Ümumi təhsildə
inteqrasiya: müasir yanaşmalar
Təhsil sistemində
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanın
təhsil sistemi dünya təhsil sisteminin standartları ilə
uyğunlaşsın.
Heydər ƏLİYEV,
Azərbaycan
xalqının ümummilli lideri
Dünyanın
təhsil məkanında daha geniş istifadə edilən təhsildə
inteqrasiya anlayışı ilkin olaraq onun semantikasını
düşünməyi tələb edir. Müəllimlərin təbii olaraq
öyrənmək istədikləri bu anlayış
qloballaşmanın meydana qoyduğu mühüm tələblərdən
biri olmaqla müasir təhsil prosesinin özünəməxsus
keyfiyyət göstəricilərindən biri kimi diqqəti cəlb
edir. Daha çox fəlsəfi
yöndə başa düşülən inteqrasiya
sözü həyatın bütün sahələrinə aid
olmaqla sintetik xarakter daşıyır və bütövləşmə
istiqamətində yeni yaranışın əsasında durur.
Xüsusən cəmiyyət hadisəsi kimi inteqrasiya onun
inkişaf istiqamətində dəyişikliklərini tənzimləməklə
müasirliyi təmin edir. Bu anlayışın
mahiyyətinə varmaq üçün, ilk növbədə,
onun mənasını bilmək əhəmiyyət
daşıyır. "İnteqrasiya latın dilində
"integer" - "bütöv", "bütövləşmə"
deməkdir, əslində sözün etimologiyası
inteqrasiyanın siyasi proses kimi məzmun və
missiyasını daha aydın ifadə edir. "İnteger"
sözündən yaranan "integratio" sözü də
latın dilində "bərpa", "tamamlanan" mənasını
verir".
İlkin
araşdırmalar onu göstərir ki, inteqrasiya termini XX əsrin
sonundan daha fəal istifadə olunmağa başlasa da onun ifadə
etdiyi mahiyyət və məzmun həyat yarandığı
gündən mövcud olmuş, onun varlığını təşkil
etmişdir. Zaman-zaman diferensial
yanaşmalar hissələrə bölünməni,
ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri
də bütövləşmələrin, tamamlanmaların nəticəsi
kimi meydana çıxmışdır. Bəşəriyyətin
tarixi boyu proqressiv xarakter daşıyan yeniliklər diferensial və
həmçinin interaktiv yanaşmaların fonunda yaranmışdır.
Bütün elm sahələrində, o cümlədən
sosiologiyada, eləcə də pedaqogikada inteqrasiya önəmli
yer tutmuşdur. Ona görə də pedaqogikada
"inteqrasiya", "inteqrativlik", eləcə də
"təhsildə inteqrasiya" və s. anlayışlardan
daha çox istifadə olunmağa başlamışdır.
Müasir
zamanda inteqrasiya qlobal dünyanın təhsil aləmində
aparıcı yer tutur. Ona görə də
informasiyaların genişləndiyi bir dövrdə cəmiyyətin
sürətlə və dəyişkən dinamikasını
izləmək və ona müvaze olaraq inkişaf etmək
üçün birləşmələr, bloklar yaratmaqla
ümumiləşdirmələr aparmaq ən səmərəli
strategiyalardan biri kimi qəbul edilir. Başqa sözlə,
inteqrasiyaya müasir təhsilin sadə epitetlərindən biri
kimi, şou xarakterli anlayış kimi yanaşmaq olmaz. "Təhsildə
inteqrasiya dəb, növbəti kampaniya deyildir. O, bu gün
insan fəaliyyətinin bütün sferasını xarakterizə
edən, əks etdirən bir tendensiyadır".
İnteqrasiya
təhsilin bütün struktur elementlərinə aid
olduğundan son dövrlərdə "inteqrativ təlim",
"inteqrativ dərs", "inteqrativ fənn" və s.
anlayışlar da işlənir. Eyni zamanda inteqrativ təlimə
xüsusi pedaqoji texnologiyalardan biri kimi yanaşılır.
Təhsildə
inteqrasiya ilə bağlı son dövrlərdə
yaranmış fikirləri bir neçə qrupa bölmək
olar. Onlardan birincisi, inteqrasiyanın ümumipedaqoji və eləcə
də fənlərə aid məsələ kimi qoyulması,
onlar barəsində mülahizələrin irəli
sürülməsi, onların inteqrasiya olunması məsələsidir.
Burada inteqrasiyaya cəmiyyətin tərbiyə
gücünün inteqrasiyası kimi baxılması, biliklərin
fəndaxili inteqrasiyası kimi dəyərləndirilməsi,
didaktik sistemin sintezi kimi müddəalar prioritet təşkil
edir. Göründüyü kimi, bu müddəalar konseptual
mahiyyət kəsb edir və daha ümumi xarakter
daşıyır. Bizim fikrimizcə də, təhsildə
inteqrativliyin konseptual yanaşma kimi nəzərə
alınması onun şəxsiyyətyönümlü mahiyyət
kəsb etməsindən irəli gəlir. Şəxsiyyətyönümlülük
isə daha çox inteqrativ bilik və bacarıqlara söykənən
dəyərlərin mənimsənilməsini tələb
edir ki, buna da yalnız inteqrativ təhsil prosesində nail olmaq
mümkündür. Çünki "təlimdə
inteqrasiyanın nəticəsi şagird təfəkkürünün
inkişafında özünü göstərir. O, tədris-idrak
fəaliyyətinin səmərəliliyində, sistemləşdirilməsində,
eləcə də mədəni savadlılığın mənimsədilməsində
təzahür edir".
Bütün
bunlar isə koqnitiv (idraki) təhsilin atributlarındandır
ki, ona yalnız inteqrativlik şəraitində nail olmaq
mümkündür.
İkinci
fikir daha ümumi xarakter daşımaqla inteqrasiyanın təhsil
prosesinin bütün mexanizmlərində özünü
göstərməsini, onun mahiyyətinə çökməsini
əhatə edir. Bu zaman inteqrasiya üçün zəruri
hesab edilən zahiri görüntülər, əlamətlər
istisna olunur.
Azərbaycan
pedaqoji fikrində "inteqrativ təhsil", yaxud "təhsilin
inteqrasiyası", eləcə də "inteqrativ təlim",
"inteqrativ dərs" və s. anlayışlar artıq
özünə yer tutmaqla istifadə olunmaqdadır. Müasir
təhsil quruculuğunda onlardan yaradıcı şəkildə
istifadə edilməkdədir. Azərbaycan təhsilinin
elmi-nəzəri, psixopedaqoji problemləri ilə bağlı
geniş tədqiqatları olan görkəmli psixoloq professor Əbdül
Əlizadə islahatın ilk dövrlərində
yazırdı ki, "Müasir dövrdə humanitar fənlərin
təbii-elmi fənlərlə inteqrasiyası daha çox
vurğulanır. Bu ideya özü-özlüyündə
son dərəcə durumludur. Bir tərəfdən elmi-tərəqqi
şəraitində məktəb sadəcə olaraq humanitar fənlərin
ekstensivləşdirilməsi yolu ilə inkişaf edə bilməz.
Digər tərəfdən, fənlərin
inteqrasiyasını dövrün sərt məntiqi "təhsil
gündəminə" çıxarıb".
Respublikamızda bu sahədə ilk addımlar atılıb.
"İnsan və cəmiyyət" inteqrativ fəndir. Bu
sahədə əldə edilmiş təcrübə
elmi-metodik meyarlarla təhlil olunmalıdır. Ən
başlıca fənlərin inteqrasiyasının konseptual
modeli işlənməlidir. Humanitar fənlərlə
təbii-elmi fənlərin inteqrasiya məsələsi də
ancaq bu kontekstdə həll oluna bilər (Əlizadə Ə.Ə. Yeni
pedaqoji təfəkkür: ideyalar, prinsiplər, problemlər.
Bakı, "Adiloğlu" nəşriyyatı,
2001).
Ölkəmizdə
aparılan təhsil islahatları dövründə prioritet fəaliyyət
istiqamətlərindən biri inteqrativ təhsilin
formalaşdırılması sahəsində aparılan
işlər olmuşdur. Bu işləri də iki istiqamətdə
qruplaşdırmaq mümkündür ki,
bütün hallarda ümumtəhsil, eləcə də digər
pillələrdə əldə olunmuş fənlərarası,
fəndaxili əlaqələr sahəsində nailiyyətlər
öyrənilərək ümumiləşdirilmiş, yeni təcrübənin
yaradılmasında onlardan istifadə olunmuşdur. Eyni
zamanda inteqrasiya məfhumuna aid mülahizələr nəzərə
alınmış, yeni təhsil konsepsiyasının
yaradılmasında onlardan istifadə edilmişdir. Belə qənaətə gəlinmişdir ki,
"inteqrasiya müəyyən təhsil sistemi çərçivəsində
şagirdlərin təfəkküründə dünyanın
bütöv və bölünməz obrazını
formalaşdırmaq, onları inkişafa və
özünüinkişafa istiqamətləndirmək məqsədi
ilə təlimin bütün məzmun komponentləri
arasında struktur əlaqələri qurmaqla onları sistemləşdirməkdir"
(Ümumtəhsil məktəblərinin I-IV sinifləri
üçün fənn kurikulumları. Bakı, "Təhsil",
2008).
Məlum
olduğu kimi, 1995-ci ildə Azərbaycan Respublikası
Konstitusiyasının qəbul olunması ilə müstəqillik
yolunda ilk addımlarını atan Azərbaycan bütün sahələrdə,
o cümlədən təhsil sahəsində ümumi siyasətin
zəruri prioritet istiqamətlərini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev
ölkənin təhsil sahəsində milli siyasətin müəyyənləşdirilməsi
ilə bağlı öz töhfələrini verdi. O, Azərbaycanın inkişaf etdirilməsi və
müasir dünyadakı mövqeyinin möhkəmləndirilməsi
məqsədilə Təhsil İslahatı
komissiyasının iclasında çıxış edərək
bildirdi ki, "indi bizdə təhsil sistemində
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan
dünya təhsili sisteminin standartlarına uyğunlaşsın" (Azərbaycanın təhsil
siyasəti (1998-2004). Bakı,
"Çaşıoğlu", 2005.).
Həmin
dövrdə qəbul olunmuş İslahat Proqramında bu fikir
prioritet istiqamət kimi əsas götürülməklə fəaliyyətlərin
əsasına gətirildi. Artıq ilk dəfə olaraq
dövlətin islahatçılıq fəaliyyətinin
didaktik əsasını təşkil edən prinsiplər qəbul
edildi. "Demokratikləşdirmə, humanistləşdirmə,
inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə,
humanitarlaşdırma prinsiplərinə əsaslanmaqla yeni təhsil
sisteminin yaradılması" (Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı. Bakı, 1999) mühüm vəzifələrdən
biri kimi İslahat Proqramına daxil edildi və islahatların
aparıldığı dövrdə praktik olaraq həmin
prinsiplərin reallaşdırılması istiqamətində
işlər görüldü. Bu ideya aparıcı bir xətt
kimi davam etdirilməklə 2009-cu ildə "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda bir
daha təsbit olundu.
İslahat
dövründə quruculuq işlərinin inteqrasiya prinsipi əsasında
aparılmasında başlıca istiqamətlərdən biri məzmunun
müasir müstəvidə formalaşdırılması
olmuşdur. Təhsilin məzmunu anlayışından
danışarkən həmişə onun bilik, bacarıq və
vərdişlər sistemindən ibarət olması və proqramlarda,
dərsliklərdə əks edilməsi göstərilir. Təbii
ki, bu özlüyündə yaddaş məktəbinin göstəricilərindən
biri olmaqla zamanında əhəmiyyətli rol oynasa da,
informasiyaların sürətlə artdığı
elmi-texniki dövrün tələblərinə cavab vermir. Artıq müasir dövrdə insanların həyati
bacarıqlara nail olmaları, idraki vərdişlər
qazanmaları üçün təfəkkür məktəbini
keçməli, məntiqi, tənqidi və yaradıcı təfəkkür
qabiliyyətlərinə yiyələnmələri əsas tələb
kimi meydana çıxır. Bu isə öz növbəsində
məktəb təhsilinin məzmununun inteqrasiya müstəvisində
qurulmasını zəruri tələb kimi qarşıya qoyur.
Ona görə də ümumi təhsilin yeni məzmununun
qurulması zamanı cəmiyyətin ehtiyac və tələbatları
nəzərə alınmaqla ölkə miqyasında ümumi
təhsilin müxtəlif səviyyələri
üçün ümumi nəticələr hazırlandı.
Bu nəticələr hər təhsil səviyyəsinin sonu
üçün müəyyənləşdirilməklə
daha çox insanın idraki, hissi və fiziki inkişafına
aid edildi. Milli səviyyədə qəbul olunmuş bu nəticələri
mahiyyət etibarı ilə kompetensiyalar kimi də
adlandırmaq mümkündür.
Milli səviyyədə
qəbul olunmuş nəticələrin
reallaşdırılması üçün fənlər
müəyyənləşdirildi. Bu fənlərin inteqrativ
xarakterdə olması, onların şagird şəxsiyyətinin
formalaşdırılmasına yönəldilməsi
başlıca cəhət idi.
Ümumiyyətlə,
fənn təhsildə nəzərdə tutulmuş məqsədlərin
və nəticələrin həyata keçirilməsində
mühüm əhəmiyyəti olan məzmun elementidir. Onlar
elm sahələrinə əsaslansalar da, zəruri elmi
anlayışlardan ibarət müəyyən sistemi təqdim
etsələr də, məzmun və struktur elementlərinə
görə fərqlidirlər. Fənlər pedaqoji, psixoloji,
fizioloji elementləri ilə daha çox öyrədici xarakterə
malik olduğundan praktik əhəmiyyət daşıyır.
Şagirdlərin müəyyən yaş səviyyəsində
inkişafını başlıca məqsəd kimi
qarşıya qoyur. Ona görə fənlərə məzmun
sahəsində pedaqoji araşdırmaların nəticəsi
kimi yanaşılır. Onun həm adlandırılmasında,
həm də məzmununun müəyyənləşdirilməsində
inteqrativliyin nəzərə alınması vacib tələblərdən
hesab edilir. Təhsil islahatlarının
aparıldığı dövrdə bu cəhət xüsusilə
nəzərə alınmış, məzmun
islahatlarının aparılmasında inteqrativliyin gözlənilməsinə
önəm verilmişdir.
İnteqrativliyin
nəzərə alınmasında iki cəhət əsas
götürülmüşdür. Birinci, fənlərin
inteqrativ xarakterdə olmasına diqqət yetirilmişdir. Fənlərin nəzəri və praktik
funksiyalarının artırılması üçün
onların imkan daxilində, daha çox elm sahələrinə
aid anlayışları əhatə etməsinə, sinkretik
xarakterdə olmasına diqqət yetirilmişdir. Əldə
olunmuş təcrübələr də onu göstərir ki,
uyğun elm sahələrinin müəyyən müstəvidə
əlaqələndirilməsi, bütövləşdirilməsi
və vahid formada təqdim olunması təlim
marağını yaradan başlıca vasitələrdən
hesab edilir. Uşaqlar müxtəlif elm sahələrinin
qovşağında, əlaqəli anlayışların
sintezində daha məhsuldar çalışmaqla təlim
nailiyyətləri qazana bilirlər.
Təhsil
islahatının gedişi dövründə bu cəhət nəzərə
alınmaqla ümumtəhsil fənlərinin tərkibi ölkə
səviyyəli ümumi təlim nəticələri
(standartlar) baxımından müzakirə olunaraq yeniləşdirilmişdir.
Hər fənnin ümumtəhsil sistemindəki yeri və rolu əsaslandırılmış,
ondan gözlənilən nəticələr müəyyən
olunmuşdur. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu ildə qəbul etdiyi "Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları" ilə müqayisədə 2010-cu ildə təsdiq
etdiyi "Ümumi təhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)" sənədində
fənlərin sayı azaldılmışdır. Belə
ki, "İnsan və cəmiyyət", "Azərbaycan
Respublikasının Konstitusiyası",
"İqtisadiyyatın əsasları", "Təbiətşünaslıq"
"Həyat bilgisi"nə, "Rəsmxət", "Əmək
hazırlığı" "Texnologiya"ya, "Astronomiya"
"Fizika"ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan
18-ə endirilmişdir. Bütün fənlərin
praktik istiqamətdə gücləndirilməsi, onların
şəxsiyyətdə dəyərləri
formalaşdırılmasına yönəldilməsi prioritet
hesab edilmişdir. Ən başlıcası onların koqnitiv
(idraki) istiqamətdə funksiyalarının artmasına
üstünlük verilmişdir.
İnteqrativ
fənlərin yaradılması məntiqi olaraq inteqrativ proqram
və dərsliklərin, eləcə də dərs vəsaitlərinin
yaradılması zərurətini doğurur. Təhsil
siyasətindən irəli gələn vəzifə kimi yeni fənlər
üzrə təhsil proqramlarının (kurikulumların)
inteqrativ xarakterə malik olması onların şəxsiyyətin
formalaşması baxımından konseptual xarakter
daşıması, istiqamətverici mənbəyə
çevrilməsi mühüm şərt hesab edilir. Yeni təhsil proqramlarında (kurikulumlarda) bu məsələyə
xüsusi olaraq diqqət yetirilmiş, şagirdlərin siniflər,
səviyyələr üzrə inkişafına qoyulan standart
tələblər hazırlanmışdır. Ölkə
miqyasında ilk dəfə hazırlanan bu standartlar özlərinin
inteqrativ xarakterinə görə təlim əhəmiyyəti
daşıyır. Əvvəla, onlar hər mərhələdə
şagirdlərin inkişaf səviyyələrinə qoyulan
dövlət tələbi hesab edilməklə həm təlim,
həm də inkişafın idarə olunması
baxımından maraq doğurur. Təhsildə maraqlı olan hər
kəsin fəaliyyətinin nizamlanmasına imkan yaradır.
İkinci
isə fənlər arasında və fəndaxili
inteqrasiyanın nəzərə alınmasıdır.
İnsanlar özlərini inkişaf etdirmək
üçün bu təhsil yanaşmasına həmişə
istinad etmişlər. Ona görə də ənənəvi və
klassik pedaqogikada bu məsələyə yer
ayrılmış, fənlərarası əlaqə və fəndaxili
əlaqələrin əhəmiyyətindən bir prinsip, yaxud
metod kimi danışılmışdır. Fənlərin
tədrisi metodikasında həmin məsələ praktik əhəmiyyəti
olan bir problem kimi özünə yer tutmuş, ötən əsrin
sonlarında ayrı-ayrı fənlərin proqramlarına gətirilmiş,
orada xüsusi qeydlərin verilməsi məqsədəuyğun
hesab edilmişdir. Bu qeydlər ümumi epizodik xarakter
daşısa da, müəllimlərin marağına səbəb
olmuş, tədris fəaliyyətlərinin səmərəli
qurulmasında əhəmiyyətli
rol oynamışdır. Müasir dünyada informasiyaların
çoxalması əlaqələrin sıxlaşması,
ardıcıl və sistemli qurulması zərurətini
yaratmışdır. Xüsusilə təhsildə onun didaktik
əsasda qurulması mühüm pedaqoji problem kimi meydana
çıxmışdır. Fənlərarası və fəndaxili
əlaqələrin inteqrasiya müstəvisinə gətirilməsi,
onun mühüm təhsil prinsiplərindən birinin tərkib
hissəsi kimi nəzərə alınmaqla tətbiq
olunması məqsədəmüvafiq hesab edilmişdir. Elə
bu səbəbdən də təhsilin bütün səviyyələri
üzrə təlimin məzmunu, təşkili və idarə
olunması parametrlərində onun ciddi nəzərə
alınması barədə nəticələrə gəlinmişdir.
Araşdırmalar
göstərir ki, fənlərarası və fəndaxili
münasibətlərin sadəcə əlaqə deyil,
inteqrasiya xarakteri daşıması bu münasibətlərin
daha sıx və möhkəm olmasına, onun bütöv bir
prosesə çevrilməsinə şərait yaradır.
Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli
qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə,
fənlərarası və fəndaxili inteqrasiya interaktiv
öyrənməyə geniş yol açır. Şagirdlərin
təbiət, cəmiyyət və insanlar haqqında
qarşılıqlı əlaqələr şəraitində
qurulmuş biliklərə yiyələnməsini
stimullaşdırır.
"İnteqrativ
öyrənmə şagirdlərin ətraf mühitin müəyyən
aspektlərini müxtəlif fənlərə aid biliklər
vasitəsilə geniş araşdırılmasıdır"
(Kərimov F.Y., Əhmədova M.C., Varella G, Reyli Ə.
İnteqrativ kurikulum: mahiyyəti və nümunələr. Bakı,
"Adiloğlu", 2006). Fənlərarası və fəndaxili
əlaqə bu imkanları genişləndirməklə
şagird fəaliyyətini məntiqi, tənqidi və
yaradıcı məcrada istiqamətləndirir, onun koqnitiv
xarakter almasına təsir göstərir.
Yeni
konsepsiyaya uyğun yaradılmış təhsil
proqramlarında (kurikulumlarda) inteqrasiya əsas tələblərdən
biri kimi nəzərə alınmışdır. Orada
bütün hissələrin arasında inteqrativliyin gözlənilməsinə
xüsusi diqqət yetirilmişdir. Ona görə
də hər bir fənn üzrə yeni təhsil
proqramlarının (kurikulumların) məzmun, strategiya və
qiymətləndirməyə aid hissələri arasında
bağlılıq yaradılmış, onları bütöv
bir konseptual sənəd kimi formalaşdırmaq mümkün
olmuşdur.
Fənlər
üzrə təhsil proqramlarında (kurikulumlarda) inteqrasiya, fənnin
təlimi məzmunun komponentlərindən biri kimi
hazırlanmışdır. Xüsusi cədvəllər
formasında verilən həmin materiallarda fənlər üzrə
uyğun gələn nəticələrin əlaqəliliyi
ifadə edilmişdir. Nəticələrin kodları göstərilməklə
əlaqəlilik koordinasiya olunmuşdur. Hər bir fənnə
aid nəticələrin məntiqi bağlılığı,
ardıcıl inkişafa xidmət göstərməsi
mühüm tələb kimi diqqət mərkəzində
saxlanılmışdır.
Təhsil
proqramlarının (kurikulumların) məzmununda fənlərarası
və fəndaxili inteqrasiyanın nəzərə
alınması, təhsil standartlarının əlaqəliliyi
baxımından onların konkret olaraq göstərilməsi və
təsdiq olunaraq istifadəyə verilməsi, ilk növbədə,
bu inteqrasiyanın ciddiliyinə dəlalət edir və onun yerinə
yetirilməsini şərtləndirir. Hər hansı dərslik
komplektinin yazılmasında ona minimum tələb kimi dəyər
verilir. Ona görə də dərslikləri və dərs vəsaitlərini
yazanlar, birinci növbədə, təhsil proqramlarının
(kurikulumların) bu baxımdan xüsusiyyətlərini
yaxından öyrənməli və fəaliyyətlərinin əsasına
gətirməlidirlər.
Yeni təhsil
konsepsiyasında təlimin inteqrativ məzmununun ardıcıl
olaraq davam etdirilməsi, onun yeni texnologiyalar zəminində mənimsənilməsini
tələb edir. Başqa sözlə, inteqrativ məzmun
inteqrativ texnologiyanın olması zərurətini meydana
çıxarır. Sinkretik xarakterinə görə dərs
bunların içərisində ən əhəmiyyətlisi
hesab edilir. Akademik M.M.Mehdizadənin təbirincə demiş
olsaq, "...dərs pedaqoji prosesin hüceyrəsi deyil, onun
özəyidir, onun həlledici hissəsidir. Onda
pedaqogikanın xeyli hissəsi deyil, şagirdlərin təlim və
tərbiyəsinin məzmunundan, yollarından, prinsip və
metodlarından bəhs olunan əsas hissəsi cəmlənir"
(Mehdizadə M.M. Ümumtəhsil məktəblərində təlim
və tərbiyə prosesinin təkmilləşdirilməsi
yolları. Bakı, "Maarif", 1982.). Bu mənada dərs
özü də təlimin ən inteqrativ formalarından biri
kimi dəyərləndirilir və orada müxtəlif parametrli
pedaqoji fəaliyyətlərin birləşdirildiyi aydın
görünür.
Təbii
ki, bu inteqrativlik, ilk növbədə, təlimin inteqrativ məzmununun
məntiqi davamıdır. Onun növbəti addımda
reallaşdırılmasıdır. İkinci isə müəllimin
bir dərs saatında fəaliyyətini istiqamətləndirən
plandır. Bu planda inteqrasiya elementinin olması, onun mövzu, məqsəd,
üsul və təchizatlar sisteminin daxil edilməsi müasir
pedaqoji tələblərdən hesab edilir. Belə ki, müəllim
özünün gündəlik dərs planında təlim məqsədinə
uyğun olaraq reallaşdırdığı strategiyalara
inteqrasiya məsələlərini daxil edir. Fəaliyyətinin
inkişafyönümlü olmasında ona mühüm amil kimi
yanaşır. Müəllim həm də planının
ümumi müddəalarında dərsin gedişinə aid
apardığı qeydlərdə inteqrasiyadan necə istifadə
etdiyini nəzərə çatdırır. Təhsil
proqramlarına daxil edilən dərs planı nümunələrində
inteqrasiya elementlərinin seçilməsi, yerləşdirilməsi,
bir texnologiya kimi ondan istifadə olunması barədə
tövsiyələr verir.
Bu
tövsiyələr təlim prosesinin, onun təşkilat
formalarının bilavasitə inteqrativ əsasda qurulmasına
aid istiqamətverici bir resursdur. Ona bir nümunə kimi
yanaşmaq və ondan yaradıcı istifadə etmək hər
bir müəllimin vəzifəsidir. Bundan əlavə, təhsil
proqramlarında (kurikulumlarda) perspektiv (illik) planlaşdırma
nümunələrində də inteqrasiya xüsusi komponent
kimi nəzərdə tutulur.
Ötən
ilin dekabrında Azərbaycan Prezidenti tərəfindən təsdiq
olunmuş "Azərbaycan - 2020: gələcəyə
baxış" inkişaf konsepsiyasında ölkəmizdə
aparılan təhsil islahatlarına, onun məzmununda gedən dəyişikliklərə
xüsusi qiymət verilir. Göstərilir ki, "Təhsilin məzmunca
yeniləşməsinə istiqamətlənmiş islahat tədbirləri
görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil
məkanına inteqrasiya istiqamətində əhəmiyyətli
addımlar atılmışdır".
İlk
növbədə, burada ümumi təhsilin kulturoloji
yanaşma tərzi ilə formalaşmış şəxsiyyətyönümlü
və nəticəyönümlü məzmununun
yaradılması bu addımlardan biri kimi diqqəti cəlb
edir. Eyni zamanda ümumtəhsildə dəyərləri ifadə
edən ümumi nəticələrin (kompetensiyaların), eləcə
də inteqrativ fənlərin yaranmasını, ümumiyyətlə,
fənlərdə inteqrativliyin güclənməsi əldə
olunmuş nailiyyətlərdəndir.
Hazırda
aparılan islahatyönümlü işlərə və
onların sürətinə gələcəyin prizmasında
daha yüksək tələblər qoyulur. "Azərbaycan-2020:
gələcəyə baxış" inkişaf
konsepsiyasında qeyd olunur ki, Azərbaycan təhsilinin dünya
və Avropa təhsil məkanına inteqrasiyası güclənəcəkdir".
Bu fikir ulu öndər Heydər Əliyevin
90-cı illərin sonunda Azərbaycan təhsilinin dünya və
Avropa təhsilinə inteqrasiya olunması barədə söylədiyi
fikirlərin davamı kimi səslənməklə müasir
dövrdə təhsil sahəsində vəzifələrimizi
müəyyənləşdirir.
Dünya
və Avropa təhsilinə inteqrasiya olunma, hər şeydən
əvvəl, təhsilin bu sahələrində qlobal təhsil
tendensiyalarını davam və inkişaf etdirmək zərurətini
doğurur. Bu tendensiyalardan biri təhsildə inteqrasiyadır.
Təhsilin inteqrasiyası ilə bağlı fəaliyyətləri
qurmaq üçün artıq normativ-hüquqi baza vardır.
Azərbaycanda həyata keçirilən təhsil siyasətində
inteqrasiya mühüm prinsip kimi qəbul olunaraq təhsil sahəsindəki
fəaliyyətlərin əsasına gətirilmişdir.
Gələcəkdə
ümumi təhsilin məzmununun inteqrasiyasında nələr
prioritet ola bilər?
Bu
ritorik sualın ətrafında düşünərkən əldə
olunmuş təcrübələri və təhsildəki mövcud
durumu nəzərə almaqla bir daha "Azərbaycan-2020: gələcəyə
baxış" inkişaf konsepsiyasının təhsil
haqqında müddəalarına qayıtmaq məntiqi cəhətdən
məqsədəuyğun
hesab edilir. Bu sənəddə ümumtəhsillə
bağlı qeyd olunur ki, "12 illik ümumi təhsil sisteminə
keçid təmin ediləcək. Şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud
"yaddaş məktəbi"ndən "təfəkkür
və düşüncə məktəbi"nə
keçidin təmin olunması məqsədilə
sistemli tədbirlər həyata keçiriləcəkdir".
Göründüyü
kimi, bu müddəadan Azərbaycanın gələcək məktəbinin
üfüqləri görünür. Həmin üfüqlərdə
bərq vuran, parıldayan "düşüncə məktəbi"nin
zərrin işıqlarıdır ki, ona çatmaq
üçün ümumi təhsilin elmi-metodiki
sferasını dəyişmək, müvafiq yanaşmalardan,
texnologiyalardan istifadə etmək lazımdır. Dünya təhsilində
"inteqrativ təhsil" belə texnologiyalardan biri hesab
edilir ki, islahatın ilk illərindən başlayaraq ondan
istifadə olunur. Pedaqoji mənbələrdə göstərilir
ki, "XX əsrin 70-ci illərindən başlayaraq təbiət
elmləri sahəsində yeni fənlərarası elmi istiqamət
- sinergetika meydana gəlir. Hansı ki, həmin sahə müxtəlif
mürəkkəb makrosistemlərin - fiziki, kimyəvi, bioloji,
texniki, iqtisadi, sosial və sair elmlərin özünütəşkilini,
ümumi qanunauyğunluqlarını, prinsiplərini ehtiva
edir... Fənlərarası biliklərin
metodologiyasının spesifikası başlıca olaraq
inteqrativlik sintezləşdirmə tendensiyası ilə
bağlıdır" (Pedaqoqiçeskiye texnoloqii:
Uçebnoe posobiye dlya studentov
pedaqoqiçeskiye spesialnostey/Pod obşey red. V.S.Kukulina. -
Seriya "Pedaqoqiçeskiye obrazovaniya". - Moskva
KKÇ "MarT"; Rostov N/D: İzdatelskiy sentr "Mar
T", 2004.).
Araşdırmalardan
belə nəticəyə gəlinir ki, "...sinergetikanın
nailiyyətləri humanitar və dəqiq elmlərin ənənələrinin,
metodlarının və
yanaşmalarının köməyi ilə təhsilin modernləşdirilməsi
üçün geniş imkanlar açır"
(Pedaqoqiçeskiye texnoloqii:
Uçebnoye posobiye dlya studentov pedaqoqiçeskiye spesialnostey/
Pod obşey red. V.S.Kukulina. - Seriya "Pedaqaqiçeskiye
obrazovaniya". - Moskva KKÇ "MarT";
Rostov N/D: İzdatelskiy sentr "MarT", 2004).
Bu
modernləşmə prosesində
humanitar və dəqiq elmlərin qovşağı
yaranır. Həmin qovşaqda inteqrativ standartlar hazırlamaq,
inteqrativ dərslər keçmək və inteqrativ
düşüncə tərzi formalaşdırmaq istiqamətində
fəaliyyətlər birləşir.
Məlum olduğu kimi, ümumi orta təhsil
icbaridir. "Təhsil haqqında" Qanunda onun məqsədi
belə göstərilmişdir: "Ümumi orta təhsilin məqsədi
təhsil alanların şifahi nitq və yazı mədəniyyətinin,
ünsiyyət bacarığının, idrak fəallığının
və məntiqi təfəkkürünün
inkişafını, təhsil proqramına daxil olan fənlər
üzrə və eləcə də dünya
sivilizasiyasının inkişafı haqqında müvafiq bilik
və təsəvvürlərinin
formalaşdırılmasını, müasir
informasiya-kommunikasiya vasitələrindən istifadə etmək
qabiliyyətini, hadisələri qiymətləndirmək və
öz gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək bacarığını təmin
etməkdən ibarətdir" ("Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanunu. Kurikulum
jurnalı, 2009, № 4.).
Göründüyü kimi, ümumi təhsilin
bu səviyyəsində şagirdlərin inkişafı ilə
bağlı müəyyən olunmuş məqsədlər
daha çox həyati xarakterdə olub praktik əhəmiyyət
daşıyır. Onları reallaşdırmaq
üçün şagirdlərə ən zəruri biliklər
əsasında daha çox praktik faydası olan bacarıqlar,
qabiliyyətlər aşılamaq lazımdır. Bu təhsil səviyyəsi üçün Milli Kurikulumda
müəyyən olunmuş ümumi nəticələr də
bilavasitə idraki, hissi və psixomotor bacarıqlardan ibarət
dəyərlərin formalaşmasına yönəldilmişdir.
O səviyyəyə aid fənlər də məhz həmin tələblər
əsasında bir daha nəzərdən keçirilməli və
müvafiq fənlərin birləşməsindən ibarət
inteqrativ fənlər yaradılmalıdır. Bu
baxımdan "Kimya", "Fizika", "Biologiya" fənlərinin
inteqrasiya olunaraq bir fənn kimi tədris planına daxil edilməsi
məntiqə uyğun hesab edilir. Eyni
zamanda şagirdlərin artıq təlim yükündən
azad olması, onlarda inteqrativ təfəkkürün
formalaşması baxımından faydalı bilinir.
Ümumi orta təhsil səviyyəsində
şagirdlərdə ictimai şüurun
formalaşdırılması onlarda müəyyən təsəvvürlərin
yaradılması heç də ictimai elmlərin diferensiasiya
olunaraq geniş planda tədrisini tələb etmir.
Əksinə, ictimai fənlərin bir müstəvidə
inteqrasiya olunması şagird şəxsiyyətinin
formalaşdırılması baxımından əhəmiyyətli
sayılır.
Məlum olduğu kimi, "Azərbaycan
dili" və "Ədəbiyyat" fənlərinin təlimi
sahəsində ölkəmizdə böyük ənənə
yaranmış və geniş təcrübə
toplanmışdır. Son
dövrlərdə bu fənlər üzrə yeni təhsil
proqramları (kurikulumları) hazırlanarkən bu baxımdan
həm Azərbaycanda, həm də dünyanın inkişaf
etmiş ölkələrində mövcud vəziyyət
öyrənilərək təhlil olunmuş, yeni fənn
standartlarının yaradılmasında onlara istinad
edilmişdir. Azərbaycan dilinin müxtəlif
üslublu mətnlər üzərində öyrədilməsi
texnologiyası praktik əhəmiyyəti olan təcrübə
kimi genişləndirilmiş, onun icbari təhsil səviyyəsində
ədəbiyyatla birləşdirilərək inteqrasiya olunması
imkanları reallaşdırılmışdır. Əslində bu reallıq hər iki fənnin məqsəd
və vəzifələrinə uyğun olaraq
hazırlanmış sinif standartlarındakı
oxşarlıqdan irəli gəlmişdir. Eyni
zamanda hər iki fənnin nitq mədəniyyəti
formalaşdırmaq istiqamətində müəyyənləşdirilmiş
vəzifələrinin məntiqi davamı kimi meydana
çıxmışdır. Ona görə də bu fənlərin
icbari təhsil səviyyələrində bir adda inteqrasiya
olunması gələcəkdə həyata keçirilən
islahatyönümlü tədbirlərdən biri ola bilər.
Ümumtəhsildə inteqrasiyanın
aparılması bu sahədə ciddi elmi, pedaqoji, metodik
araşdırmaların təşkilini istisna etmir.
İnteqrasiya sahəsində praktik fəaliyyətimizin
nəzəri-pedaqoji əsaslarının öyrənilməsi,
bütövlükdə islahatçılıq fəaliyyətimizin
əsasına gətirilməsi bu günümüzün təxirəsalınmaz
vəzifələrindən biri kimi öz həllini gözləyir.
Aydın
ƏHMƏDOV,
Təhsil
Nazirliyinin şöbə müdiri,
"Kurikulum
islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə
dəstək"
alt-komponentinin koordinatoru, əməkdar müəllim
Ənvər
ABBASOV,
Təhsil
Problemləri İnstitutunun direktor müavini,
Kurikulum
Mərkəzinin direktoru, əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2013.- 10 may.- S.7.