqımıza qarşı törətdiyi
soyqırımı gözümün önünə gəldi.
Öz-özümə dedim ki, nəyin bahasına olursa-olsun,
ermənini məğlub edib hirsimi bir az da olsa azaldım. Bəli, həmin yarışda erməniyə
aman vermədim ki, nəfəs alsın. Onu vaxtından əvvəl məğlub etdim.
Bundan başqa, 2010-cu il aprelin
17-də Şərq - Qərb döyüş növləri
olimpiadasının uşu-sanda döyüş növü
üzrə 50-ə yaxın ölkənin iştirakı ilə
keçirilən yarışda da I yeri tutaraq fəxri
kürsünün ən yüksək pilləsinə
qalxdım. Dəfələrlə Bakı kuboku və respublika
çempionatında I yeri tutmuşam. Ən böyük arzum
ölkəmizin üçrəngli
bayrağını beynəlxalq yarışlarda daha yüksək
zirvələrə qaldırmaqdır.
Bakıdakı
19 nömrəli tam orta məktəbin direktoru Məmməd Qəmbərov:
- Şahin məktəbimizin 8 "a" sinfində təhsil
alır. Sakit, tərbiyəli və
çalışqan bir oğlan kimi özünü
tanıtmışdır. Dərslərinə qarşı
çox ciddidir, dərsi mükəmməl öyrənməyə
çalışır, çoxlu suallar verməyi sevir. Müəllimlər
də Şahin haqqında müsbət rəydədirlər.
Onlar Şahinin sakit və dərslərdə diqqətli
olduğunu söyləyirlər. Məktəbdə qoyulan
bütün nizam-intizam qaydalarına riayət edir. Öz həmyaşıdları
və sinif yoldaşları ilə səmimi və mehriban
münasibət qura bilir. Zarafat etməyi çox sevir.
İdmanda göstərdiyi böyük uğurlarına
baxmayaraq, özünü heç vaxt öymür, sinif
yoldaşlarından seçilməyi xoşlamır. Şahin məktəbin
ictimai işlərində də iştirak etməyi
xoşlayır. Şahində ən sevdiyim cəhət onun
öz yoldaşlarına və dərslərinə
qarşı diqqətli olmağıdır. Atası Malik
Löymanov: - Şahinin adını mən qoymuşam. Onun
şahin kimi göylərdə pərvaz etməyini
arzulamışam.
Körpəlikdə
çox zəif idi. Tez-tez xəstələnirdi. Buna baxmayaraq
çevik idi. Yaş yarıma qədər anasının ətəyindən
əl çəkmirdi. Tədricən mən onunla məşğul
olmağa başladım. İşdən evə gələn
kimi onu Mingəçevir şəhər stadionuna
aparırdım. Kiçik yaşlarından ona idmanı sevdirməyə
başladım. 5 yaşında o artıq müəyyən
akrobatik hərəkətlər edirdi. Məktəbəqədərki
dövrdə yay ayları hər gün yelləncəklərə
minməyi, tir atmağı, bir də ki, qucağımda oturub maşının rolunu
tutmağı çox xoşlayırdı.
Bir gün Şahini babasıgilə
apardım. İşdən çıxanda Şahini
götürməyə getdim. Onda onun 4 yaşı
vardı. Babası onu həyətə,
binanın qabağına oynamağa buraxmışdı. Mən
Şahini soruşanda həyətdə heç kəs onu
görmədiyini söylədi. Binaya yaxın yerdə təxminən 300-400 metr aralı təzə 9 mərtəbəli
bina tikintisi üçün quraşdırılmış
kran var idi. Gözüm birdən həmin krana sataşdı.
Şahinin həmin kranın yarıdan da yuxarı
çıxdığını görüb çox qorxdum.
Onu yavaş-yavaş aşağı düşməyə səslədim.
Şükürlər olsun ki, o heç bir xətasız
aşağıya düşdü.
Şahin haqda maraqlı hadisələr
çox danışmaq olar. 2010-cu il aprel ayının 14-ü
səhərə yaxın
Sankt-Peterburqda keçiriləcək döyüş
növlərinin Olimpiadasına getmək üçün hava
limanına gedirdik. O, evin qapısından çölə
çıxıb yenidən içəri qayıtdı.
Anasına dedi - əgər erməni
ilə qarşılaşsam qanun-qaydaya baxmayaraq onu əzəcəyəm.
Elə oldu ki, sərbəst döyüş növü
üzrə rəqibi özündən 2 yaş böyük,
çəkidə isə 5 kq artıq olan erməni oldu.
Şahinə onun erməni olduğunu dedim. "Ata, sən onda
seyr et", - dedi. "Mən ona göstərəcəyəm".
O, rəqibini vaxtından çox əvvəl 23 saniyə ərzində
sındırıcı fəndə salaraq məğlub etdi.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2013.- 3 may.- S.11.