Respublika
inşa yazı müsabiqəsinin qalibləri
Artıq
yeddinci ildir ki, müasir müstəqil Azərbaycan dövlətinin
yaradıcısı, ümummilli lider Heydər Əliyevin
anadan olmasının ildönümü münasibəti ilə
məktəblilər arasında "Heydər Əliyev məktəblilərin
gözü ilə" mövzusunda respublika inşa yazı
müsabiqəsi keçirilir.
Ulu öndərin zəngin irsinin məktəblilər
tərəfindən dərindən öyrənilməsinə,
onların Heydər Əliyevin mənalı və şərəfli
ömür yolu, çoxcəhətli fəaliyyəti
nümunəsində tərbiyəsinə geniş imkanlar
açan müsabiqə bu il bir özəlliyi ilə fərqlənmişdir.
Builki müsabiqə ulu öndərin 90 illik yubileyinə həsr
olunmuşdur. Hər il olduğu kimi, bu il də
ilk mərhələdən müsabiqəyə qoşulan minlərlə
gənc - orta ümumtəhsil məktəblərinin yuxarı
sinif şagirdləri öz inşa yazılarında ulu öndərə
olan hədsiz məhəbbətlərini səmimi sözlərlə
ifadə etmişlər. Ümummilli lider haqqında səmimi
fikirlərin öz əksini tapdığı bu
inşaları oxuduqca adamın ürəyi qürur hissi ilə
dolur.
Müsabiqənin
yekun-respublika turuna vəsiqə qazanmış
iştirakçıların inşa yazıları Təhsil
Nazirliyində təşkil olunmuş komissiya tərəfindən
yoxlanılıb qiymətləndirilmişdir. Nəticədə
85 nəfər müsabiqənin son turunun qalibi elan
olunmuşdur. Onlardan 8 nəfər I, 7 nəfər II, 16 nəfər
III, 54 nəfər isə həvəsləndirici IV yerə
layiq bilinmişdir.
Mayın
4-də "Gülüstan" sarayında qaliblərin
mükafatlandırılmasına həsr olunmuş təntənəli
mərasim keçirilmişdir. Mərasimdə qaliblərin
adları açıqlanmış və layiq
görüldükləri mükafatlar onlara təqdim
olunmuşdur. Qəzetimizin bu sayında I yerin qaliblərini
oxucularımıza təqdim edirik.
Birinci yerə layiq
görüldüyümü eşidəndə qəhər məni
boğdu
İlahə BAĞIROVA,
Bakı şəhəri,
akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi
-
Mən - Bağırova İlahə Vahid qızı 1996-cı
il iyunun 20-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan
olmuşam. İlk təhsilimi Sabunçu rayonu Bakıxanov qəsəbəsində
yerləşən 94 nömrəli tam orta məktəbdə
almışam. 2011-ci ildə
müsabiqə yolu ilə akademik Zərifə Əliyeva
adına liseyin
IX sinfinə qəbul olunmuşam.
Hazırda liseyin X sinfində oxuyuram.
Oxuduğum
müddət ərzində həmişə "yaxşı" və "əla"
qiymətlər almış, təlim müvəffəqiyyətimə
və nümunəvi davranışıma görə tərifnamələrə
layiq görülmüşəm.
2012-ci
ildə Təhsil Nazirliyi tərəfindən M.Ə.Sabirin 150
illik yubileyi ilə əlaqədar keçirilən inşa yazı
müsabiqəsində iştirak etmiş, respublika üzrə
II yerə layiq görülmüş və diplomla təltif
edilmişəm.
"Heydər
Əliyev məktəblilərin gözü ilə"
mövzusunda keçirilən
inşanı yazmağa başlayarkən böyük məsuliyyət
hiss edirdim. Ümummilli liderin uğur və nailiyyətlərini,
keçdiyi mənalı həyat yolunu sözlə ifadə
etməkdə şagird qələmi aciz idi. Digər tərəfdən
isə qarşımda həm
dahi öndərin tərənnümü, həm liseyin
şərəfi, həm də mənə dərs deyən
müəllimlərimin inamı dururdu.
İlk
növbədə, görkəmli şəxsiyyətin həyat
və fəaliyyətindən bəhs edən yazıları
diqqətlə oxudum, haqqında çəkilmiş filmlərə
baxdım. Aldığım təəssüratlar
inşanı hansı istiqamətdə yazacağımı
müəyyənləşdirdi.
Oxuduğum
liseyin direktoru Məhəbbət Vəliyeva mayın 4-də
"Gülüstan" sarayına gedəcəyimizi deyəndə
əvvəlcə heç nə anlamadım. Adətən, fəxri
qonaqların iştirak etdiyi bu
sarayda inşa müsabiqəsinin
qalibi kimi birinci yerə layiq görüldüyümü
eşidəndə məni qəhər boğdu. Sevinc göz
yaşlarının nə olduğunu onda bildim. Deməli, məqsədimə
çata, ulu öndərimizi ona layiq olan söz və ifadələrlə
tərənnüm edə bilmişdim.
Təbii
ki, hər bir şagirdin ən böyük arzusu yüksək
balla ali məktəbə qəbul olunmaqdır. Amma mən həm
də istərdim ki, torpağıma, elimə, vətənimə
layiq vətəndaş olum.
Mən
hüquqşünas olmaq istəyirəm. Ən böyük
arzum insanların hüquq və mənafelərini müdafiə
etmək və çətinə düşənlərə
işığın yolunu göstərməkdir.
Birinci
olmağım ən xoş xatirə kimi yaddaşımda
qalacaq
Leyla
BABAYEVA,
Şuşa
rayonu, Quşçular kənd tam orta məktəbinin IX sinif
şagirdi
- Mən - Babayeva Leyla Ehtiram
qızı 1998-ci il iyulun 2-də
Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan
olmuşam. 2004-cü ildə Ağdam rayonu Baharlı kənd
tam orta məktəbinin I sinfinə daxil olmuşam. Hazırda
Şuşa rayon Quşçular kənd tam orta məktəbinin IX sinfində
oxuyuram.
Humanitar elmlərə, xüsusən də
ədəbiyyata həvəsim var. İndiyədək bu fənn
üzrə keçirilən bir neçə bilik,
yaradıcılıq yarışmasında özümü
sınamışam.
2011-ci ildə, VII sinifdə oxuyarkən
fənn olimpiadalarının
rayon mərhələsində Azərbaycan dili və ədəbiyyat
fənnindən fərqlənmiş
və Şuşa RTŞ-ın fəxri fərmanı ilə təltif
edilmişəm. Həmin ildə Heydər Əliyevin həyat
və fəaliyyəti ilə bağlı keçirilmiş
inşa müsabiqəsində
iştirak edərək həvəsləndirici yerə
layiq görülmüşəm.
VIII sinifdə oxuyanda da yenidən fənn olimpiadalarında iştirak etmiş
və rayon mərhələsinin qaliblərindən olmuşam.
2012-ci ildə "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir"
mövzusunda inşa yazı müsabiqəsinin
iştirakçısı olmuşam. Müsabiqənin rayon mərhələsində
II yeri tutmuşam. Bu il də Azərbaycan dili və ədəbiyyat
fənnindən keçirilmiş
olimpiadada iştirak etmişəm.
Məktəbdə bizə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevlə
bağlı inşa yazmağı tapşırarkən
çox sevindim. Əslində bu çətin, məsuliyyətli
iş olsa da mənə gözəl hisslər yaşatdı.
Çünki düşünürdüm ki, hər bir məktəbli
müstəqil Azərbaycanın banisi haqqında bilməlidir.
Bu il
"Heydər Əliyev məktəblilərin gözü ilə"
mövzusunda inşa yazı müsabiqəsinin ilkin mərhələsində
bildiyimə görə, 300 mindən çox şagird
iştirak etmişdir. Bu onu
göstərir ki, Azərbaycan gəncləri ulu öndərimizi
çox sevir və hər bir məktəbli ümummilli
liderimizi tanımağa çalışır. Mən də
bir məktəbli kimi ulu öndərimiz haqqında səmimi
fikirlərimi yazmağı
özümə borc bildim.
Mayın
4-də "Gülüstan" sarayında müsabiqənin
qalibləri elan olundu. Qalib olduğumu eşidərkən
çox sevindim. Təqdimat zamanı təhsil nazirimiz cənab
Mikayıl Cabbarov mənə diplom, hədiyyə təqdim
etdi. Bu, həyatım boyu keçirdiyim ən xoş anlarım idi. Odur ki, cənab
nazirə bu xoş anları mənə
yaşatdığı üçün ürəkdən minnətdaram.
Mən
bu uğuruma görə valideynlərimə, müəllimlərimə və
Şuşa Rayon Təhsil Şöbəsinin rəhbərliyinə dərindən minnətdaram.
Ümummilli
liderimizin həyat və fəaliyyəti ilə
bağlı inşa müsabiqəsinə
qatılaraq respublika qalibi olmağım həyatımın ən
uğurlu anı kimi yadımda qalacaqdır.
Həmin
gün sevincimin həddi-hüdudu yox idi
Nicat SƏMƏDOV,
Bakı
şəhəri, Abil Səfərov adına
114 nömrəli tam orta məktəbin VIII sinif şagirdi
- Mən - Səmədov Nicat Natiq oğlu
1999-cu ildə Bakı şəhərində anadan olmuşam.
2005-ci ildə Suraxanı rayonundakı A.Səfərov adına
114 nömrəli
tam orta məktəbin I sinfinə daxil olmuşam,
hazırda həmin məktəbin VIII sinfində təhsil
alıram.
Təhsildə ilk uğurum IV sinifdə olmuşdur. 2008-2009-cu tədris
ilini uğurla bitirdiyimə
görə məktəb müdiriyyəti tərəfindən fəxri
fərmanla təltif olunmuşam. 2011-ci ildə "Mənim
bayrağım" mövzusunda Suraxanı rayon orta məktəb
şagirdləri arasında keçirilən inşa
yazı müsabiqəsində
II yerə layiq görülmüşəm. 2012-ci ildə 31 mart -
Azərbaycanlıların soyqırımı gününə
həsr olunmuş inşa yazı müsabiqəsində fərqlənmişəm. 2012-ci ildə məktəblilərin
fənn olimpiadasının rayon mərhələsində Azərbaycan tarixi fənni
üzrə I yerə layiq görülmüşəm. 2012-ci
ildə "Azərpoçt" MMC tərəfindən
keçirilən inşa müsabiqəsində II yeri tutduğuma görə diplom
və qiymətli hədiyyələrlə
təltif olunmuşam. 2012-ci ildə 28 may "Respublika
günü" münasibəti ilə Azərbaycan
Respublikasının Dövlət himninin sözlərindən
ibarət bədii qiraət, "Heydər Əliyev və
müstəqil Azərbaycan" mövzusunda keçirilmiş
inşa yazı müsabiqələrində fərqlənmişəm.
2013-cü ildə
"Beynəlxalq ana dili günü"nə həsr
olunmuş inşa yazı müsabiqəsində I yerə layiq
görülmüşəm. 2013-cü ildə Bakı Slavyan
Universitetində "Müasir Azərbaycan ulu öndər Heydər
Əliyev ideyaları işığında" Şagird-Tələbə Elmi
Konfransında II yerə layiq
görülmüş, fəxri
fərman və sertifikatla təltif edilmişəm. Nəhayət,
həyatımda silinməz iz
qoyan tarix 2013-cü ildə gerçəkləşdi.
Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş inşa yazı müsabiqəsində I dərəcəli diplomla təltif olundum və
qiymətli hədiyyələrlə
mükafatlandırıldım.
Ümummilli lider Heydər Əlirza oğlu
Əliyevdən yazmaq çox çətindir, lakin çətin
olduğu qədər də şərəflidir.
Bu inşa üzərində çox
çalışırdım. Arzu edirdim
ki, mən də qaliblər siyahısında olum. Arzuma çatdım.
Mükafatlandırma mərasimi "Gülüstan"
sarayında keçirildi. İnanın, həmin
gün sevincimin həddi-hüdudu yox idi. Bəlkə də həyatımda
bu qədər sevinməmişdim. Nazir Mikayıl Cabbarov
bütün qalibləri təbrik etdi. Mən
də qaliblər sırasında idim. I dərəcəli
diplom və qiymətli hədiyyələrlə təltif
olundum. Kitabda şəklimi və inşa
yazımı görəndə yerimdəcə bir anlıq
dondum. İstərdim ki, bütün
şagirdlərə mənim yaşadığım həyəcan
və sevinc nəsib olsun.
Arzularım tükənməzdir.
Ən böyük arzularımdan biri orta məktəbi
qızıl medalla bitirmək və ali məktəbə
qəbul olmaqdır.
Ürəyimdə
qalib olacağıma inanırdım
Aydan
NAĞIYEVA,
Bakı
şəhəri, N.İsmayılov adına
80 nömrəli tam orta məktəbin IX sinif şagirdi
- 1997-ci il iyulun 5-də
Bakıda doğulmuşam. 3 yaşında ikən
Bakıxanov qəsəbəsindəki 133 nömrəli
bağçaya getmişəm. 2004-cü ildə
Sabunçu rayonundakı N.İsmayılov adına
80 nömrəli məktəbin birinci sinfinə qəbul
olunmuşam. Hazırda həmin məktəbin IX
sinfində oxuyuram.
Elmə, biliyə marağı məndə,
ilk növbədə, anam oyadıb. Məktəbə qədəm qoyduğum gündən
məqsədim "əla" qiymətlərlə oxumaq, əlaçı
olmaq idi. İbtidai sinif müəllimim Xatirə Bağıyeva bu istəyimi daha da qüvvətləndirdi.
İbtidai sinfi "əla" qiymətlərlə
bitirmişəm. Beşinci sinifdən
başlayaraq Azərbaycan dili və ədəbiyyat fənlərinə
marağım çox artdı. Bunun ən
böyük səbəbi anam Rasimə Nağıyevanın həm
Azərbaycan dili və ədəbiyyat müəllimim, həm
də sinif rəhbərim olması idi. Bəzən
deyirlər ki, ananın öz övladına dərs deməsi
səmərəli olmur. Bacım Günellə
mən bunun tam əksini gördük. Anamın dərslərində
daha çox məsuliyyət hiss edir, Azərbaycan dili və ədəbiyyat
fənlərini hamıdan yaxşı öyrənməyə
çalışırıq.
Yəqin elə bunun nəticəsi idi ki, V
sinifdə oxuyarkən
"Bilik yarışması"nda məktəb
turunun, VIII sinifdə isə rayon turunun birincisi oldum.
Amma ən böyük arzum ulu öndərin
xatirəsinə həsr olunmuş inşa müsabiqəsində
iştirak etmək idi. Ötən il məktəbimizin
direktoru Əlislam
Abasquliyev etimad göstərərək
məni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü münasibətilə
keçirilmiş müsabiqəyə göndərdi. Həmin
il müsabiqənin diplomuna layiq
görüldüm.
Bu il isə məqsədim
yalnız və yalnız qalib olmaq idi. Müsabiqəyə
hazırlaşarkən anamdan kömək istədim. Ulu öndər
haqqında öyrəndiklərim, anamın söhbətləri
məni belə bir yazını yazmağa həvəsləndirdi.
Nə qədər həyəcan keçirsəm də ürəyimdə
qalib olacağıma inanırdım. Amma yenə
də müsabiqənin nəticələrini inanılmaz həyəcan
və səbirsizliklə gözləyirdim.
Nəhayət, məktəbimizə zəng
vurub dedilər ki, mən birincilər sırasına
düşmüşəm. Nə qədər sevindiyimi sözlə ifadə edə
bilmirəm.Təkcə onu deyə bilərəm ki, indiyədək
bu qədər böyük sevinc yaşamamışam.
Bu qeyri-adi böyük sevinci mayın 4-də
"Gülüstan" sarayındakı təqdimat mərasimi
bir az da artırdı. Çox
xoş oldu ki, mənə mükafatı təhsil naziri cənab
Mikayıl Cabbarov özü təqdim etdi. Həmin
anlarda yaşadıqlarım, yəqin ki, bir ömür bəs
edəcək. O qədər fərəhlənirdim ki...
Bu il, hər şeydən
öncə, buraxılış imtahanlarını müvəffəqiyyətlə
verməli, oxuduğum 4 nömrəli musiqi məktəbini
bitirməliyəm. Arzum hüquqşünas
olmaq, ulu öndərin qurduğu dövlətin
qanunlarının keşiyində dayanmaqdır.
Ulu
öndərimizə sevgini mənə müəllimim
aşılamışdır
Fəridə
QULUZADƏ,
Şirvan
şəhəri, T.Bağırov adına
11 nömrəli tam orta məktəbin IX sinif şagirdi
- Mən - Fəridə Bəhruz
qızı Quluzadə 1998-ci il
sentyabrın 1-də Şirvan şəhərində anadan
olmuşam. Həyatımın məktəbəqədər
dövrü 1 nömrəli "Qızılgül"
uşaq bağçasında keçmişdir. 2004-cü
ildə Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbin
1-ci sinfinə daxil olmuşam. Hazırda IX sinifdə
oxuyuram. Gündəlik dərslərimdə
yalnız "əla" qiymətlər almışam.
Müsabiqələrdə, olimpiadalarda
iştirak etmişəm. Məktəb
və şəhər birinciliyini qazanmışam. Şahmat yarışlarında iştirak etmiş və
III yerin qalibi olmuşam. Musiqi məktəbinin
fortepiano şöbəsini "əla" qiymətlərlə
bitirmişəm.
Ulu öndər Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümünə həsr
olunmuş "Gözəl Vətən, mənan dərin"
ədəbi-bədii gecəsində fəal iştirakıma
görə fəxri fərmanla təltif olunmuşam.
2013-cü ildə Şirvan şəhərində
keçirilən inşa müsabiqəsində yer tutdum.
Ən böyük uğurum isə 2013-cü il
6 aprel tarixində Bakı şəhərində keçirilən
"Heydər Əliyev məktəblilərin gözü ilə"
inşa müsabiqəsində respublika birinciliyini
qazanmağım oldu.
Ulu öndər haqqında inşa yazmaq məni
duyğulandırır, həm də qəlbim iftixar hissi ilə
dolurdu. Yekun müsabiqəni
böyük həyəcanla gözləyirdim. Hətta inşanı yazacağım qələmi də
xüsusi qayğıyla əzizləyirdim.
Müsabiqə aprelin 6-da Bakıda, akademik
Zərifə Əliyeva adına liseyin
binasında keçirildi. Bir müddətdən
sonra nəticələr elan olundu. I yerə
layiq görülmüş 8 nəfərdən biri mən
idim. İnana bilmirdim. Əvvəlcə
həvəsləndirici yerə layiq görülənlərin
adı oxundu. Sevincdən göz
yaşlarım gözlərimdə donmuşdu, ayaqlarım
sanki sözümə baxmırdı, tez bir zamanda səhnəyə
qalxmaq, "Mən 8 nəfərdən biriyəm" demək
istəyirdim. Nəhayət, I yerə layiq görülənlərin
adları sadalandı... Quluzadə Fəridə
Bəhruz qızı. Keçirdiyim hissləri,
təəssüratları sözlə ifadə etmək
çətindir. Bu hissləri bütün
həmyaşıdlarıma arzu edirəm.
Bu sevinci mənə yaşadan müəllimim
Güllü Rzayevaya dərin minnətdarlığımı
bildirirəm. Ulu öndərə olan bu
sevgimi o mənə aşılamışdır. Şirvan Şəhər İcra Hakimiyyətinin
başçısı Mərdan Camalovla
görüşümüz zamanı uğurlarımı gələcək
təhsilimdə daha da artıracağıma söz vermişəm.
Arzum təbabətə
yeniliklər gətirən göz həkimi olmaqdır
Vüqar
XƏLİLLİ,
Sumqayıt
şəhəri, 24 nömrəli tam orta məktəbin IX
sinif şagirdi
- Mən - Xəlilli Vüqar Nemət
oğlu 1998-ci ildə Sumqayıt şəhərində anadan
olmuşam. İlk təhsilimə Sumqayıt
şəhər 21 nömrəli tam orta məktəbdə
başlamışam, V sinifdən təhsilimi 24 nömrəli
tam orta məktəbdə davam etdirmişəm. Hazırda IX sinif şagirdiyəm.
Oxuduğum müddətdə bir çox təhsil
uğurları əldə etmişəm.
Belə ki, hələ III-IV siniflərdə
oxuyarkən kompüterin sirlərini öyrənməyə
çalışmış, ondan müstəqil istifadə etmək
bacarığı əldə edərək "Gənc
informatiklər" müsabiqəsində iştirak etmişəm.
Bütün fənlərə
marağım var,
ancaq dəqiq fənlərə isə daha çox
üstünlük verirəm. Oxuduğum 9 il
müddətində hər ili təhsil uğuruna görə
fəxri fərmanla mükafatlandırılmışam.
ABA Celli - "Canlı hüquq"
proqramında "A" dərəcəli diplom
almışam. "Tullantıların
ikinci həyatı" adlı layihə çərçivəsində
keçirilmiş müsabiqədə II yeri tutaraq
ARDNŞ-ın diplomunu qazanmışam. "Sabahın
alimləri" II Respublika müsabiqəsinin
iştirakçısı olmuşam.
"Azərpoçt" MMC tərəfindən
keçirilən inşa müsabiqəsində II
yeri tutaraq II dərəcəli diploma layiq
görülmüşəm.
Ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 90 illiyinə həsr olunmuş 7-ci
İNEPO olimpiadasında iştirak edərək II yeri
tutmuş və
gümüş medal əldə etmişəm.
Ən böyük uğurum isə
ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş
inşa müsabiqəsində I yerə layiq görülməyim
olmuşdur.
Mən Heydər Əliyev haqqında nənəmdən,
babamdan çox eşitmişəm.
İnşamı yazanda çox
arzulayırdım ki, I yeri tutum və mənə elə gəlirdi
ki, bu mövzuda hamı kimi mən də çox bilirəm.
Amma həyəcan da keçirirdim. İnşam I yerə layiq görüləndə
sanki bütün yaşıdlarıma bunu demək istəyirdim,
sevindiyimdən gözlərim doldu. Bütün
qohumlarımıza xəbər verdim, hətta xaricdə
yaşayanlara belə...
Möhtəşəm
"Gülüstan" sarayında mükafatlandırma mərasimi
həyatım boyu yadımdan çıxmayacaq.
Sevindiyimdən əllərim titrəyirdi, mənə
bağışlanan hədiyyələri əlim tutmurdu.
Fikirləşirdim ki, bu dahi şəxsiyyət
mən və mənim kimi yüzlərin, minlərin beyninə
əbədilik həkk olunmuşdur.
Gələcəkdə Zərifə
xanım Əliyevanın davamçısı kimi, öz
ixtiraları ilə tibbə yeniliklər gətirəcək
göz həkimi olmaq
arzusundayam.
İnşamı
ulu öndərimizə sonsuz sevgi ilə qələmə
almışam
Nərmin
ƏFƏNDİZADƏ,
Təhsil
Nazirliyi "Tərəqqi" texniki-humanitar liseyinin IX sinif
şagirdi
- Mən - Əfəndizadə Nərmin
Davud qızı 1999-cu ildə Bakı şəhərində
anadan olmuşam. 2004-cü ildə "Tərəqqi"
texniki-humanitar liseyinin I sinfinə qəbul olunmuşam. Hazırda IX sinif şagirdiyəm.
Hələ kiçik yaşlarımdan nənəmin
söylədiyi şirin nağıllar, dastanlar, lətifələr,
bayatılar məndə ədəbiyyata böyük maraq
oyatmışdı. Məktəbdə
oxuyub-öyrəndiyim hekayələr, şeirlər həvəsimi
daha da artırmışdır. Nəticədə
özümdə bədii yaradıcılıqla məşğul
olmağa ehtiyac duydum və kiçik hekayələr
yazmağa başladım. Yazılarımın
ilk oxucusu ədəbiyyat müəllimim olmuşdur. O mənə
faydalı məsləhətlər vermiş və özümə
inamımı artırmışdır. 2011-ci ildə
"Liza Bleskin həyatı" adlı hekayəm mənim ilk
uğurum olmuşdur.
Artıq iki ildir ki, Azərbaycan dili və ədəbiyyat
fənni üzrə olimpiadada iştirak edirəm. Həm keçən il,
həm də bu il olimpiadanın respublika mərhələsində
II yerə layiq görülmüşəm.
Ulu öndərimiz, bütün
uşaqların sevimlisi olan Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş inşa müsabiqəsinin keçiriləcəyini
öyrəndikdə mən də böyük həvəslə
bu yarışa qatıldım.
Keçən il də bu müsabiqədə
iştirak etmiş və həvəsləndirici mükafata
layiq görülmüşdüm. Bu il
yarışa daha səylə hazırlaşdım. Kitabxanalara gedib ulu öndərimizə aid şeirləri,
poemaları, hikmətli sözləri, yazıları oxudum,
İnternetdən məlumatlar topladım, onun haqqında xatirələrlə
maraqlandım, televiziya verilişlərini izlədim. Sonra Fəxri xiyabana gedib Heydər babamızın qəbrini
ziyarət etdim. Sanki ondan xeyir-dua aldım.
Dahi öndərimiz haqqında zəngin təəssüratımı
ona olan sonsuz sevgimə qatıb ürəyimi boşaltdım,
şagird ömrümün ən maraqlı inşasını
yazdım.
Nəhayət o gün gəlib
çatdı. Möhtəşəm
sarayda toplantı başlandı. Mənə
elə gəlirdi ki, həyatımın ən böyük, ən
çətin imtahanındayam. Eyni zamanda
düşünürdüm ki, bu qədər məsul şəxsin
biz şagirdlərin inşa müsabiqəsinin yekununda
iştirakı məhz Heydər Əliyevin təməlini
qoyduğu azad dövlətimizin gənc nəslə
qayğısının nəticəsi, davamıdır. Mən adımı
birincilər sırasında eşidəndə çox həyəcanlandım,
özümü uca zirvələr fəth etmiş qəhrəman
kimi hiss etdim. Axı, mənim kimi dahi rəhbərimizə
sevgisini bildirməyə çalışan yüzlərlə
şagirdin içərisindən seçilmişdim! "Heydər Əliyev
məktəblilərin gözü ilə" kitabında
şəklimin və inşa yazımın çap olunması
isə ən böyük hədiyyəm oldu. Bizə belə sevincli anlar yaşatdığına,
təhsilimizdə hər cür uğurlar
qazandığımıza imkan yaratdığına görə
dövlətimizə, Təhsil Nazirliyimizə sonsuz minnətdarlığımı
bildirirəm. Mənə bilik verən, mənə
arxa olan müəllimlərimə təşəkkür edirəm.
Arzularım çoxdur.
Gələcəkdə Bakı Dövlət
Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil
olmaq, ulu öndərimiz kimi tanınmış siyasi xadim olmaq
istəyirəm.
Bu
sınaqdan alnıaçıq, üzüağ
çıxdım
Bətulə
HÜSEYNZADƏ,
Cəlilabad
şəhəri, akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin
XI sinif şagirdi
- Mən - Hüseynzadə Bətulə
Sabir qızı 1995-ci ildə Cəlilabad rayonunda ziyalı ailəsində
anadan olmuşam. Cəlilabad şəhər akademik Zərifə
Əliyeva adına 7 nömrəli tam orta məktəbin
XI "b" sinfində təhsil alıram.
Məktəbin ictimai-siyasi işlərində
yaxından iştirak etməklə yanaşı, dərslərimdən
"4" - "5" qiymətlər alıram.
Dəfələrlə şeir, inşa,
qrammatika və bədii qiraət müsabiqələrində I
yeri tutmuşam. Ən böyük təhsil
uğurum isə 2011-2012-ci dərs ilində respublika fənn
olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənnindən
III yeri tutmağım olub.
Ümummilli lider Heydər Əliyevin 90
illik yubileyi ilə bağlı keçirilən inşa
müsabiqəsində qazandığım uğur isə
onların birincisidir və həmişə xatirimdə qalacaq.
Respublika inşa müsabiqəsində
iştirak etmək hüququ qazananda, düzü, həm
sevindim, həm də həyəcanlandım.
Qərara aldım ki, Azərbaycanın dövlət
müstəqilliyinin bu günündən duyduğum və
keçirdiyim sevinc və qürur hisslərini ulu öndərin
ruhuna məktub şəklində ünvanlayım. Yazdığım fikirlər tarixi reallıqdır və
həmyaşıdlarımın ürəyindən keçən
hisslərdir.
"Mən bu kiçik inşa-essemi ad
gününüzdə Sizin heç vaxt
ölməyən ruhunuza müraciətlə yazıram. Varlığından xəbərsiz olduğunuz və
heç vaxt Sizə çatmayacaq məktublarımı
keçmiş günlərin, ayların, illərin tarixi salnaməsi
kimi həmişə qoruyub saxlayacağam".
Bakının gözəlliyi məni valeh
etdi. Doğrudan da, Bakı
nağıllar şəhəridir. "Gülüstan"
sarayında ilk dəfə olmağım da böyük
marağıma səbəb oldu. Minlərlə
şagird arasından seçilərək I yeri tutmaq, fərqlənmək,
doğrudan da böyük uğurdur. Bu həm
də mənim həyatda ilk ciddi sınağım idi. Bu sınaqdan alnıaçıq, üzüağ
çıxdım. Sevinirəm ki, müəllimlərimin
və valideynlərimin
mənə bəslədiyi ümidi doğrulda
bildim.
Qarşıdan məni buraxılış
imtahanları gözləyir. Arzum gələcəkdə Azərbaycan dili və ədəbiyyat
müəllimi olmaqdır. Hesab edirəm ki, millətimizin,
xalqımızın adına layiqli
övlad olmaq üçün mükəmməl ali təhsil
almaq, sənətin, peşənin əsgəri olmaq
lazımdır. Fikrimi ulu öndər Heydər Əliyevin bir
müdrik kəlamı ilə tamamlamaq istəyirəm: "Gələcək
bilikli, elmli insanların çiyni üstündə
qurulacaqdır".
Hazırladılar:
Y.ƏLİYEV, Ş.CƏFƏROV, R.ZİYADOV.
Azərbaycan
müəllimi.- 2013.- 17 may.- S. 5.