Respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

  

Mayın 4-də Bakıdakı "Gülüstan" sarayında  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin respublika inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasimdən öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də anılmış və  məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Dövlət qurumlarının nümayəndələrinin, Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, qalib şagirdlərin və onların təhsil aldıqları məktəblərin rəhbərlərinin iştirak etdikləri mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Mərasimi açan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov geniş çıxış etmişdir. 

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasimdə söz alaraq qalibləri təbrik etmiş, artıq yeddinci ildir ki, keçirilən "Heydər Əliyev şagirdlərin gözü ilə" mövzusundakı müsabiqənin əhatə dairəsinə görə ölkəmizdə ən kütləvi müsabiqələrdən biri olduğunu bildirmişdir. Heydər Əliyevin zəngin irsinin öyrənilməsində mühüm rol oynayan inşa müsabiqəsinin gənclərin milli mənəvi dəyərlər, dövlətçilik məfkurəsi əsasında formalaşması kimi müqəddəs və çox əhəmiyyətli bir vəzifəyə xidmət etdiyini vurğulayan icra katibi, onun təşkili və keçirilməsində ölkəmizin ümumtəhsil məktəblərində çalışan çoxlu sayda müəllimin fədakarlıq göstərdiyini qeyd etmişdir.

Əli Əhmədov ümidvar olduğunu bildirmişdir ki, müsabiqədə iştirak edən gənclər Heydər Əliyev irsinə dərindən yiyələnərək gələcəyin vətənpərvər, yüksək keyfiyyətli təhsil almış vətəndaşları kimi yetişəcəklər. İcra katibi diqqətə çatdırmışdır ki, Yeni Azərbaycan Partiyası müsabiqənin keçirilməsinə həmişə dəstək verməyə  çalışmışdır. Partiya rəhbərliyinin qərarı ilə müsabiqənin qaliblərinə - I, II və III yerləri tutanlara ali məktəblərə daxil  olduqları halda bu təhsil ocaqlarında oxuduqları 4 il ərzində YAP tərəfindən ayda 50 manat məbləğində təqaüd verilir. Hazırda əvvəlki illərin müsabiqə  qaliblərindən 30 nəfəri bu təqaüdü alır. Ə.Əhmədov yeni qaliblər arasından da bu şansı qazananların olacağına əminliyini bildirmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında bu günlər ölkəmizin hər yerində ümummilli lider, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin anım mərasimlərinin keçirildiyini qeyd edib, ulu öndərin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən söz açmışdır.

S.Mehbalıyev ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə həmişə böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, müdrik rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.

Müsabiqə barədə fikirlərini bildirən Səttar Mehbalıyev onun keçirilməsinin Azərbaycan gənclərinin Heydər Əliyev irsinə daha dərindən bələd olmalarına imkan yaratdığını, eləcə də istedadlı gənclərin aşkara çıxarılıb inkişaf etdirilməsi işinə güclü stimul verdiyini söyləmişdir. Bildirmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu istiqamətdə bir sıra addımlar atmışdır. Konfederasiya tərəfindən 1400 nəfərdən artıq ali məktəb tələbəsinə adlı təqaüdlər verildiyini, orta məktəblərin yuxarı siniflərində təhsil alan əlaçı şagirdlərin hər birinin 50 manat məbləğində təqaüdə layiq görüldüyünü deyən S.Mehbalıyev inşa müsabiqəsində I, II və III yerləri tutan şagirdlərin də hər birinə 100, həvəsləndirici yerləri tutanlara isə 50 manat məbləğində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fondundan vəsait ayrıldığını diqqətə çatdırmışdır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında Heydər Əliyevin doğum gününə həsr olunmuş inşa yazı müsabiqəsinin yekun tədbirində iştirak etməkdən məmnunluğunu ifadə edərək bildirmişdir ki, RİTN layihə başlayandan daim ona dəstək vermiş, müsabiqə təşkilatçıları olan digər qurumlarla birlikdə onun təşkili və keçirilməsində yaxından iştirak etmişdir. Artıq ənənəyə çevrilmiş inşa müsabiqəsinin gənclərə, onların gələcək fəaliyyətlərinə, özlərinə həyatda yer tutmalarına müsbət təsir edən hadisə olduğunu qeyd edən nazir müavini şagirdlər tərəfindən qələmə alınmış inşa yazılarda ulu öndər haqqında çox səmimi fikirlərin öz əksini tapdığını, bu fikirlərin adamda qürur hissi doğurduğunu söyləmişdir.

Ümummilli lider Heydər Əliyevin bütün ömrünü Azərbaycanın inkişafına həsr etdiyini deyən nazir müavini ulu öndərin  həyatının son günlərinədək Azərbaycanın dünyada tanınması, bütün sahələrdə irəliləyişə nail olması üçün əlindən gələni etdiyini diqqətə çatdırmışdır.

Elmir Vəlizadə əmin olduğunu bildirmişdir ki, gənclər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə, ulu öndərin ideyalarının həyata keçirilməsinə öz töhfələrini verəcəklər.

Müasir dövrümüzdə həyatın bütün sahələrində, eləcə də təhsildə informasiya-kommunikasiya texnologiyalarının rolunun həddən artıq artdığını deyən nazir müavini son illər İKT-nin təhsilə tətbiqi ilə bağlı iki dövlət proqramının qəbul olunduğunu və uğurla həyata keçirildiyini söyləmişdir. Bildirmişdir ki, şagirdlərin bu texnologiyaları mənimsəməsi, biliklərə yiyələnmələri onlara yaxından kömək edir. O, təmsil etdiyi qurumun Azərbaycanda gedən təhsil islahatlarına öz töhfəsini verdiyini, xaricdə təhsil alan və İKT ixtisasları seçmiş tələbələrə RİTN tərəfindən dəstək göstərildiyini, onların təhsil haqqının ödənildiyini diqqətə çatdırmışdır.

Çıxışının sonunda qaliblərə RİTN tərəfindən müasir kompüterlər hədiyyə olunduğunu söyləyən E.Vəlizadə bu vəsaitlərin onlar üçün dünyaya pəncərə açacağına əmin olduğunu bildirmiş və qaliblərə uğurlar arzulamışdır.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrikini tədbir iştirakçılarına çatdırmışdır. Heydər Əliyev Fondunun əsas məqsədinin Azərbaycanın tərəqqisi, Azərbaycan xalqının rifahı naminə ümummilli lider Heydər Əliyevin apardığı siyasətin, gördüyü işlərin davam etdirilməsinə dəstək, onun zəngin irsinin öyrənilməsi və təbliği olduğunu deyən İ.Mustafayev bu istiqamətdə Fondun reallaşdırdığı tədbirlərdən, layihələrdən bəhs etmiş, müsabiqənin əhəmiyyətini qeyd etmiş, qaliblərə təhsildə yeni nailiyyətlər arzulamışdır.

Sonra müsabiqə qaliblərinin adları elan olunmuş və onlara mükafatlar təqdim edilmişdir.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 10 may.- S.3.