Universitet-texnopark vəhdəti yüksək
texnologiyaların və innovativ fəaliyyətlərin
inkişaf etdirildiyi məkandır
Müasir dövrümüz dünya
iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında
formalaşması və inkişaf etdirilməsi ilə
xarakterizə olunur. İnnovasiya adı altında yeni
texnologiyalar, yeni məhsul və xidmət növləri,
istehsalın, əməyin və idarəetmənin təşkilində
yeniliklərdən istifadə başa düşülür.
İnnovasiyanın yeniliyi, iqtisadi cəhətdən əsaslandırılmış
olması, istehsalçıların tələblərini
ödəməsi onun zəruri xüsusiyyətləri hesab
olunur. Müasir dünyada bütün innovasiya
strukturlarının yeni növləri arasında elmi-texnoloji
parklar özünün çoxfunksiyalılığı, həll
etdiyi məsələlərin müxtəlifliyi ilə
seçilir.
Texnoparklar nədir
Qloballaşma dövründə
informasiya cəmiyyətinin tələblərinə uyğun
olaraq biliklərə əsaslanan iqtisadiyyatın
formalaşdırılması ən zəruri məsələlərdəndir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin 4 may 2009-cu il
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiya"da bu məqsədlə, yəni
ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın
formalaşdırılması üçün elmi-texniki
infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və
istehsalatın inteqrasiyasının təmin edilməsi,
innovasiya siyasətinin səmərəsinin
artırılması mühüm fəaliyyət istiqamətləri
hesab olunmuş, innovasiya fəaliyyəti infrastrukturunun
inkişaf etdirilməsi, o cümlədən texnoparkların,
texnoloji mərkəzlərin, biznes inkubatorlarının şəbəkəsinin
genişləndirilməsi bir vəzifə olaraq qarşıya
qoyulmuşdur.
Bəs texnoparklar nədir, bu qurumlar
özlərində nələri ehtiva edirlər?
Mövcud informasiyalardan məlum olur ki,
texnoparkların yaradılmasında əsas məqsəd biliklərin
və ixtiraların texnologiyalara, həmin texnologiyaların isə
kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş
milli xərclərin səmərəliliyinin yüksəldilməsi,
kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsi ilə
texnologiyaların sənayeyə ötürülməsi,
elmtutumlu firmaların formalaşması və onların bazarda
təşəkkülü, elmtutumlu biznes sahəsində
müəssisələrin dəstəklənməsi, sənayenin
struktur yenidənqurulması, regional qeyri-mütənasib
inkişaf səviyyəsinin azalması, məşğulluq
probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində
elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir. Bu
qurumlar eyni zamanda yüksək texnologiyalara əsaslanaraq
inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi,
yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi,
innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil
və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət
sahələri ilə səmərəliliyin
artırılması, beynəlxalq arenada rəqabət qabiliyyətinin
yüksəldilməsi məqsədlərini də
güdür.
Deyilənləri ümumiləşdirsək
deyə bilərik ki, texnoparklar kiçik və orta elmtutumlu
innovasiya şirkətlərinin inkişafı
üçün maksimum əlverişli mühitin
formalaşdığı elm-istehsalat komplektidir və əsasən
elmi fəaliyyətin nəticələrinin məhsula
çevrilməsi və bazara çıxarılmasının
təşkili ilə məşğul olurlar.
Texnoparkların əsas struktur vahidi mərkəzlər
hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris mərkəzi,
məsləhət mərkəzi, informasiya mərkəzi,
marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə-sığorta
mərkəzi, mühasibat-audit mərkəzi, strateji tədqiqat
mərkəzi daxildir. Dünya iqtisadiyyatında texnoparklar
innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici
qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin
formalaşmasında və rəqabətqabiliyyətli
olmasında texnoparkların böyük rolu vardır.
Məsələn, ABŞ, Hindistan,
Çin və s. kimi ölkələr İKT sahəsində
dünya səviyyəsində qabaqcıl olmalarına görə
məhz texnoparklara minnətdardırlar.
Müasir dövrdə informasiya cəmiyyətinin
biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında
texnoloji biliklərin mərkəzinə çevrilən
universitetlər mühüm rol oynadığından ali məktəb
texnopark vəhdətinin yaradılması da son illər
geniş inkişaf tapmışdır.
Belə texnoparklar bir və ya bir
neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri
ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar
olub, tərkibində elmi nəticələrə və
yüksək texnologiyalara əsaslanan şirkətlərin
yaranmasına və onların inkişafına təşəbbüs
göstərmək məqsədi ilə qurulur. Universitet
texnoparkda fəaliyyət göstərən şirkətlərə
innovativ elmi nəticələrin transfer edilməsi və
işin idarə olunması sahələrində
dəstək verir. Bu proseslərdə bütün
yanaşmalar təşəbbüskarlıq və müəllif
hüquqlarının qorunması müstəvisində həyata
keçirilir. Beləliklə, texnoparklar yeni ideyaların
formalaşmasından başlayaraq onların tətbiq
olunması və inkişaf etdirilməsinədək hərtərəfli
şəraitin olduğu innovativ
fəaliyyətləri təmin edən məkandır.
Başqa sözlə, texnoparklar insan kapitalını sürətlə
inkişaf etdirən, yüksək texnologiyalar istehsal edən
qurumlardır. Belə qurumlar universitetlərin tərkibində
olduqda daha aktiv fəaliyyət göstərə bilirlər.
Bu barədə əməkdaşımıza
ətraflı məlumat verən Qafqaz Universiteti
Texnoparkının direktoru, dosent İsa Qasımovun bildirdiyinə
görə, yüksək texnologiyalar istehsalının 4 təməl
tərəfi vardır:
- Araşdırmaçı
bacarıqları və həvəsi olan insan gücü;
- Yetərli məlumat bazası;
- Yetərli maliyyə dəstəyi;
- Proqramlı bir şəkildə elmi tədqiqatların
aparılması.
Dünya standartlarına əsasən
texnoparkların əsas hədəfləri universitetlərin təhsil,
tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək
daha səmərəli nəticələr
əldə etmək; sənayenin rəqabət gücünü
artırmaq, yüksək texnologiyalara əsaslanan
regional və iqtisadi
inkişafı sürətləndirməkdir.
Texnoparkların tarixi
Texnoparklar ilk dəfə
ötən əsrin 50-ci illərində ABŞ-da
Stenford Universitetinin təşəbbüsü
ilə yaradılmışdır. Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya
ştatında ABŞ hökumətinin sifarişi
ilə hərbi sənaye məhsulları istehsal
edən şirkətlər yüksək texnologiyalar
sahəsində də müəyyən irəliləyişlər
əldə etmişdilər. Ona görə
də Stenford Universiteti
bu şirkətlərə özünün
boş qalmış ərazisində icarə
yer vermək qərarına gəlir. Belə
ki, boş
qalmış həmin ərazilərin satılması Lilend Stenfordun vəsiyyəti
ilə qadağan olunmuşdu.
Bundan başqa, həmin
şirkətlər bu və ya digər formada
universitetlə əlaqəli şəkildə fəaliyyət
göstərirdilər. Həmin ərazidə tikintinin
başa çatması, infrastrukturun
formalaşması və elmi parkın
yaradılması üçün təxminən
30 il vaxt lazım gəlir.
Silikon vadisi bu gün çox
məşhur olan "Hewlett-Packard",
"Polaroid", "Eastman
Kodak", "General Electric", "Shojkley Transistor", "Lockheed"
kimi şirkətlərin ilkin
özünütəsdiq meydanı olub. Buna baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması
sahəsi çox ləng inkişaf
edirdi. Ötən əsrin 70-ci illərində
Silikon vadisinin yerləşdiyi
280 hektarlıq ərazi böyüməkdə olan
şirkətlərin tələblərinə cavab
vermirdi. Belə olan halda vadinin
ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzadıldı. Həmin
illərdə kompüter
texnikasının sürətli inkişafı, 80-ci illərdə
şəbəkə texnologiyalarının yaradılması və
90-cı illərdə İnternetin meydana gəlməsi Silikon
vadisini sənaye parkı kimi
daha da inkişaf etdirdi.
Yeri gəlmişkən Silikon vadisinin bəzi
göstəricilərini diqqətə çatdıraq:
hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət
göstərir. Onların 34 faizi
əcnəbidir; vadidə yaşayan hər
bir əməkdaş öz
şirkətinə ümumilikdə il ərzində
200 min ABŞ dolları qazandırır;
vadidə yaşayanların yalnız 43 faizi
ali təhsillidir; burada
əməkdaşların orta illik əməkhaqqı 70-80 min
ABŞ dollarıdır.
Hazırda
Amerikada 700-dən artıq texnopark,
150-dən çox İT-park
fəaliyyət göstərir. Amerika
texnoparkı baza universitetləri əsasında
yaranmışdır. Bu park kompleks binadan ibarət olmaqla həm
işləmək imkanını, həm də
yaşayış şəhərciyi, servis
xidmətləri, istirahət və idmanla
məşğulluq üçün
zonanı özündə birləşdirir. Əsas prinsip - hər şeyin bir yerdə olmasıdır və burada işləyən şəxs heç bir yerə getməməlidir.
Əməkdaşlar elə əhvali-ruhiyyəyə köklənməlidirlər
ki, günün 24
saatını sanki işləyirlər. Ona görə də onlar bir yerdə yaşamalı və işləməli,
burada istirahət etməli, ailə-uşaq
problemləri ilə məşğul olmalıdırlar.
Yalnız bu halda
gözlənilən nəticəni əldə etmək mümkün olur.
ABŞ-dan sonra
dünyanın inkişaf etmiş
bütün ölkələrində texnoparklar yaradılmış və inkişaf etdirilmişdir.
Hazırda dünyada 4000-ə yaxın texnopark fəaliyyət göstərir.
Texnoparkları inkişaf etdirmiş
ölkələr yüksək texnologiyalara sürətlə yiyələnə
bilirlər. Ona görə də
dünyanın ən qabaqcıl sənaye markaları həmin
ölkələrin adı ilə birbaşa
bağlıdır.
Onu da qeyd edək ki, texnoparklar innovasiya infrastrukturunun elementləri kimi
dünyanın müxtəlif ölkələrində müxtəlif
cür adlanır.
Adlardakı
bu fərq bəzi funksional,
təşkilati və milli xüsusiyyətlərlə
izah olunur. Mahiyyətcə texnoparklar
konsepsiyasının əsasını elmi-texniki
nailiyyətlərin akademik və digər
tədqiqat mərkəzlərindən sənayedə
ötürülməsi prosesinin səmərəliliyinin
yüksəlməsini və onun mənimsənilməsini
sürətləndirmək məqsədi ilə elmi tədqiqatların və zəruri
kapitalın ərazi cəhətdən birləşməsi ideyası
təşkil edir. Məsələn, Şərq
ölkələrində, Rusiyada, eləcə
də Azərbaycanda "texnoloji parklar" (texnoparklar) və
ya "elmi-texnoloji parklar"; "azad iqtisadi zonalar" birləşmələri
qəbul olunduğu halda
ABŞ-da bu
strukturları "tədqiqat parkları", Böyük
Britaniyada "elmi parklar", Koreyada
"elmi-sənaye parkları", Fransada
və Yaponiyada "texnopolislər", Almaniyada "innovasiya və
texnoloji mərkəzlər" və s. adlandırırlar.
Dünya təcrübəsinə
görə texnoparkların inkişafında səmərəli
nəticələrin təmin edilməsi üçün
yüksək texnologiyaların inkişafında elmi tədqiqatların innovativ yanaşmalarla həyata keçirilməsi mühüm rol oynayır.
Texnoparklar
Azərbaycan universitetlərində
Azərbaycan
ali təhsil müəssisələri
arasında texnoparkların yaradılması ideyası son illər meydana gəlmişdir.
Lakin bu ideya hələlik iki ali məktəbdə - Qafqaz
Universitetində və Xəzər Universitetində
reallaşmaqdadır. Müxtəlif sahələrdə təhsilin
inkişafına innovativ yanaşmaları
ilə fərqlənən Qafqaz Universiteti bu işdə də
önə düşüb.
2013-cü
ilin yanvar ayında universitetin Elmi
Şurasının qərarı ilə təsis edilən Qafqaz Universitetinin
texnoparkı "QUTexnopark"
adlandırılmışdır. Bu ali məktəbdə texnopark
təsis olunarkən qardaş Türkiyənin
universitetlərinin bu sahədəki təcrübəsi
və modeli əsas götürülmüşdür.
Bu məqsədlə iki
dəfə Türkiyəyə qrup
halında işgüzar səfər təşkil
edilmiş, həmin səfərlər
zamanı Orta Doğu Texniki Universiteti, İstanbul Universiteti,
Yıldız Texniki Universiteti,
Hacəttəpə Universiteti, Bilkent Universiteti kimi güclü universitetlərin
texnoparklarında geniş müşahidələr
aparılmışdır. QUTexnopark
formalaşdırılarkən Türkiyə ilə
yanaşı İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin
texnopark təcrübələrindən də
istifadə olunmuşdur. Lakin
qeyd edək ki, "QUTexnopark" əsasən Orta
Doğu Texniki Universitetinin texnopark təcrübəsinə
daha çox əhəmiyyət
verir.
QUTexnopark istər dövlət, istərsə
də özəl sektorlarla sıx əməkdaşlıqda
maraqlıdır və bu istiqamətdə
görüşlər keçirir.
QUTexnopark texnopark
ekosistemini formalaşdırmaq üçün yerli və
xarici mütəxəssislərdən
istifadə edərək təlimlər verir,
təşəbbüskar yanaşmanı inkişaf
etdirir.
QUTexnoparkda "SENTRA" MMC, Azer.Net
MMC, "MONtech" MMC şirkətləri
ilə müqavilə bağlamış və həmin
şirkətlərə QUTexnoparkda ofis üçün yer vermişdir.
Qeyd olunduğu
kimi, texnoparklarda fəaliyyətlər
İnkubasiya Mərkəzlərindən
başlayır ki, burada
da əsas məqsəd gənc nəsildə
olan yenilikçi
potensialı üzrə çıxararaq onu
inkişaf etdirməkdir. Məhz bu məqsədlə də QUTexnopark
hazırda Yeni Fikir
Müsabiqəsi layihəsini həyata keçirir.
Yeni Fikir
Müsabiqəsinin məqsədi texnologiya
sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə
verməkdir.
Qeyd edək ki,
bu yarışmada təkcə Qafqaz Universitetinin təmsilçiləri deyil, bütün Azərbaycan
gəncləri, o cümlədən Azərbaycanda
təhsil alan xarici vətəndaşlar
da iştirak edə
bilərlər.
Bu fəaliyyətləri həyata
keçirmək üçün QUTexnopark Türkiyə Cümhuriyyəti ODTU
Texnoparkı ilə yanaşı, İKT sektorunda
fəaliyyət göstərən üç
şirkətlə ("SENTRA" MMC, Azer.Net MMC, "MONtech" MMC) birbaşa əməkdaşlıq
edir. Gələcəkdə bu cür fəaliyyətlərin
daha da genişləndirilməsi
planlaşdırılır.
Yeni
Fikir Müsabiqəsi
Qeyd etdiyimiz
kimi, QUTexnopark qurulduğu gündən texnopark
ekosisteminin formalaşdırılması
istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən
biri də Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin
əsas məqsədi gənclər arasında sahibkarlıq
düşüncəsinin inkişaf
etdirilməsidir. Müsabiqədə müxtəlif
sahələr üzrə (startup
ideyası, mobil proqramlar,
internet, proqram təminatı,
oyunlar, xidmət proqramları, korporativ proqram təminatı,
yeni biznes modeli, xidmətlər, robot
texnikası, informasiya texnologiyaları,
istehlakçı elektronikası və s.)
yeni iş fikirlərinin
inkişafı təmin ediləcəkdir.
YFM-nin təmin edilməsi üçün www.yenifikir.az
elektron veb səhifəsi
də istifadəyə verilmişdir.
YFM-ə
indiyədək 150 komanda tərəfindən
yeni iş fikri ilə müraciət edilmişdir
ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçmişdir.
Müsabiqənin gedişində ilkin qiymətləndirmədən
57 yeni iş fikri 2-ci mərhələyə
vəsiqə qazanmışdır. Müsabiqədə 2-ci mərhələ
19-20 aprel tarixlərində yeni iş fikri
müəlliflərinin münsiflər heyəti
qarşısında təqdimatları həyata keçirilmiş və 19 yeni
iş fikri finala vəsiqə qazanmışdır.
YFM-nin ümumi
gedişində hər zaman gənclərə
müxtəlif təyinatlı görüşlər vasitəsilə
yeni ideyaların
formalaşdırılması və inkişaf
etdirilməsi, eləcə də iş
fikirlərinin biznesə çevrilməsinin təmin
olunması yolları haqqında təlim və seminarlar
verilmişdir.
Finala vəsiqə qazanan yeni iş
fikri qruplarına isə xüsusi
yanaşaraq 26-27 aprel
tarixlərində tanınmış təlimçilər tərəfindən
seminarlar verilmişdir.
Seminar-təlimlər QUTexnopark İnkubasiya Mərkəzində keçirilmişdir.
Əvvəlcə
Qafqaz Universiteti məzunları,
hazırda isə StartUp fəaliyyətlərində
uğur qazanaraq öz şirkətlərini
formalaşdırmış Orxan Əhmədov
(MultiBon LLC-nin təsisçisi
və direktoru) və onun
iş ortağı Coşqun
Kərimov finalçı gənclərlə
"StartUp-çı olmaq nə deməkdir?"
mövzusunda seminar keçirmişdir.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli
məqamlardan biri də ortaya
çıxarılan yeni ideyaların müvafiq formada təqdim
edilə bilinməsidir. Bu istər
münsiflər heyəti qarşısında, istərsə də
investor marağının cəlb edilməsində
mühüm əhəmiyyətə malikdir. Ona görə də
finalçılara "Təqdimat bacarıqları" mövzusunda seminarın verilməsi təmin edilmişdir. Bu seminar "Azercell Telekom" MMC, Əlavə Dəyər Xidmətləri
İdarəolunması Şöbəsi partnyorluq
bölməsinin mütəxəssisi Ceyhun
Əliyev tərəfindən təqdim edilmişdir.
Bir-birindən
maraqlı keçən təlimlər növbəti gün Orta Doğu
Texniki Universiteti (ODTU)
Texnoparkının vitse-prezidenti, QUTexnopark İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr.Ufuk Batum tərəfindən
davam etdirilmişdir. Dr.Ufuk Batumun təqdimatında
təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məsələlər
haqqında finalçılar zəruri informasiyalar
əldə etmişlər. Hər bir
finalçı U. Batum bəylə iş fikirləri haqqında ətraflı
müzakirələr apara bilmişdir.
İstər
finalçılar, istərsə də digər
StartUp-çı gənclərə yeni iş fikirlərinin inkişaf
etdirilməsi üçün təlim-seminarların
QUTexnoparkın təşkilatçılığı ilə
davam etdirilməsi nəzərdə tutulur.
YFM-də
finala vəsiqə qazananlar
hazırda yeni iş
fikirlərini təkmilləşdirməkdə davam
edirlər. Bu məqsədlə həmin iş
fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ
baxışlarının inkişaf
etdirilməsi üçün QUTexnopark tərəfindən
finalçılara informasiya dəstəyi
ilə yanaşı, mentorluq dəstəyi
də təmin edilir.
YFM may ayının sonuna kimi başa
çatacaqdır. Müsabiqələrin
nəticələrinə əsasən
5 ən yaxşı iş fikrinin müəllifləri QUTexnoparkın
İnkubasiya Mərkəzində
bir il
müddətində ofislə
təmin ediləcəklər.
Ən yaxşı 3 iş fikrinin müəllifləri isə
bununla yanaşı, Türkiyənin qabaqcıl
universitetlərindən olan
ODTU, İstanbul Texniki
Universiteti, Yıldız
Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək bu texnoparkların ekosistemindən
istifadə edə biləcəklər.
Texnoparklarda fəaliyyətlərin əsas
başlanğıc və
ya yeni iş
fikirlərinin formalaşdırılaraq
inkişaf etdirilməsində
texnoparkın tərkibində
fəaliyyət göstərən
inkubasiya mərkəzləri
mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ
fikirlər əsasında
formalaşdırılır və inkişaf etdirilir. İnkubasiya
mərkəzində yeni
iş fikirlərinin yeni işlərə çevrilməsi üçün
əlverişli mühit
formalaşdırlır.
QUTexnoparkın təsis etdiyi İnkubasiya Mərkəzi
fəaliyyətini genişmiqyaslı
tutaraq yeni iş fikirlərinin formalaşdırılması, həmçinin
yeni iş fikirlərinin yeni işlərə çevrilməsində
mühüm rol ala bilmək üçün
müxtəlif layihələrin
həyata keçirilməsini
planlaşdırır. Belə layihələrdən
biri "təşəbbüskarlıq
seminarları"dır. Həftədə bir dəfə
müxtəlif təlimçilər
tərəfindən təqdim
olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının
inkişaf etdirilməsinə
xidmət göstərəcəkdir.
Hazırladı: Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 10 may.- S.8.