Azərbaycan
idmançılarının bəxti onda gətirib ki, onların
İlham Əliyev kimi Prezidenti var
İkiqat
Paralimpiya çempionu İlham Zəkiyevlə söhbət
İlk
dəfə onun haqqında illər öncə cəbhə
bölgəsində çəkilişdə olarkən
eşitmişdim.
"N" saylı hərbi hissənin ən
mahir kəşfiyyatçısı, 19 yaşlı İlham Zəkiyev
düşmən snayperinin hədəfinə tuş gəlmişdi.
O vaxt biz, Füzuli rayonunun Əhmədbəyli kəndindəki
hərbi hospitalda olanda gicgahından ağır yara
almış kəşfiyyatçımızın vəziyyəti
ilə bağlı həkimlər dedilər ki, "Biz əlimizdən gələni əsirgəməmişik.
Amma... yaralının vəziyyəti o qədər
ağırdı ki... Ümid Allaha
qalıb". O illərin üstündən illər
ötüb indi... ən azı on beş
il...
Mənim
bugünkü həmsöhbətim ikiqat Paralimpiya Oyunları
çempionu İlham Əzizağa oğlu Zəkiyevdir:
- Mən 3 mart 1980-ci ildə Sumqayıt şəhərində
sadə bir azərbaycanlı ailəsində dünyaya göz
açmışam. Ailədə beş
uşaq olmuşuq. Mən həm evin, həm də
qardaşların dördüncüsü idim. Sonbeşiyimiz bacım idi.
Ağlım kəsəndən idmana meyilli
olmuşam. Böyük qardaşım
Fikrət güləşçi idi, o, məşqə gedəndə
mən də həvəsə düşüb onunla gedirdim.
Fikrətin sayəsində 10 yaşımdan başlayaraq təxminən
üç il idmanın sərbəst
güləş növü ilə məşğul olmağa
başladım. Sonra məşqçimizin
Rusiyaya köçməsi səbəbindən bizim güləş
qrupumuz dağıldı.
1995-ci ildən Mehdi Hüseynzadə
adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul
olmağa başladım. Çox qısa müddətdə
respublika daxilində uğurlu yarışlarım oldu, dəfələrlə
şəhər çempionu, respublika
mükafatçısı oldum...
İlham Zəkiyev 1998-ci ilin iyul ayına qədər
məşğul olduğu idman növlərində öz sözünü demişdi.
Hərbi xidmətə yollananda İlham artıq cüdo
üzrə Sumqayıt
çempionu, cüdo üzrə gənclər
arasında Azərbaycan çempionatının
mükafatçısı, sambo üzrə gənclər
arasında Azərbaycan çempionu, Azərbaycan kubokunun qalibi
kimi ad qazanmışdı.
Güllə
sol gicgahımdan daxil olub, sağ gicgahımdan
çıxdı
1998-ci ilin iyun ayında Azərbaycan
kubokunun qalibi oldum. Həmin qalibiyyət mənə
yeniyetmələrin Moskvada keçiriləcək
olimpiadasına vəsiqə qazandırdı. Lakin Moskvadakı
olimpiadaya getmək mənə müyəssər olmadı.
Çünki düz bir ay sonra həqiqi hərbi xidmətə
çağırıldım və 2 iyul 1998-ci ildən vətənin
əsgəri kimi mənim həyatımda tamamilə fərqli
bir səhifə açıldı.
Beyləqan
rayonunun Daşburun stansiyasında bizi mövqelərə
bölüşdürəndə
komandirimiz fiziki görünüşümə və
idman göstəricilərimə görə öz
yaşıdlarımdan seçildiyim üçün məni "N" saylı kəşfiyyat taburuna göndərdi.
Mən Vətən uğrunda müqəddəs xidmətə
kəşfiyyat taburunda başladım.
Həm
kəşfiyyatçılıq bacarığıma, həm
idman göstəricilərimə, həm də
nizam-intizamıma görə nümunəvi əsgər
sayırdılar məni.
Yeddi
ay orduda nümunəvi xidmət elədim, fəxri fərmanlar
aldım. 1999-cu ilin fevralında Füzuli rayonunun
Aşağı Abdurrahmanlı kəndi istiqamətində
döyüş tapşırığını yerinə yetirən
zaman düşmən tərəfdən atılan snayper
gülləsinə tuş gəldim. Güllə sol
gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı.
Beş gün koma vəziyyətində yatdım. Həkimlər sağ qalmağım
üçün doğmalarıma ümid verə bilmir,
deyirmişlər ki, gedin hazırlığınızı
görün, yaşamağına ümid yoxdur.
İdmançı olduğuna görə canı möhkəmdir,
ona görə də bir-iki gün ağrılara dözə
bilib, sağ qalıb.
Mən
komada olanda hərbi hissədən evimizə zəng vurub hadisə
barədə məlumat vermişdilər. Anamgil
başıalovlu özlərini
çatdırmışdılar Əhmədbəyli hərbi
hospitalına.
Allahdan ümid kəsilməz.
Düz beş gündən sonra
anamın səsinə komadan
ayıldım. Ancaq anamı görə bilmədim. Hər tərəf
qaranlıq idi. Bərk üşüyürdüm. Fevral
ayı... soyuq palata... Anamın əynindən
çıxarıb məni bürüdüyü yun jaketi ürəyimə bir istilik gətirdi...
Evimizə
I qrup Qarabağ əlili kimi döndüm. Snayper gülləsi
gözlərimi tamamilə sıyırıb
aparmışdı.
Dünya
işığını görməsəm də, işıqlı qələbələrə
imza ata bilirəm
I qrup əlil olduqdan sonra ilk dəfə
2002-ci ildə bir təsadüf
nəticəsində Milli
Paralimpiya Komitəsi barədə eşitdim.
Müalicəmlə bağlı 2002-ci
ildə İdman Nazirliyinə
müraciət eləmişdim.
Mən 19 yaşımda dünya
işığından məhrum olmağımla barışa
bilmirdim. Necə də barışaydım?! Axı, mən
dünyanın qaradan savayı daha gözəl rənglərini
də nə vaxtsa görmüşdüm?!
O vaxt Milli Olimpiya Komitəsinin prezidentinə
- möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına
səhhətimlə bağlı müraciət elədim. O, məni
Moskva şəhərinə yolladı. Orada tam müayinədən
keçdim. Həkimlər dedi ki, sənin müalicən
bugünkü tibdə mümkün
deyil. Kor-peşman Moskvadan geri döndüm.
Bakıya qayıdanda nazirliyə
müraciət edərək soruşdum ki, paralimpiya oyunları barədə
eşitmişəm, bu oyunların
tərkibində gözdən
əlillər üçün hər hansı idman
növü varmı?
Milli Paralimpiya Komitəsindən bildirdilər
ki, gözdən əlil olanlar
cüdo yarışmalarına qatıla bilərlər.
Beləliklə, getdim Milli Paralimpiya Komitəsinə. Başda rəhbərlik
olmaqla, İlqar müəllim, Afiq müəllim çox isti
qarşıladılar məni. Məşq
etməyim üçün lazım olan şəraiti
yaratdılar. 2002-ci il noyabr ayının 1-dən məşqlərə
başladım.
Yenə şəhər stadionu, yenə köhnə məşq
elədiyim yerlər... amma bu dəfə Paralimpiya hərəkatında...
İlk günlər vəziyyətə
alışmaq mənim üçün çox çətin
idi.
O vaxt məqsədim dünya çempionatında
iştirak etmək idi. Şükürlər
olsun Allaha ki, mən bu işi bacardim.
2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində
keçirilən Görmə Əlilliyi olan İnsanların
ikinci Dünya Çempionatında
ilk dəfə tatamiyə
çıxdım. Püşkatmanın dərəcəsinə
görə mən kubalı dünya çempionu ilə
yarışdım və
çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub oldum. Bu
çempionatda iştirak etməyimlə 2004-cü ildə
Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə
qazandım. Azərbaycandan Paralimpiya
Oyunlarında iştirak edən yeganə cüdoçu idim.
Maraqlı burasıdır ki, Afinada ilk
qarşılaşdığım idmançı, Kvebekdəki
(Kanada) yarışmada məğlub olduğum kubalı
dünya çempionu oldu. Bir dəqiqə qırx saniyə çəkən
döyüşdə rəqibimi
üstələyib yarımfinala qalxdım. Yarımfinalda
İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub
etdim. Finalda isə Böyük Britaniyadan olan rəqibimə
ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində
üstün gələrək Paralimpiya Oyunları
Çempionu adını qazandım. Bir ildən sonra isə
Niderlandda keçən Avropa Çempionatının final
yarışmasında Fransanı təmsil edən
idmançını məğlub edərək Avropa çempionu oldum.
2006-cı ildə Fransada keçirilən
Dünya Çempionatında bürünc medal qazandım.
2007-ci ildə Bakıda keçirilən
Dünya Çempionatında yenə də qalib gəldim.
Həmin ildə Braziliyada keçirilən
Ümumdünya yarışmasında qızıl medala layiq
görüldüm.
2008-ci ildə ikinci Paralimpiya Oyunlarında
iştirakım zamanı Yunanıstanın paytaxtı Afinada
fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub
etdim.
Cənubi Koreyada, Çində keçirilən
final yarışmalarında qalib gələrək ikiqat
Paralimpiya Oyunları Çempionu oldum.
Bu qələbələrimin nəticəsidir ki,
"Şöhrət" ordeninə, "Əməkdar idman
ustası" fəxri adına,
"Tərəqqi" medalına, Heydər Əliyev Fondunun təsis
etdiyi "Qızıl çinar" mükafatı
laureatı adına layiq görülmüşəm.
Milli Paralimpiya Komitəsinin kapitanıyam.
Paralimpiya Oyunları zamanı, iki dəfə
- Pekində də,
Londonda da
bayrağımızı qaldırmaq kimi şərəfli
bir vəzifəni mənə həvalə etmişdilər.
İradə insana yaxşı mənada əyilməzlik,
dönməzlik gətirir.
Şükürlər olsun Allahın
böyüklüyünə ki, dünya
işığını görməsəm də,
işıqlı qələbələrə imza ata bilirəm...
Görmə qabiliyyətimin itməsi səbəbindən
mənim tibbi sənədlərimdə "Əmək qabiliyyətsiz " yazılsa da, mən əmək
qabiliyyətlilərin çoxunun görə bilmədiyi bir
işi görməyi bacarıram: İdmanda
qazandığım qələbələrimlə Azərbaycanı
bütün dünyaya tanıdıram.
Anam da, mən də Allahın necə xoşbəxt
bəndələriyik ki, o boyda travmadan, o boyda tale
sınağından çıxandan sonra yenə də bir yerdəyik. Allah həmişə bir tərəfdən
bağlayanda, o biri tərəfdən açır-deyirlər.
Doğru sözdür.
Bircə dəfə övladlarımın
üzünü görə bilsəydim...
Dünyada insana yaxın olan
doğmalarının hər birinin öz yeri var: ananın da, həyat
yoldaşının da, övladın da, qohum-əqrəbanın
da, dost-tanışın da. Ancaq... bircə dəfə
övladlarımın üzünü görə bilsəydim...
Kiminsə
xətrinə dəymək mənim xarakterimdə yoxdu...
Bəzən məndən soruşurlar: sən
ki, bu qədər humanistsən, bəs rəqibinlə necə vuruşursan, ona necə qalib gəlirsən? Cavab verirəm ki, həyat başqa, yarış
başqa. Hər şeyin öz yeri, öz mizan-tərəzisi var. Tatami
üzərində ölkəmin
adını yalnız qaliblər sırasına yazmaq barədə
düşünürəm. Qalib gələndən sonra isə
rəqibimin də əlini yuxarı qaldırıram, gələcək
yarışmalarda ona da uğurlar arzulayıram. Rəqib
olanda nə olar? Mən idmançı həmkarlarımla
yalnız tatamidə rəqibəm, tatamidən kənarda biz
hamımız insanıq, dostuq. Mən
yarış dostlarımın hamısı ilə ünsiyyət
qurur, səmimi münasibətlər saxlayıram.
Peyğəmbərimizin müdrik bir kəlamı var ki, bəzən
bir təbəssüm də sədəqə ola
bilər.
Hərbi xidmətə getməmişdən
əvvəl uzaq qohumlarımızdan birinin qızını bəyənmişdim.
Amma bunu bir
sirr kimi ürəyimdə saxladım, kimsəyə bir kəlmə belə demədim. Ailə qurmaq məsələm gündəmə gətiriləndə
valideynlərim də elə həmin qızı seçdiklərini
bildirdilər.
Beləliklə, böyüklərimin
fikirləşdikləri ilə mənim seçimim
üst-üstə düşdü. Elimizin adət-ənənəsinə
uyğun ailə həyatı qurdum.
Toyum olanda respublikamızın Prezidenti cənab İlham Əliyev
mənə təbrik məktubu göndərmişdi.
Şükür, taleyimdən çox
razıyam. İndi iki
övladım var
- İlkinim və Aynurum. Uşaqlarımı vətənə
layiqli övlad kimi böyütməklə yanaşı,
onlarda idmana da həvəs oyatmaq istəyirəm. Çünki
sağlamlıq üçün hər bir
insanın idmanla məşğul olması vacibdir. Sənət seçiminə gəldikdə isə,
bu, onların öz istəklərindən asılıdır.
Birinci sinifdə oxuyan İlkinim həmişə deyir ki, ata, mən
hər gün səninçün dualar edirəm, kaş sənin
gözlərinə Allah şəfa versin. Sən
məni də, bacımı da görə biləsən.
Mənim istəyim odur ki, heç
bir əlil cəmiyyətdən kənarda qalmasın
-
Yarışlarda heç vaxt düşmən tərəflə tatamiyə
çıxmamışam. Onlar hələ o səviyyəyə
çatmayıblar ki, paralimpiya yarışlarında
iştirak etsinlər. İdmanın digər növləri
üzrə keçirilən yarışlarda da neçə ildir iştirak
edirlər, ancaq hələ bir dənə medalları yoxdur.
Mən bu
müsahibəmdən əlillərə bir mesaj yollamaq istəyirəm:
2008-ci ildə mənim qalib gəlməyimin Sumqayıtda
olimpiya kompleksinin tikilməsində çox böyük rolu
oldu. Cənab İlham Əliyev Sumqayıt şəhərində
biz idmançılara MDB ölkələrinin hələ
heç birində
olmayan, beynəlxalq
standartlara uyğun yeni olimpiya kompleksini hədiyyə etdi.
Bu kompleksdə əlillərə istənilən
idman növündə
məşq etməyə hər cür şərait
var. Qoy əlillər olimpiya oyunlarında iştirak etmək
üçün bizim kompleksə gəlib müraciət etsinlər.
Orada peşəkar məşqçilərimiz onlara istiqamət verəcək,
istedadlarını tapıb üzə çıxaracaqlar. Mənim istəyim odur ki, heç bir əlil cəmiyyətdən
kənarda qalmasın.
2008-ci ildə Paralimpiya Oyunları Pekində keçiriləndə, orada hər
bir iştirakçı ölkənin bayrağı
qaldırılırdı. Mən güləşən günü Azərbaycandan
üç nəfər idmançı yarışa
qatılmışdı: 90, 100
və 100 kiloqramdan artıq çəkidə olanlar. Məndən əvvəl - 90 kq çəki ilə
yarışa çıxan Tofiq Məmmədov finalda
rusiyalı idmançıya məğlub oldu. 100 kq
çəki ilə yarışa qatılan Kərim Sərdarov da
braziliyalı idmançıya məğlub olub
gümüş medalla kifayətləndi.
Mən yarışa 100 kq-dan artıq
çəki ilə qatılmışdım.
Pekində mən çinli idmançı
ilə, yəni ev sahibi ilə
döyüşə çıxmışdım. Bu baxımdan psixoloji durum olduqca gərgin idi. Yəni,
ev sahibinə dəstək verənlərin
alqış sədaları bizə azarkeşlik edənlərin
səsini eşidilməz edirdi. Amma bu, cəmi 40 saniyə çəkdi.
Sonra bizimkilərin alqışları başlandı...
Dostlarım
hər qələbəmdən sonar zəng vurub məni təbrik
edirlər
Yaralanana qədər bir yerdə xidmət
etdiyim uşaqlar, orta məktəb yoldaşlarım indi də
hər yarışdan, hər qələbəmdən sonra zəng
vurub axtarır,
məni təbrik edirlər. Birinci sinifdən bir yerdə
oxuduğum, indi
də hər zaman birlikdə olduğum Emilin isə
dostlarımın sırasında xüsusi yeri var.
Cənab İlham Əliyev hakimiyyətə
gəldiyi ilk gündən biz idmançılara çox dəstək
oldu. Ulu öndərimiz Heydər Əliyev cənabları
idmançıları qəbul edəndə gözəl bir
söz demişdi: "Mən başqa elə bir sahə
tanımıram ki, Azərbaycanın dövlət atributlarını idman sahəsində
olduğu qədər təmsil
eləsin".
Mən olimpiya oyunlarında qalib gələn
zaman bayrağımız qaldırılanda, himnimiz səsləndiriləndə
ürəyim fərəhdən yerə-göyə
sığmırdı. Azərbaycan
idmançısı qalib gələndə iştirakçılar
istər-istəməz gedib xəritədə Azərbaycanı
axtarıb tapacaq, azərbaycanlılar barədə məlumatlanmağa
çalışacaqlar. Görəcəklər ki, Azərbaycan
haradır, necə yerdir və onun necə güclü övladları var. Azərbaycan
idmançılarının bəxti onda gətirib ki, onların
İlham Əliyev kimi Prezidenti var. Cənab Prezident
olimpiyaçılarımızı şəxsən, bir-bir
tanıyır, hər bir problemlərimizlə yaxından
maraqlanır.
2004-cü ildə Afinada keçirilən
Paralimpiya Oyunlarında qalib gələndə cənab Prezidentin
tapşırığı ilə mənə yeni mənzil hədiyyə
verildi. 2008-ci ildə
Pekin Paralimpiya Oyunlarının qalibi olanda isə mənə
zəng gəldi ki, cənab Prezident sənə maşın hədiyyə
edir, hansı rəngi bəyənirsən? Dedim,
qara rəngi. Bir zamanlar, hələ
yaralanmamışdan çox-çox əvvəllər mən
qara rəngli Nissan-Pathfinderi çox bəyənərdim, istəyərdim
ki, elə bir maşınım olsun.
Bakıdan Sumqayıta Nissan-Pathfinder
maşınını evakuatorla qapımıza gətirdilər,
sürə-sürə yox ha... Dedilər, cənab Prezident
deyib ki, qoy
İlham
maşının qapısını açıb
sükanın arxasında ilk dəfə özü otursun.
Rəhbərlik tərəfdən belə
diqqət, qayğıkeş, həssas münasibət
yarışlarda qalib gəlməyim üçün mənə
çox böyük stimul verir. Hər
dəfə biz idmançılar yarışlardan vətənə
dönəndə cənab Prezidentimiz bizimlə
görüşür, təbrik edir, qiymətləndirir, hər bir qələbəmizi fərəhlə
qarşılayır. Bu da gələcək
yarışmalarda qalib gəlmək üçün bizə
ruh verir.
Qarşıda çoxlu planlarım var. Ən
böyük məqsədim 2016-cı ildə RİO-da
keçiriləcək növbəti Paralimpiya Oyunlarına,
ondan əvvəl isə Avropada keçiriləcək olimpiya
oyunlarına ciddi hazırlaşıb vətənə qalib
kimi qayıtmaqdır.
İdman
sahəsində ilk "Qızıl çinar" mükafatçısı
mən oldum
Bu həyatdır. Alın yazısıdır. Ancaq
iradəsi olan adamlar ayaq üstə qalmağı
bacarırlar. Hərdən ordudan sonrakı
illərimə boylanıram. Titullarımı sıralamaq
istəyirəm...
4 dəfə Avropa çempionu olmuşam.
Birinci dəfə 2005-ci ildə Hollandiyada; ikinci dəfə 2007-ci
ildə Bakıda; üçüncü dəfə 2009-cu ildə
Macarıstanda; dördüncü dəfə 2011-ci ildə Londonda Avropa çempionatında
qalib gəlmişəm...
İki dəfə dünya çempionu
olmuşam - birinci dəfə 2007-ci ildə Braziliyanın
San-Paolo şəhərində, ikinci dəfə isə 2010-cu
ildə Türkiyənin Antalya şəhərində...
2004-cü ildə Afinada keçirilən
12-ci, 2008-ci ildə isə Pekində keçirilən 13-cü
yay Paralimpiya Oyunlarının qalibi kimi vətənə
dönmüşəm. 2008-ci il dekabr ayının 26-da "Şöhrət"
ordeninə; 2009-cu ilin mart ayının 5-də "Əməkdar idman
ustası" adına; 2012-ci ildə
"Tərəqqi"
medalına layiq görülmüşəm.
2012-ci il may ayının 10-da Heydər Əliyev
Mərkəzinin açılışı zamanı Heydər
Əliyev Fondunun təsis etdiyi "Qızıl
çinar" mükafatını hörmətli Mehriban
xanım Əliyeva şəxsən özü təqdim elədi.
Beləliklə,
idman sahəsində
ilk "Qızıl çinar"
mükafatçısı mən oldum.
Hərbidə vətənə qulluğum
yarımçıq qalsa da, indi Vətənə qulluğumu
idman arenasında - tatamidə davam etdirməyimlə fəxr
edirəm. Hər dəfə Azərbaycan
bayrağı qalxanda, Azərbaycan himni səsləndiriləndə
sevinirəm.
Qarşıdan ümummilli liderimizin anadan
olmasının 90 illiyi gəlir. Biz
idmançılar da bu yubileylə bağlı bütün tədbirlərə
qatılır və
ulu öndərin siyasi kursunu davam etdirən, həmişə
biz idmançıların yaxın dostu olan İlham Əliyev
cənablarını hər
zaman dəstəkləyirik. Çünki idmana, gənclərə
qayğı, millətin gələcəyinə qayğı
deməkdir. Bu gün gənclərə qayğıdan
danışanda ilk olaraq Prezidentimiz İlham Əliyevin
gördüyü xeyirxah işlər yada düşür.
P.S:
2013-cü il mayın 5-də
Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində
ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş cüdo üzrə beynəlxalq "Böyük dəbilqə"
turniri keçirilmişdir. Bu yarışda 25
ölkədən 190-dan çox cüdoçu mübarizə
aparırdı. Turnir çərçivəsində ikiqat Paralimpiya çempionu,
ikiqat Dünya, dördqat Avropa çempionu, Azərbaycan
cüdoçusu İlham Zəkiyevə VI DAN QARA KƏMƏR
təqdim olunmuşdur.
Hazırladı:
Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 10 may.- S.9.