DNT-nin kəşfindən
60 il ötür
Nobel mükafatı
laureatı Frensis Krikin kəşfi insan genomunun öyrənilməsində
açar olmuşdur
1953-cü
il aprelin 25-i ilə bizi tam 60 illik vaxt ayırır. 60 il əvvəl dünya elminin, xüsusən də
biologiya elminin inkişafına fövqəladə təsir
etmiş bir hadisə baş verdi.
Həmin gün elm aləmində əsasən fizik kimi
tanınan, ingilis tədqiqatçısı Frensis Krik və
onun amerikalı həmkarları Ceyms Uotson və Moris Uilkinson
DNT-nin struktur molekulunu kəşf etdiklərini elmi ictimaiyyətə
elan etdilər. Artıq genetik məlumatların
ötürülməsinin mexanizmi, genetik kodun sirri məlum
olmuşdur. Nobel Mükafatları Komitəsi bu parlaq kəşfə
görə alimləri ali elm
mükafatına layiq görmüşdür. Bu mühüm kəşfin
əsasında Frensis Krikin on illər ərzində
inadkarlıqla apardığı gərgin araşdırmalar
dururdu. XX əsr biologiya və
tibb elminin ən parlaq simalarından biri, molekulyar biologiya və
genetika sahəsində görkəmli ingilis alimi Frensis Krikin həyatı və elmi
karyerası həm elmin sirlərini öyrənməyə
çalışan şagirdlər, həm də elm yolunda ilk
addımlarını atan gənc tədqiqatçılar
üçün maraqlı və cəlbedicidir.
Uşaqlıq
illəri
Frensis Xarri
Kompton Krik 1916-cı il iyunun 8-də qədim ingilis şəhəri olan
Nortxempton yaxınlığında
bir zamanlar kiçik bir ingilis qəsəbəsi olan
Veston Favelldə Harri Krik və Enni Elizabet Vilkinsin ailəsində
doğulmuşdur. Ailədə iki oğlan
uşağı böyüyürdü. Onlardan
böyüyü Frensis idi. Onun atası və babası ayaqqabı fabriki işlətmişdir. Atasının biznes sahəsində
işləri yaxşı getdiyindən onu
özəl klassik məktəbə vermişdi.
Lakin XX əsrdə
İngiltərə iqtisadiyyatı böhran keçirdiyindən
və gələcəyin məşhur fizik-bioloqun valideynləri
də maddi sıxıntılarla üzləşdiklərindən
ailə Londona köçməyə məcbur olmuşdur.
Frensis hələ uşaq vaxtlarından elmə
maraq göstərməyə başlamışdır.
Valideynləri balaca Frensisi özləri ilə
yaxınlıqdakı kilsəyə ibadətə
aparmışdılar. Lakin 12 yaşlı Krik anasına
artıq kilsəyə getmək istəmədiyini və dini
inanclar yerinə elmi araşdırmalara üstünlük verdiyini
söyləmişdir. Kiçikyaşlı
Frensisin bu qətiyyəti ailə üzvlərini xeyli təəccübləndirmişdir.
Valideynləri ailədə elmə maraq
göstərən bir uşağın böyüməsini həm
çaşqınlıq, həm də maraqla
qarşılamışdır. Onlar Frensisin elmə olan marağını
görüb onu hər vasitə ilə dəstəkləməyə
çalışırdı. Valideynləri
ağır əməklə məşğul olduqlarından
uşaqlarının elmə maraq göstərməsini, onun gələcəkdə
alim kimi yetişməsini arzulayırdılar. Lakin valideynləri sadə əmək adamları
olduqlarından balaca Frensisin elmi mülahizələri, onun elmə
dair verdiyi çoxsaylı suallar qarşısında
çaşbaş qalmışdılar. Frensis
dəfələrlə elmə dair suallarını valideynlərinə
yönəltsə də, heç bir təhsili olmayan ata-ana
onun məntiqi və maraq dolu suallarına cavab tapa bilmirdilər.
Buna görə də
onlar məktəbdə
oxuyan Frensisə elmin sirlərini öyrətmək
üçün fizika müəllimi tutmuşdular. Orta məktəbdə
oxuyarkən qabiliyyətlərini görən müəllimlər
onun yuxarı siniflərdə təhsil almasını məsləhət
görmüşdülər.
Birinci sinfə gedən Frensisi iki il təhsil
proqramını mənimsədikdən sonra birbaşa 6-cı sinfə qəbul
etmişdilər.
"Kitablar
mənə çox güclü təkan vermişdir"
Frensisin orta məktəbdə oxuduğu
illərdə ən çox sevdiyi məşğuliyyəti mütaliə olmuşdur. O,
daha çox müxtəlif elm adamlarının, alimlərin həyatı
və elmi karyerası, onların elmi axtarışları ilə
maraqlanırdı. Dahi bioloq sonralar öz xatirələrində
yazmışdır ki,
elmə marağının formalaşmasında
"Uşaq Ensiklopediyası" kitabı mühüm rol
oynamışdır. Sonralar verdiyi müsahibələrində
alimlər haqqında populyar kitablara maraq göstərdiyini
bildirmişdir. "Mən elmə, alimlərə
həsr olunmuş bütün kitabları oxumuşdum və mən
deyərdim ki, bu kitablar mənə çox güclü təkan
vermişdir. Kitablar mənim təbiətən
hər şeyi öyrənmək həvəsimi gücləndirmişdir.
Lakin ətrafımda kitab oxuyan çoxlu uşaqlar var idi, onlar bütövlukdə elmə maraq
göstərmirdilər. Mən uşaqlıqdan
elmə bağlandım. Mənim elmə
erkən marağımın səbəbini indi də bilmirəm.
Lakin elmə marağımın valideynlərimin təsiri altında baş
verdiyini söyləyə bilmərəm. Onlar
elm barədə heç nə bilmirdilər. Lakin onlar mənim
elmə maraq göstərməyimi gördükdə mənə dəstək göstərməyə
çalışırdılar. Onlar mənə
"Uşaq Ensiklopediyası" adlı kitab
almışdılar. Mən bu kitabı
ucadan oxuyurdum. Eksperiment aparmaq istəyəndə
isə evdəki əşyaları və butulkaları
partladır, digər işlərə əl atırdım.
Bütün bunlar mənim marağımdan irəli
gəlirdi. Mən hələ uşaq idim və başa
düşmüşdüm ki elm adlı sahə var. Bu sahə
ilə bütün dünyanı tanımaq olar". Frensis məktəbdə oxuyarkən daha çox
kimya və fizikaya maraq göstərmişdir. Onu bütün dünyaya
tanıdan biologiyaya o qədər də maraq göstərməmişdir.
Elmi həyatında
dönüş nöqtəsi
Ailəsi ilə birlikdə Londona
köçdükdən sonra Frensis Krik Mill-Xill məktəbində
oxumuşdur. Bu məktəbdə oxuyarkən Frensisin fizika, kimya və
riyaziyyata marağı özünü göstərmişdir.
Məktəbi bitirdikdən sonra 1934-cü ildə Frensis Oksford Universitet Kollecinə daxil
olmuşdur.
Kollecdə oxuduğu illərdə Frensis tamamilə sevdiyi
fizika elminə bağlanmışdı. 1937-ci ildə Frensis təbiət
elmləri üzrə bakalavr elmi dərəcəsi
almışdır. Onun ilk elmi işinin mövzusu yüksək
temperaturlar şəraitində suyün özlülüyünün
ölçülməsi
olmuşdur. Lakin İkinci Dünya
müharibəsinin başlanması ilə bu tədqiqatları
başa çatdıra bilməmişdir. Londona
hava zərbələri zamanı bombalardan biri Frensisin işlədiyi
laboratoriyanın damına düşmüş və
bütün qiymətli avadanlıq məhv olmuşdur. Alimlik dərəcəsi
aldıqdan sonra da Frensis Krik bu sahədə tədqiqatlarını
davam etdirmişdir.
1939-cu ildə Avropanı İkinci Dünya
müharibəsi bürümüşdü.
Gənc fizik Böyük Britaniyanın Hərbi-Dəniz
Nazirliyinin elmi-tədqiqat laboratoriyasında işə
başlamışdır. Onun elmi mövzusu dərin sular altında minaların
tədqiqi ilə bağlı olmuşdur. Frensis
hərbi dövrün tələblərinə müvafiq olaraq
çox vicdanla çalışır. Onun ürəyi artıq
30-cu illərdə bir sıra parlaq elmi kəşflərin
baş verdiyi nüvə fizikasına
bağlanmışdı. Frensis elektron və neytronlara dair ədəbiyyatlara
maraq göstərmişdir. 1944-cü ildə onun əlinə
dalğa mexanikasının banilərindən biri olan
avstriyalı fizik Ervin Şredingerin (Nobel mükafatı laureatı )
"Həyat nədir? Canlı hüceyrələrin
fiziki aspektləri" (What is life? The physical aspects of the living
cell) kitabı
düşmüşdür. E.Şredingerin
kitabının adı belə gənc oxucunu dərindən
heyran etmişdir. Bu kitabda Şredinger kimya
və fizikanın köməyi ilə canlı orqanizmdə
baş verən məkan-zaman hadisələrini izah etməyə
çalışmışdır. Frensisin qəlbindəki elementar
hissəciklər fizikası ilə məşğul olmaq arzusunun yerinə
yeni ehtiras baş qaldırmışdır. Onun
yetişmiş sevgisi artıq biologiya idi. Qeyd edək ki, dahi
alimin həyat və elmi karyerasından danışanda
biblioqraflar bir çox bu məqama xüsusi diqqət
yetirmişlər. Çünki
Şredinger fəlsəfəsi ilə tanışlıq
Frensis Krikin bütün elmi həyatında dönüş
nöqtəsi olmuşdur. 1947-ci ildə
Frensis Krik Tibbi Tədqiqatlar Şurasının təqaüdünə
layiq görülərək Kembricdə Stendcvey
laboratoriyasında işləməyə
başlamışdır. Bu laboratoriyada Frensis Krikin əsas tədqiqatları
molekulların məkan quruluşunun təyin olunması
üçün rentgen difraksiya metodlarından istifadə
olunması ilə bağlı olmuşdur. Bundan
əlavə, Frensis molekulyar biologiya və üzvi kimya sahəsində
biliklərini intensiv surətdə artırmışdır.
O, burada biologiya, üzvi kimya və rentgen difraksiya
metodlarını öyrənməyə
başlamışdır.
Frensis
Krik "beyin mərkəzi"ndə
Onun biologiya sahəsində elmi
maraqlarının diapazonu 1949-cu ildə Kembricdə məşhur
Kavendiş laboratoriyasına, molekulyar biologiya sahəsində
dünya mərkəzlərindən birinə gəldikdən sonra xeyli
genişlənmişdir. O, burada görkəmli
biokimyaçı Maks Ferdinand Perutsun (Nobel mükafatı laureatı ) rəhbərliyi altında
zülalların molekulyar strukturunu öyrənmişdir. Frensis
Krik ilk dəfə burada genetikanın kimyəvi əsaslarını
tapmağa cəhd etmişdir, o belə hesab edirdi ki,
axtardığı DNT molekulunda gizlənmiş ola
bilər. Tədqiqatlar gedişində Krik fiziki məsələlərdən
daha çox fəlsəvi sual qaldırmışdır, o, canlı və
cansızlar arasında sərhədin harada olmasını
axtarırdı. O, hər halda on illərdən sonra
yazdığı xatirələrində belə
yazmışdır. Varlıq və qeyri-varlıq məsələləri
üzərində fikirləşərkən Krik çox həyati
bir fərziyyə irəli sürmüşdür; irsiyyət
daşıyıcısı olan gen kimyəvi əsasa malik olmalıdır. Tanrı tərəfindən yaradılanların
bütün sirlərinin açarı, tədqiqatçı alimin fərz
etdiyi kimi, dezoksirinukleyin (daha sadə olaraq DNT
adlandırılan) turşuların strukturunda gizlənib.
Frensis Krikin
cəlb olunduğu biologiya elmində bu sahədə vəziyyət
40-cı illərin sonlarında necə idi? Hələ
XIX əsrin ortalarında ingilis bioloqu Mendel belə bir fikir irəli
sürmüşdür ki, irsi informasiyalar genlər vasitəsi
ilə ötürülür. Bu dövrdə
hüceyrə nüvəsinin əsasını təşkil
edən nukleyinlər də kəşf olunmuşdur. Bioloqlar sübut
etmişdilər ki, genlər hüceyrə nüvəsinin
xüsusi elementində, xromosomlarda yerləşir. Nukleyin turşularının kimyəvi xassələrinin
tədqiqi alimləri belə bir nəticəyə gətirmişdir
ki, genlər bu
turşuların, DNT-nin bir parçasıdır. Digər tərəfdən, sübut olunmuşdur ki,
DNT hüceyrələrdə fermentlərin sintezini idarə
edir. 40-cı illərin
sonlarında alimlər belə bir nəticəyə gəlmişdilər
ki, iki nukleyin turşuları - dezoksinukleyin (DNT) və
ribonukleyin (RNT)
mövcuddur. Və onlar nukleoditlərdən
təşkil olunmuş zəncirlərdən ibarətdir. Hər bir nukleotid
heterosiklik əsaslardan (adenin, timin, quanin, sitozin) ibarətdir.
RNT-dən söhbət gedəndə isə
timin urasil, karbohirdogen riboza və ya dezoksiriboza və fosfor
turşusu ilə əvəz olunur. 50-ci illərin əvvəllərində
ingilis tədqiqatçıları R.Franklin və M.Uilkins
rentgenstruktur analiz vasitəsi ilə DNT-nin ikiqat spirala malik
olmasına dair nəticələr almışdılar.
Bundan başqa, tədqiqatçılar bu spiralın ümumi parametrlərini,
onun diametri və burumlar
arasındakı məsafəni müəyyən etmişdilər. 1951-ci ildə
Kavendiş laboratoriyasında Frensis Kriklə birlikdə gənc
amerikalı bioloq Ceyms Uotson işləməyə
başlamışdır. Alimlər əl-ələ
verərək DNT molekulunun məkan strukturunu müəyyən
etməyə başlamışdılar. Onların tədqiqatları
2 il davam etmişdir. Alimlər hardasa uşaq konstruktorunu
xatırladan fiqur - müxtəlif ölçülü və
rəngli şarlardan ibarət, bu və ya digər elementlərin
atomlarını simvolizə və kimyəvi rabitəni əvəz
edəcək müxtəlif rəngli məftillər, eləcə
də müəyyən aktiv qrupların rolunu oynayacaq karton
parçalarından ibarət komplekt
yaratmışdılar. Tədqiqatçılar bütün miqyasa əməl
etməyə çalışırdılar. Detallardan
yığılmış "oyuncaq" iki karbohidrogen və fosfat zəncirindən
ibarət ikiqat spiralı təsvir
edir. Spiralın əsasını ikili fosfat və
karbohidrogen zənciri təşkil edir. DNT molekulundakı
4 nukleotiddən adenin
sadəcə timin ilə, quanin isə sadəcə
sitozin ilə hidrogen rabitə vasitəsi ilə
qoşalaşmışdır. Komplementarlıq (tamamlama)
adlandırılan bu xüsusiyyət DNT maddəsinin
üzünün çıxarılmasına və məlumatın
RNT polimerinə ötürülməsinə imkan vermişdir.
Bu xüsusiyyət
hüceyrə strukturlarının yaradılması
və işlədilməsi, eləcə də informasiyanın
sonrakı nəslə ötürülməsi kimi fundamental
proseslərin əsasını təşkil etmişdir. Komplementar strukturlar
bir-birinə tam uyğundur.
Frensis Krikin 1953-cü ildə müdafiə etdiyi doktorluq
dissertasiyası zülalların rentgenstruktur analizinə həsr
olunmuşdur. 1954-cü ilə qədər tədqiqatçı
Amerikanın bir sıra universitetlərində işləmişdir.
Daha sonra İngiltərəyə qayıdan alim
genetik kodun oxunması üzrə tədqiqatlarını davam
etdirmişdir. Tezliklə Krik və Ceyms Uotson
tərəfindən RNT-nin əsas tipləri kəşf
olunmuşdur. Frensis Krik genetik kodun öyrənilməsinə dair
öz nəzəriyyəsini təklif etmişdir. Bu nəzəriyyəyə
görə, bu prosesdə növbəli şəkildə həm
informasiya ötürən, həm ribosomlar və nəqliyyat
RNT-ləri iştirak edir. Tədqiqatçı həm də müəyyən etmişdir ki, genetik
kod nukleotid turşularının azot əsaslarının tripletlərindən ibarətdir. Genlər - müəyyən
irsi informasiyalar daşıyan DNT sahələri isə
böyük sayda əsas tripletlərdən təşkil
olunmuşdur. 1953-cü ildə DNT modelinin
yaradılması başa çatmışdır. Frensis
Krik və onun həmkarları Ceyms Uotson və Moris Uilkinsonun kəşfi
öz təsdiqini 10 il sonra tapdı. Nəhayət, elmi
ictimaiyyət qərar vermişdi: DNT məhz Krik və onun həmkarlarının
təsdiq etdiyi quruluşa malikdir. 1962-ci ildə alimlər
öz layiqli ali mükafatlarını
almışdılar.
Biologiyada
inqilab
1962-ci ildə İsveç Nobel
Mükafatları Komitəsi fiziologiya və tibb sahəsində
"Nukleotid turşularının molekulyar strukturunun və
informasiyaların canlı orqanizmlərdə ötürülməsinə
dair kəşfə
görə" Frensis Krik, Ceyms
Uotson və Moris Uilkinsonu Nobel mükafatına layiq
görmüşdür.
Frensis Krik DNT-nin strukturunu kəşf etməklə
biologiya elminə misilsiz xidmətlər göstərmişdir.
Bu kəşf elmin yeni bir sahəsinin - gen
mühəndisliyinin yaranması ilə nəticələnmişdir.
Bu elmi kəşf ilk nöbbədə Frensis
Krikin dahiliyi, elm qarşısındakı xidmətlərinin nəticəsidir. Karolina İnstitutundan A.Enqstrem Nobel
mükafatının təqdimolunma mərasimində
bildirmişdir: "DNT-nin molekulyar strukturunun kəşfi
çox mühüm hadisədir. Bu kəşf
bütün canlıların fərdi və ümumi
xüsusiyyətlərinin ən xırda detallarını
anlamağa imkan verir". Professor Enqstrem qeyd etmişdir
ki,
dezoksiriribonukleyin turşularının ikiqat
spiralının kəşfi genetik informasiyaların
ötürülməsi və ona nəzarətin öyrənilməsi
üçün fantastik imkanlar açır.
DNT-nin ikiqat struktur spiralının
açılması genetikanın inkişafına misilsiz təsir
göstərmişdir. Xüsusən
də elmin son qələbəsi - insan genomunun şifrinin
oxunması öz əsasını Krikin kəşfindən
götürmüşdür.
Genetik
kod bütün canlı obyektlərdə oxşardır
Frensis Krik "Həyat olduğu kimi: onun mənşəyi
və təbiət" ("Life Itself: Its Origin and Nature",
1981) adlı gözəl bir kitab yazmışdır. 1981-ci ildə dərc olunmuş bu
kitabında təcrübəli alim filosofcasına öz kəşfinin
mahiyyətini belə izah etmişdir: "Mitoxondridlər
istisna olmaqla genetik kod bu günə qədər öyrənilmiş
olan bütün canlı obyektlərdə
oxşardır". Krik belə
bir nəzəriyyə irəli sürmüşdür ki,
yuxugörmə ayıq vaxtı yığılmış olan
artıq və faydasız assosiasiyalardan bizim beynimizin azad
olunduğu prosesin əlavə effektidir. F.Krik öz kitabında
bütün üzvi formaların
oxşarlığı əsasında Yer üzündə həyatın
yadplanetli mikroorqanizmlərdən törəməsinə dair fərziyyə
irəli sürmüşdür.
Kitabın 4-cü fəsli "Həyatın
mahiyyəti" adlanır.
Alim bu fəsildə həyat barədə
düşüncələrini ifadə etmişdir. "Həyat" və "canlı" sözlərinə
tərif vermək asan deyildir. Əlbəttə ki, canlı
dedikdə mən mütləq fikirləşən və hiss
edən varlıq nəzərdə
tutmuram. Çünki bioloq üçün
bitkilər də şübhəsiz canlıdır, bəzi
insanlar isə inanırlar ki, bitkilər bizim kimi və heyvanlar
kimi düşünür və hiss edirlər. Bakteriyalar
da, əlbəttə
ki, onları "iybilmə
hissiyatına" görə canlı hesab etmək
lazımdır. Viruslara gədikdə vəziyyət
başqa cürdür. Biz burada
artıq canlı və
cansızların sərhədinə
yaxınlaşırıq". Bu kitab ali
məktəblərin tələbələri
üçün, özü də olduqca canlı, maraqlı tərzdə
yazılmışdır. Bu kitablar müasir
biologiya elminin kimyəvi əsaslarını öyrənmək
istəyənlər üçün əvəzolunmaz vəsaitdir.
Bu kitaba ən yaxşı qiyməti bioloq alim Artur Frisman
vermişdir: "Biz indi hamımız molekulyar biologiya mütəxəssisləriyik".
Krik bütün həyat formalarının
çox təəccüblü oxşarlığını
qeyd etmişdir. Molekulyar biologiya, paleontologiya və kosmologiya sahələrində
baş vermiş kəşflərə istinad edən alim qeyd
etmişdir ki, Yer üzündə həyat digər planetlərin
bütün səthinə səpələnmiş mikroorqanizmlərdən
yarana bilərdi.
"Biz
həyatın sirrini tapmışıq!"
"Əziz Maykl. Cim Uotson və mən, yəqin ki, çox
mühüm kəşf etmişik. Biz
dez-oksi-ribo-nukleyin turşusunun (diqqətlə oxu) və ya sadəcə
D.N.T strukturunun modelini qurmuşuq". 1953-cü il martın 19-da 33
yaşlı Frensis Krikin 12 yaşlı oğlu Maykla
yazdığı məktub bu sözlərlə
başlayır. Bu məktubda DNT-nin ilk təsviri
verilir. Məktub "Böyük sevgi ilə,
atan" sözləri ilə bitirdi. Kəşf barədə
ilk elmi məqalə isə aprelin sonlarında "Nature"
jurnalında dərc olunmuşdur. "...Biz
düşünürük ki, yer üzündə həyatın
əmələ gəlməsinin əsasını təşkil
edən əsas mexanizmi əldə etmişik. Sən təsəvvür
edə bilməzsən, biz bu kəşfdən necə həyəcan
içindəyik",-deyə Krik oğluna yazdığı
məktubunda bildirirdi və evə qayıdanda DNT modelini ona
göstərəcəyini vəd edirdi. Krikdən
5 gün əvvəl onun həmkarı Uotson da bioloq Maks
Delbryuka məktub yazaraq DNT barədə məlumat vermişdir.
Kəşf tam surətdə 1953-cü il
fevralın 28-də rəsmiləşmişdir. Səhər
tezdən Kembricə işə gələn alimləri Krik "Biz həyatın sirrini tapmışıq!" sözləri
ilə qarşılamışdır. Oğlu sonralar
atasının məktubunu necə aldığını belə
xatırlamışdı:
"Mən qripə yoluxmuşdum. Və
evdən bayıra çıxmırdım. Mənim məktub oxumaq üçün vaxtım
çox idi. Xatırlayıram ki, məktubun
səhifələrini bir neçə dəfə vərəqləyərək
hər dəfə "dez-oksi-ribo-nukleyin turşusu"
sözünü təkrarladım". Maykl Krik də atası kimi elm yolunu seçmişdir.
O, əsasən kompüterlə bağlı olan sahələrdə
çalışmışdır.
DNT-nin struktur modelinin kəşfindən
sonrakı dövrdə
Frensis Krik Kembricdə fəlsəfə doktoru
elmi dərəcəsinə
layiq görülmüşdür. Onun elmi
işi zülal strukturlarının rentgen difraksiya analizinə
həsr olunmuşdur. 1954-cü ildə o,
genetik kodun şifrinin oxunması ilə məşğul
olmuşdur. Əvvəldən nəzəriyyəçi olan
Krik S.Brennerlə birlikdə bakterifoqlarda (bakterial virusların keçiriciləri)
genetik mutasiyanın öyrənilməsi ilə məşğul
olmuşdur.
1962-ci ildə F.Krik Kembric Universitetinin
biologiya laboratoriyasının müdiri təyin olunmuşdur.
O, tezliklə San-Dieqo (Kaliforniya ştatı) şəhərində
Solkov İnstitut Şurasının xarici üzvü
seçilmişdir. 1977-ci ildə Krik
neyrobiologiya, xüsusən də görmə və yuxugörmə
mexanizminin tədqiqi ilə məşğul olmağa
başlamışdır.
Nəzakətli
dostlar
Çox maraqlıdır ki, Frensis Kriki
Kembricə hələ elm aləmində o qədər də
tanınmayan amerikalı tədqiqatçı, 23 yaşlı
Ceyms Uotson dəvət etmişdi. Krik ondan 12 yaş böyük idi. Lakin onları uzunillik dostluq və alim həmrəyliyi
birləşdirirdi. Maraqlarının
ümumiliyinə, həyata baxışlarının,
düşüncə tərzinin oxşarlığına
baxmayaraq onlar tez-tez bir-birini çox sərt şəkildə,
lakin nəzakətlə tənqid edirdilər. Onların
bu intellektual dueldə oynadıqları rollar müxtəlif idi. Uotson
özü bu barədə sonralar demişdir: "Frensis beyin,
mən isə hiss idim".
Doktor Uotson dostu Frensis Krik haqqında qələmə aldığı "İkiqat
spiral" kitabında bəhs etmişdir. "Mən heç
vaxt görmədim ki, Frensis Krik özünü təvazökar aparsın. Ola bilsin ki, digər insanların cəmiyyətində
o təvazökar idi, lakin mən onu heç belə görmədim.
Onun haqqında indi çox danışırlar.
Ola bilsin gün gələcək, onu Rezervord və
Borla bir sıraya qoyacaqlar.
Mən onunla tanış olanda 33
yaşı var idi və demək olar ki, tanınmırdı. Lakin həmkarları onun çox nüfuzedici və
iti zəkaya malik olduğunu qeyd edir və məsləhət
üçün ona müraciət edirdilər. Çoxları onu düzgün qiymətləndirmir,
bəziləri hesab edirdi ki, o,
çoxdanışandır".
Frensis Krik 1961-ci ildə Fransa Elmlər Akademiyasının
Şarl Mayer mükafatına, Amerika Tədqiqatlar Cəmiyyətinin
elm mükafatına (1962), Kral medalına (1972), Kral Cəmiyyətinin
Kopli medalına (1976) layiq görülmüşdür. London Kral Cəmiyyətinin,
İrlandiya Kral Akademiyasının, Amerika Elmin
İnkişafına Dəstək Assosiasiyasının, Amerika
İncəsənət və Elmlər Akademiyasının,
Amerika Milli Elmlər Akademiyasının, Edinburq Kral Cəmiyyətinin fəxri
üzvü seçilmişdir.
Frensis Krik 1940-cı ildə Rut Dorin Dodd ilə
evlənmişdir, onların bir oğlu doğulmuşdur.
Onlar 1947-ci ildə ayrılıblar. İki
il sonra isə Frensis Krik Odil Spayd ilə evlənmişdir.
Onların iki qızı dünyaya gəlmişdir.
Frensis Krik uzun ömür
sürmüşdür. O, 2004-cü il iyulun 30-da San-Dieqoda 88 yaşında mədə
xərçəngindən vəfat etmişdir.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 10 may.- S.10.