ADU ilə Böyük
Britaniyanın Qlazqo Universiteti arasında müqavilə
imzalanmışdır
Azərbaycan
Dillər Universitetinin rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik
etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri
çərçivəsində Qlazqo Universitetində
olmuşdur.
Səməd Seyidov Qlazqo Universitetinin
rektoru, professor Anton Musqatelli, prorektoru, professor Andrea Nolan, Qəbul
və Xarici Əlaqələr departamentlərinin, sosial elmlər,
təhsil fakültələrinin rəhbərləri ilə
görüşmüşdür. Görüşlərdə əməkdaşlığın
bir çox sahələri ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
ADU ilə Qlazqo Universiteti arasında
magistratura pilləsində tələbə mübadiləsi
haqqında müqavilə imzalanmışdır. Sənədi
A.Musqatelli və S.Seyidov imzalamışlar.
Müqaviləyə əsasən, universitetlərarası
ikitərəfli əməkdaşlıq çərçivəsində
ADU-nun tələbələri təhsillərini Qlazqo
Universitetində davam etdirə bilərlər. Sənəddə
elmi və universitet əməkdaşlarının
qarşılıqlı mübadiləsi, birgə
konfransların təşkili, kitab və jurnalların nəşri
əksini tapmışdır.
Sonra S.Seyidov Qlazqo Universitetinin tələbələri
ilə görüşmüşdür.
Azərbaycanın regionda hər sahədə
lider ölkə olduğunu deyən S.Seyidov respublikamızda və
bölgədə cərəyan edən hadisələrin
Britaniyanın təhsil cəmiyyətinə
çatdırılmasında, eyni zamanda bu ölkənin
tarixinin, mədəniyyətinin öyrənilməsində və
təhsil təcrübələrindən istifadə edilməsində
əməkdaşlığın əhəmiyyətini
vurğulamışdır.
Səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti Böyük
Britaniyanın Suffolk və Esseks universitetlərində də
görüşlər keçirmişdir.
Professor Səməd Seyidov ilə Suffolk
Universiteti şəhərciyinin rektoru, professor Mayk Saks
arasında keçirilmiş görüşdə Azərbaycanın
Böyük Britaniya və Şimali İrlandiya
Krallığındakı səfiri Fəxrəddin Qurbanov da
iştirak etmişdir.
Görüşdə ADU ilə Suffolk
Universiteti arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanmışdır.
S.Seyidov Esseks Universiteti ilə ADU
arasında olan "2+2" layihəsi ilə bağlı müzakirələr
aparmışdır. Bu iki ali təhsil ocağı arasında
imzalanmış müqaviləyə əsasən, ADU-nun
pedaqoji fakültəsinin tələbələri ikiillik
bakalavr təhsilinin qalan illərini Esseks Universitetində davam
etdirə bilərlər. Təhsilini bitirən tələbələrə
ikili diplomlar təqdim edilir.
Ş.CƏFƏROV
Azərbaycan
müəllimi.- 2013.- 10 may.- S.4.