Azərbaycanlı
yeniyetmə İtaliyada keçirilən
beynəlxalq "San-Remo-Junior"
müsabiqəsinin əsas
mükafatını almışdır
13
yaşlı vokalçı Yasin Həsənov İtaliyada
keçirilən beynəlxalq
"San-Remo-Junior" müsabiqəsində iştirak
etmişdir. O, ilk dəfə bu möhtəşəm musiqi yarışmasına
qatılmasına baxmayaraq vətənə qələbə
ilə qayıtmışdır. Yasin İtaliyada müxtəlif nominasiyalar üzrə
keçirilən və təxminən dünyanın 300-dən
artıq istedadının qatıldığı müsabiqədə
vokal kateqoriyası üzrə əsas mükafat -
"Qran-pri"-yə layiq görülmüşdür. O,
müsabiqədə
"Qranada" adlı ispan mahnısını ifa
etmişdir.
Dörd mərhələdən ibarət
olan müsabiqədə Yasin ilk çıxışından
sonra bütün münsiflərin birmənalı rəyi ilə
finala birbaşa vəsiqə qazanmışdır. Müsabiqənin əsas təşkilatçılarından sayılan münsiflər heyətinin
sədri Raolo Alberto Yasinin
ifasından çox təsirləndiyini söyləmişdir.
Tanınmış musiqiçi qeyd etmişdir ki, bu günə
qədər Azərbaycandan müsabiqəyə bir çox
namizədlər təqdim edilsə də, heç biri musiqi
yarışmasında iştirak etmək şansı əldə edə bilməmişdir.
Yalnız fitri istedadı və
səsi olan iştirakçılar bu şansı əldə
edə bilmişlər.
Qeyd edək ki, Yasinin təhsil
aldığı Bakıdakı 6 nömrəli məktəb-liseyin
direktoru Gülşən Orucova müsabiqəyə qatılmaq üçün Həsənovlar
ailəsinə maddi köməyini əsirgəməmişdir.
Yasinin anası Rəna xanım söyləmişdir ki,
İtaliyada olarkən Yasinin ifası hamının sevgisini
qazana bilmişdir. Hətta
münsiflər heyətinin sədri
Raolo Alberto müsabiqə bitdikdən sonra bizimlə
söhbətində Yasinin qeyri-adi səsə malik olduğunu da
demişdir.
Bu günlərdə isə
keçirilmiş mətbuat konfransında iştirak edən Yasinin vokal müəllimi
Solmaz Yolçuqızı şagirdinin potensialına
inandığını, onun hər zaman öz üzərində
çalışdığını, beynəlxalq müsabiqələrdə
ölkəmizi bundan sonra da layiqincə təmsil edəcəyini xüsusilə
vurğulamışdır. Qeyd etmişdir ki, Yasini gələcəkdə
İtaliya Konservatoriyasında təhsil almaq şansı da gözləyir.
Mətbuat konfransında Yasinin
İtaliyadakı "San-Remo-Junior" müsabiqəsindən
olan videogörüntüləri də jurnalistlərə təqdim
olunmuşdur.
Musiqi sahəsində bir çox
uğurlara imza atmış, dəfələrlə diplom və
fəxri fərmanlara layiq görülmüş Yasinin 20
mahnıdan ibarət olan 2 albomu və "Vətənim"
adlı klipi işıq üzü
görmüşdür. Sevindirici haldır ki, ölkə
Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Yasin Etibar oğlu Həsənovun
adı Azərbaycanın gənc istedadlarının
"Qızıl kitab"ına yazılmaqla o, Prezidentin
xüsusi aylıq təqaüdünə layiq
görülmüşdür.
SİFAİ
Azərbaycan
müəllimi.- 2013.- 17 may.- S.11.